Bal yarmarkasına 39 rayondan 120 tona yaxın bal gətirilib
İstifadə etdiyimiz qida məhsulları içərisində balın özəl yeri var. Bu özəllik balın dad, ətir və şəfası ilə təsdiq olunur. Bal ölkəmizdə həm də regionların biomüxtəlifliyini təmsil edir.
Amma bütün rayonları gəzərək həmin bölgəyə məxsus tərkibli balı dadmaq heç də asan deyil. Bu fürsəti əldə etməyin ən asan yolu bu günlərdə paytaxtda açılan arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasına baş çəkməkdir.
39 rayondan gələn 275 arıçının iştirak etdiyi yarmarkada 120 tona yaxın məhsul satışa çıxarılıb. Həmin məhsulun 105 tonunu bal, 12 tona yaxınını şan, 3 tonunu isə digər arıçılıq məhsulları təşkil edir. Yarmarkada iştirak üçün hər bir arıçıya minimum 40 arı ailəsinə malik olması tələbi qoyulur. Arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilir.
"Artıq 3 ildir Füzulidə, Hadrutda bal istehsal edirik"
Bal yarmarkasındayıq. Yarmarkaya daxil olarkən insanı balın bihuşedici ətri vurur. Piştaxtalara bal və baldan hazırlanmış müxtəlif məhsullar düzülüb. Ətrafda min bir əziyyətlə yetişdirdikləri məhsulları təqdim edən satıcılar, bu qədər balın arasında seçim etməyə çalışan alıcılar var. Bu gözəl mənzərəni nə saysız-hesabsız arılar, nə də olduqca yüksək hava temperaturu pozurdu.
Əslində, hamı bal sərgisindən yalnız xalis bal gözləyir. Lakin baldan əldə olunan məhsulların çeşidliliyi xoş təəccübə səbəb olur. Yarmarkada məhsulların qiyməti çeşidindən asılı olaraq 2-40 manat arasında dəyişir.
İlk olaraq Qəbələ rayonundan gələn arıçı Kəramət Əbdürrəhmanzadənin piştaxtasına yaxınlaşırıq. Babası və dayısı da balçılıqla məşğul olan Kəramət 5 ildir arıçılığa başladığını bildirir. Deyir ki, piştaxtada dağ cökə, may və şabalıd balları, çiçək tozu, bal qaymağı var. Bu balların fərqlənməsini müxtəlif yerlərdə yığılması ilə əlaqələndirir: "Arıları il ərzində 4-5 yerə köçürürük. İyunun 20-sinə qədər may balı üçün qaratikan ərazisinə gedirik, daha sonra kəndimizə - Mıxlıqovağa şabalıd bağlarına, ondan sonra isə dağ cökə balı üçün Qəmərvan kəndinə qalxırıq".
Piştaxtada xüsusi qablaşdırmada olan propolis damcıları da diqqət çəkir. Arıçı bildirir ki, bu təbii antibiotikdir: "Propolis ilk olaraq spirtlə qarışdırılır. Hazırlıq zamanı 95 faizli spirtin faizi 70-ə endirilir, xüsusi maye hazırlanır. İnsan çəkisinin hər 10 kiloqramına 2 damcı hesablanaraq, suya və ya südə qarışdırılaraq gündə iki dəfə qəbul olunur. Bu məhsul dezinfeksiya məqsədilə antiseptik kimi də istifadə edilə bilər. Deyə bilərəm ki, pandemiya dövründə məhz bu məhsul sayəsində ailəmizdən və yaxınlarımızdan heç kim koronavirusa yoluxmadı". Kəramət onu da deyir ki, satışa çıxardığı digər məhsulu - çiçək tozu təbii proteindir. Güləmin tərkibində bal, propolis, arı südü, çiçək tozu olur. Bu məhsulun tərkibi zəngindir. Yumurtadan çıxan 5 günlük arılar bununla qidalanırlar. Ondan ağız və mədə xəstəlikləri zamanı istifadə olunur.
Hadrutdan gələn arıçı Elman Musayevin stendi xüsusilə diqqətimizi cəlb etdi. Uşaqlıqdan arıçılığa həvəs göstərən Elman Musayevin atası da işğaldan əvvəlki dövrdə Füzulidə balçılıqla məşğul olub: "Torpaqlarımızın işğalından sonra məcburi köçkün kimi həyatımıza davam etdik. Sonrakı illərdə Ağsu, Zaqatala və Balakən rayonlarında arıçılıqla məşğul olduq. Şükür olsun ki, artıq 3 ildir Füzulidə, Hadrutda ailə təsərrüfatında bal istehsal edirik. Balın ətri, dadı, rəngi bitkilərdən asılıdır. Bitkilərin müxtəlifliyi isə ərazilərə görə dəyişir. Ona görə də Qarabağ və Şərqi Zəngəzur ərazilərində yetişdirilən balların özünəməxsus dadı, qoxusu, xüsusilə də faydası olur. Baldan savayı, arı südü, propolis, krem və balzamların da satışı ilə məşğul oluruq".
