04 Noyabr 2022 01:58
958
SİYASƏT
A- A+

Müzəffər Komandanın “Dəmir yumruq” həqiqəti

 

Xalqımız torpaqlarımızın uzunsürən işğaldan azad edilməsinin və möhtəşəm tarixi Zəfərinin ikinci ildönümünü qeyd edir. 
Təcavüzkar Ermənistanın tam hərbi iflası ilə nəticələnən İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi qüdrətinin, xalqımızın qətiyyət və əzminin, döyüşçülərimizin misilsiz qəhrəmanlığının və Ali Baş Komandanın əsl sərkərdə qabiliyyətinin, siyasi iradəsinin və uzaqgörənliyinin təntənəsi kimi tariximizin şərəf və qürur səhifəsinə çevrilmişdir. 44 günlük Vətən müharibəsinin başlıca yekunları sırasında Azərbaycanın dünya miqyasında qalib dövlət, azərbaycanlıların qəhrəman xalq statusunun qəti surətdə qərarlaşması ayrıca qeyd olunur. Bu, yeni tarixin yazılması, ölkənin yeni taleyinin müəyyənləşdirilməsi anı idi.

 

Tariximizin şərəf səhifəsi: möhtəşəm Qələbə 

 

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində dünyada baş verən geopolitik dəyişikliklər və keçmiş sovetlər birliyinin süqutundan faydalanan erməni millətçilərinin təcavüzkar və terrorçu əməlləri Azərbaycanın ərazisinin təxminən 20 faizinin işğal altına düşməsi ilə nəticələndi. Qarabağın təxminən 30 il sürən işğalının başlıca səbəbinin Ermənistanın işğalçı siyasəti və əməlləri olduğunu bir daha vurğulamaqla yanaşı, Birinci Qarabağ müharibəsində Azərbaycan xalqının böyük itkilərə, dağıntılara və mənəvi məhrumiyyətlərə məruz qalmasında həmin dövrün iqtidarının ölkənin torpaqlarını və əhalinin təhlükəsizliyini lazımınca qoruya bilməməsi amilinin heç də az rol oynamaması unudulmamalıdır. 
Azərbaycan xalqı və dövləti erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılması naminə 30 ilə yaxın səbir, təmkin nümayiş etdirməli, böyük səylər və vəsaitlər hesabına işğalçının qovulması ilə nəticələnən güc toplamalı oldu. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli dövlətçilik siyasəti sayəsində 2020-ci ilin sentyabr-noyabr aylarında, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə işğalçının darmadağın, Qarabağın azad və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi nailiyyətlə yekunlaşdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixinin son yüzilliklərinin ən şərəfli qələbəsi xalqın və dövlətimizin yeni həyatının başlanğıcını qoydu.  
Azərbaycanın Vətən müharibəsində tarixi Zəfəri hər şeydən əvvəl işğal altında olan torpaqlarımızın qaytarılması kimi yaddaşlarda yaşayır və heç şübhəsiz, indiki nəsillərlə bərabər, gələcək nəsillər üçün də qürur və iftixar mənbəyi olacaqdır. Məhz bu Qələbə nəticəsində türk dünyası ölkələri son 200 il ərzində ilk dəfə itirdikləri torpaqları qaytarmaq nümunəsinin şahidi oldular. 
