Rusiya Cənubi Qafqazda əməkdaşlıq, sabitlik və iqtisadi inkişaf məkanı yaratmaq üçün “3+3” regional məşvərət platformasına vacib mexanizm kimi baxır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF- 2026) çərçivəsində keçirilən “3+3” platforması: Ümumi çağırışlar və strateji tərəfdaşlıq” adlı sessiyada çıxışı zamanı bildirib.
Rusiya xarici işlər nazirinin müavininin sözlərinə görə, Moskva Cənubi Qafqazın taleyinə və bu regionda gedən geosiyasi və iqtisadi proseslərə biganə qala bilməz.
Mixail Qaluzin qeyd edib: “İnanırıq ki, “3+3” platforması ideyası ölkələrimizin fikir ayrılıqlarının aradan qaldırılması və birləşdirici gündəm vasitəsilə Cənubi Qafqazda sabitlik və rifahın təmin edilməsi zərurətini ortaq şəkildə anlamalarına əsaslanır”.
O, bu formatın yaradılması təşəbbüsünün region daxilində meydana çıxdığını vurğulayıb.
Rusiya diplomatı qeyd edib: “Belə bir formatın yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən müdrikliklə və uzaqgörənliklə irəli sürülüb”.
Qaluzin xatırladıb ki, “3+3” formatı çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub, ardınca isə xarici işlər nazirlərinin Tehran və İstanbulda görüşləri keçirilib. Bu görüşlərdə ticarət, nəqliyyat, energetika, telekommunikasiya, həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir müavininin sözlərinə görə, xarici işlər nazirlikləri rəhbərlərinin növbəti görüşü Bakıda və ya İrəvanda keçirilə bilər. Hazırda Azərbaycan və Ermənistan tərəfləri arasında məsləhətləşmələr davam edir.
M. Qaluzin Azərbaycanın təklif etdiyi və format iştirakçıları tərəfindən dəstəklənən regional məsuliyyət prinsipinə xüsusi diqqət yetirib.
“Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqaz ölkələri özləri və onların əsas qonşuları qarşılıqlı maraq doğuran məsələlərin dairəsinin, həmin məqsədlərin həyata keçirilməsinin yollarının və vasitələrinin müəyyən edilməsində aparıcı rola malikdirlər”, - deyə o bildirib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin inkişaf etdirilməsinin Cənubi Qafqazın iqtisadi potensialını açacağını, regionu qlobal nəqliyyat və logistika qovşağına çevirəcəyini vurğulayıb.
O, regiondan keçən “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin, həmçinin enerji və rəqəmsal infrastruktur layihələrinin əhəmiyyətini qeyd edib.
“Cənubi Qafqaz Rusiya ilə Cənubi Asiya dövlətləri, Çin, Mərkəzi Asiya və Avropa arasında strateji bir əlaqə məkanına çevrilir”, - deyə Qaluzin bildirib.
Onun sözlərinə görə, Rusiya regionun nəqliyyat və iqtisadi potensialının tamamilə açılmasını dəstəkləyir, qapalı formatlar yaratmadan inklüziv əməkdaşlığı müdafiə edir: “Bizim fikrimizcə, Cənubi Qafqazın tranzit potensialının inkişafında regiondakı bütün ölkələrin iştirakını təmin etmək vacibdir. Məsələn, Ermənistanın Azərbaycan və Türkiyə ilə, habelə Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədlərini açmadan, tam nəqliyyat əlaqəsindən danışmaq mümkün deyil”.
Rusiya xarici işlər nazirinin müavini, həmçinin gələcəkdə “3+3” platformasının institusionallaşdırılması, o cümlədən iştirakçı ölkələrdən birində işçi ofisin və ya qarşılıqlı əlaqə üçün şəbəkə mexanizminin yaradılması məsələlərini nəzərdən keçirməyi təklif edib.