11 Iyul 2024 09:05
661
Mədəniyyət
A- A+

Mədəni dəyərlərə böyük qiymət

 

Hər bir xalqın mədəniyyəti onun milli-mənəvi sərvətidir. Mədəniyyət milli dövlətçilik məfkurəsinin başlıca tərkib hissələrindən biri olmaqla sabahkı sağlam cəmiyyət quruculuğuna təminat verən əsas amildir. Elə bu səbəbdən də dövlətimizin mədəniyyət siyasətinin prioriteti köklü mənəvi dəyərləri bütün cəmiyyətə daha dərindən aşılamaqdan ibarətdir. 
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi illərində də xalqın milli-mənəvi dəyərlərinə dövlət qayğısı ilbəil artdı, bu sahənin daha da inkişafı, yenilənməsi prosesi davam etdirildi. 
İlk növbədə mədəniyyət siyasətinin hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirildi. Bir sıra qanunlar, o cümlədən "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Turizm haqqında", "Nəşriyyat işi haqqında", "Muzeylər haqqında", "Arxiv fondu haqqında", "Memarlıq fəaliyyəti haqqında" qanunlar Milli Məclisdə qəbul edildi və ölkə Prezidenti tərəfindən təsdiqləndi. 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında", 2007-ci il fevralın 20-də "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamları, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" və digər sərəncamlar mədəniyyətimizin inkişafı yolunda atılan strateji əhəmiyyətli  mühüm sənədlərdir. Dövlətimizin başçısı həmçinin "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam da imzalamışdır. 
İctimai fikir tariximizdə müstəsna rol oynamış təsisatların yubileylərinin təntənəli şəkildə  qeyd edilməsi dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. 2023-cü ildə fəaliyyətə başlamasının 150 ili tamam olan Azərbaycan peşəkar milli teatrının yubileyinin keçirilməsi buna bir nümunədir. Ötən ilin əlamətdar mədəniyyət faktlarından biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinin tamamlanması olmuşdur. Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş ADMİU bu gün ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən il həm də Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi də qeyd olunmuşdur. Cəmiyyətimizin intellektual potensialının yüksəlməsində bu kitabxananın rolu müstəsnadır. Bu yubileylərin hər biri cəmiyyətin həyatında xoş mədəniyyət hadisəsinə çevrilmişdir.  
Genişlənməkdə olan siyasi, iqtisadi, mədəni qloballaşma və inteqrasiya prosesləri ilə səciyyələnən müasir dünyamız xalqların etnomədəni hüquqlarının, unikal tarixi ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi problemini daha da aktuallaşdırır, onların mənəvi irsinin öyrənilməsinə və mühafizəsinə ciddi diqqət yetirməyi tələb edir.
Hər bir xalqın mədəniyyəti onun vizit kartıdır. İftixarla deyə bilərik ki, bu gün Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində dövlət səviyyəsində ardıcıl olaraq mühüm tədbirlər həyata keçirilir. Son illər ölkəmiz mədəniyyətlərarası dialoq sahəsində reallaşdırılan mühüm tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Belə dialoqların aparılması Azərbaycan mədəniyyətinin beynəlxalq əlaqələrinə güclü təsir göstərir, ölkənin milli irsini dünyaya yaxından tanıdır. Olduqca qürurverici faktdır ki, bu gün Azərbaycan Avropa, Asiya və islam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramları həyata keçirir. BMT, MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, Dünya Turizm Təşkilatı, TDT, ICESCO və digər beynəlxalq qurumlar vasitəsilə milli mədəniyyətimiz dünyada təbliğ edilir.
Azərbaycan Respublikası çoxmillətli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda keçirilən mədəniyyətlərarası dialoq və humanitar forumlar ölkəmizi dünyaya sürətli inteqrasiya yoluna çıxardıb.
Mədəni və dini abidələrin qorunması bir qayda olaraq dövlətimizin hər zaman diqqət mərkəzində olub. Azərbaycan ərazisində olan bütün dini abidələr - kilsələr, sinaqoqlar hökumətimiz tərəfindən ciddi şəkildə mühafizə edilməklə yanaşı, mütəmadi olaraq bərpa edilir. Son zamanlar dövlət tərəfindən təmir olunan dini abidələr siyahısında Rus Pravoslav Baş Kafedral kilsəsi, "Xilaskar" Yevangelik-Lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi, Bakıdakı Pravoslav və Qəbələdəki Çotari Alban-Udi kilsələrini göstərmək olar. Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Bakıda Müqəddəs Məryəm kilsəsi inşa edilib. İşğaldan azad olunmuş torpaqlarımızda yararsız vəziyyətdə olan mədəni və dini abidələrin bərpasına isə xüsusi diqqət verilir. Qısa müddətdə təkcə Şuşada Yuxarı Gövhər ağa, "Saatlı", Mehmandarov məscidləri və digər tarixi abidələrimiz bərpa edilib.
Tarixi mədəni irsimizin qorunub saxlanması, memarlıq abidələrinin yenidən bərpa edilməsi ilə yanaşı, yeni muzeylər, teatrlar, konsert salonları sürətlə təmir edilir, Bakıda və bölgələrdə yeni mədəniyyət mərkəzləri açılır. 
Dövlətimizin məqsədyönlü mədəniyyət siyasəti nəticəsində Azərbaycan dünyanın ən mötəbər tədbirlərinin, nüfuzlu toplantıların, beynəlxalq önəm daşıyan problemlərin müzakirə məkanına çevrilməkdədir. 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video