24 Yanvar 2022 16:54
520
SİYASƏT
A- A+

Milli Məclisin Gənclər və idman komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib

 

Yanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn iclasda Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev yaz sessiyasının başlanması münasibətilə həmkarlarını təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, iclasın gündəliyinə 2021-ci ilin payız sessiyası dövründə Gənclər və idman komitəsində görülən işlər barədə hesabatın və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planının daxil edildiyini diqqətə çatdırıb.

Milli Məclis sədrinin müavini qeyd edib ki, 2020-ci il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərimizlə xarakterizə olunduğu kimi, 2021-ci il də öz növbəsində Qarabağımızda aparılan böyük tikinti və yenidənqurma da daxil olmaqla, həm dövlətimiz, həm də xalqımız üçün olduqca mühüm hadisələrlə yadda qaldı.

Adil Əliyev 2021-ci ilin payız sessiyasında görülmüş işlər barədə məlumat verərək diqqətə çatdırıb ki, komitənin üzvləri ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, bu sahədə ölkədə həyata keçirilən islahatlarla bağlı üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də lazımi addımlar atılıb. Bu dövrdə komitənin 9 iclası keçirilib. Payız sessiyasında Gənclər və idman komitəsinə 751-i yazılı olmaqla, şifahi və sosial şəbəkələr üzərindən 1400-dən çox vətəndaşımız tərəfindən ünvanlanmış müraciətlərə baxılıb, bu müraciətlərin böyük əksəriyyəti müsbət həllini tapıb.

Adil Əliyev diqqətə çatdırıb ki, o, hesabat dövründə Vətən müharibəsi şəhidlərinin anım tədbirlərində, qazilərlə görüşlərdə iştirak etmək məqsədilə ölkə daxilində bir sıra rayonlarda səfərlərdə olub, şəhidlər xiyabanlarını, şəhid ailələrini və qaziləri ziyarət edib.

Bildirib ki, Milli Məclisdə pandemiya qaydalarına uyğun olaraq 53 görüş təşkil etməklə, 450-dən çox Vətən müharibəsi qazisi, həkimlər, habelə fəal gənclərimizlə görüşlər keçirilib. Görüş iştirakçılarına əldə etdikləri nailiyyətlərə görə müxtəlif mükafatlar, Fəxri fərmanlar təqdim edilib. Eyni zamanda, 20 saylı Nərimanov İkinci seçki dairəsində canlı və onlayn görüşlər keçirib, seçiciləri düşündürən məsələlər üzrə müvafiq tədbirlər görülüb. Qeyd edilib ki, komitə üzvləri şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşıblar. Bu qəbildən olan ailələrlə görüşlər keçirilib, onlara kömək göstərilib. Komitə üzvləri bir sıra xeyriyyə tədbirlərində də fəal iştirak ediblər, mətbuatda fəal çıxışlar ediblər.

Adil Əliyev bildirib ki, hesabat dövründə komitə sədri və üzvləri bir sıra ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər, təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçiriblər, müzakirələr aparıblar, ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fəal mövqe nümayiş etdiriblər.

Sonra iclasda komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, iş planında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin maarifləndirilməsi tədbirlərinin, komitə üzvlərinin mütəmadi olaraq seçki dairələrinə daxil olan ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərinin, Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsinə, ölkə əhəmiyyətli ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif səpkili tədbirlərin təşkilinə də geniş yer ayrılıb.

Çıxış edən Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, komitənin üzvləri Ramil Həsən, Sevinc Hüseynova, Müşfiq Cəfərov ölkəmizdə gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan, gənclərin sağlam, savadlı, vətənpərvər, milli ruhlu vətəndaşlar kimi yetişməsi üçün onlara yaradılmış şəraitdən söhbət açıblar və bir sıra təkliflər səsləndiriblər.

Müzakirələrin sonunda Gənclər və idman komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Onlayn iclasda komitə üzvləri Mahir Abbaszadə, Ülvi Quliyev, Etibar Əliyev, Cavid Osmanov, Könül Nurullayeva, Jalə Əhmədova, Vüqar İskəndərov, Şahin Seyidzadə və Cəbi Quliyev iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video