Vurğulanmalı olan həqiqət ondan ibarətdir ki, Vətən müharibəsinin tarixi əhəmiyyəti milli hüquqlardan xeyli kənara çıxır, mahiyyətcə qlobal xarakter və miqyas kəsb edir. Qarabağın işğaldan azad edilməsi ilə yekunlaşan Vətən müharibəsinin yaşadığımız XXI əsrdə işğala, təcavüzün bütün növünə və separatçılığa qarşı qlobal mübarizənin simvolu kimi tanındığı tam məsuliyyətlə qeyd oluna bilər. Azərbaycan öz nümunəsi ilə sarsıdılmaqda olan beynəlxalq hüququn xilası istiqamətində sözdə deyil, əməldə ən təsirli addımların atılmasının qaçılmaz zərurət olduğunu sübuta yetirdi. Yaxın və uzaq ətrafımızda baş verənlər Prezident İlham Əliyevin "Dəmir yumruq" həqiqətinin beynəlxalq mahiyyətinin, işğala və təcavüzə qarşı qlobal gücün tətbiqinin, başqa sözlə desək, Azərbaycan nümunəsinin bariz ifadəsi sayıla bilər. 
Azərbaycanın Vətən müharibəsində böyük qələbəsinin və onun əldə edilməsində Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətlərinin müasir həyatımızın və gələcək tariximizin əlamətdar hadisəsi olduğunu sübut etməyə ehtiyac duyulmur. Bu, istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə hamılıqla qəbul edilən həqiqətdir. Azərbaycanın həm bugünkü, həm də gələcək nəsilləri qürur və iftixar hissi ilə bu həqiqətlə yaşayacaqlar.   
Çoxəsrlik tariximizin şanlı şəhifəsi hesab etdiyimiz möhtəşəm zəfərimizin düşmənlərin məkrli niyyət və planlarına ölümcül zərbəsi fonunda 30 il bundan əvvəl bacarıqsızlığı ucbatından erməni təcavüzünə layiqli müqavimət göstərə bilməyən o zamankı iqtidarın marginal qruplaşmalara çevrilmiş qalıqlarının qalib iqtidarın fəaliyyətini təftiş etmək cəhdləri haqlı təəssüf və acı təbəssüm yaradır. Prezident İlham Əliyevin Azərbaycanın milli və dövlət maraqlarının sonadək qorunmasına hədəflənmiş qətiyyətli siyasətinin mahiyyətini dərk etməkdən uzaq olan yuxarıda adıçəkilən qruplaşmaların ayrı-ayrı nümayəndələrinin gah ermənipərəst, gah da Fransapərəst mövqelər sərgiləmələri onların timsalında müxalifətin deqradasiyasının ən çılpaq nümunəsidir. İllərdir cəmiyyətin alternativ siyasi-ideoloji mərkəzi olmaq imkanlarını çoxdan itirərək məişət  demoqogiyası səviyyəsinə düşmüş müxalifətin həmin qruplaşmaları ya anlamazlıqdan, ya da bilərəkdən düşmən təbliğatının ruporuna çevriliblər.
Həqiqəti dərk etmək haqqı dərk etməkdir. Vətən müharibəsi həqiqətinin dərk edilməsi Azərbaycanın haqqının dərk edilməsi mənasını ifadə edir. Artıq bütün dünya Azərbaycanın həqiqətini dərk edib, deməli, xalqımızın haqqını qəbul və etiraf etdiyini bildirib. Əks mövqedə duranlar erməni millətçiləri, onların havadarları və təəssüf ki, Azərbaycan müxalifətinin marginallaşan qruplarıdır. Onlar hələ də qalibin mühakimə edilmədiyinin, ona haqqı çatan hörmət və ehtiramı göstərməyin tarixin özü qədər yaşı olan həqiqət və müdriklik nümunəsi sayıldığını dərk edə bilməyiblər.  
Azərbaycan Qalibdir. İlham Əliyev Qalibdir. Bu həqiqəti dəyişə biləcək nə güc, nə də məntiq mövcuddur. Sadəcə olaraq onu qəbul etmək, onu qiymətləndirməyi bacarmaq lazımdır. Azərbaycan vətəndaşı kimi hər birimizin müqəddəs vəzifəsi qazandığımız möhtəşəm qələbəni qorumaq, gələcək nəsillərə çatdırmaq, onu daha da mötəbər, daha əzəmətli, daha zəngin etməkdir. 

 

"Dəmir yumruq": zəfərə səsləyən qətiyyət və inam

 

