15 May 2022 01:57
2052
Mədəniyyət
A- A+
Musiqimizi dünyaya yetirən bəstəkar

Musiqimizi dünyaya yetirən bəstəkar

 

Hər dəfə sevilən musiqi əsərlərini dinləyəndə onlar bizi dünyanın gündəlik qayğılarından uzaqlaşdırıb, əsrarəngiz bir aləmə aparır. Bəzən heç fərqində belə olmuruq ki, bu sehirli nəğmələr kimlərinsə zəkasının məhsuludur. Onları ərsəyə gətirən sənətkarlar var, ömürləri, şəxsiyyətləri, duyğuları bu mahnılarda yaşayır.

Mənən, ruhən zəngin, yaradıcı fikrin nuru ilə işıqlanmış bu əsərlər dünya var olduqca, insan övladı musiqi sevgisini itirmədikcə sanbalını da, gözəlliyini də, ürəyəyatımlılığını da saxlayacaq, simalarda təbəssüm oyadacaq.

Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutan, müxtəlif janrlarda çox sayda qiymətli əsərlər yaradan, böyük Üzeyir bəy Hacıbəylinin ötən əsrin əvvəllərində təməlini qoyduğu bəstəkarlıq məktəbində yetişən görkəmli musiqişünas, bəstəkar və dövlət xadimi Rauf Hacıyevin yaradıcılığı ictimaiyyət tərəfindən həmişə maraqla qarşılanmışdır. Simfoniya, oratoriya və kantatalar yazan bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır.

Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində də aydın təzahürünü tapmışdır. Rauf Hacıyevin yazdıqları insanları valeh etmiş, müasirlərinin daim diqqətində olmuşdur. O, respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.

 

İrsən keçən duyum

O, heç kəsi təkrar etmir, heç kəsə oxşamır, bəstəkarlıq məktəbində özünə yeni bir yol açırdı. Həyatı diqqətlə izləmək, varlığın necə və hansı istiqamətdə dəyişdiyini, bu dəyişikliklərin müasir adamlara necə təsir göstərdiyini görmək, duymaq, əks etdirmək üçün daim çalışırdı. Orijinal musiqi duyumu ilə yenilikləri açıq sənətkar gözü ilə müşahidə edir, axtarıb araşdırırdı. Yüksək fikirlər və nəcib duyğularla yaşayan sənətkarın əsərlərində parlaq milli kolorit, hərarət və səmimiyyət yaradıcılığının ilk illərindən hiss olunurdu. Və bu musiqi lövhələri onu sevənlərin daim yaddaşındadır. Onlar böyük rəğbətlə, məhəbbətlə qarşılanır və unudulmur. Əsl sənətkarlara xas yaradıcı xüsusiyyət bax, budur!

Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Onun ömür hekayəsinin heyrətamiz anları erkən yaşlarından başlanır. Belə ki, üç yaşına qədər gözləri görmür. Hamı uşağın dünya işığına həsrət qalacağını güman edirdi. Sonra birdən-birə körpənin gözləri açılır. Sanki ilahi bir qüvvə bu körpənin böyüyəndə necə bir istedad sahibi olacağını irəlicədən duyaraq buna maneə yaratmasın deyə görmə əngəlini aradan qaldırır.

Atası Soltan (Sultanmuxtar) Hacıyevi erkən itirir. O, repressiya qurbanlarından idi. Anası Nanə xanım Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin qardaşı qızı idi. Ailə başçısını itirəndən sonra Nanə xanım çətinliklərlə üzləşir və dörd yaşlı oğlunu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan Məlikova övladlığa verir. Qəribsoltan xanım dövrünün görkəmli pedaqoqlarından idi. Fəaliyyətindəki uğurlara görə yüksək dövlət mükafatları ilə təltif edilmişdi. Bakının ziyalı mühitində hörməti və nüfuzu vardı. Elə Rauf Hacıyevin yaradıcılıq istedadının erkən yaşlarından üzə çıxmasında da bu xanımın böyük əməyi olmuşdur.

