31 Dekabr 2022 05:50
1639
SİYASƏT
A- A+

Milli həmrəyliyin Zəfəri

 

"Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başıdik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər..."
Ötən il Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində xüsusilə vurğuladığı kimi, xalqımızın milli birlik sayəsində qazandığı parlaq Zəfər hər birimizin fəxarət, qürur mənbəyi oldu. 
Azərbaycan xalqı möhtəşəm həmrəyliyi sayəsində 44 günlük müharibədə Vətən uğrunda atıldığı mübarizədən qalib çıxaraq həm də milli birliyini zirvələrə ucaltdı. 
Dünyanın harasında yaşamasından asılı olmayaraq kökləri ilə Odlar Yurduna bağlı olan bütün həmvətənlərimiz, millətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri Vətən müharibəsində möhtəşəm Zəfər tağının hörülməsində cani-dildən iştirak etdi. 
Elə buna görədir ki, 2020-ci ildən sonra Azərbaycan xalqı həmrəylik bayramını bir başqa coşquda, bir başqa əhvali-ruhiyyədə, bir ayrı təmtəraqla qeyd edir.

 

Sən azərbaycanlısan!

 

Azərbaycan xalqının milli həmrəyliyini daha da möhkəmləndirən siyasi kursun uğurlu bünövrəsi hələ illər öncə  Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.  
"...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!", - deyə azərbaycanlı olmasından qürurla bəhs edən Ümummilli Lider bu möhtəşəm bəyanı ilə həm də millətimizin, dövlətimizin parlaq gələcəyinin məhz azərbaycançılıq ideologiyası ilə bağlı olduğunun mesajını verib. 
Belə möhkəm milli dayaqlar üzərində qurulan qüdrətli Azərbaycan dövlətinin bütün uğurları, 44 günlük müharibədə misilsiz qalibiyyət qazanması Heydər Əliyev dühasının uzaqgörənliklə yürütdüyü azərbaycançılıq ideologiyasının təntənəsidir. 
Müstəqil Azərbaycan dövlətinin əsas ideyasının  azərbaycançılıq olduğunu qətiyyətlə müdafiə edən Ulu Öndər eyni zamanda milli həmrəyliyimizlə bağlı düzgün konsepsiya yaradıb və həmvətənlərimizin dünyanın harasında yaşamasından asılı olmayaraq ümummilli mənafeyimizə xidmət edəcək mənəvi öhdəliklərini də dəqiq müəyyənləşdirib.
Ulu Öndərin gündəliyində duran vacib məsələlərdən biri də xaricdə milli diasporun təşkilatlanması məsələsi olub. Buna görə də Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı mütləq oradakı azərbaycanlılarla görüşlər keçirib, həmvətənlərimizi daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa çağırıb. 
Heydər Əliyev üzünü həmvətənlərimizə tutaraq söyləyirdi: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik: "Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər".
Ulu Öndər vurğulayırdı ki, harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan.

 

Milli ideologiya

 

Ulu Öndər Heydər Əliyevin tükənməz səyləri nəticəsində azərbaycançılıq milli ideologiyamıza çevrildi, cəmiyyətimizdə həmrəyliyə nail olundu, dünya azərbaycanlıları vahid ideya ətrafında birləşdilər.
Dahi rəhbər hər zaman məhz milli birlik sayəsində xalqımızın Qarabağ kimi ağır problemdən qurtuluşunun mümkünlüyünü də xüsusi vurğulayırdı.
2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında Prezident Heydər Əliyev nitqini, "Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!", - deyə xoş arzularla bitirərək, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin təmin olunmasının vacibliyinə diqqət çəkmişdi. Dahi şəxsiyyət xalqımızın, dövlətimizin xoş gələcəyinin milli həmrəyliyimiz, azərbaycançılıq ideyası ətrafında birləşməyimiz sayəsində mümkün olacağına işarə vuraraq bu birliyə nail olmağa çağırış etmişdi. 
Həmin qurultayda Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xüsusilə də Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri başlıca vəzifə olaraq qarşıya qoyulmuşdu.

 

Həmrəylik günümüz

 

Əsası Ulu Öndər tərəfindən qoyulan milli həmrəyliyin inkişafı istiqamətində ölkəmizdə ardıcıl olaraq mühüm qərarlar verilib, qanunlar qəbul edilib. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Həmin vaxtdan bütün dünyada azərbaycanlılar bu günü böyük sevinc və qürurla bayram kimi qeyd edirlər.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası da irəli sürülüb.  5 iyul 2002-ci ildə isə Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət başçısının 2018-ci il 5 iyul tarixli Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının II qurultayı Prezident İlham Əliyevin sərəncamına əsasən 2006-cı ildə, III qurultayı 2011-ci ildə, IV qurultayı isə 2016-cı ildə keçirilib.

 

Birliyimizin gücü bizi qalib xalq etdi

 

Ötən müddət ərzində Azərbaycan dövlətinin həmrəyliyimiz, milli maraqlar uğrunda təşkilatlanmağımız istiqamətində gördüyü sistemli və müstəsna əhəmiyyətli işlər uğurlu bəhrəsini verdi. 
Azərbaycan xalqı birliyinin təntənəsini Vətən müharibəsində qürurla yaşadı. Dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşdilər. 44 günlük müharibədə diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər. Beləliklə, milli birliyimizin gücü bizi qalib xalq etdi. 
2022-ci il aprelin 22-23-də dünya azərbaycanlıları Zəfər qurultayı kimi fəxarətli titula sahib V qurultaylarını Qarabağda, mədəniyyət paytaxtımız Şuşada keçirdilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini  dünyaya bəyan etdilər. 

 

"Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik"

 

Tarixi qurultayda çıxış edən Prezident İlham Əliyev qürurla qeyd etdi ki, "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır". 
Qalib lider İlham Əliyev vaxtilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilən qurultayda Ulu Öndərin dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirərək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini, işğal altında olan torpaqların azad ediləcəyini və Azərbaycan xalqının öz dədə-baba torpaqlarına qayıdacağını xatırladaraq xüsusi vurğuladı ki, "Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir".
Milli birliyimiz Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiya üzrə möhtəşəm inkişaf yolu keçərək tarixdəki ən güclü zirvəsinə yüksəlib. 
Milli birliyimizin sarsılmaz gücü sayəsində Azərbaycan dövləti hər ötən gün daha da qüdrətlənir və gələcəyə doğru uğurlu yol alır. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video