Müharibələr insanın cəmiyyət halında birləşdiyi ilk gündən etibarən düşündüyü ən qanlı layihələrdəndir. Onu ictimai praktikadan silib atmaq üçün yüz illər boyu çağırışlar səsləndirilməsinə baxmayaraq qanlı toqquşmaları nəinki birdəfəlik dayandırmaq mümkün olmayıb, əksinə, insan kütləvi qırğın silahlarının yaradılması sahəsində çox yüksək zirvələr fəth edib. Görünür, bəşəriyyət müharibələri fəlakətlərin səbəbkarı kimi lənətləməklə yanaşı, onun ədalətsizliyə, haqsızlığa, zorakılığa, təcavüz və işğallara qarşı sonuncu mübarizə forması olması ilə hesablaşmaqdan da vaz keçə bilməmişdir. Tarixən sülhsevər, tolerant, barışdırıcı xüsusiyyətləri ilə tanınan Azərbaycan xalqının zorən cəlb olunduğu Qarabağ münaqişəsində müharibə kimi vasitəyə əl atmasını yalnız ədaləti bərpa etməyin sonuncu formasına müraciət etmək məcburiyyətində qalması ilə izah  etmək mümkündür. Belə olmasaydı, Azərbaycan dövləti təxminən 30 il ərzində erməni təcavüzü nəticəsində işğal olunmuş Qarabağın sülh yolu, beynəlxalq vasitəçilərin köməyi ilə qaytarılması vədlərinə səbir və təmkin nümayiş etdirməzdi. 
Azərbaycanın Vətən müharibəsi təcavüzə məruz qalmış, torpaqları işğal edilmiş, beynəlxalq vasitəçilərin kömək vədlərinə inamını bütünlüklə itirmiş xalqın öz haqlarını bərpa etmək naminə məcburi addım atmaqdan başqa bir şey deyildir. Erməni tərəfin qeyri-konstruktiv mövqeyi, beynəlxalq sülhyaratma missiyasının isə əlacsızlığı alternativ seçim imkanını bütünlüklə heçə endirmişdi. Azərbaycanın qarşısında ədalət müharibəsinə başlamaqdan başqa yol qalmamışdı.
Tarixi ədalətin bərpa edilməsi naminə başlayan Vətən müharibəsi müasir dövrün ən uğurlu, ən qısamüddətli və bunu da qeyd etmək olar, nisbətən az itkilərlə müşayiət olunan savaşı sayıla bilər və güman edirəm ki, sayılır. Dünyanın ən tanınmış hərbi ekspertləri onu döyüş strategiyası baxımından tam yeni növ müharibə sayması heç də təsadüfi deyildir. Lakin Vətən müharibəsini daha çox səciyyələndirən cəhət onun bütün xalqın səfərbərliyinə, ən azından mənəvi birliyinə əsaslanması hesab edilməsidir. 
Vətən müharibəsinin gedişində Prezident, Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğ"u savaşın ruhlandırıcı çağırış simvolu rolunu kifayət qədər uğurla yerinə yetirdi. Müharibə insan fəaliyyətinin dəqiq planlaşdırılmağa, idarə olunmağa, səfərbərliyə və həm xalqı, həm də döyüşçüləri ruhlandırmağa ən çox ehtiyac duyan formasıdır. Sərkərdənin uğuru bütün komponentlər üzrə müharibəyə hazırlığın təmin edilməsindən və ruhlandırıcı-səfərbəredici mexanizmi işə sala bilməsindən asılıdır. 44 gün ərzində möhtəşəm Zəfərin qazanılması, 30 ilin uzunsürən münaqişəsinin həll edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması müharibəyə hazırlıqdan tutmuş onun ən yüksək peşəkarlıq səviyyəsində idarə olunmasına qədər bütün mərhələlərdə uğurların əldə olunmasından xəbər verir.  
