01 Fevral 2023 03:28
1872
SİYASƏT
A- A+

“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"

 

Azərbaycan Prezidentinin yüksək liderlik keyfiyyətləri qlobal miqyasda etiraf olunur

 

Prezident İlham Əliyevin bu günlərdə Macarıstana etdiyi rəsmi səfər, sadəcə, iki dost dövlət arasındakı münasibətlərin inkişafına xidmət edən razılaşmaların əldə edilməsi ilə yekunlaşmadı.  Ən əsası, bu səfər geniş gündəliyə malik olan əlaqələrin strateji məzmununu tamamilə yeni mərhələyə yüksəltdi. Belə ki, buna qədər münasibətləri strateji tərəfdaşlıq kimi müəyyən edən tərəflər bu dəfə əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyən növbəti bir sənədə imza atdılar.

 

Qarşılıqlı səfərlər əlaqələrin yüksələn xətlə inkişafını təmin edib

 

Azərbaycan və Macarıstan arasındakı əlaqələrin tarixi qədimdir. Şərqi Avropa ölkəsi olan, zəngin mədəniyyətə malik bu ölkə ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri ölkəmiz dövlət müstəqilliyini qazandıqdan sonra yeni müstəvidə inkişaf etməyə başlayıb. İki ölkənin bir sıra oxşar cəhətləri, yaxın keçmişdə sosializm düşərgəsinə mənsub olmaları, keçid dövrünü keçmələri baxımından paralellər də aparmaq olar. Amma ən əsası, Azərbaycan və macar xalqlarını ortaq dəyərlər bir-birinə bağlayır və bütün bunlar iki dövlət arasındakı əlaqələrə təsir göstərən amillər kimi çıxış edir.
Xatırladaq ki, Macarıstan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alıb. Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış Macarıstanla diplomatik münasibətlər 1992-ci ilin aprelindən yaranmağa başlayıb. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri əlaqələrin yüksələn xətlə inkişafını təmin edib. Hələ 2014-cü ildə Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanıb. 
Macarıstan məhz milli mənsubiyyətindən irəli gələrək Türk Dövlətləri Təşkilatına  müşahidəçi üzv kimi qəbul edilib. Azərbaycanla bu ölkə arasında TDT çərçivəsində də səmərəli əməkdaşlıq mövcuddur.

 

Viktor Orban: "Biz bu qərarı verdik, gəlin, Azərbaycana tərəf gedək"

 

Prezident İlham Əliyevin Macarıstana rəsmi səfərinin ən yaddaqalan məqamlarından biri Macarıstan rəhbərliyinin Azərbaycana yüksək münasibətinin təcəssümü oldu. Məsələn, Baş nazir Viktor Orbanın "Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı - bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək" sözləri əslində Azərbaycanın beynəlxalq münasibətlərdəki roluna, yerinə verilən yüksək dəyərin təcəssümüdür. 
Bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayan Azərbaycan regionda və dünyada söz sahibi olan dövlət kimi tanınır. Hər bir məsələdə özünün aydın mövqeyi olan Azərbaycan həm də müstəqil siyasət həyata keçirən dövlətdir. Respublikamızın enerji siyasəti qlobal miqyasda enerji təhlükəsizliyinə böyük töhfələr verir. Azərbaycan hər zaman əməkdaşlığa sadiq olub, çətin vəziyyətə düşən tərəfdaşlarına arxa durub. Elə buna görə də Azərbaycan sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən və sözünə sadiq dövlətlər sırasında yer alır.
Bu mənada Macarıstanın Azərbaycana yönəlik siyasətində, Avropa İttifaqının üzvü olan ölkənin Bakı ilə əməkdaşlığa önəm verməsində bu amillərin hər biri böyük rol oynayıb. Təsadüfi deyil ki, Azəraycanla Aİ arasında enerji sahəsində genişlənən əməkdaşlığı, 2027-ci ilə qədər Azərbaycandan Avropaya qaz ixracının iki dəfə artırılmasının nəzərdə tutulmasını çox təqdir edən ölkələrdən biri Macarıstandır.
Ötən ilin dekabrında isə Rumıniyada Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında" saziş imzalandı. Prezident İlham Əliyevin dediyi kimi, bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Beləliklə, yaxın gələcəkdə Azərbaycan Macarıstana həm də elektrik enerjisi ixrac edəcək. Bütün bunlar öz növbəsində onu göstərir ki, Macarıstan rəhbərliyi "Azərbaycana tərəf gedək" qərarını verərkən düzgün və  müdrik addım atıbdır.

 

İlham Əliyevə olan yüksək ehtiramın göstəricisi

 

Bu gün Prezident İlham Əliyevin adı dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir sırada çəkilir. Bütün böyük dövlətlərinin rəhbərləri İlham Əliyevə ehtiram və rəğbətlə yanaşırlar. Prezident İlham Əliyevə müxtəlif vaxtlarda, əlamətdar günlərdə ünvanladıqları məktublar, keçirilən görüşlərdə səslənən fikirlər bunu təsdiq edir. Bunun səbəbləri İlham Əliyevin özünün yüksək şəxsi keyfiyyətləri, dövlət başçısı kimi həyata keçirdiyi siyasətin məzmunu, qlobal gündəlikdəki məsələlərlə bağlı baxışları, problemlərin həllinə töhfələridir. 
Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Bir müddət əvvəl Davos İqtisadi Forumu da bunu təsdiq etdi. Macarıstanın Baş naziri Viktor Orbanın da söylədiyi fikirlər Prezident İlham Əliyevə beynəlxalq səviyyədə olan yüksək ehtiramın ən gözəl nümunəsidir. Məsələn, Viktor Orbanın "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm" sözləri Prezident İlham Əliyevin qlobal nüfuzuna verilən ali qiymətin, dövlətimizin başçısının şəxsiyyətinə olan yüksək ehtiramın göstəricisidir.  Macarıstan Baş nazirinin bu sözləri Prezident İlham Əliyevin geopolitik məkanda proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən lider olması barədə söylənən fikirlərin davamıdır. Bir müddət əvvəl Serbiya Prezidenti Aleksandar Vuçiçin də İlham Əliyevlə bağlı oxşar məzmunda fikirlər söyləmişdi.
Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı iki dövlət arasındakı əlaqələrin inkişafına xidmət edən vacib sənədlər imzalandı. Prezident İlham Əliyev və Baş nazir Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalamaqla strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoydular. Bütün bunlarla yanaşı bu səfər Azərbaycanın və Prezident İlham Əliyvin beynəlxalq miqyasdakı nüfuzunun təsdiqi oldu.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video