11 May 2023 09:10
1990
SİYASƏT
A- A+

Milli həmrəyliyin əsası olan azərbaycançılıq  ideyasının müəllifi

 

Ölkəmizin dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur. 
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini bərpa etmək üçün tarixi fürsət əldə etmiş oldu. Lakin Ermənistanın XX əsrin sonunda Azərbaycana qarşı başladığı əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü ilə qarşılaşdıq və nəticədə torpaqlarımız işğal altına düşdü. Həmin dövrdə ölkə çətin vəziyyətdə idi - ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Həmçinin sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyasət tələb edirdi.
1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ilk səsləndirdiyi "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!" və "Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!" çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər. Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını tarixi keçmişimizlə, xalqımızın adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olduğunu vurğulayırdı. Sovet ideologiyasının təsiri ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan diasporu yalnız ölkəmiz yenidən müstəqillik qazanandan sonra formalaşmağa və inkişaf yolunu tutmağa başladı. Bu baxımdan XX əsrin 80-ci illərinin sonundan etibarən SSRİ-də aparılan yenidənqurma siyasəti və sosializm rejiminin süqutu xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələr qurması üçün geniş imkanlar yaratdı.
Azərbaycana qarşı  əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən dinc insanlara qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı il yanvarın 20-də qanlı faciəyə gətirib çıxardı. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Qarabağ münaqişəsi, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
Bununla yanaşı, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının milli həmrəyliyini nümayiş etdirən mühüm hadisələrdən biri kimi müasir tariximizə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmiş və bu tarixi bəyanat dünyada yaşayan azərbaycanlıları səfərbər edərək ayağa qaldırmışdır.
Heydər Əliyevin azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Hələ SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi reallıqları və sovet ideologiyasının hakim olduğu dövrdə diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan səmərəli şəkildə istifadə olunurdu. Müxtəlif ölkələrlə mədəni əlaqələrin güclənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən mühüm addımlardan idi. İlk növbədə həmin dövrdə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda Vətənə maraq və bağlılığı artırırdı. Hələ XX əsrin 70-80-ci illərində Heydər Əliyev böyük uzaqgörənliklə qətiyyət və müdriklik nümayiş etdirərək xalqımızın tarixi yaddaşının qorunmasına, o cümlədən Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Məhz Heydər Əliyevin diqqəti sayəsində həmin dövrdə yüzlərlə azərbaycanlı SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdi.
Qeyd etmək lazımdır ki, hər bir dövlətin milli-mənəvi sərvəti, əsas təsir qüvvəsi və təbliğatçılıq fəaliyyətində mühüm amil kimi güvənə biləcəyi strateji silahlardan sayılan diaspor məsələsi bu gün də beynəlxalq münasibətlər sistemində əsas amillərdən sayılır. Məhz bu baxımdan diaspor siyasəti hər bir dövlətin öz mədəniyyətini, dilini, tarixini, adət-ənənəsini təbliğ etmək yolunda əhəmiyyət verdiyi əsas amillərdəndir. Ona görə də 1990-cı illərdə Ümummilli Lider azərbaycançılıq ideyasına müraciət edərək onu milli və birləşdirici təlimə çevirməyə çalışmışdır. Onun müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə azərbaycançılıq ideyası məzmunca tamamlanaraq və zənginləşdirilərək yeni konfiqurasiyada rəsmi dövlət siyasəti səviyyəsində ölkə vətəndaşlarının və bütün dünya azərbaycanlılarının birləşdirici, eləcə də səfərbəredici milli ideyası statusuna qaldırılmışdır. Onu da qeyd etmək vacibdir ki, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi Heydər Əliyevin tarixi xidmətidir. 1991-ci il dekabrın 16-da Ümummilli Liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərar qəbul etmiş, bu hadisə azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilərək əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olunmuşdur.
Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Ümummilli Liderin sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə ölkəmizin ərazisində yaşayan insanları yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları səfərbər edərək dünyaya səpələnmiş soydaşlarımızın milli istinad mənbəyinə çevrildi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır və bu ideologiya bütün dünyada yaşayan soydaşlarımızı bir amal uğrunda birləşdirir.
Milli həmrəyliyin və birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası Ümummilli Lider tərəfindən formalaşdırılmışdır. Heydər Əliyev 1993-cü ildə  hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş, ilk dəfə olaraq xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparmağa başlamışdır. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, o cümlədən beynəlxalq əlaqələrin qurulmasında və genişləndirilməsində diasporun əhəmiyyətini dəyərləndirən zəngin təcrübəyə malik, dövlət xadimi Heydər Əliyevin ABŞ, Almaniya, Fransa, Türkiyə, Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrə işgüzar səfərlərində, oradakı həmvətənlərimizlə görüşlərdə səsləndirdiyi fikirlər həm ölkə vətəndaşları, həm də Azərbaycan diasporu üçün səmərəli fəaliyyət proqramı kimi bu gün də mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyev azərbaycançılıq ideyasını həm də ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi dəyərləndirmişdir:  "Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Heydər Əliyev milli ideologiyamızın əsasını müəyyənləşdirməklə bərabər, bilavasitə onun həyata keçirilməsini də təmin edirdi ki, bu da onun dövlət başçısı olmasından əlavə, həm də milli lider kimi üzərinə götürdüyü missiyaya necə böyük məsuliyyətlə yanaşmasını təsdiq edirdi. Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı.