Vətən müharibəsinin uğurlu simvolu hesab etdiyimiz "Dəmir yumruq" zəfərə səsləyən qətiyyət və inam kimi qavranılmağa layiqdir. O, hər şeydən əvvəl Azərbaycan dövlətinin, onun Prezidentinin və xalqın qətiyyətinin, dönməzliyinin, mübarizliyinin doğru seçilmiş ifadəsi idi. Azərbaycan xalqı Qarabağ münaqişəsinin bütün dövrlərində düşmənə layiqli cavab verilməsi, torpaqlarımızın işğaldan azad edilməsi işində qətiyyətli olduğunu dəfələrlə sübuta yetirmişdir. Münaqişənin başladığı ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində xalqın düşmənə müqavimət göstərmək qətiyyəti on minlərlə insanın könüllü surətdə cəbhəyə yollanmasında, minlərlə qurbanlarımızda özünün bariz ifadəsini tapır. Hamının səbirsizliklə gözlədiyi qələbənin gəlməsini xalqımızın 30 ilə yaxın müddət ərzində gözləməsinin səbəbi heç bir halda milli qətiyyətin, mübarizə əzminin yetərincə olmamasında axtarıla bilməz və axtarılmamalıdır. Qələbəni təmin edəcək çatışmayan yeganə şey o zamankı iqtidarın zəifliyində, xalqı birliyə, səfərbərliyə səsləyən çağırışları etməməsi və ya edə bilməməsində, əhalinin şəksiz inamından məhrum olmasında idi. "Dəmir yumruq" haqqında söhbət etdiyimiz boşluğu dolduran, xalqı səfərbər edən qüdrətli amil kimi meydana çıxdı və onun şahidi təkcə Azərbaycan vətəndaşları deyil. İki il öncə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə Vətən müharibəsini dünya kütləvi informasiya vasitələrində izləyən hər kəs "Dəmir yumruq" həqiqətinin şahidləridir. Prezident İlham Əliyevin aparıcı beynəlxalq televiziyalara və digər KİV-lərinə çoxsaylı müsahibələrinin bütün dünyanın "Dəmir yumruq" həqiqətinə şahid olmasına etibarlı informasiya təminatı yaratdığı ayrıca vurğulanmalıdır. Beləliklə, "Dəmir yumruq" həqiqəti savaşın milli amili statusundan beynəlxalq statusa transferinə zəmin yaratdı. 
"Dəmir yumruq" məfkurəsinin digər komponenti xalqın Prezidentə, onun rəhbərliyi altında haqq mübarizəsində milli ordumuzun qələbəsinə dərin inamın ifadəsi sayılmalıdır. Prezident İlham Əliyevin sərkərdə qətiyyəti, milli birliyin və həmrəyliyin başlıca təminatçısı kimi çağırışları Qələbəyə inamın formalaşmasında və gözlədiyimiz Zəfərin təmin edilməsində həlledici rol oynamışdır. Hamılıqla etiraf edilən həqiqət ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının, Ordumuzun və qəhrəman əsgərlərimizin şanlı Qələbəsi olduğu qədər də Prezident İlham Əliyevin Qələbəsidir. Onun Qələbəyə aparan uzun yolun bütün mərhələlərində - ölkə iqtisadiyyatının güclənməsində, ən müasir silahlarla təchiz edilmiş yüksək döyüş qətiyyətinə malik ordunun formalaşmasında, Azərbaycanın beynəlxalq imicinin və mövqelərinin möhkəmlənməsində, milli birliyin və həmrəyliyin təmin edilməsində, qəhrəman döyüşçülərimizin qələbəyə ruhlandırılmasında və döyüş əməliyyatlarının idarə olunmasında müstəsna xidmətləri deməyə əsas verir ki, Vətən müharibəsinin yekunu olan tarixi Zəfərin baş memarı, əsas müəllifi Prezident İlham Əliyevdir. "Dəmir yumruq" həqiqətinin təntənəsi İlham Əliyevin Qələbəsinin təntənəsi, müasir tariximizin qürur və iftixar səhifəsinin parlaq ifadəsidir. 

