Azərbaycan müstəqillik tarixinin yeni onilliklərində möhtəşəm nailiyyətlərə imza atır. Bu nailiyyətləri şərtləndirən əsas amil dövlətimizin müstəqil siyasət yürütməsi, iqtisadi, siyasi, sosial cəhətdən heç kimdən asılı olmadan öz seçdiyi yola davam etməsidir. İndi respublikamız qlobal enerji-kommunikasiya sistemlərinin əsas mərkəzlərindən birinə çevrilib.
Ölkəmiz bütün dünyada mədəniyyətlər arasında dialoq, multikulturalizm məkanı kimi məşhurdur. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşandığı, bu zəmində münaqişələrin gücləndiyi, xüsusilə də islamofobiya kimi təhlükəli meyillərin bir sıra dövlətlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət daşıyır.
Beynəlxalq arenada ölkəmizin nüfuzu getdikcə güclənir, dövlətimizin sözü eşidilir, qəbul etdiyi qərarlar xüsusi diqqətlə qarşılanır. Bu nailiyyətlərin hər biri məhz Azərbaycan rəhbərliyinin yürütdüyü müstəqil siyasət sayəsində mümkün olub. Bu siyasət nəticəsində Azərbaycan təxminən 30 illik işğala son qoydu. 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan təmizləndi. Göstərildi ki, Azərbaycanı milli maraqlarından, tutduğu haqq yolundan heç kim döndərə bilməz. Dövlətimiz həyata keçirdiyi 23 saatlıq antiterror əməliyyatı ilə separatçıların ömrünə son qoydu. Ərazi bütövlüyümüz tam bərpa olundu.
Bu qələbələr Azərbaycan və ümumən türk dünyasının tarixində mühüm bir səhifə açdı. Regionda yeni bir reallıq formalaşdırdı və bu Zəfərimizi ifadə edən neçə-neçə əlamətdar günlərə vəsilə oldu. 2020-ci ilin 10 dekabrında Vətən müharibəsindəki qələbəmiz şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradı təşkil olundu. Milli dövlətçilik salnaməmizdə heç zaman unudulmayacaq, həmişə qürur doğuracaq hadisə kimi bu günün ən düzgün qiymətini Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdi: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik". Yerli və xarici rəsmi qonaqların, diplomatik korpusun nümayəndələrinin də iştirak etdiyi bu möhtəşəm parad milli dövlətçilik tariximizə əbədi yazıldı.
Paradın ən önəmli məqamlarından biri haqq savaşımızda daim yanımızda olan, qardaşlıq köməyini bizdən əsirgəməyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə fəxri qonaq kimi iştirakı idi. Zəfər paradı qələbəmizin rəmzi olmaqla yanaşı, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin də daha bir simvoluna çevrildi.
10 dekabr paradının ən böyük və düzgün tarixi qiyməti də Azərbaycan və Türkiyə liderlərinin çıxışlarında səsləndirildi.
Cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 30 illik işğal acısına son qoyandan sonra bu torpaqlarda qurulacaq gələcəyin rəsmini çəkdi: "Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır".
Beynəlxalq ictimaiyyətə mesaj
İki qardaş ölkənin liderləri Azərbaycanın Zəfər paradını birlikdə qəbul etməklə beynəlxalq ictimaiyyətə ciddi bir mesaj vermiş oldular. Vətən müharibəsinin ilk saatlarından Azərbaycan xalqının yanında olan, dəstəyini əsirgəməyən, bizi xarici təhdid və təzyiqlərdən qorumaq üçün bütün imkanlarını ortaya qoyan Türkiyə Zəfər paradında da dünyaya bir daha göstərdi ki, Azərbaycan tək deyil. Erməni təəssübkeşliyi ilə bizimlə hədə-qorxu dilində danışmaq istəyənlər, haqq yolumuzdan çəkindirməyə can atanlar, işğalçı xislətli ermənilərlə bağlı təxribatçı layihələrini yenidən dirildib başımıza təzə-təzə bəlalar açmaq istəyənlər qarşılarında Türkiyəni də görəcəklər.
Bütün bunların əslində Türkiyənin özünə də hansı çətinliklər hesabına başa gəldiyini, qardaş ölkəni Azərbaycana dəstəkdən çəkindirmək, haqqın deyil, nahaqqın yanında qərar tutmağa sövq etməkdən ötrü hansı təxribatlara əl atıldığını təsəvvür etmək üçün böyük dövlətlərin son ikiüzlü və mənəviyyatsız davranışlarını, onların Türkiyəyə təzyiqləri ilə bağlı yeni-yeni üzə çıxan faktları nəzərdən keçirmək kifayətdir.
Ən müxtəlif kanallarla kifayət qədər məlumat imkanlarına malik olan dövlətlər yaxşı bilirlər ki, Türkiyənin Vətən müharibəsində Azərbaycana verdiyi dəstək yalnız və yalnız siyasi və mənəvi xarakter daşıyıb. Qardaş ölkə bizə hər hansı hərbi dəstək verməyib. Azərbaycan dövləti öz torpaqlarını on illər ərzində qurularaq qüdrətləndirilən ordumuzun gücü, əsgər və zabitlərimizin fədakarlığı, şəhid və qazilərimizin qanı bahasına işğalçılardan təmizləyib.
3 il əvvəlki Zəfər paradının möhtəşəm tablosu da bir daha göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlığının qüdrəti üzərimizə yönələn hər hansı təxribatdan daha güclüdür. Hər hansı fitnə-fel bu münasibətləri sarsıda bilməz.
Elə paradda qardaş ölkənin Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı da Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani nümayişi oldu. Bütün dünya bir daha gördü ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.