Musiqi duyumu isə Raufa irsən keçmişdi. Anası Nanə xanımın gözəl səsi vardı. Atası Sultanmuxtar da yaxşı tar çalardı, nə vaxtsa Qurban Pirimovun şagirdi olmuşdu. Rauf Hacıyevin musiqi istedadı kiçik yaşlarından özünü büruzə verməyə başlayır. Musiqi məktəbində oxuyarkən ilk bəstələrini yazır. Bunlar fortepiano üçün üç pyes - "Dağıstan", "Ləzgihəngi", "Tarantella" idi. Onun peşəkar musiqi biliklərinə yiyələnməsində Azərbaycanın ilk pianoçu-pedaqoqu Kövkəb Səfərəliyevanın əməyi danılmazdır.

Az sonra Rauf Hacıyev Üzeyir bəyin yanına gəlir. Bəstəkar onun pyeslərini dinləyəndən sonra qarşısındakı gəncin xüsusi istedada malik olduğunu görür. Ona kömək göstərir, ilyarım Rauf Hacıyevlə şəxsən məşğul olur, ustad dərsləri keçir. Gənc bəstəkarın tələbəlik illərində yazdığı "Samur", "Mingəçevir", "Gənclik marşı" mahnıları belə yaranır. "Tələbələrin istəkləri" operettasını qələmə alanda onun cəmi 18 yaşı vardı və Mustafa Mərdanov həmin operettanı tamaşaya qoymuşdu.

 

Qara Qarayevin sevimli tələbəsi

İkinci Dünya müharibəsi başlananda Rauf Hacıyev də bir çox həmyaşıdı kimi cəbhəyə yollanır. Odlu-alovlu yollardan keçir. Döyüşlərin birində ağır yaralanıb Bakıya qayıdır. 1944-cü ildə Yanğından Mühafizə İdarəsinin estrada ansamblını yaradır. Ansambl 1949-cu ilədək fəaliyyət göstərir.

Musiqi sahəsində püxtələşdikcə gənc bəstəkar akademik musiqi təhsilinin onun üçün nə qədər əhəmiyyətli olduğunu görür və ali məktəbə qəbul olunmağı qərara alır. Elə bu arzu ilə də 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına imtahan verir və qəbul edilərək P.İ.Çaykovski adına Moskva Konservatoriyasına keçirilir. Burada Andrey Eşpay, Aleksandra Paxmutova ilə bir qrupda təhsil almağa başlayır. 1949-cu ildə yenidən Bakıya qayıdır. Təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirməyə başlayır. Görkəmli bəstəkar Qara Qarayevin sevimli tələbələrindən olur.

İlk sənət uğurları daha çox gənclik şövqlü mahnılarla bağlı olduğundan bu xətt Rauf Hacıyevin yaradıcılığının bütün dönəmlərində davam edir. O, bu gün də sevilən, populyarlığını itirməyən "Sevgilim", "Sənsiz", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran", "Saçlarına gül düzüm", "Ay qız" və s. bu kimi bir-birindən gözəl nəğmələr yaradır. Bu mahnıları dinləyəndə qəlbi həyat eşqi, Vətənə, dünyaya, insanlara sevgi ilə döyünən sənətkarın təravətli ruhunu hiss edirsən. Əsərlərində yaxşı və təmiz həyat, gözəl və yüksək məhəbbət tərənnüm olunur. Həmişə deyirdi: "Sənət həyatı düzgün göstərməlidir, varlığın güzgüsü olmalıdır".