 

Azadlıq savaşının yaratdığı yeni reallıq

 

Azərbaycanın möhtəşəm Qələbə ilə nəticələnən İkinci Qarabağ müharibəsi ölkədə və bölgədə bir sıra ciddi yeni reallıqların meydana gəlməsini şərtləndirib. Qazandığımız tarixi Zəfər ilk növbədə Azərbaycan dövlətinin yeni statusunun qəti şəkildə qərarlaşmasını təmin etdi. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin son onilliyində və XXI əsrin ilk onilliklərində Azərbaycanın iqtisadi, sosial durumunda, regional və beynəlxalq mövqeyində baş verən dərin dəyişikliklər onun statusunun ciddi şəkildə yüksəlməsinə etibarlı zəmin hazırlamışdı. Bölgənin ən böyük iqtisadiyyatı olması, sosial baxımdan ölkəmizin regional liderliyi son onilliklərin müşahidə və etiraf edilən gerçəklikləridir. Qeyd olunan tarixi kəsimdə Azərbaycanın əhalisi xeyli artaraq 10 milyonluq səviyyəyə çatmış, iqtisadiyyat 3 dəfədən çox böyümüş, əhalinin həyat səviyyəsi böyük miqdarda yüksəlmiş, ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində zəruri addımlar atılmışdır. Beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurlarla birlikdə sadalanan nailiyyətlər Azərbaycanın regional və dövlətlərarası münasibətlər sahəsində mövqeyinin köklü surətdə möhkəmlənməsi ilə müşayiət olunurdu. Lakin Qarabağın işğal altında olması Azərbaycanın iqtisadi qüdrətində, zənginlik səviyyəsində və beynəlxalq mövqeyində müşahidə edilən dəyişikliklərin onun regional dövlət statusunun qəti şəkildə yeni parametrlər kəsb etməsi üzərinə müəyyən kölgə sala bilirdi. Bu baxımdan İkinci Qarabağ müharibəsində əldə olunan möhtəşəm Zəfərin ölkəmizin yeni statusunun bütünlüklə formalaşmasına və hamılıqla etiraf olunmasına müstəsna təsiri qeyd edilməyə bilməz. 
Qarabağ müharibəsinin qalibiyyətlə nəticələnməsinin yaratdığı yeni reallıqlar sırasında Azərbaycanın beynəlxalq iştirakçılığının keyfiyyətcə yeni mərhələyə daxil olması, Prezident İlham Əliyevə qlobal miqyasda hörmət və etimadın yüksəlməsi ayrıca vurğulanmağa layiqdir. Yuxarıda sadalanan sosial-iqtisadi xarakterli amillərlə əlaqədar olaraq Azərbaycanın və onun Liderinin yüksələn imicinin İkinci Qarabağ savaşından sonra yeni parametrlərlə zənginləşməsi aydın şəkildə görünməkdədir. Prezident İlham Əliyevin Avropa İttifaqının təşkil etdiyi sammitlərdə, digər beynəlxalq meydançalardakı toplantılarda xüsusi nüfuz sahibi olan qonaqların sırasında yer tutması qeyd edilən fikrin aydın ifadəsidir. 
30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsi nəticəsində erməni vandalizminin tam çılpaqlığı ilə ifşası təbliğat sahəsində yeni reallıq kimi qiymətləndirilə bilər. İndi bütün mədəni dünya illər boyu özünü məzlum millət kimi təbliğ edən erməni şovinistlərinin həqiqi mahiyyətini olduğu kimi görmək imkanı qazanıb. Azərbaycanı müharibədən sonra ziyarət edən çoxsaylı siyasətçilər, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri işğaldan əvvəl bir milyona yaxın insanın yaşadığı şəhərlərin, qəsəbələrin erməni vandalları tərəfindən bütünlüklə dağıdılaraq talan edilməsinin canlı beynəlxalq şahidləridir. Ağdamın, Füzulinin, digər azad edilmiş yaşayış məntəqələrinin xarabalıqları erməni vandalizminin həqiqi simasını nümayiş etdirməklə on illər boyu aparılan saxta anti-türk, anti-Azərbaycan təbliğatına ölümcül zərbə vurmuşdur. 
Üç on il Azərbaycan işğala və etnik təmizlənməyə dözməli oldu, məcburi köçkünə çevrilən bir milyona qədər insana zəruri həyat şəraiti yaratmağa böyük səylər və vəsait sərf etdi. Eyni zamanda 2020-ci ilin tarixi qələbəsini təmin etmək naminə müasir və yetərincə güclü ordu yaradılmasına kifayət qədər böyük sərmayə yatırıldı. İndi isə erməni vandallarının yerləyeksan etdiyi Qarabağın bərpası onilliklərlə vaxt, milyardlarla sərmayə tələb edir. Bu yaxınlarda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad edilmiş torpaqlarımızı erməni vandallarının miras qoyub qaçdığı minalardan təmizləmək üçün 30 il vaxt, 25 milyard dollar vəsait tələb olunur. Bu, təkcə ərazilərin minalardan təmizlənməsi üçün lazım olan vaxt və vəsaitdir. Dağıdılmış şəhərlərin və kəndlərin bərpası və sahiblərinə təqdim edilməsinə nə qədər vaxt və xərc lazım olacağını isə zaman göstərəcəkdir. 
Qeyd olunanlar erməni təcavüzünün xalqımıza vurduğu yaraların heç də hamısı deyil. İtirilən minlərlə həyat, on minlərlə insan sağlamlığı, viran edilən şəhərlər, kəndlər və qəsəbələr mütləq bu siyahıya əlavə edilməlidir. Yalnız o halda erməni vəhşiliyinin tam miqyasını dərk etmək mümkün ola bilər. 
Erməni təcavüzünün yaratdığı acı reallığı İkinci Qarabağ müharibəsində tarixi Qələbənin yaratdığı yeni reallıq əvəz etməkdədir. Ermənistan təcavüzün və xəyanətin müqabilində layiqli cəzasını artıq alıb: ordusu darmadağın edilib, şovinizm və qonşulara xəyanət xəstəliyindən əl çəkə bilməyən millətçilərin iddiaları və xəyalları puça çıxarılıb. 
Azərbaycan isə Qarabağa yeni həyat verir. Dağıdılan şəhərlər və qəsəbələr sadəcə bərpa edilmir, bölgə dünyanın ən abad yaşayış məskəni adını qazanmağa hazırlaşır. Salınan "ağıllı şəhər və kəndlər", yaradılan ən müasir infrastruktur, cəmi iki il içərisində sıfırdan tikilib istifadəyə verilən Füzuli və Zəngilan beynəlxalq aeroportları böyük arzuların və planların yalnız kiçik bir hissəsidir. Yaradılmaqda olan bu mənzərənin İkinci Qarabağ savaşının ortaya qoyduğu yeni reallığı tamamlayan həlledici məqamı olacağına heç bir şübhə yoxdur.  

