22 İyul 2025 08:15
985
Mədəniyyət
A- A+
Mətbuat tariximizi yaradanlardan biri: Ceyhun Hacıbəyli

Mətbuat tariximizi yaradanlardan biri: Ceyhun Hacıbəyli


Milli mətbuatımızın 150 illiyi ərəfəsində bu möhtəşəm tarixdəki xidmətləri xüsusi xatırlanmalı olan bir çox şəxsiyyətimiz var. Bu əsryarımlıq zəngin salnaməni, 150 il ərzində formalaşmış böyük təcrübəni həmin şəxsiyyətlərimizin həyat və yaradıcılığına borcluyuq. 

Ceyhun Hacıbəyli adı isə təkcə milli mətbuatımızın tarixinə deyil, eyni zamanda ədəbiyyatımızın, elmimizin tarixinə də əbədi həkk olunmuşdur. O, jurnalist, qəzet redaktoru olmaqla yanaşı, milli ideologiyanın və maarifçiliyin yorulmaz təbliğatçısı kimi tanınmışdır. Bu görkəmli fikir adamının 125 illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə imzaladığı müvafiq sərəncamda da vurğulandığı kimi, milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir.


Üç qardaş


Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli 15 fevral 1891-ci ildə (köhnə təqvimlə 3 fevralda) Şuşa şəhərində anadan olmuşdur. Ceyhun bəy Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən bəstəkar Zülfüqar Hacıbəyovun kiçik qardaşı idi. Xalqımıza taleyin xoş bir məramı kimi bir ailədən mədəniyyətimizin, ictimai fikrimizin inkişafına böyük töhfələr vermis üç belə böyük şəxsiyyətin çıxması yəqin ki, onların əhatə olunduqları mühitdən irəli gəlirdi.   

Ceyhun Hacıbəyli ibtidai təhsilini Şuşada, maarifçi ziyalı Haşım bəy Vəzirovun rəhbərlik etdiyi ikisinifli rus-tatar məktəbində almış, daha sonra Bakıdakı Realnı Məktəbdə davam etdirmişdir. O, ədəbi-publisistik fəaliyyətinə 1905-ci ildən başlamış, bu dövrdə qələmə aldığı məqalələr, felyetonlar və hekayələr dövrün aparıcı mətbu orqanlarında işıq üzü görmüşdür. Ceyhun bəyin 1907-ci ildə "Proqres" qəzetində dərc edilmiş "Pristav Ağa" felyetonu xüsusilə diqqətəlayiqdir. Satirik üslubda yazılmış bu felyeton Ceyhun bəyin cəmiyyətin sosial-ictimai problemlərinə tənqidi münasibətini və ictimai qınaq vasitəsilə maarifçilik ideyalarını təbliğ etmək cəhdini nümayiş etdirir. Həmin əsər müəllifin publisistik üslubunun formalaşmasında və mətbuatdakı mövqeyinin müəyyənləşməsində mühüm mərhələ hesab olunur. Bu felyetonu Ceyhun bəy "Daqestanskiy" imzası ilə dərc etdirmişdir. 

1908-ci ildə o, tanınmış ictimai-siyasi xadim və düşüncə adamı Əli bəy Hüseynzadənin rəhbərlik etdiyi "Səadət" məktəbində qısa müddət müəllim kimi pedaqoji fəaliyyət göstərmişdir. Ceyhun Hacıbəyli özünü aktyor kimi də sınamışdır. 1908-ci ilin yanvarında  Üzeyir bəyin Şərqin ilk operası kimi ərsəyə gətirdiyi "Leyli və Məcnun" əsəri tamaşaya qoyularkən Ceyhun Hacıbəyli səhnədə İbn Səlam və Nofəl rollarını canlandırmışdır. Tamaşa Azərbaycanın musiqili teatr tarixində mühüm mərhələ hesab olunur və burada Ceyhun bəyin də adı var. 