Şuşada ucaldılmış Zəfər bayrağı
Zəfər paradının ən möhtəşəm anlarından biri Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçilərinin şəhər üzərində qaldırdıqları Zəfər bayrağının parad meydanına gətirilməsi oldu. Bunun özünəməxsus tarixi hekayəsi var. Şuşa bizim zəfərimizin rəmzidir. Hələ Vətən müharibəsi gedişində, Şuşanın erməni işğalçılarının əlində olduğu günlərdə media orqanlarından birinin Şuşa ilə bağlı sualına cavabında Ali Baş Komandan İlham Əliyev bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Azərbaycan igidləri misilsiz qəhrəmanlıqla Şuşanı azad etdikdən sonra Ermənistan ağ bayraq qaldırıb faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Kapitulyasiya aktına əsasın, düşmən bir güllə belə atmağa cəsarət göstərmədən Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytardı, Azərbaycan bayrağı bu əzəli-əbədi yurdlarımızda da ucaldıldı. Bununla ölkəmiz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı, Şuşa adı bu qələbənin rəmzinə çevrildi. Ona görə Şuşada ucaldılmış Zəfər bayrağı da zəfərimizin rəmzi kimi çox böyük tarixi əhəmiyyət daşıyır.
10 dekabr paradı həm də Azərbaycanın hərbi qüdrətinin göstəricisi idi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın edilmiş düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də göstərildi. Bu faktın özü də erməni işğalçılarına böyük bir görk, ibrət dərsi idi. Vətən müharibəsi gedişində onların qabaqda gedənlərindən bəziləri bəyan edirdilər ki, Ermənistanın tankları Bakıya qədər gəlib çıxacaq. Bu, doğrudan da, baş verdi, Ermənistan tankları Bakıya hərbi qənimət kimi gətirildi və Zəfər paradında nümayiş etdirildi. Eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri, yaxud sıradan çıxardıqları iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan, üzərinə "Qarabağ Azərbaycandır!" şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi doğurdu.
Qeyd edək ki, həmin kompozisiya Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları ilə birgə Bakıda açıq səma altında Hərbi Qənimətlər Parkında nümayiş olunur.
Əsgər andına sadiqlik
Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin, rəşadətinin və qələbə əzminin ifadəçisi idi.
Bu parad hərbi məktəbdə təhsil alan yeni nəsil hərbçilərimizin də həyatına unudulmaz bir tarix kimi yazıldı. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak etdilər. Azərbaycan əsgərinin, zabitinin Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq onlar üçün də böyük bir örnəkdir. Hərbi əməliyyatların gedişində on minlərlə əsgərinin döyüş meydanından qaçaraq fərarilik etmiş Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunda bircə nəfər də döyüşdən yayınmaq fikrinə düşmədi. Əksinə, yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən onları tezliklə sağaltmağı, yenidən döyüş meydanına qayıdıb, öz missiyalarını başa vurmağı xahiş edirdilər. Onlar döyüş yoldaşlarının yanına can atırdılar. Azərbaycan Ordusu belə bir əzmkarlıqla, yüksək döyüş ruhu ilə yalnız irəli getdi. 44 günlük Vətən müharibəsinin hər günü yeni qələbələrlə tarixiləşdi. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Bu, əsgər və zabitlərimizin qəlbindəki, düçüncələrindəki ali məramın, hərbi andına sadiqliyin verdiyi güc idi. İgid oğullarımız işğala son qoymaq, tarixi ədalətin zəfər çalmasına nail olmaq amalı ilə vuruşub bizi ən böyük arzumuza yetirdilər. Azərbaycan dövləti cəmi 44 gün içində təkcə Ermənistanın ordusunu məhv etmədi, onların uzun illərdən bəri özləri barədə uydurduqları mifi də havaya uçurdu.
Milli birliyimizin gücü
Biz bu qələbəni milli birliyimizin gücü ilə qazandıq. Milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycanı özünə vətən bilən hər kəs bu savaşda bir ananın övladları kimi vuruşdu. Bütün dünya azərbaycanlıları haqq işimizə bacardığı dəstəyi verməyə çalışdı. Müharibə dövründə Azərbaycan xalqı öz "dəmir yumruğu"nu, birliyini və gücünü nümayiş etdirdi. 2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, 2020-ci il 15 iyul tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşərək birgə dəstək bəyanatı imzaladı.
Bu mənada 10 dekabr paradı milli birliyimizin möhtəşəm tablosu idi. Tariximizin ən şanlı səhifəsində Zəfər paradını izləmək üçün ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız görünürdü.
Vətən müharibəsində əldə olunmuş zəfərimizdə böyük xidmətləri olan əsgər və zabitlərimizin, ön və arxa cəbhələrdə fədakarlıq göstərən vətəndaşlarımızın xidmətlərinin dəyərləndirilməsi məqsədilə "Zəfər" və "Qarabağ" ordenlərinin, həmçinin 15 yeni medalın təsis olunması, minlərlə şəxsin Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə mükafatlandırılması dövlətimizin qəhrəmanlarımıza həssas münasibətini göstərir.
Bütün bunlar tarixi yaddaş üçündür. Biz bu qələbəni əbədi sülh naminə qazanmışıq. Tarixi ədaləti sülh təməli kimi təmin etmişik. Çünki ədalət olmayan yerdə barış, qarşılıqlı hörmət, əməkdaşlıq da olmaz. Xalq olaraq bundan sonra da əsrlər boyu bu torpaqlarda sülhü, ədaləti, əməkdaşlıq və dayanıqlı inkişaf mühitini qorumaq əzmindəyik. Hər xalq öz milli yaddaşı ilə güclüdür. 10 dekabr Zəfər paradı da milli yaddaşımızın ən uca məqamındadır.
İradə ƏLİYEVA,
"Azərbaycan"