 

Azərbaycanın regionda sülh və əməkdaşlıq təşəbbüsləri

 

İkinci Qarabağ müharibəsində Azərbaycanın inamlı qələbəsinin yaratdığı reallıqlar yaşadığımız bölgənin cari siyasi durumunda və gələcək perspektivlərində ciddi dəyişikliklərlə diqqəti cəlb edir. Aktiv hərbi qarşıdurma mərhələsi arxada qalıb, tərəflər arasında sülh və əməkdaşlıq şəraitində yaşamağın yollarının axtarışı gündəliyi fəth etməkdədir. Keçmiş 30 ilin ağır yükü sülh vəziyyətində yaşamaq düşüncələrini nə qədər çətinləşdirsə də, istər icmalar səviyyəsində, istərsə də siyasi müstəvidə dinc birgəyaşayış dünyagörüşünün alternativsizliyi daha dərindən şüurlara hakim kəsilir. Tərəflər arasında barış və əməkdaşlıq ideyalarının tərəfdarlarının artması, sülh çağırışlarının daha tez-tez səslənməsi bölgə əhalisinin münaqişədən əvvəlki rahat yaşamaq dövrünə nostalgiyasının təzahürü hesab edilə bilər. Bölgədə sülh və əməkdaşlıq əhvali-ruhiyyəsinin bərqərar olmasında Azərbaycanın xüsusi rolu ayrıca qeyd olunmağa layiqdir. Ölkəmizin həmişə sülhsevər siyasətin tərəfdarı olması, tolerantlığı və əməkdaşlığa üstünlük verməsi qalibiyyətli postmünaqişə mərhələsində aydın siyasi davranış nümunəsi kimi vurğulanmağa layiqdir. Torpaqlarımızın təxminən 30 il ərzində işğal altında saxlanılmasına, bir milyona yaxın vətəndaşımızın məcburi köçkün həyatı yaşamağa məhkum edilməsinə, təcavüzə məruz qalmış şəhər və kəndlərimizin bütünlüklə dağıdılmasına, Ermənistanın işğalçı qüvvələrinin işğal zonasında qeyri-insani davranışlarına rəğmən Azərbaycanın sülhpərvər mövqeyi Cənubi Qafqazda etimad və əməkdaşlıq mühitinin qərarlaşmasına mühüm təsir göstərməkdədir. 
Azərbaycanın postmüharibə dövrünün qarşılıqlı etimad və anlaşma mühiti yaratmaq səyləri etibarlı sülh şərtlərinin qəbul edilməsi və tərəflərin gələcək əməkdaşlığına zəmin yaratması kimi sınanmış formaları özündə ehtiva edir. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi, tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşması, paritet əsaslı kommunikasiya koridorlarının təmin edilməsi ölkəmizin təşviq etdiyi sülh və əməkdaşlıq təşəbbüslərinin əsasında dayanır. 
Bölgədə postmüharibə dövrünün sülh və əməkdaşlıq mühitinin formalaşmasının vacib tərkib hissəsi Türkiyənin məlum şərtlər daxilində Ermənistanla əlaqələrini bərpa etməyə hazır olması hesab edilməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə cavab olaraq Türkiyə ilə əlaqələrinin qırılmaması səbəbindən iqtisadi blokada şəraitinə düşdüyü nəzərə alınarsa, Ankaranın sülh müqabilində əməkdaşlıq düsturunun ermənilər üçün nə qədər həyati əhəmiyyət kəsb etməsi tamamilə aydın olar. Türkiyənin sözügedən yanaşmasının digər mənası bütünlükdə Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılmasına xüsusi önəm verməsidir. 
