07 Mart 2023 18:41
794
PARLAMENT
A- A+

Milli Məclisdə 13 məsələ müzakirə edilib

 

Martın 7-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, gündəliyin təsdiqindən sonra Milli Məclisin sədri erməni silahlı birləşmələri tərəfindən Xankəndi-Xəlfəli-Turşsu yolunda törədilən təxribatdan danışıb.

Milli Məclisin sədri bildirib ki, bugünkü iclasın gündəliyinə bir çox məsələlər daxil edilib. O, gündəliyin birinci məsələsinin Milli Məclisin qərar layihəsi olduğunu deyib.

İclasda iştirak edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva illik məruzəni təqdim edib.

Ombudsman bildirib ki, işğal altındakı torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağından azad edilməsindən sonra ölkəmiz sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub. Müasir çağırışlara cavab verən, uğurla icra olunan müxtəlif layihələr vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir.

O, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə yaradılmış, ötən il 20 illik yubileyini qeyd edən, öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət prinsipləri əsasında quran Ombudsman təsisatının ölkə Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması, dövlətimizin beynəlxalq nüfuzunun artması istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini söyləyib. Səbinə Əliyeva deyib ki, “Heydər Əliyev İli” çərçivəsində təsisat tərəfindən Ümummilli Liderin insan hüquqlarının müdafiəsinə verdiyi töhfələrlə bağlı silsilə tədbirlərin təşkili nəzərdə tutulub.

S.Əliyeva, həmçinin diqqətə çatdırıb ki, 2022-ci ildə ombudsmanın ünvanına 28 min 525 müraciət daxil olub. Həmin müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada baxılıb, onların həlli istiqamətində aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, o cümlədən Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət qurumlarına müraciətlər edilib, təklif və tövsiyələr verilib, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılmasına, pozulmuş hüquqların bərpasına nail olunub.

Vətəndaşların layiqli həyat səviyyəsinin və rifah halının yüksəldilməsi məqsədilə onların məşğulluğunun təmin edilməsinə diqqətin artırılmasından danışan ombudsman qeyd edib ki, məşğulluq orqanları vətəndaşların işlə təmin edilməsi prosesini nəzarətdə saxlamalı, vakant iş yerləri ilə bağlı işəgötürənlər tərəfindən təqdim edilən məlumatların formal xarakter daşımasının qarşısı alınmalı, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməli, vətəndaşlara verilən imtina cavablarının səbəbləri araşdırılaraq nəticəsindən asılı olaraq ciddi tədbirlər görülməlidir.

Məruzəçi aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi mexanizminin təkmilləşdirilməsinə də ehtiyac olduğunu deyib. O, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsinin əhəmiyyətindən bəhs edib. İmtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin və əvəzedicilərinin sayının artırılması, ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin zəruriliyini qeyd edib.

Ombudsman təhsil sistemi ilə bağlı fikirlərini açıqlayaraq, orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, məktəblərdə psixoloq ştatlarının artırılması, təhsil sistemində mediasiya institutunun tətbiq olunması məsələlərindən danışıb.

Məruzədə bildirilib ki, insanların mülkiyyət, mənzil və təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsi, habelə təmas sahəsində yerləşən evlərdə yaşayan sakinlərin təhlükəsizliyinin təmini, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin genişləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, bu sahəyə nəzarətin gücləndirilməsi neqativ halların qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.

Səbinə Əliyeva hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı məqamlara toxunaraq, məhkəmə bildirişinin tərəflərə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilmədiyini, məhkəmə qərarının surətinin tərəflərə vaxtında göndərilmədiyini və bununla da yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququnun məhdudlaşdırıldığını, məhkəmə qərarlarının icrasına məhkəmə nəzarətinin qənaətbəxş olmadığını qeyd edib.

Diqqətə çatdırılıb ki, Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə il ərzində 201 başçəkmə həyata keçirilib. Başçəkmələr zamanı 2 min 25 şəxslə konfidensial görüş keçirilib. Fəaliyyət dövründə ombudsmanın vəsatəti ilə ümumilikdə 805, 2022-ci ildə isə 31 məhkum əfv edilib.

Bildirilib ki, ombudsmanın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Diqqətə çatdırılıb ki, işğaldan azad edilən ərazilərdə aparılan araşdırmalar nəticəsində əldə olunan dəlil və sübutlar, aşkarlanmış kütləvi məzarlıqlar Ermənistan hakimiyyətinin cinayətkar üzünü ifşa edən, həmin ərazilərdə törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə cavabdeh olan Ermənistanın ədalət mühakiməsinə cəlb edilməsi zərurəti yaradan materiallar əsasında ombudsman tərəfindən hazırlanmış hesabatlar aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib. Ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstək ifadə edən ombudsman dünya ictimaiyyətini insan hüquqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə çağırıb. Bununla yanaşı, bu il Ombudsman təsisatının Qərbi Azərbaycan İcması ilə səmərəli əməkdaşlığı da prioritet istiqamətlərdən birini təşkil edəcək.

Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi ilə bağlı rəhbərlik etdiyi komitənin rəyini səsləndirib.

Komitə sədri bildirib ki, ötən il ölkəmizdə institusional islahatlar baxımından Qarabağda yeni inzibati iqtisadi bölgələrin yaradılması, xüsusi nümayəndəlik institutunun təsisi və onun azad olunan torpaqlardan kənara, Naxçıvana da tətbiq edilməsi idarəetmə sistemində köklü dəyişikliklərlə yanaşı, azad edilən ərazilərdə insan haqlarının da yurisdiksiyamıza daxil olduğunu təsdiqləyir. O, qeyd edib ki, cari il martın 1-də Xocalıda təşkil olunmuş görüş Xankəndində yaşayan ermənilərlə birgəyaşayışa dair Sərsəngdən sonra ilk addım sayıla bilər.

Komitə sədri vətəndaş hüquqlarının dövlət və qanun tərəfindən qorunmasının vacibliyini qeyd edərək, son illərdə insanların ən çox sosial hüquqlara önəm verdiyini, mənzil-kommunal sistemində problemlərin hələ də mövcud olduğunu, vətəndaşların tikinti şirkətləri tərəfindən hüquqlarının pozulmalarına dair şikayətlərin artdığını deyib.

Zahid Oruc rəhbərlik etdiyi komitənin ombudsmanın illik məruzəsinə müsbət rəy verdiyini bildirib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, deputatlar məruzə ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Sonra ombudsmanın illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin növbəti 4 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. 2-ci və 3-cü məsələlər Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib. O, bu sənədlərin hər iki oxunuşda Milli Məclisdə ətraflı müzakirə edildiyini deyərək, hər iki layihənin əsas mahiyyətinin adıçəkilən Fondların investisiya fəaliyyətinə hüquqi əsaslar yaratmaqla bağlı olduğunu və mətnlərində heç bir dəyişikliyin olmadığını söyləyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, “Media haqqında” qanunun qəbulundan sonra bir sıra qanunlarda uyğunlaşdırma xarakterli dəyişikliklərin edildiyini, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərin də həmin qəbildən olduğunu bildirib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. O, sənədin media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məqsədi daşıdığını söyləyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 8 məsələsi ikinci oxunuşda olan qanun layihələridir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib.

O bildirib ki, qanun layihəsinin əsas məqsədi elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləmək, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etməkdir. O, qeyd edib ki, qanunun qəbulu ölkəmizdə rəqabət mühitində və antiinhisar siyasətində rəqabətli və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.

Deputatlar Vüqar Bayramov, Razi Nurullayev, Vahid Əhmədov, Elman Nəsirov, Fazil Mustafa sənəd barədə fikirlərini və bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova bildirib ki, növbəti 4 məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Bunlar ikinci oxunuşda müzakirəyə çıxarılan “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda, 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə və “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanunun ləğv edilməsi barədə qanun layihələridir.

Layihələrlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. O, bildirib ki, layihələr haqqında birinci oxunuşda ətraflı məlumat verilib, deputatların sualları cavablandırılıb və komitəyə sənədlərlə bağlı hər hansı bir təklif daxil olmayıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri gündəliyin son 3 məsələsinin də Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirib və 11-ci məsələ - Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərova söz verib.

Kamal Cəfərov diqqətə çatdırıb ki, birinci oxunuşda layihə ilə bağlı ətraflı məlumat verilib, deputatların sualları cavablandırılıb və sənədin mətnində heç bir dəyişiklik aparılmayıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məsələ barədə bu komitənin rəyini səsləndirib, komitəyə sənədlə bağlı heç bir təklifin daxil olmadığını bildirib.

Deputatlar Elşad Mirbəşiroğlu və Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

On ikinci məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. O, bildirib ki, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihəsi Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə uyğun olaraq hazırlanıb və layihə ilə bağlı heç bir irad və təklif komitəyə daxil olmayıb.

Gündəliyin sonuncu məsələsi olan “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirilib ki, bu sənəd də Miqrasiya Məcəlləsinə edilən dəyişikliklə əlaqədardır. Belə ki, təklif olunan yeni 28.4-cü maddədə bildirilir ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin investisiya qiymətli kağızları, o cümlədən dövlət qiymətli kağızları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonda çıxış edən Sahibə Qafarova 8 Mart – Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu ünvanlanmasını təklif edib və bu təklif deputatlar tərəfindən müsbət qarşılanıb.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video