17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitala media nümayəndələrinin səfəri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri hərbi hospitalda yaradılan şəraitlə tanış olub, kollektivlə söhbət edib.
Tibb xidməti polkovniki Hüseyn Əliyev bildirib ki, 3,6 hektar ərazini əhatə edən Kəlbəcər hərbi hospitalı hazırda 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunan hərbi hospitalda poliklinika, terapiya, cərrahiyyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilib.
Poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər yaradılıb. Təcili yardım otağında ilkin tibbi yardım göstərmək üçün hər cür şərait mövcuddur.
“Qəbul şöbəmizdə daxil olan xəstələrə bütün ilkin tibbi yardımları göstərmək üçün şərait yaradılıb. Burada monitorlar və süni nəfəs aparatları yerləşdirilib. Hərbi hospitalımızda olan şərait bizə istənilən tibbi proseduru rahatlıqla icra edə bilməyə imkan verir,”- deyə tibb xidməti kapitanı Ramiz Xanməmmədov deyib.
Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür.
Kəlbəcər hərbi hospitalı, həmçinin bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatların fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub.
Tibb xidməti kapitanı Urfan Mehdizadə bildirib ki, son dövrlərdə postlarda və hərbi hissələrdə məişət şəraitinin yaxşılaşdırılması şəxsi heyət arasında bir çox dəri xəstəliklərinin kəskin şəkildə azalmasına, ümumiyyətlə rast gəlinməməsinə səbəb olub. İşğaldan azad olunan ərazilərdə bu cür müasir hərbi hospitalın açılması sevindirici və qürurlu haldır.
Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobillər var. Hərbi hospitalın ətrafındakı ərazidə yaşıllaşdırma və abadlıq işləri də görülüb.