05 Oktyabr 2022 02:30
528
SİYASƏT
A- A+

Milli həmrəyliyin banisi

 

Azərbaycan xalqı Vətən müharibəsində vaxtilə Ulu Öndərin qoyduğu həmrəylik bünövrəsi üzərində möhtəşəm Zəfər tağı hördü

 

"...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"
İllər öncə Ulu Öndər Heydər Əliyevin qürur hissi ilə bəyan etdiyi və Yer üzündəki azərbaycanlıların dillər əzbərinə, milli paroluna çevrilən bu sözlər həm də millətimizin, dövlətimizin parlaq gələcəyinin məhz azərbaycançılıq ideologiyası ilə bağlı olduğuna dair danılmaz həqiqətdir. 
Və elə 44 günlük müharibənin də qalibiyyətlə sonuclanması, torpaqlarımızın işğaldan azad edilməsi həm də Heydər Əliyev dühasının uzaqgörənliklə yürütdüyü azərbaycançılıq ideologiyasının məntiqi və uğurlu nəticəsi idi. Haqq uğrunda çıxdığımız Vətən müharibəsində Azərbaycan xalqı vaxtilə Ulu Öndərin qoyduğu həmrəylik bünövrəsi üzərində möhtəşəm Zəfər tağı hördü. 
Məhz bu milli birlik sayəsində 30 il idi ki, işğal altında qalan torpaqlarımızı azad etdik, üzərimizdəki məğlubiyyət damğasından qurtulduq, qalib, qürurlu vətəndaşlara çevrildik. 
Necə ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu məqamı xüsusi vurğulamışdı: "Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başıdik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər..."

 

Milli mənafeyə xidmət edən mənəvi öhdəliklər

 

Hər zaman müstəqil Azərbaycan dövlətinin əsas ideyasının  azərbaycançılıq olduğunu qətiyyətlə müdafiə edən Ulu Öndər eyni zamanda milli həmrəyliyimizlə bağlı düzgün konsepsiya yaradaraq, həmvətənlərimizin dünyanın harasında yaşamasından asılı olmayaraq ümummilli mənafeyimizə xidmət edəcək mənəvi öhdəliklərini də dəqiq müəyyənləşdirib: Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
Xaricdə milli diasporun təşkilatlanması məsələsi də daim Ulu Öndərin gündəliyində duran vacib məsələlərdən idi. Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı mütləq oradakı azərbaycanlılarla görüşlər keçirir, həmvətənlərimizi daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa çağırırdı.
"Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər", - deyə 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxış edən Heydər Əliyev xüsusilə qeyd etmişdi ki, "Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".

 

Vahid ideya ətrafında birlik

 

Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətimizdə həmrəyliyə nail olan Heydər Əliyev dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirdi, millətindən, dinindən, dilindən asılı olmayaraq kökləri ilə Azərbaycana bağlı olan, özünü azərbaycanlı sayan hər kəs üçün sarsılmaz ideoloji bünövrə yaratdı. 
2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında Prezident Heydər Əliyev nitqini Yer üzündəki bütün azərbaycanlılara ünvanlanan bu xoş arzularla, diləklərlə bitirmişdi: "Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!"
 Ulu Öndər bu sözləri ilə milli birlik sayəsində xalqımızın Qarabağ kimi ağır problemindən qurtuluşuna işarə vurmuşdu.  Milli həmrəyliyimizin nümayişi olan bu qurultaydakı nitqində həmçinin Ümummilli Lider dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin təmin olunmasının vacibliyini xüsusilə vurğulamış, hamımızı həmrəy edən azərbaycançılıq ideyası ətrafında birləşməli olduğumuz çağırışını etmişdi. 
Tarixi qurultayda Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xüsusilə də Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri başlıca vəzifə olaraq qarşıya qoyulmuşdu.

 

Heydər Əliyev siyasətinin ana xətti

 

Heydər Əliyev siyasətinin ana xəttini təşkil edən milli həmrəyliyin, azərbaycançılıq ideyasının inkişafı istiqamətində ardıcıl olaraq mühüm qərarlar verilib, qanunlar qəbul edilib.    
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Həmin vaxtdan bütün dünyada azərbaycanlılar bu günü böyük sevinc və qürurla bayram kimi qeyd edirlər.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası da irəli sürülüb.  5 iyul 2002-ci ildə isə Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət başçısının 2018-ci il 5 iyul tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının II qurultayı Prezident İlham Əliyevin sərəncamına əsasən 2006-cı ildə, III qurultayı 2011-ci ildə, IV qurultayı isə 2016-cı ildə keçirilib.

 

Həmrəyliyimizin ən parlaq nailiyyəti

 

Dünya azərbaycanlılarının ötən müddətdə baş tutan möhtəşəm qurultaylarının  həmrəyliyimiz, milli maraqlar uğrunda təşkilatlanmağımız istiqamətində müstəsna əhəmiyyəti oldu. 
Xalq olaraq bu birliyimizin ən parlaq nailiyyətini 44 günlük müharibədə əyani şəkildə gördük. Azərbaycanın Zəfəri ilə bitən Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşdi, həmrəy oldu. Xüsusilə də soydaşlarımız beynəlxalq aləmə səsimizi çatdırmaq üçün informasiya müharibəsində mühüm xidmət göstərdilər. 
Milli həmrəyliyimizin təntənəsinə çevrilən o 44 gündə diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər.
Azərbaycan milli birlikdən doğan bu güc-qüvvə sayəsində işğalçı Ermənistanı məğlubiyyətə uğratdı, Qarabağın mirvarisi, qürur qalamız Şuşanı azad edərək mənfur düşməni kapitulyasiya bəyanatına imza atmağa məcbur etdi.

 

100 ilin təntənəsi

 

2022-ci il aprelin 22-23-də isə dünya azərbaycanlıları parlaq Zəfərimizin qürurunu bir daha Şuşa zirvəsində yaşadılar. Həmvətənlərimiz Zəfər qurultayı kimi fəxarətli titula sahib V qurultaylarını Qarabağda, mədəniyyət paytaxtımızda keçirdilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini  dünyaya bəyan etdilər.
Vətən müharibəsində yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılmasında uğurlu fəaliyyət göstərən diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşünün qürur ünvanımız Şuşada keçirilməsinin özünün böyük rəmzi mənası və tarixi dəyəri oldu, birliyimizin, gücümüzün təntənəli nümayişi kimi qürurla dünyaya sərgiləndi.
Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin sarsılmaz dayağı hesab etdiyi və uğurlu təməlini qoyduğu azərbaycançılıq ideyası, milli birlik və bərabərliyimiz bu istiqamətdə Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strategiya üzrə möhtəşəm inkişaf yolu keçərək tarixdəki ən güclü səviyyəsinə, Ulu Öndər Heydər Əliyevin arzularında yer alan zirvəyə yetdi. 
Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, hər zaman bunu iftixarla söyləmiş milli qürur mənbəyimiz olan Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb. Hər zaman Ulu Öndərin xatirəsini uca tutan Azərbaycan xalqı Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi 15 İyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir.
2023-cü ili isə fenomen şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev ili" kimi qeyd edəcəyik. 
Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini bir daha  minnətdarlıqla anacağıq.  

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video