Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda ilk olaraq Hesablama Palatasında rəqəmsal transformasiya, o cümlədən dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.
Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusif-zadə dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı yaradılan informasiya sistemində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, informasiya sistemi rəqəmsal texnologiyalardan istifadə yolu ilə qanunvericilikdə müəyyən edilən hesabatların və məlumatların elektron mübadiləsi, avtomatlaşdırılmış emalı, verilənlərin auditi və ssenarilər əsasında təhlili vasitəsilə kənar dövlət maliyyə nəzarətinin və büdcə prosesində iştirakdan irəli gələn fəaliyyətin təşkilinin səmərəliliyinin artırılmasına xidmət edəcək.
İlkin mərhələdə görülmüş işlər barədə məlumat verildikdən sonra dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya, məlumat mübadiləsinin təkmilləşdirilməsi, eləcə də süni intellekt texnologiyalarının mümkün tətbiq istiqamətlərinə toxunulub.
Sədr Vüqar Gülməmmədov tərəfindən informasiya sisteminin inkişaf etdirilməsi və funksionallığının artırılması, rəqəmsal imkanların genişləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında icrasının təmin edilməsi ilə bağlı kollegiya üzvlərinə və aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sonra auditor Vüqar İbrahimov tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə (“Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi”nə) dövlət büdcəsinin “Ümumdövlət xidmətləri” və “Təhsil bölməsi”ndən təhsil müəssisələri və məktəbəqədər təhsil müəssisələri obyektləri üzrə tikili və avadanlıqların cari və qeyri-yaşayış binalarının əsaslı təmir xərclərinə və dövlətəsaslı vəsait qoyuluşu xərclərindən ayrılan vəsaitlərin (seçmə qaydada) auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.
Daha sonra auditor Hafiz İsmayılbəyli tərəfindən təqdim edilən “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxs və tabeli qurumları tərəfindən dövlət vəsaitlərinin istifadə və idarə edilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin audit zamanı dövlət vəsaitlərinin istifadə və idarə edilməsi sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq müvafiq materialların prokurorluq orqanına göndərilməsi barədə qərar qəbul olunub.
İclasda, həmçinin Asiya İnkişaf Bankı tərəfindən keçirilmiş “İqlim dəyişikliyi ilə əlaqəli siyasətlərin, proqramların və xərclərin auditi” mövzusunda regional təlimdə iştirakla bağlı hesabatın müzakirəsi keçirilib, bu sahədə ali audit orqanları üçün çağırışlar və yeni audit yanaşmaları diqqətə çatdırılıb.
İclasın sonunda bir sıra kənar dövlət maliyyə nəzarəti tədbirlərinin başlanılması ilə bağlı proqramlar təsdiqlənib.