24 Oktyabr 2025 08:10
1514
SİYASƏT
A- A+
Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü 

Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü 


Azərbaycan siyasi və iqtisadi diplomatiyası ilə regional və qlobal gücünü artırır


Son illərdə Azərbaycan Orta Asiya regionu ilə münasibətlərini daha da möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək istiqamətində mühüm addımlar atmaqdadır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə olan strateji tərəfdaşlığı yalnız iqtisadi və ticarət sahələrində deyil, həm də təhlükəsizlik, enerji, nəqliyyat və mədəniyyət sahələrində də güclənməkdədir. Bu da, əlbəttə ki, regionda Azərbaycanın rolunun artmasına və onun beynəlxalq münasibətlərdəki mövqeyinin möhkəmlənməsinə səbəb olur.

Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan Azərbaycan üçün mühüm regional tərəfdaşlardır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə olan əməkdaşlığı həm regional inkişafı dəstəkləyir, həm də hər iki tərəf üçün birgə təhlükəsizlik, iqtisadi böyümə və mədəni əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin dost ölkələrin liderlərinin Azərbaycana ardıcıl səfərləri, keçirilən görüşlər, o cümlədən qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə respublikamız və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütövlükdə türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. 

Xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyev son üç il ərzində Mərkəzi Asiya ölkələrinə 20-yə yaxın rəsmi səfər edib. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana, o cümlədən Qarabağ və Şərqi Zəngəzura çoxlu sayda rəsmi səfərləri olub. 

Bu səfərlər əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. 

Azərbaycanın bu ölkələrlə münasibətlərinin inkişafında, xüsusilə energetika sahəsindəki əməkdaşlıq mühüm yer tutmaqdadır. Azərbaycan Mərkəzi Asiya ölkələrini Avropa və digər dünya bazarları ilə birbaşa əlaqələr qurmağa dəvət edir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, regionun energetik potensialının dünyaya çatdırılması üçün vacib nəqliyyat dəhlizləridir. Bu layihələr həmçinin Orta Asiya ölkələrinin öz enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaq üçün vacib bir platforma təqdim edir.

Ticarət əlaqələrinin daha da inkişafı üçün infrastruktur layihələri və nəqliyyat dəhlizlərinin yaradılması önəmlidir. Azərbaycanın nəqliyyat şəbəkəsi Orta Asiya ölkələrinin Qara dəniz və Avropa bazarlarına çıxışını asanlaşdırır. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri bu əlaqələrin güclənməsində mühüm rol oynayır.

Azərbaycanın Orta Asiya ölkələri ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığı həm də regional sabitliyin təmin edilməsində mühüm yer tutur. Azərbaycanın bölgədəki strateji mövqeyi hər iki tərəfin qarşılıqlı təhlükəsizlik maraqlarını gücləndirir. Terrorizm, ekstremizm, narkotik qaçaqmalçılığı kimi təhdidlərlə mübarizə Orta Asiya ilə Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığının əsas istiqamətləridir.

Azərbaycanın təşkil etdiyi beynəlxalq tədbirlər və özünün müstəqil xarici siyasəti, regionda və dünyada sabitliyin təmin edilməsinə yönəlmiş strateji təşəbbüslər arasında yer alır. BMT, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türk Dövlətləri Təşkilatı (TDT), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və digər beynəlxalq qurumlarla əməkdaşlıq Azərbaycan və Orta Asiya ölkələrinin dünya səviyyəsində mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanın ECO çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir.

Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır.

Bir sözlə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığının güclənməsi həm regional inkişafı, həm də beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir. İqtisadi, təhlükəsizlik, mədəniyyət və təhsil sahələrindəki əməkdaşlığın inkişafı gələcəkdə bu əlaqələrin daha da dərinləşməsinə və qarşılıqlı faydalı münasibətlərin qurulmasına imkan verəcəkdir. Azərbaycanın Orta Asiya ilə qurduğu strateji tərəfdaşlıq yalnız regionun deyil, bütün Avrasiyanın sabitliyi və inkişafı üçün vacib bir aktor olmaqdadır.

