Fevralın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri Musa Quliyev iclasın gündəliyinə üç məsələnin daxil edildiyini bildirib.
Əvvəlcə komitə sədri gündəliyin birinci məsələsi – Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Bildirilib ki, qanun layihəsində təklif olunan dəyişikliklər ümumilikdə uyğunlaşdırma xarakteri daşıyır və qanunvericilik sisteminə aid digər normativ-hüquqi aktlar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Qeyd olunub ki, layihədə əksini tapmış müddəaların bir çoxu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklərlə əlaqədardır.
Gündəliyin növbəti məsələsi Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev tərəfindən birinci oxunuşda təqdim olunub. Bildirilib ki, qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan təhsilverənlərin bilik və bacarıqlarının attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya yolu ilə qiymətləndirilməsini nəzərdə tutur. Layihənin məqsədinin qiymətləndirmə prosesinin obyektivliyini və şəffaflığını təmin etmək, hüquqi əsasları gücləndirmək, müasir qiymətləndirmə metodlarının tətbiqini genişləndirmək və əmək mübahisələri riskini azaltmaq olduğu diqqətə çatdırılıb.
Onlayn iclasda gündəliyin sonuncu məsələsi – Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim olunub.
Diqqətə çatdırılıb ki, layihədə nəzərdə tutulan dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınmasına, fərdi məlumatlarının qorunmasına, çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də uşaqların zorakılıqdan qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən edilməsinə imkan verəcək.
Müzakirələrdə çıxış edənlər gündəlikdəki məsələlərə dair fikir və təkliflərini səsləndiriblər.
Sonda qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.