 Diaspor quruculuğu işində yaxından kömək göstərən və xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər, milli həmrəylik və azərbaycançılıq ideyası prinsipləri kontekstində formalaşmasına çalışan Ümummilli Lider Heydər Əliyevin diaspor məsələlərinə xüsusi diqqət yetirməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirməsi həmvətənlərimizin təşkilatlanması prosesini sürətləndirmişdir. Bu baxımdan azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atılmışdır.
Ümummilli Liderin 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və genişmiqyaslı olduğunu "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" qanunun qüvvəyə minməsi bir daha təsbit etdi. Ümummilli Liderin 2002-ci il dekabrın 27-də imzaladığı fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alırdı.
2002-ci il iyulun 5-də isə Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd idi. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycanın sərhədlərindən, eləcə də tarixi torpaqlarından kənarda yaşayan soydaşlarımızın Vətəndən uzaqda milli həmrəylik ətrafında birləşdirilməsi, eləcə də diaspor quruculuğu sahəsində dövlət siyasətinə xidmət edəcək belə bir komitənin yaradılması bir daha Ümummilli Liderin uzaqgörən şəxsiyyət olmasını sübut edirdi. Bu uzaqgörənlik dövlətimizin Azərbaycan diasporunun daha sıx təşkilatlanması istiqamətindəki fəaliyyəti, Bakıda dünya azərbaycanlılarının dörd qurultayının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis olunması ilə soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə mühüm zəmin yaratmış, azərbaycançılıq məfkurəsi, milli həmrəylik, Azərbaycanın milli maraqlarının və mənəvi dəyərlərinin qorunmasına nail olmaqla ölkəmizin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.
Ulu Öndər hər zaman milli mənafelərin qorunmasına yönəlmiş mühüm addımlar atmışdır. 
Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq, milli birlik və həmrəylik ideyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. 2016-cı il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində mühüm rol oynayaraq azərbaycançılığın böyük tarixi imkanlara, birləşdirmə, səfərbəretmə gücünə malik olduğunu bir daha təsdiqlədi.
Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə diqqəti bir daha cəlb edərək Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında demişdir: "...Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır".
Qəhrəman Azərbaycan Ordusu  işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdiyi günlərdə xalqımız bütünlüklə Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının azad edilməsi xalqımızda, o cümlədən dünyada yaşayan bütün azərbaycanlılarda böyük inam və ruh yüksəkliyi yaratdı. Bununla yanaşı, dövlət başçısının xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Prezident İlham Əliyevin müsahibələri və xalqa müraciətləri dünyada yaşayan bütün azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşımız 44 gün ərzində Azərbaycan Ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifadə olunmuşdur. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərlərinə düşən məsuliyyəti dərk edərək vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində çoxsaylı çıxışlar etmişlər. Eyni zamanda müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsilə göndərilmişdir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq Diasporla İş üzrə Dövlət Komitəsi müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri aparmışdır.
2022-ci il aprelin 22-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının V Qurultayının məhz Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıyırdı. Zəfər Qurultayında 230-a yaxın xarici ölkə vətəndaşı olan azərbaycanlı, o cümlədən 36 alim və 36 iş adamı iştirak edirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin qurultayın açılışında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan postmüharibə dövrünə tam hazırdır və öz sülh gündəliyini təqdim edir. Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə biz bir daha xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq.
Azərbaycan Prezidentinin qurultaydakı konseptual xarakterli nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "dəmir yumruğ"a çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb olunur. Ona görə də Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayandı. Buraya bir tərəfdən tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər, digər tərəfdən, yerli ictimaiyyət və beynəlxalq təşkilatlar, xüsusilə də siyasi və akademik dairələrlə yeni dövrün tələblərinə uyğun münasibətlərin qurulması daxil idi.
Prezident İlham Əliyev çıxışı zamanı Şuşada keçirilən qurultayın çox böyük tarixi məna daşıdığını bildirərək qeyd etmişdir ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub: "Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün - xaricdə yaşayan azərbaycanlılar üçün". Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan dövlət başçısı demişdir: "Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".
Azərbaycan mədəniyyətinin incisi olan Şuşada keçirilmiş  Zəfər Qurultayı diaspor nümayəndələrinin Qarabağ torpağından aldıqları mənəvi güclə öz ölkələrində fəaliyyətlərini daha əzmlə qurmalarına təkan verib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır".

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi nəticəsində Azərbaycanın qlobal miqyasda qazandığı uğurlar və tarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, həmçinin dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, xüsusilə, xaricdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqlarının qorunması istiqamətində fəaliyyət göstərməsinə zəmin yaratmışdır. 

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video