Balçılıqda ən gözəl məqam tullantının olmamasıdır
Yarmarkada maraqlı stendlərdən biri də arıçı Məhəmməd Vocuyevə məxsusdur. Burada qida məhsulları ilə birlikdə estetik və gözoxşayan qablaşdırmalarda kosmetik vasitələr də diqqət çəkir. Arıçı məhsullarının satışı üçün sosial şəbəkələrdən maksimum dərəcədə faydalandığını bildirir. Onun fikrincə, məhsul əldə etməklə iş bitmir, onun satışını da uğurla həyata keçirmək lazımdır: "Bəziləri deyir ki, yaxşı balın reklama ehtiyacı yoxdur. Amma mən əksini duşünürəm. Zaqatala rayonunun Uzuntala kəndində yaşayıram. Məni digər regionlarda yaşayan insanlar necə görüb tanımalıdırlar?! Balın əldə olunması mərhələlərini videoçəkilişlərlə təqdim edirəm. Bu da etibarı artırır. Yaxşı balı ayırd etmək olduqca çətindir. Arı üzü görməyən, şəkərlə bişirilən saxta ballar da az deyil. İllərdir nümayiş olunan metodların, əslində, heç biri tam güvənli deyil, yalnız laboratoriya analizləri ilə balın necə olduğunu müəyyən etmək mümkündür. Ona görə də belə yarmarkalardan bal almaq daha məqsəduyğundur. Daha sonra yarmarkanın olmadığı müddətdə satıcılar elə burada tanıdıqları arıçıların daimi müştərilərinə çevrilirlər".
Qax rayonundan gələn arıçı Kamran Seyidəli deyir ki, 20 ildən çoxdur balçılıqla məşğul olur: "Hər bir bal məhsulu düzgün şərait və temperaturda saxlanılmalıdır. Ata-babalarımızdan gələn bu ailə təsərrüfatında yoldaşım və övladlarım da iştirak edirlər. Hətta özümüzə məxsus markamız da var".
Çoxsaylı bal növlərinin satıldığı bu piştaxtada digərlərindən fərqli olaraq, xüsusi qəliblərdə arı mumundan hazırlanmış müxtəlif forma, rəngli və qoxulu şamlar da uzaqdan diqqəti cəlb edir. Arıçı bildirir ki, balçılıqda ən gözəl məqam sıfır tullantının olmasıdır. Bal mumundan hazırlanan şamlar uzunmüddətli yanması ilə seçilir, üstəlik onlar havanı təravətləndirməklə birlikdə, mikrobları da öldürür. Şamların qiyməti çəkisindən asılı olaraq dəyişir. Həmsöhbətimiz onu da xüsusilə vurğulayır ki, yarmarkada nə onda, nə də digər satıcılarda keyfiyyətsiz və ya saxta balın olması mümkün deyil. Hər şey ciddi nəzarət altındadır.
Alıcılar razılıq edirlər
Bal yarmarkasına gələn alıcıların sayı az deyil. Onlar maraqla stendləri gəzir, satıcıların təklif etdikləri balı dadır, sonra seçimlərini edirlər. 73 yaşlı Eldar Teymurov sağlam və gumrah olmasına görə hər səhər içdiyi ballı suya borclu olduğunu deyir: "Rayonlarda nə qohumum, nə də tanışım var. Həm də düzü hər yerə güvənib bal da ala bilmirəm. Yarmarkadakı məhsullar ciddi yoxlamadan keçdikləri üçün arxayınlıqla buradan bir neçə kiloqram bal alıram. Bu da mənə gələn yarmarkaya qədər bəs edir".
Bal yarmarkasına gənclər də maraq göstərirlər. Sərgiyə tələbə yoldaşları ilə gələn İlkanə Muradova söyləyir ki, təbii kosmetik vasitələrdən əldə etmək üçün bura gəliblər: "Valideynlərim yarmarkadakı məhsulları o qədər təriflədilər ki, gəlib öz gözümlə görmək istədim. Dedikləri kimi varmış: buradakı krem, balzamlar həm təbii, həm də kimyəvi məhsullarla müqayisədə olduqca ucuzdur".
Zəhmətkeş arıçıların sayəsində ölkəmizdə bal istehsalı hər il artır. Alıcılar isə belə yarmarkaların sayəsində təbii, keyfiyyətli bal və bal məhsullarını asanlıqla almaq imkanı əldə edirlər.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"