Prezident İlham Əliyev "Euronews"a müsahibəsində əzmkar mövqeyini bir daha nümayiş etdirdi
Dünyanın müxtəlif məkanlarında özünü göstərən münaqişələr və onların kökləri, aparılan sülh prosesləri, problemlərin həlli üçün atılan addımlar, dövlətlərin gələcəyə baxışı və digər prinsipial məsələlərin beynəlxalq aləmə çatdırılmasında artıq əsrlərdir ki, informasiyanın, qurulan effektiv kommunikasiyaların gücü mühüm rol oynayır.
Getdikcə qloballaşan dünyamızda kommunikasiya xüsusilə həlledici əhəmiyyət daşıyır. Müstəqilliyin ilk illərində Ermənistanın işğalına məruz qalan, ədalətsiz müharibəyə cəlb edilən, 1 milyona yaxın vətəndaşı yurdundan didərgin düşən ölkə olaraq informasiya blokadasının yaratdığı problemlərdən az əziyyət çəkməmişik.
Erməni lobbisi ötən əsrin 90-cı illərinin əvvəllərində o zaman hələ müstəqillik yollarında ilk kövrək addımlarını atan Azərbaycanın beynəlxalq dairələrə, qlobal mediaya çıxış imkanlarının məhdudluğundan, haqq işimizə dəstək verənlərin azlığından istifadə edərək ətrafımızda informasiya blokadası yaratmışdı. Azərbaycan həqiqətlərini eşidib səsimizə səs verən yox idi. Beynəlxalq aləm açıq-aşkar işğalçıya dəstəkçi olurdu. Azərbaycan ikili standartlara məruz qalırdı.
Əslində, ikili standartların, beynəlxalq normalara selektiv yanaşmanın, Ermənistanın dəstəklənməsi meylinin ortadan qalxdığını, işğalçı ölkənin təxribatlarına kömək göstərənlərin meydandan çəkildiyini yenə də demək mümkün deyil. Bu hallar, əfsuslar olsun ki, indi də var. Amma bu haqsız mövqe qarşısında qalan Azərbaycan daha ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü ilə torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad edən, BMT-nin illərdən bəri havadan asılı qalmış müvafiq qətnamələrini öz qüvvəsi ilə yerinə yetirən dövlətimiz informasiya savaşında da böyük üstünlüklər əldə etdi.
Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini indi də uğurla davam etdirir. Dövlətimizin başçısı Azərbaycana qarşı geniş təbliğat aparıldığı bir vaxtda həmişəki kimi birbaşa kommunikasiyaya gedərək bütün məsələlər üzrə mövqeyini ortaya qoyur. Prezident İlham Əliyevin iyulun 22-də Şuşada "Euronews" televiziya kanalına verdiyi müsahibə də bu baxımdan istisna olmadı. Azərbaycanın dövlət başçısı Ermənistanın faktiki kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra sülh prosesləri ilə bağlı yaranan suallara, göstərilən təşəbbüslərə, indiyə qədər əldə olunmuş nəticələrə və mövcud perspektivlərə aydınlıq gətirdi.
Azərbaycan sülhün müəllifidir
30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq Azərbaycan bu gün yeni sülh prosesinin müəllifidir. Müharibədə verdiyimiz qurbanların, çəkdiyimiz əziyyətlərin ağrı-acıları, tarixin dərsləri təbii ki, heç zaman unudulan deyil. Lakin qələbəni qoruyub saxlamaq, onun nəticələrini möhkəmləndirmək isə sülh dövrünün işidir. Ona görə tarix boyu o xalqlar, dövlətlər yekunda qalib çıxırlar ki, sülhün alternativsizliyinin fərqində olsun, məramı sülhə yönəlsin.
Dünyanın müharibələr təcrübəsinə baxsaq, görərik ki, adətən, qalib ölkə sülhə o qədər də maraq göstərmir. Daha böyük itkilərin qarşısını almaqdan ötrü sülhün əldə olunması daha çox məğlub ölkələrin marağında olur. Amma Azərbaycanın yanaşması fərqlidir və bütün dünyaya nümunədir. Ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra dövlətimiz sülhə nail olmağa çalışır. Çünki Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Üstəlik, sülhün olmaması ara-sıra gərginliklərin yaranması və insan itkiləri deməkdir ki, Azərbaycan bunu da qətiyyən istəmir. Hər bir vətəndaşımızın həyatı dövlətimiz üçün dəyərlidir.