1908-ci ildə o, azərbaycanlı sənayeçi və xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə Peterburq Universitetinin Hüquq fakültəsində təhsil almağa başlamış, lakin bir ildən sonra Parisə yollanmışdır. Burada əvvəlcə Sorbonna Universitetində, ardınca Ali Politexnik Elmlər Məktəbində oxumuşdur. Təhsilini başa vurub Azərbaycana qayıtdıqdan sonra Ceyhun bəy milli mətbuat tariximizdə özünəməxsus yer tutan bir sıra mətbuat orqanları ilə sıx əməkdaşlıq etmişdir. O, "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" və s. bu kimi qəzetlərdə publisistik məqalələrlə çıxış etmiş, dövrün maarifçilik və milli dirçəliş ideyalarının təşəkkülündə fəal iştirak etmişdir. 1917-ci ildə isə o, "İttihad" qəzetinin baş redaktoru olmuş, ictimai-siyasi fikrin formalaşmasına ciddi töhfələr vermişdir.


C.Hacıbəyli və "Azərbaycan" qəzeti


1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bir çox Cümhuriyyət qurucumuz kimi Ceyhun Hacıbəylinin də ömürlüyündə xüsusi yer tutur. AXC-nin elanından sonra Ceyhun Hacıbəyli müstəqil dövlətin informasiya siyasətinə cəlb olunmuş, Cümhuriyyətin rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzetinin ilk baş redaktoru vəzifəsinə təyin edilmişdir. Ceyhun bəyin bu qəzetdəki fəaliyyəti, onun təkcə jurnalist və publisist kimi deyil, həm də milli dövlətçilik konsepsiyasının formalaşmasında aparıcı ideoloqlardan biri rolunu aydın şəkildə ortaya qoyur.

"Azərbaycan" qəzetinin ilk sayı 15 sentyabr 1918-ci ildə Gəncə şəhərində nəşr edilmiş, hökumətin Bakıya köçürülməsindən sonra isə oktyabr ayından etibarən qəzetin formatı dəyişdirilərək ictimai-siyasi və ədəbi-bədii qəzet kimi gündəlik nəşr olunmağa başlamışdır. Əvvəllər həftədə iki dəfə nəşr edilən bu qəzetin gündəlik formata keçməsi mətbuatın operativliyi və informativ təsir gücünün artırılması baxımından mühüm addım idi və bu prosesin təşkilində Ceyhun Hacıbəylinin rolunu əvəzsiz hesab etmək olar. Qəzetin əvvəlki buraxılışları redaksiya heyətinin ümumi imzası ilə çap olunurdusa, 7 oktyabr 1918-ci il tarixindən 16 yanvar 1919-cu ilədək olan nüsxələrdə baş redaktor kimi Ceyhun Hacıbəylinin adı rəsmi şəkildə göstərilir. O, Şəfi bəy Rüstəmbəyli ilə birlikdə qəzetin rus dilindəki nəşrinin də redaktorluğunu həyata keçirirdi. 

Onun "Azərbaycan" qəzetindəki fəaliyyəti sadəcə texniki-redaktə işi deyil, eyni zamanda dövlət quruculuğunun ideoloji dayaqlarının möhkəmləndirilməsi, istiqlal təfəkkürünün ictimai şüura yeridilməsi baxımından strateji mahiyyət daşıyırdı.

1919-cu ildə Ceyhun Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransına yollanır. Bu beynəlxalq tədbir Azərbaycanın müstəqilliyinin tanıdılması üçün mühüm diplomatik təşəbbüslərdən biri olmuş və Ceyhun bəy burada həm rəsmi təmsilçi, həm də publisist olaraq fəaliyyət göstərmişdir.

