24 May 2024 09:05
1038
SİYASƏT
A- A+

Lider qətiyyəti

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli dövlətçilik tariximizdə yeni bir strateji mərhələnin yaradıcısıdır. Görkəmli fikir adamlarımızın xalqımızın gələcəyi ilə bağlı amalları, yüz illər ərzində müəyyənləşən məqsədlərimiz məhz dövlətimizin başçısının ölkəmizə rəhbərliyi zamanında reallaşdı. Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu aydın inkişaf istiqamətləri ilə müstəqil respublikamızı tarixinin ən qüdrətli intibah dövrünə yetirdi. Bununla da təxminən iki əsrin problemini həll etməyə nail oldu. Ordumuzun gücü ilə torpaqlarımızı düşmən tapdağından azad etdi. Azərbaycan Prezidenti xalqımızı ən böyük qələbəyə yetirən qüdrətli şəxsiyyət və güclü Liderdir.

 

Müqəddəs amal

 

Müasir qloballaşma dövründə insanlar vədlərdən çox real işlərə inanırlar. Ona görə də əsl liderlərin hər zaman güclü strateji hədəfləri olur. Böyük məqsədlər əldə edildikdən sonra dərhal qarşıya yeni vəzifələr qoyulur, bütün səylər həmin amallara doğru səfərbər edilir. Çünki dəyişiklik, inkişaf daim davam edən prosesdir və liderlər bunu hər kəsdən yaxşı duyaraq inkişaf proseslərinin davamlılığını, dayanıqlılığını təmin etmiş olurlar. Güclü lider həm də insanların dövlətçilik arzularını milli amala çevirir. Xalqı bu amal, ümumi ideya ətrafında birləşdirir və düzgün hədəflərə çatdırır. Bu il 7 fevral prezident seçkilərində də ölkə vətəndaşları Azərbaycanı tarixinin ən güclü dövrünə yetişdirən, son 20 ildə ğörülən işlərin, əməli addımların bu günün və gələcəyin reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirən, hazırkı milli inkişafın əsaslarını təşkil edən Liderinə - cənab İlham Əliyevə səs verdi. Bu, xalqın ümummilli etimadı, ölkə vətəndaşlarının birmənalı ictimai rəyi idi.  
Artıq həmin tarixi hadisədən 100 gün ötür. Bu ərəfədə ölkənin inkişafına istiqamətlənən onlarca fərman və sərəncam imzalanıb, çoxsaylı tədbirlər, görüşlər keçirilib, xarici ölkə rəhbərlərinin səfərləri baş tutub. İşğaldan azad olunmuş yurd yerlərimizdə möhtəşəm bərpa-quruculuq, abadlıq işləri aparılıb, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında xüsusi layihələr həyata keçirilib. Bir sözlə, hazırda Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla reallaşdırılır. Bu gün Zəngilanın Ağalı kəndinə, Laçına, Şuşaya, Füzuliyə köç edən sakinlər əlamətdar və xoş günlərini yaşayırlar.  
Öncə xüsusi olaraq vurğulanmalıdır ki, dövlətimizin başçısı müasir dünyamızdakı qloballaşmadan, yeni geosiyasi reallıqlardan irəli gələn mənzərənin tələblərinə cavab verən siyasi xəttin daşıyıcısıdır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, "dəmir məntiq" və möhkəm iradə - bütün bunlar Prezident İlham Əliyevin siyasi obrazını tamamlayan mühüm keyfiyyətlərdir. 
Milli dövlətçilik təfəkkürünə bağlı olan ölkə rəhbəri əsrlərin süzgəcindən keçərək günümüzə gəlib çatmış mənəvi-əxlaqi sərvətlərimizə müsbət anlamda mühafizəkarlıq prizmasından yanaşır. Bu mənada millilik ölkə Prezidentinin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Rəhbərin öz xalqının ruhuna uyğun olan balanslaşdırılmış siyasəti Azərbaycanın əbədi və əzəli milli maraqlarına istinad edir. Dövlətimizin başçısı İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mədəni-əxlaqi dəyərləri, habelə Qərb və Avropa təmayülləri sintez təşkil edir. 
Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanması naminə nümayiş etdirdiyi prinsipiallıq, ölkəmizdə köklü islahatların həyata keçirilməsindən ötrü ortaya qoyduğu qətiyyət, cəmiyyətdə qüsurlu hallara qarşı mübarizə sahəsində tutduğu əzmkar mövqe, dünyanın siyasi arenasında baş verən gərgin və dəyişkən proseslərdə, dörd bir yandan ölkəmizə qarşı yönələn xarici təzyiqlərə münasibətdə, qlobal təşəbbüslərin irəli sürülməsi və icrasında milli maraqlarımızla bağlı nümayiş etdirdiyi yüksək iradə, siyasi səbat və təmkin cənab İlham Əliyevin öz çevik və optimal qərarları ilə istənilən çətin situasiyadan ölkəni böyük hünərlə çıxara bilmək bacarığını göstərir. Bu baxımdan ölkə Prezidenti Azərbaycanın zəngin dövlətçilik irsinin müəyyən etdiyi yüksək amalları, böyük hədəfləri faktlaşdıraraq həyat gerçəkliklərinə çevirən qüdrətli siyasi fenomendir. 
Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı Azərbaycanın artıq daxil olduğu yeni strateji dövrün ümumi mənzərəsini də canlandırdı, əsas hədəflərini də diqqətə çatdırdı. Reallıq bundan ibarətdir ki, müstəqil dövlətimiz bu yeni dövrə tarixin ağır mirasından xilas olmuş, bir zamanlar həlli müşkül görünən problemləri uğurla yoluna qoymuş şəkildə, habelə əvvəlki dövrlərin zəngin təcrübəsi ilə daha da güclənmiş halda, milli qürurunu, ləyaqətini bərpa etmiş tərzdə daxil olur. 
"Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub" deyən Azərbaycan Prezidenti buna böyük əminliyini ifadə etdi: "Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan bayrağı ərazimizin hər bir yerində dalğalanacaq".