Münaqişənin insan itkilərinə yol vermədən başa çatması üçün təxminən 30 il gözləyən, böyük səbir və təmkin göstərən Azərbaycan sülh prinsiplərinə daim sadiqdir. Məqsəd regionda əbədi təhlükəsizliyi təmin etmək, bütün maraqlı tərəflərin faydalana biləcəkləri dayanıqlı inkişaf mühiti yaratmaq, bölgəmizi dünyanın əsl cənnətinə çevirməkdir. Bunun isə yolu sülhün mümkün qədər tez əldə olunmasındadır. Çünki sülh prosesləri uğurla başa çatdıqdan sonra bölgəmizin inkişafı üçün görüləcək çox işlər, həyata keçiriləcək çox layihələr var. 30 illik münaqişə mühiti Cənubi Qafqaz dövlətlərini çox geri salıb. Ermənilər Qarabağda, Şərqi Zəngəzurda illər boyu vandalcasına həyata keçirdikləri dağıdıcı əməllərlə, tar-mar etdikləri infrastrukturla Azərbaycanın sosial-iqtisadi həyatına böyük ziyan vurublar. Füzuli tamamilə darmadağın edilib. Ağdamda da vəziyyət eynidir. Biz qisasımızı döyüş meydanında aldıq və qalib olduq. İndi sülh bizim gündəliyimizdədir.
Dövlətimiz hazırda işğaldan azad olunan yurdlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq tədbirləri ilə bu yaraları sağaldır. Qarabağa, Şərqi Zəngəzura həyat gətirir. İndi gələcəyə baxmaq, regionun inkişafı üçün bütün imkanları faydalı məqsədlərə yönəltmək zamanıdır. Azərbaycan belə bir mövqe ortaya qoyur və faktiki olaraq bu gün sülh proseslərinə ən çox töhfə verən ölkə rolunda çıxış edir.
Sülh sazişinin ümumi prinsiplərini müəyyənləşdirən tərəf də məhz Azərbaycandır. Bunlar ölkələrin ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.
Əsas olan nəticədir
Prezident İlham Əliyev "Euronews"a müsahibəsi zamanı sülh danışıqlarında Avropa İttifaqının rolunu xüsusilə yüksək qiymətləndirdi. Qeyd etdi ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycanla Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının bu proseslərdə fəallıq göstərməsi təbiidir. Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunan Brüssel görüşləri çox önəmlidir və həmin görüşlər bir çox həssas məsələlərə toxunmaq imkanı verir.
Ümumən Azərbaycan üçün maraqlı olan sülh proseslərinin kim tərəfindən aparılması, bu prosesdə hansı ölkənin, beynəlxalq təşkilatın fəallıq göstərməsi deyil. Əsas məsələ ədalətli nəticənin əldə olunmasıdır. Azərbaycan Prezidenti müsahibəsi zamanı bu mövqeyi bir daha qətiyyətli şəkildə ortaya qoydu. Bəyan etdi ki, sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi Azərbaycan dəstəkləyəcək. Ermənistan tərəfi konstruktiv yanaşma göstərərsə, Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoyarsa, onda tezliklə sülh variantı tapıla bilər.
Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarına gəlincə isə, "Euronews"a müsahibəsində Azərbaycan Prezidentinin bununla bağlı kifayət qədər aydın bəyanatı oldu. Azərbaycan dövlətinin mövqeyinə görə həmin vətəndaşlara seçim hüququ veriləcək. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altındakı ərazidə yaşayan insanlar ölkəmizin digər milli azlıqları kimi Azərbaycan vətəndaşları kimi yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Azərbaycan dövləti öz tərəfindən Qarabağ ermənilərinə normal həyat təklif edir. Təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Qarabağ erməniləri onlara təqdim edilən bu imkanı başa düşməli və düzgün dəyərləndirməlidirlər.