1920-ci ildə bolşevik işğalından sonra o da mühacirət həyatı yaşamağa məcbur qalmışdır. Fəaliyyətini əsasən Fransada davam etdirmişdir. Parisdə yaşadığı müddətdə Ceyhun Hacıbəyli fransız mətbuatı ilə yaxından əməkdaşlıq etmiş, xüsusilə Sovet Rusiyasının Azərbaycan və Qafqazdakı ekspansionist siyasətinə qarşı yönəlmiş tənqidi məqalələrlə çıxış etmişdir. Onun beynəlxalq ictimaiyyətə ünvanladığı yazıları Azərbaycan gerçəkliyini dünya miqyasında tanıtmaq istiqamətində xüsusi əhəmiyyət daşıyırdı.

Mühacirətdə o, Parisdə fransız dilində nəşr olunan "Qafqaz", Münhendə isə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnalının redaktoru kimi çalışır, milli-mədəni yaddaşın qorunması və yayılması istiqamətində ciddi fəaliyyət göstərirdi.


İdeallarına sadiq insan


Ceyhun Hacıbəylinin yaradıcılığı, təəssüf ki, hələlik sistemli şəkildə toplanaraq tədqiq olunmayıb. Bunu bir çox araşdırmaçı da etiraf edir. 

Ceyhun bəy yaradıcılığının ilk mərhələsində əvvəldə də qeyd etdiyimiz kimi, felyeton janrında yazılarla çıxış etsə də, bu janrda fəaliyyəti davamlı olmamışdır. 1910-cu ildə yazdığı "Hacı Kərim" povesti onun bədii yaradıcılıq sahəsində mühüm əsərlərindən biri hesab olunur. Əsər 1911-ci ildə ayrıca kitab şəklində nəşr edilmiş, lakin bundan sonra müəllif uzun müddət ədəbi yaradıcılıqdan uzaq qalmışdır. Bununla belə, o, ictimai və siyasi məsələlərə dair yazı fəaliyyətini davam etdirmişdir. Ümumən maarifçilik, mədəniyyət, din, ana dili, qaçqınların problemi və xeyriyyəçilik mövzuları onun publisistikasında mühüm yer tuturdu. 

Mühacirət dövründə Ceyhun Hacıbəyli Fransanın "La Revue du Monde Musulman", "Le Figaro" və "La Revue des Deux Mondes" kimi nüfuzlu nəşrlərində yazılarla çıxış etmişdir. Parisdə "Qafqaz" jurnalının, Münhendə "Azərbaycan" jurnalının baş redaktorluğundan əlavə o, həmçinin "Azadlıq" radiostansiyasının yaradıcılarından biri və Münhendə fəaliyyət göstərən "SSRİ-ni Öyrənən Universitet"in müxbir üzvü kimi elmi və ideoloji fəaliyyətlə də məşğul olmuşdur. 

Ceyhun Hacıbəyli bədii əsərləri vasitəsilə də sovet imperiyasının ideoloji təməllərinə qarşı ardıcıl və barışmaz mübarizə aparırdı. Onun mühacirətdə fransız dilində qələmə aldığı "Nejdanovun işi" adlı hekayəsi bu qəbildən olan əsərlərdəndir. Hekayə ideya-məzmun və kompozisiya baxımından yüksək ədəbi dəyərə malikdir və XX əsrin ikinci yarısında yaranmış rus dissident ədəbiyyatının ən gözəl nümunələrindən heç də geri qalmır. Ceyhun Hacıbəylinin bu dövrə aid digər önəmli bədii əsərlərindən biri "Müəzzinin lənəti" adlı hekayədir. Fransız dilində yazılmış bu irihəcmli hekayədə Ceyhun Hacıbəyli sovet rejiminin dinə qarşı yürütdüyü repressiv siyasəti dərin fəlsəfi və ideoloji kontekstdə tənqid etmişdir. 

Ceyhun Hacıbəylinin bu dövrə aid diqqətəlayiq publisistik əsərlərindən biri də "Bir il xəyallarda və… bütöv bir ömür" adlı memuarıdır. Bu əsər bir azərbaycanlı istiqlal mücahidinin şəxsi gündəliyi olmaqla yanaşı, XX əsr mühacirətinin ideoloji və emosional panoramasını təqdim edən nadir sənədli-bədii nümunədir. Əsərin əsas ruhunu və bədii strukturunu istiqlal ideyası təşkil edir.