 

Güc, nüfuz və düşünülmüş siyasət

 

Nüfuzu, özünü doğruldan yanaşmaları, uğurlu təşəbbüsləri, ən mühümü isə, başqalarında yaratdığı yüksək inam hissi Prezident İlham Əliyevi müasir dünyamızın ən önəmli siyasi liderlərindən biri mövqeyində qərarlaşdırıb. Beynəlxalq siyasi arenada ona böyük rəğbət bəsləyir, irəli sürdüyü rəylərlə hesablaşır, təşəbbüslərini dəstəkləyirlər. Çünki ölkəmizin rəhbəri hər zaman xalqının yanındadır. Düzgün olanı dilə gətirir, düzgün qərarlar verir və başqalarına da yolun ən düzünü göstərir. Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərin nə qədər yerində, məqsədyönlü olduğunu, real nəticələrə hesablandığını tarix dəfələrlə sübuta yetirib. Ona görə dünya liderləri dövlət başçımızın baxışlarına böyük önəm verir, onunla ciddi məsələlərdə müzakirələr, məsləhətləşmələr aparırlar. 
Prezident seçkilərindən sonrakı dövr Azərbaycan dövlətinin bir çox sahədəki böyük uğurları ilə yanaşı, diplomatik əlaqələrinin güclənməsi, bu istiqamətdə əldə etdiyi nailiyyətlərlə tarixə yazılır. Prezident İlham Əliyevin xarici səfərlərini, beynəlxalq toplantılarda iştirakı və çıxışlarını nəzərdən keçirdikdə ölkəmizin xarici siyasət xəttinin nə qədər məqsədyönlü şəkildə aparıldığını və gələcəyə hesablanmış aydın hədəflərinə çatdığını görə bilərik. Prezident İlham Əliyevin Türkiyəyə, Almaniyaya, Rusiyaya rəsmi və işgüzar səfərləri Azərbaycanın dünyanın bu aparıcı dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini, bir-birinə qarşılıqlı inam və güvənini, əməkdaşlığın inkişafında maraqlı olduğunu göstərdi.
Azərbaycan Prezidentinin 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirakı, bu tədbir çərçivəsində qarşı tərəflərin istəyi ilə keçirdiyi çoxsaylı görüşlər ölkəmizin beynəlxalq aləmdə getdikcə artan qlobal rolunun, eləcə də zəmanəmizin ən parlaq liderlərindən biri kimi cənab İlham Əliyevin özünün şəxsi nüfuzunun göstəricisi oldu. Dövlət başçısı cəmi 2 gün ərzində 24 görüş keçirdi. Daha 10 görüş üçün Azərbaycan tərəfinə müraciətlər olsa da, fiziki olaraq vaxt baxımından onları reallaşdırmaq mümkün olmadı. Belə zəngin qrafik, ölkə rəhbərimizlə görüş və müzakirələrə belə böyük marağın olması Azərbaycanın dünyada getdikcə artan rolundan irəli gəlir.
Ümumən Münxen Təhlükəsizlik Konfransının dövlətimiz üçün yaratdığı tarixi mənzərə Azərbaycanın artıq "orta güc" ölkələri sırasında olduğunu və təkcə regional miqyasda deyil, qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına mühüm töhfələr verdiyini göstərir. Eyni zamanda yaxın gələcəkdə bu rolun, töhfələrin getdikcə artacağına işarə edir. 
"Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkədir". Münxen görüşləri Azərbaycan Prezidentinin andiçmə mərasimində səsləndirdiyi bu fikirlərin daha bir əyani sübutu oldu. Bu, tarixi reallıqdır. 