Rauf Hacıyev yenilikçi bir insan idi. Bu keyfiyyəti onun yüksək peşəkarlığı ilə vəhdət təşkil edirdi. Bəstəkar fərqində idi ki, ən gözəl sənət əsərləri bir tərəfdən zəngin ənənələrə əsaslanmaqla, bir tərəfdən də daim yeniliklər axtarışında olmaqla yarana bilər. Ona görə də R.Hacıyev özü də daim yeniliklərin önündə irəliləməyə, nümunə yaratmağa çalışırdı. İndi dönüb geriyə baxanda Rauf Hacıyevin yenilik axtarışının, yaradıcı cəsarətinin zəngin musiqi irsimizə necə böyük sərvət qazandırdığını görə bilirik.

1956-cı il mayın 15-də - anadan olduğu gün o, caz orkestrini yaradır. Orkestrin solistləri böyük sənətkarlarımız, o zaman hələ sənətdə ilk uğurlu addımlarını atan Mirzə Babayev, Lütfiyar İmanov, Elmira Rəhimova və Yevgeni Devis idi. Orkestr keçmiş SSRİ məkanının hər yerində qastrol səfərlərində olur və böyük maraqla qarşılanırdı. Bu orkestrin fəaliyyəti Rauf Hacıyevin yaradıcılıq istedadı qədər təşkilati məharətini də ortaya qoyur. Bu qabiliyyətini nəzərə alaraq ötən əsrin 60-cı illərinin əvvəllərindən o, ictimai fəaliyyətə cəlb olunur. Bir sıra vəzifələrdə çalışır. 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor təyin edilir. 1965-ci ildə isə Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsinə irəli çəkilir. 1970-ci ilə qədər bu vəzifədə çalışır. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi yaradılır. Azərbaycan Dövlət Xor Kapellasının fəaliyyəti bərpa edilir. Eyni zamanda M.F.Axundzadə adına Azərbaycan Opera və Balet Teatrının balet truppası ilk dəfə olaraq Parisə qastrol səfəri edir. "Qrand Opera"nın səhnəsində xoreoqrafiya ustalarımızın müxtəlif nömrələrlə çıxışları olur.

 

Sevimli və unudulmaz parçalar

Rauf Hacıyev keçmiş SSRİ-nin mədəniyyət-incəsənət çevrələrində çox böyük nüfuz sahibi idi. Kübar davranışlarına görə hətta ona "knyaz" ləqəbini də yaraşdırmışdılar. Amma o, ictimai fəaliyyətindən də kənarda qalmırdı. Azərbaycan Bəstəkarlar İttifaqının

V Qurultayında İdarə Heyətinin birinci katibi, VI qurultayda  katibi seçilmişdi. Bütün bunlara baxmayaraq, Rauf Hacıyev əsl sənətkar idi və yaradıcılıq onun üçün bütün vəzifələrin fövqündə dururdu. Əsərlərində insanın fikir və duyğularını düzgün bir musiqi dilində nağıl edirdi.

Azərbaycanın daha bir tanınmış bəstəkarı Vasif Adıgözəlovun onun ifa üslubu ilə bağlı maraqlı bir qeydi var. Vasif müəllim deyirdi ki, bu gün fortepianoda çalmağı öyrənən gənclər özləri də bilmədən Rauf Hacıyev üslubunda ifa edirlər. Bu da səbəbsiz deyil. Rauf Hacıyevin ən çox sevdiyi musiqi janrı mahnı və operetta idi. Əsərlərinin çoxunu bu janrlarda bəstələmiş, bir-birindən gözəl musiqi nümunələri yaratmışdı.

Görkəmli bəstəkar həmçinin bir çox məşhur Azərbaycan filmlərinin musiqilərinin müəllifidir. O, 15-ə qədər filmə musiqi yazıb. Hər hansı filmə musiqi yazarkən də təkcə bir əsərlə məhdudlaşmayıb. Bu filmlərə baxanda Rauf Hacıyevin bir film üçün çoxlu sayda musiqi parçaları bəstələdiyini görürük. "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Görüş", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" kimi Azərbaycan filmlərinin uğurunda, tamaşaçı sevgisi qazanmasında Rauf Hacıyevin həmin filmlər üçün yazdığı musiqilərin, mahnıların da böyük payı var. Bu musiqi parçaları filmdəki obrazların dolğun təcəssümü, səmimiyyəti, melodikliyi, şəffaf orkestrləşdirməsi ilə xarakterikdir.