Geniş beynəlxalq auditoriyaya malik media qurumuna müsahibə zamanı bu kimi məqamlara aydınlıq gətirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Çünki beynəlxalq dairələrin ara-sıra müxtəlif əsaslarla gündəmə gətirdikləri məsələlərdən biri məhz Qarabağ ermənilərinin bundan sonrakı həyatı ilə bağlıdır. Azərbaycan Prezidenti bununla bağlı dövlətimizin mövqeyini bir daha səsləndirərək artıq başqa bir suala yer qoymadı.
Ermənistan hökumətinin iki yolu qalır
Azərbaycan Prezidenti İlham Əliyevin müsahibə zamanı Ermənistandakı ermənilərə də önəmli mesajı oldu. Qeyd etdi ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır: "Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər... Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik". Dövlətimizin başçısı onu da bildirdi ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Azərbaycanın tarixi zəfərimizlə yaratdığı yeni reallıqda Ermənistan hökumətinin iki seçimi var. Ermənistan hökuməti üçün seçim çox pis və ya qəbulolunan ola bilər. Qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Azərbaycan Prezidenti bununla da müsahibədə əzmkar mövqeyini bir daha nümayiş etdirdi.
Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ da nəzərə alınmalıdır. Çünki müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bu məqamlar da diqqətdən kənarda qalmamalıdır.
Avropaya və Qərbə açıq suallar
Prezident İlham Əliyev "Euronews"a müsahibəsində Avropa və Qərbin Azərbaycana münasibətdə ikili standartları ilə açıq qalmış sualı onlara ünvanlamaq fürsətindən də istifadə etdi. Məlumdur ki, bu gün Avropa və Qərb separatizmə qarşı mübarizədə Ukraynaya dəstək üçün birləşib. Azərbaycanın erməni separatizminə qarşı mübarizəsində isə əfsuslar olsun ki, tamamilə fərqli yanaşma görürük. Dövlət rəhbərimiz Azərbaycana münasibətdə sərgilənən bu fərqli yanaşmanın səbəblərini suallarla ifadə etdi: "İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik?" Azərbaycan Prezidenti "Biz bunu etməyəcəyik", deyib məsələ ilə bağlı qətiyyətli cavabını da verdi.
Prezident İlham Əliyevin "Euronews"a müsahibəsində ölkəmizin yeni strateji dövrdə Rusiya, Avropa ölkələri ilə münasibətləri ilə bağlı da aydın və konkret mövqe öz ifadəsini tapdı. Azərbaycan dövləti hazırda Rusiya ilə tarazlaşdırılmış münasibətlərə malikdir. İki ölkə arasındakı münasibətlər bir-birinin milli maraqlarının, ərazi bütövlüyünün, suverenliyinin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Azərbaycanla Rusiya arasında nəzərəçarpan ticarət dövriyyəsi, daşımalar infrastrukturuna aid bir çox layihələr var.
Ölkəmiz eyni zamanda Avropa ilə də əhəmiyyətli əlaqələrə malikdir və Avropanın mühüm qaz təchizatçısıdır. Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb. Bu vəziyyətdən irəli gələrək hazırda Azərbaycanın enerji sərvətləri heç zaman olmadığı qədər müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan dövləti isə belə bir reallıqda öz addımlarını bir çox illər əvvəl imzalanmış müqavilələr, müəyyən edilmiş strateji planlar əsasında atır. Bu da ölkəmizin etibarlı tərəfdaşlıq prinsiplərinə sadiqliyinin, dövlət rəhbərimizin hər bir sözünün imzası qədər əhəmiyyət daşımasının daha bir təzahürüdür.
Bir sözlə, "Euronews" televiziya kanalına müsahibə dünya ictimaiyyətinin bir sıra suallara cavabları ən mötəbər mənbədən - Azərbaycan Respublikasının Prezidentindən alması baxımından son dərəcə faydalı oldu. Prezident İlham Əliyevin zəmanəsinin ən parlaq liderlərindən biri kimi kommunikasiya imkanlarından Azərbaycanın xeyrinə necə məharətlə, peşəkar şəkildə faydalandığını göstərdi. Eyni zamanda ölkəmizin və regionumuzun gələcəyi ilə bağlı dövlətimizin nə qədər aydın, məqsədyönlü planlara, inkişaf yoluna malik olduğunu nümayiş etdirdi.
İradə ƏLİYEVA,
"Azərbaycan"