Coğrafi və geosiyasi baxımdan mühüm mövqedə yerləşən Azərbaycan həm Avropa, həm də Mərkəzi Asiya istiqamətində fəal və balanslaşdırılmış xarici siyasət yürüdür. Belə ki, ölkəmiz Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayaraq regional və qlobal gücünü möhkəmləndirir, nəqliyyat və tranzit qovşağı kimi bölgədə əsas söz sahibinə çevrilir. Nəqliyyat sahəsində həyata keçirilən nəhəng layihələr, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması Orta dəhlizin əhəmiyyətini bir daha göstərir. Çünki Azərbaycan, Çin - Qazaxıstan - Xəzər dənizi - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa marşrutu üzrə yerləşən Orta dəhlizin əsas hissəsidir. Bu dəhliz Şimal və Cənub dəhlizlərinə alternativ olaraq Asiya ilə Avropa arasında daha qısa və sürətli ticarət yolu təklif edir. Zəngəzur dəhlizi açılarsa, bu, Azərbaycanın Naxçıvan vasitəsilə Türkiyəyə birbaşa quru yolunu bərpa etməsinə və Asiyadan Avropaya daşımaların daha da asanlaşmasına səbəb olacaq. Artıq Azərbaycan və Ermənistan liderlərinin ABŞ-də imzaladıqları Birgə Bəyannaməyə əsasən tərəflər arasında  Zəngəzur dəhlizinin (Tramp yolu) açılması məsələsi də razılığa gəlinib. Bu da o deməkdir ki, Azərbaycan Avropa və Asiya arasındakı nəqliyyat-tranzit qovşağı imkanlarını daha da genişləndirəcək. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə Xəzər regionunun ən böyük limanlarından biridir və Azərbaycanı Orta Asiya ölkələri ilə birləşdirən əsas tranzit mərkəzinə çevirir. Nəticə etibarilə Azərbaycanın yerləşdiyi mövqe və həyata keçirdiyi infrastruktur layihələri ölkəmizin Avrasiya qitəsində strateji tranzit və enerji mərkəzi statusunu daha da möhkəmləndirir. Azərbaycanın bu funksiyanı uğurla yerinə yetirməsi həm regional, həm də qlobal səviyyədə ölkəmizin siyasi və iqtisadi əhəmiyyətini artırır.

Ümumiyyətlə, yerləşdiyi coğrafi mövqe Azərbaycanın tranzit ölkə statusunu şərtləndirir. Bu mövqe sayəsində ölkəmiz Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında yeni və daha qısa nəqliyyat dəhlizlərinin təşkili baxımından əsas halqaya çevrilib. Son illərdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Orta dəhliz bu baxımdan xüsusilə əhəmiyyətlidir. Bu dəhliz Çin - Qazaxıstan - Xəzər dənizi - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa marşrutu üzrə hərəkət edən yüklərin daha qısa zamanda və etibarlı şəkildə daşınmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Logistika Mərkəzi kimi iri infrastruktur layihələri Azərbaycanın bu dəhlizdəki rolunu gücləndirir. 

Bundan əlavə, Azərbaycanın enerji sektorunda da körpü rolu danılmazdır. Xəzər dənizində yerləşən zəngin karbohidrogen ehtiyatları və bu ehtiyatların Avropa bazarlarına çıxarılması üçün yaradılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və "Cənub qaz dəhlizi" ölkəmizin enerji sahəsindəki geosiyasi əhəmiyyətini göstərir. Bu layihələr sayəsində Azərbaycan təkcə öz iqtisadiyyatını gücləndirməklə kifayətlənmir, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Gələcəkdə açılması gözlənilən Zəngəzur dəhlizi isə Azərbaycanın quru yollarla həm Türkiyəyə, həm də Avropaya birbaşa çıxışını təmin edəcək. Bu dəhliz eyni zamanda Mərkəzi Asiyadan gələn yüklərin daha səmərəli şəkildə Avropaya daşınmasına imkan yaradacaq.  Beləliklə, Azərbaycan yalnız nəqliyyat və logistika baxımından deyil, həm də regional əməkdaşlığın təşviqi baxımından körpü rolunu oynamağa davam edəcək.

Nəticə etibarilə Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit və enerji dəhlizi funksiyasını yerinə yetirərək regional sabitliyə, iqtisadi inteqrasiyaya və qlobal enerji təhlükəsizliyinə töhfə verir. Prezident İlham Əliyevin enerji siyasəti ölkəyə həm regional, həm də beynəlxalq səviyyədə siyasi güc və nüfuz qazandırır. Həmçinin Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsinə şərait yaradır, Avropanın enerji təhlükəsizliyində əsas oyunçu kimi yer almasına imkan verir, eyni zamanda Avrasiyada effektiv əməkdaşlıq və rəqabət əlaqələrinin qurulmasına səbəb olur.

Əminliklə deyə bilərik ki, yaxın illərdə həyata keçirilməsi planlaşdırılan layihələr bu rolu daha da gücləndirəcək və Azərbaycanın Avrasiya məkanında strateji əhəmiyyətini daha da artıracaq. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!