Mühacirətdə yazdığı digər publisist yazılarında da Ceyhun Hacıbəyli sovet rejiminin təbliğ etdiyi kolxoz-sovxoz sistemi, ateist tərbiyə modeli, repressiv din siyasəti və totalitar metodologiyasını konkret faktlar, bədii ümumiləşdirmə və məntiqi analitik yanaşmalarla tənqid etmişdir. Onun bu yazılarında həm də yüksək sənətkarlıq, publisistik ustalıq və dərin intellektual mühakimə qabiliyyəti müşahidə olunur.

Ceyhun Hacıbəylinin elmi-publisistik irsində "İslam əleyhinə kampaniya və onun Azərbaycanda metodları" adlı genişhəcmli tədqiqat əsəri xüsusi önəm daşıyır. Bu əsər təkcə din mövzusuna münasibəti deyil, həm də sovet ideoloji siyasətinə qarşı Ceyhun bəyin prinsipial mövqeyini nümayiş etdirir.

Ümumən 1919-1962-ci illəri əhatə edən mühacirət dövrü onun mətbuatda milli mübarizə fəaliyyətinin ən parlaq səhifələrindəndir. Ceyhun bəy ömrünün sonunadək Azərbaycan Xalq Cümhuriyyətinin ideallarına sadiq qalmış, sovet rejiminə qarşı siyasi və ideoloji mübarizəsini davam etdirmişdir.

Ceyhun Hacıbəyli vəfatından üç gün əvvəl, 19 oktyabr 1962-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna ünvanladığı məktubunda mühacirətdəki azərbaycanlıların vahid milli bayraq altında birləşərək mübarizəni davam etdirmələrini arzulayır. O, məktubunda hər cür parçalanmaya qarşı olduğunu bildirir və mühacirət cəmiyyətinin birliyinin təmin edilməsini dostuna vəsiyyət edir. Bu məktub 1963-cü ildə "Mücahid" jurnalında geniş məqalə şəklində dərc olunmuşdur. 

Ceyhun Hacıbəyli elmi araşdırmalarla da məşğul idi. Onun "Babək və qədim Arran hökuməti", "Bakı və Bərdə şəhərlərinin tarixi" mövzularında araşdırmaları, Ə.Firdovsi və H.Şirazi yaradıcılığı haqqında maraqlı məqalələri var. "Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)" əsəri isə Ceyhun Hacıbəylinin bu gün də aktuallığını, dəyərini qoruyan ən qiymətli elmi əsərlərindəndir.

O, 22 oktyabr 1962-ci ildə 71 yaşında vəfat etmiş, Parisdəki Sen-Klu qəbiristanlığında dəfn olunmuşdur. Ceyhun Hacıbəyli kimi şəxsiyyətlərimizin xalqa, milli dövlət ideallarına, ictimai fikrə xidmətləri unudulmur, hər zaman anılır. Belə şəxsiyyətlərə verilən dəyər isə xalqın keçmiş və gələcək qarşısındakı məsuliyyətidir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

22:18
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

22:06
15 İyun

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub  

22:03
15 İyun

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

21:57
15 İyun

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

21:48
15 İyun

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

20:51
15 İyun

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

20:43
15 İyun

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

20:29
15 İyun

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb  

19:39
15 İyun

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir  

19:09
15 İyun

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur  

19:01
15 İyun

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib  

18:49
15 İyun

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

18:26
15 İyun

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub  

18:13
15 İyun

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir  

18:05
15 İyun

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır  

17:51
15 İyun

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

17:38
15 İyun

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

17:08
15 İyun

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

17:01
15 İyun

Milli Qurtuluş Günü - Azərbaycanın gələcək uğurlarının əsasının qoyulduğu tarix  

16:35
15 İyun

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur  

16:19
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!