Macarıstanın “Index” nəşrinin son sayında Yaxın Şərqdə münaqişənin eskalasiyası fonunda enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasının nəticələrinə həsr olunmuş material dərc edilib. (https://index.hu/gazdasag/2026/03/03/magyar-gazdasag-ing-bank-olajar-kozel-keleti-konfliktus-iran-inflacio-forintarfolyam-foldgaz-energiaarak/).
AZƏRTAC xəbər verir ki, məqalədə ING bankının təhlili təqdim olunur. Təhlilə görə, Macarıstan mövcud böhrana ən həssas ölkələr sırasında ola bilər. Aşağıda nəşrdə yer alan əsas nəticələrin geniş icmalı təqdim edilir.
Geosiyasi amil iqtisadi risk mənbəyi olaraq qalır. Təhlilin əsas başlanğıc nöqtəsi Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və bunun neftlə qazın qiymətlərində sıçrayışa səbəb olmasıdır. Ekspertlərin məlumatına görə, regiondakı gərginliyin enerji bazarlarına və nəticə etibarilə Macarıstanın iqtisadi perspektivlərinə təsir göstərməsi üçün cəmi bir həftəsonu kifayət edib.
Enerji daşıyıcılarının bahalaşması Fars körfəzi regionundan tədarüklərə yaranan təhdidlərlə bağlıdır. Dünya neft və qaz ixracının mühüm hissəsi məhz bu marşrutdan keçir. Nəqliyyatda fasilələr və hərbi əməliyyatlar artıq qlobal bazarlarda neft və qazın bahalaşmasına gətirib çıxarıb ki, bu da Avropa ölkələri də daxil olmaqla bir çox dövlətdə inflyasiya risklərini artırır.
Macarıstan üçün bu məsələ xüsusilə aktualdır. Ölkə iqtisadiyyatı, Mərkəzi və Şərqi Avropanın bir çox dövləti kimi enerji daşıyıcılarının idxalından asılıdır. Buna görə də qlobal qiymət dəyişiklikləri daxili iqtisadi vəziyyətə sürətlə təsir göstərir.
ING-in “Index”ə istinadla təqdim olunan təhlilinə əsasən, Mərkəzi və Şərqi Avropa regionu ümumilikdə neft və qazın bahalaşması səbəbindən təzyiq altındadır. Lakin Macarıstan ən çox zərər görə biləcək ölkələrdən biri hesab olunur. Bu, bir neçə amillə izah edilir.
Birincisi, enerji asılılığıdır. Region ölkələri enerji daşıyıcılarının böyük hissəsini idxal etdiyindən dünya qiymətlərinin artması daxili xərclərə birbaşa təsir göstərir.
İkincisi, böhran şəraitində maliyyə bazarları daha ehtiyatlı davranır. İnvestorlar riskli aktivlərdən uzaqlaşır ki, bu da inkişaf etməkdə olan bazarların valyutalarına mənfi təsir göstərir.
Məqalədə vurğulanır ki, Macarıstan forinti artıq təzyiq hiss etməyə başlayıb. Milli valyutanın zəifləməsi xarici şoklara maliyyə bazarlarının tipik reaksiyasıdır, xüsusən də bu proses inflyasiya gözləntilərinin artması ilə müşayiət olunursa özünü daha aydın biruzə verir.
Nəşrdə qeyd edilir ki, əsas risklərdən biri inflyasiyanın yenidən sürətlənməsidir. Qiymət artımının tədricən azalmasından sonra Macarıstan iqtisadiyyatı əks tendensiya ilə üzləşə bilər.
Neft və qazın qiymətinin bahalaşması adətən inflyasiyaya bir neçə kanal vasitəsilə təsir göstərir:
• yanacaq və kommunal xidmətlərin bahalaşması;
• müəssisələrin xərclərinin artması;
• malların daşınmasının bahalaşması;
• idxal məhsullarının qiymətinin yüksəlməsi.
Macarıstan son illərdə Avropa İttifaqında ən yüksək inflyasiya göstəricilərindən biri ilə üzləşib. Buna görə də enerji qiymətlərində ən mülayim artım belə, inflyasiya təzyiqini yenidən gücləndirə bilər.
“Index” vurğulayır ki, inflyasiya effekti mövcud böhranın ölkə üçün ən ciddi nəticələrindən biri ola bilər.
Bundan əlavə, faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilər də puça çıxa bilər. Yeni gərginlik dalğasından əvvəl mərkəzi bankların faizləri mərhələli şəkildə endirəcəyi gözlənilirdi. Lakin inflyasiya risklərinin artması prosesi təxirə sala bilər.
Analitiklərin fikrincə, Yaxın Şərqdə münaqişə uzanarsa, mərkəzi banklar yüksək faiz dərəcələrini daha uzun müddət saxlamalı olacaq. Bu isə kreditləşmə və investisiya artımı üçün şəraiti pisləşdirəcək.
Macarıstan üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır. Çünki ölkə iqtisadiyyatı investisiyalardan və ixracyönümlü sahələrdən ciddi dərəcədə asılıdır. Yüksək faiz dərəcələri iqtisadi fəallığı zəiflədə və artım tempini azalda bilər.
Məqalədə valyuta məzənnəsinə də xüsusi diqqət yetirilir. ING ekspertlərinin qiymətləndirmələrinə görə, enerji qiymətlərinin artması və bazarlarda ümumi qeyri-müəyyənliyin güclənməsi region ölkələrinin, o cümlədən forintin məzənnəsinə əlavə təzyiq yarada bilər.
Mövcud böhran uzanarsa, Macarıstan iqtisadiyyatı üçün nəticələr bir neçə istiqamətdə özünü göstərə bilər: iqtisadi artımın zəifləməsi, inflyasiya artımı, maliyyə bazarlarında qeyri-sabitliyin artması, kreditlərin bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması.
Uzunmüddətli perspektivdə bu proses investisiya mühitinə və ölkənin iqtisadi dinamikasına təsir göstərə bilər. Macarıstan iqtisadiyyatı Avropa və qlobal ticarət sisteminə sıx inteqrasiya olunduğundan xarici şoklar daxili vəziyyətə sürətlə təsir edir.
Ekspertlər münaqişənin təsirinin onun davametmə müddətindən asılı olacağını da qeyd edirlər. Gərginlik tezliklə azalarsa, təsir məhdud səviyyədə ola bilər. Əks halda, nəticələr daha ciddi xarakter ala bilər.