Azərbaycan, eləcə də Türkiyə Qafqazda sülh və əməkdaşlığı bölgənin iqtisadi və sosial inkişafı qarşısında  yeni imkanlar yaradılması nöqteyi-nəzərindən qiymətləndirir. Ölkəmizin yaxından iştirakı, bir sıra hallarda isə təşəbbüsləri sayəsində reallaşdırılan enerji və kommunikasiya layihələrinin regional əməkdaşlığı təşviq etmək yükü daşıdığı aydın görünməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı ideya münaqişə dövrünün qarşıdurma ideologiyasını tədricən və davamlı surətdə qarşılıqlı etimad və əməkdaşlıq dünyagörüşünə çevirmək səyləri üzərində köklənib və bu, Azərbaycanın səmərəli regional dialoqa hazırlığına dəlalət edir. 
Azərbaycanın sülh təşəbbüsləri özünün aydın ifadəsini işğaldan azad olunmuş , lakin bütünlüklə yenidən qurulmağa ehtiyac duyan Qarabağ və Şərqi Zəngəzur bölgələrinin əməkdaşlıq və etimad zonası elan edilməsində tapır. Bütünlüklə dağıdılmış şəhərlərin və qəsəbələrin bərpa edilməsi və məcburi köçkünlərin geri qayıtması üçün yararlı vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan genişmiqyaslı beynəlxalq əməkdaşlıq təşəbbüsü irəli sürməklə əslində bölgənin uzunsürən qarşıdurmadan sonra sülh və anlaşma məkanına çevrilməsi sahəsində ilk addımını atmışdır. Hazırda Qarabağın yenidənqurulmasında bir sıra ölkələrin tanınmış şirkətlərinin yaxından iştirakı ölkəmizin sülhsevər niyyətlərinin öz bəhrələrinin verdiyini sübuta yetirir. Sülh naminə əməkdaşlıq Qarabağın yenidən qurulmasında beynəlxalq şirkətlərin yaxından iştirakı timsalında özünün ən gözəl nümunələrindən birini nümayiş etdirməkdədir. 
Azərbaycanın siyasi dialoq və davamlı sülh ideyaları nəinki regionda, eləcə də əksər beynəlxalq təşkilatlarda anlaşma ilə qarşılanmaqdadır. Prezident İlham Əliyevin Ermənistanın rəhbərliyi ilə müxtəlif formatlarda görüşlərinin keçirilməsi, Avropa Birliyinin belə görüşlərin keçirilməsinə həssaslıq nümayiş etdirməsi ölkəmizin mövqelərini möhkəmləndirən amillər hesab edilə bilər. Görünən odur ki, Azərbaycan Prezidentinin sülh təşəbbüsləri getdikcə daha geniş beynəlxalq dəstək qazanır, Cənubi Qafqazda etimad və əməkdaşlıq gündəliyinin alternativsizliyini qətiyyətlə təsdiqləyir. 
Azərbaycanın postmüharibə dövründə sülh təşəbbüslərinin qəti qələbəsi əhəmiyyətli dərəcədə Ermənistanın konstruktiv mövqeyindən asılıdır. Münaqişənin qaynar fazasının başa çatmasından iki il ötməsinə baxmayaraq Ermənistan tərəfin müxtəlif bəhanələrlə sərhədlərin delimitasiyası və demarkasiyasından, sülh müqaviləsinin imzalanmasından yayınması postmüharibə dövrünün bu gün üçün mövcud olan diqqəti çəkən digər reallığıdır. 
Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri coğrafi anlamda təkcə Qafqaz bölgəsi ilə hüdudlanmır. Bu gün Prezident İlham Əliyev dünya miqyasında tanınan, etimad göstərilən dövlət başçıları sırasında xüsusi yer tutur və onun beynəlxalq gündəliyin aktual problemləri ilə əlaqədar təşəbbüslərinin dəstəklənməsinə dair çoxsaylı nümunələr mövcuddur. Tam məsuliyyətlə qeyd oluna bilər ki, Azərbaycanın Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi ilə əlaqədar çağırışları onun beynəlxalq əməkdaşlıq sahəsində təşəbbüslərini tamamlayır və yaşadığımız bölgədə etibarlı sülh və təhlükəsizliyin təmin olunmasına həlledici töhfə verəcək. 

Əli ƏHMƏDOV,
Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video