21 Aprel 2023 03:42
1860
SİYASƏT
A- A+

Müzəffər Sərkərdənin Zəfər Ordusu

 

İlham Əliyev dünyanın ən güclü savaş komandoları sırasına daxil olan modern silahlı qüvvələr yaradır

 

Qafqazda ən güclü orduya malik ölkə olan Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu yeni vəzifələrə, tələblərə uyğun olaraq ordumuzun maddi-texniki bazası daha da modernləşir, mütəmadi keçirilən hərbi təlimlər Silahlı Qüvvələrimizin gücünə güc qatır. Hazırda Azərbaycan özünün, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Hərbi sahədə həyata keçirilən tədbirlər  nəticəsində bu gün Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verən silahlı qüvvələr kimi düşmənə gözdağı verir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. 
Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü bir daha dünyaya nümayiş etdirib. Müharibədən keçən iki il yarım ərzində isə aparılan islahatlar və yeni silahlı birləşmələrin yaradılması, müasir silahlar və texnika ilə ordumuzun təchiz olunması nəticəsində daha da böyük hərbi potensial formalaşıb.

 

Yeni mərhələyə keçən ordu quruculuğu

 

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfər bir daha təsdiq etdi ki, Azərbaycan regionda ən güclü orduya malik ölkədir. Bu gün Azərbaycan, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Vətən maharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün onlar uğurla həyata keçirilir.
Prezident İlham Əliyev tərəfindən daim Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinin, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir.
Vətən müharibəsi ordumuz üçün həm də bir sınaq oldu. İllərlə keçirilən təlimlər, alınan silah-sursatlar, texnikalardan yararlanma və ən başlıcası, vahid komandanlıq sisteminin idarə edilməsinin uğurlu nəticəsi əsl bəhrəsini verdi. Bununla yanaşı çatışmazlıq, əskiklik olan tərəflər də müəyyənləşdi.  
Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin hazırda maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində mühüm işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizat bunun əyani təzahürüdür. Xüsusən də yeni yaradılan komando briqadaları müasir yeniliklərdən biridir və Azərbaycanda bir ilkdir.
Qalib Sərkərdə İlham Əliyevin göstərişinə əsasən, müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu yeni vəzifələr və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişi uğurla icra olunur. 

 

Komando briqadalarının yaradılması təkmilləşdirmə prosesinin yalnız bir hissəsidir

 

Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Ancaq İlham Əliyevin hərbi islahatları bir daha təsdiq edir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasındadır. Lakin Ali Baş Komandan konkret planlar, tədbirlər əsasında hərbi islahatlarını davam etdirir və ordumuzun arsenalını getdikcə daha da gücləndirir. Bu da səbəbsiz deyil. Elə məhz bu məsələyə İlham Əliyev bir daha aydınlıq gətirərək Azərbycanın hərbi quruculuğu davam etdirməsinin səbəblərini bir neçə aspektlə əsaslandırıb. Prezident vurğulayıb ki, ilk olaraq, müharibə dövründə Azərbaycan Ordusu kifayət qədər döyüş sursatından istifadə edib və bu gün onlar bərpa edilməlidir. Bunun üçün bağlanmış yeni müqavilələr əsasında ordumuzun arsenalı ən yeni silah-sursat, hərbi texnikalarla təchiz edilir. 
Digər məsələ isə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsi qələbə ilə yanaşı, həm də əməliyyatların aparılması sahəsində böyük təcrübə olub. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanması prosesi idi ki, ordumuz bu yoxlamadan şərəflə çıxdı. 
Ali Baş Komandanın tapşırıqlarından biri də yeni komando xüsusi təyinatlı qüvvələrin yaradılması idi. Artıq bu tapşırıq da uğurla icra olunur. Müxtəlif ərazilərdə komando briqadaları yaradılır. Yəni komando qüvvələrinin yaradılması ordumuzun hərbi potensialının təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir. Komando briqadalarının  yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadarlarda yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya-kommunikasiya məkanında döyüş əməliyyatlarını aparmağa qadirdilər.
Göründüyü kimi, həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. 

 

Ya Azərbaycan bayrağı altında yaşayın, ya da ki, çıxıb gedin!

 

Aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verən İlham Əliyev silahlı qüvvələrin daha da modernləşməsi istiqamətində aparılan islahatları dəyərləndirərkən vurğulayıb ki, ordunun daha da qüdrətlənməsi üçün dövlətin iqtisadi imkanları artmalıdır. Azərbaycan iqtisadiyyatı isə postböhran dövründə özünün dayanıqlı inkişafını qoruyub saxlaya bilib. Dövlət büdcəsinə daxil olan əlavələr isə həm işğaldan azad olunan torpaqlarımızda quruculuq işlərinin aparılmasına, həm də ordu quruculuğu prosesinə transfert ediləcək. Çünki buna da böyük ehtiyac var. Böyük Zəfərimizlə bitən Vətən müharibəsində diz çöküb yalvaran Hayastan indi sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Bu ölkədəki revanşist qüvvələr müxtəlif zamanlarda təxribatrlar törətməklə Azərbaycanın səbri ilə oynayırlar. 
İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha həmin revanşist qüvvələrə xəbərdarlıq edərək bildirdi ki, "dəmir yumruq" bir daha işə düşsə, Hayastan çox ağır zərbə alacaq. 
Prezident dedi ki, müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə demək olar ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq eyni zamanda biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə  ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir. Məhz buna görə də dövlət əsas vəsaiti bu istiqamətlərə yönəldəcək. 
Bu səbəbdən də revanşistlər unutmamalıdırlar ki, bu gün Azərbaycan bayrağı Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və yüzlərlə kənddə dalğalanır: "Bu gün Azərbaycan bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar... Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan bayrağını öz başları üzərində görə bilərlər... Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər".
Ali Baş Komandanın bu fikri, əlbəttə ki, hayların yaralı yerinə dağ basmış oldu. Çünki həm bu ölkənin rəhbərliyi, həm də erməni xalqı yaxşı bilir ki, 
İlham Əliyev dedisə, gec-tez həmin fikrini reallaşdırır. Sözü imzası qədər keçərli olan Qalib Sərkərdə müharibədən öncə nə demişdisə, onların hamısını gerçəkləşdirdi.  İndi isə İlham Əliyev deyir ki, bir gün haylar gözlərini açıb başları üzərində Azərbaycan bayrağının dalğalanacağını görəcəklər. Tərəddüd etmədən deyə bilərik ki, Azərbaycan Prezidentinin bu fikirləri yaxın gələcəkdə ilk olaraq Hayastan mətbuatının manşet xəbərlərinə çevriləcək.   
  
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video