 

Operetta janrında yenilik

Operetta janrı bəstəkarın yaradıcılığında mühüm yer tutur. R.Hacıyev ümumilikdə 7 operetta yazmışdır. Onlardan 5-nin öz zamanında məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulması Azərbaycan musiqisi adına çox böyük nailiyyətdir. Bu əsərlər keçmiş SSRİ-nin bir çox mərkəzi şəhərlərində də uğurla təqdim edilmişdir. Rauf Hacıyevin bəstəkar kimi yaradıcılıq istedadı bu janrda öz zirvəsinə yüksəlir.

Onun yazdığı operettalar janrın ənənəvi nümunələrindən xeyli fərqlənir. Vokal-simfonik, balet və estrada sənətinin üzvi vəhdəti ilə ölkəmizdə bu janrın inkişafı üçün tamam yeni bir cığır açır. Bəstəkarın musiqi dili də son dərəcə orijinaldır. Xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarətdir. Rauf Hacıyevin operettaları üçün seçdiyi mövzuların insanlarımızın gündəlik həyatını əks etdirməsi də bu əsərlərə canlılıq qazandırır.

R.Hacıyevin Moskva səhnəsində tamaşaya qoyulmuş ilk operettası "Romeo mənim qonşumdur" əsəridir. "Azərbaycanfilm" 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşçu rejissorluğu ilə bu əsər əsasında film də çəkmişdir.

Görkəmli sənətkarın bəstələdiyi daha bir maraqlı operetta isə "Mənim məhəbbətim - Kuba"dır. O, həmin əsəri Moskva Operetta teatrının sifarişi ilə yaratmışdır. Özü heç zaman Kubada olmayan R.Hacıyevin bu əsəri necə böyük sənətkarlıqla ərsəyə gətirdiyini duymaq çətin deyil. O, heç bir təqlidə yol vermədən  Kuba xalqının milli xarakterini musiqinin dili ilə canlandıra bilmişdir. Musiqi nəzəriyyəçiləri yazırlar ki, operettanın dramaturgiyası üç melodiyaya əsaslanır. Bunlardan birincisi Kubaya məhəbbət, digəri vətənpərvərlik andı, üçüncüsü isə Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır.

Rauf Hacıyevin başqa operettaları - "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" da akademik musiqi aləmində rəğbətlə qarşılanmışdır. Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılmış "Dördüncü fəqərə" əvvəlki əsərlərdən fərqli olaraq məişət komediyası səciyyəsi daşıyır. Bəstəkar bununla kəskin ictimai-siyasi qayəli operetta yaratmağa nail olmuşdur. Bəstəkarın "Qafqaz əsiri" operettası isə Moskvada tamaşaya qoyularaq böyük uğur qazanmışdır. Bu tamaşanın bir əhəmiyyətli cəhəti də ondan ibarət idi ki, onun Moskvadakı səhnə təcəssümündə iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan təşkil olunmuşdu. 70-ci illərin sonunda daha bir yeni - "Ana, mən evlənirəm" əsərini təqdim edən R.Hacıyevin 1982-ci ildə  Moskvada səhnəyə qoyulan  "Yolayrıcında" operettası da geniş tamaşaçı rəğbəti ilə yadda qalır.

Sonuncu əsərini isə Rauf Hacıyev ilk sənət müəllimlərindən sayılan Üzeyir bəy Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr etmişdir. Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinin sifarişi ilə yazılaraq televiziya tamaşası kimi nəzərdə tutulmuş həmin operetta "Ordan-burdan" adı ilə hər birimizə yaxşı tanışdır.

 

Əlcəzair üçün ilk balet

R.Hacıyev opera və balet janrı ilə də ciddi şəkildə maraqlanırdı. O, xüsusilə ötən əsrin 60-cı illərinin sonunda balet janrında intensiv çalışırdı. Nəticədə "Ləzgihəngi" və "Yallı" adı ilə iki xoreoqrafik miniatür bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir və xalq rəqsi ənənələri əsasında qurulub.

1971-ci ildə Rauf Hacıyevin həyatında maraqlı bir dövr başlanır. O, xaricə işləməyə gedir. SSRİ Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrların hazırlanmasına kömək göstərməkdən ibarət idi.

Rauf Hacıyev və onun həmkarları həm Əlcəzair Milli Konservatoriyasında, həm də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışmağa başlayırlar. Bu, o zamanlar idi ki, Əlcəzairdə ilk dram teatrı yenicə açılmış, Milli Musiqi Teatrı fəaliyyətə başlamışdı. Həmin teatrın nəzdində isə balet truppası və xalq rəqsləri ansamblı var idi. Bu milli teatr kollektivi üçün ilk baleti məhz Rauf Hacıyev yazır. "Üç inqilab" adlanan baletin sifarişini Əlcəzair Mədəniyyət Nazirliyi vermişdi. İlk baletin uğurları Rauf Hacıyevi daha sonralar eyni motivlərlə "Alov" və "Hürriyyət" adlı baletləri də yaratmağa ruhlandırdı.

Görkəmli bəstəkarın "Şeyx Sənan" (1982), "Səbuhi" (1983), "Həzi Aslanov" (1984) simfonik poemaları, "Səməd Vurğun" kantatası, "Azərbaycan süitası" əsərləri də milli musiqi xəzinəmizdə özünəməxsus yer tutur.

Görkəmli bəstəkarın mədəniyyət qarşısındakı xidmətləri ən yüksək qiymətini almışdır. R.Hacıyev Azərbaycanın və SSRİ-nin Xalq artisti, Azərbaycanın Əməkdar incəsənət xadimi adları daxil olmaqla bir çox fəxri titullarla, orden və medallarla təltif olunmuş, yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir. "Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2022-ci il tarixli sərəncamı da musiqi mədəniyyəti tariximizdə özünəməxsus yer tutan görkəmli bəstəkarımıza və ümumilikdə mədəniyyətimizə verilən yüksək dəyərin ifadəsidir.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əli Əhmədov: Azərbaycan bütün dünyaya multikulturalizmin mərkəzi kimi təqdim edilir  

11:46
23 Dekabr

Şeyxülislam: Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti ilə bağlıdır  

11:45
23 Dekabr

Mərkəzi Bank yenilənmiş 3 qəpiklik metal pul nişanını tədavülə buraxıb

11:44
23 Dekabr

ABŞ öz vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

11:43
23 Dekabr

Prezident İlham Əliyev: Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır  

11:24
23 Dekabr

Prezident: Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir

11:16
23 Dekabr

Roma Papası Fransisk Həzrətlərinə

11:15
23 Dekabr

Azərbaycan Prezidenti: Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib  

10:53
23 Dekabr

DİN: Son iki gündə 53 cinayətin üstünün açılması təmin olunub

10:52
23 Dekabr

Komitə sədri: Azərbaycan sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır  

10:50
23 Dekabr

“Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına  

10:49
23 Dekabr

Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

10:48
23 Dekabr

Misli Premyer Liqasında 2024-cü ilin ən yaxşı komandası bəlli olub

10:18
23 Dekabr

Dünya birjalarında neft bahalaşıb

10:17
23 Dekabr

Tramp Ukrayna məsələsi ilə bağlı Putinlə görüşü gözləyir

09:41
23 Dekabr

Ceyhun Bayramov Serbiyaya səfər edib

09:40
23 Dekabr

Şuşa sakini: Qürurla, alnıaçıq qayıdırıq

09:32
23 Dekabr

Şuşa sakini: Qayıtmaq eşqi ilə yaşamışıq  

09:18
23 Dekabr

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

09:01
23 Dekabr

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!