 

Müasir dünyamızın çağırışları

 

Bu gün Azərbaycan dünya üçün həm də mədəniyyətlər arasında dialoqun uğurlu bir modelidir. Bu model qədim ənənələrə söykənir. Planetimizin bir çox məkanında hər kəsi təhdid edən qlobal problemlərin xalqların birgə səyləri ilə aradan qaldırılmasının, dünyada sülh və əmin-amanlığın təmin olunmasının əsas yolunun mədəniyyətlər arasında qarşılıqlı dialoqdan keçdiyi dünyamızın gələcəyini düşünən hamının inandığı həqiqətdir. Bu baxımdan dövlətimiz çox böyük bir tarixi missiyanı yerinə yetirir və bu il mayın əvvəllərində keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da eyni missiyanın davamıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını daha da genişləndirir və bu, daha intensiv formalar kəsb edir. 
"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər Azərbaycanın evsahibliyi ilə təşkil edilən ən mühüm beynəlxalq tədbirlərdən biri kimi yadda qaldı. Mühüm beynəlxalq platforma kimi qlobal çevrədə böyük nüfuz qazanmış bu forumda 110 ölkənin nümayəndəsinin iştirak etməsi tədbirin əhatə dairəsinin, təsir imkanlarının, burada aparılan müzakirələrin əhəmiyyətinin daha bir göstəricisi oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları və ümumən dünya ictimaiyyəti ilə bölüşdüyü fikirlər ölkəmizin liderliyi ilə Cənubi Qafqazda yeni bir gələcəyin başlandığını göstərir. Bu gələcəyin mənzərəsi sülh, rifah, dayanıqlı inkişafdır.

 

Sülhə doğru

 

Martın 14-də açılış mərasimi olan XI Qlobal Bakı Forumu müzakirəyə çıxarılmış mövzuların aktuallığı ilə yanaşı, mövcud problemlərin aradan qaldırılması üçün irəli sürülən həllər və beynəlxalq ictimaiyyətə əhəmiyyətli çağırışlarla, bu gün və gələcək üçün faydalı nəticələri ilə tarixdə qaldı. Foruma olan beynəlxalq maraq, iştirakçı kontingenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçısı olduğu Bakı Qlobal Forumunun da artıq Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq tədbirlərlə bir cərgədə qərarlaşdığını göstərir. Ötən il X Qlobal Bakı Forumu dünyamızın kifayət qədər gərginliklər içində olduğu çox çətin və mürəkkəb dövrə təsadüf etmişdir. 61 ölkədən 350 nəfərdən çox iştirakçının olduğu toplantıda "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusu müzakirəyə çıxarılmışdı. Həmin tədbirdə mövcud konfliktlərin çəkişməyə deyil, məhz qarşılıqlı müzakirə məcrasına yönəldilməsi, problemlərin üzə çıxarılaraq onlara birgə optimal həllərin tapılması, diqqətin bütün insanlığı narahat edən çağırışlara verilməsi iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 
Bu cür qlobal platformalar başqa bir cəhəti ilə də əhəmiyyətlidir. Belə tədbirlər Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa, ümumən regionda yaşanan tarixi reallıqlar ətrafında düzgün, məqsədyönlü kommunikasiya qurmağa imkan yaradır.  
Bu il isə foruma rekord sayda iştirakçı qatılmışdı: 68 ölkədən 400-dən çox qonaq iştirak edirdi. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət, hökumət başçıları vardı. Sürətlə dəyişən dünyamızda, qeyri-sabitlik üçün yeni səbəblərin və qarşıdurma ocaqlarının meydana çıxdığı müasir şəraitdə belə müzakirə və əməkdaşlıq platformalarına çox böyük ehtiyac var. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumdakı çıxışı "Parçalanmış dünyanın bərpası" kimi son dərəcə mühüm bir mövzuya həsr olunmuşdu. Dövlətimizin başçısı çıxışında bildirdi ki, bu gün regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər. Əslində isə, onların daha geniş fəsadları var. Prezident İlham Əliyev bir il əvvəlki forumdan bu yana baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə əlaqədar olduğunu diqqətə çatdırdı: "Uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik".
XI Qlobal Bakı Forumunda Azərbaycan Prezidentinin bəyanatında da qeyd edildiyi kimi, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq və Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Forumda o da vurğulandı ki, ölkəmizin öz ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı beynəlxalq reaksiyaların əksəriyyəti də tamamilə adekvat olub. Beynəlxalq birlik, müxtəlif ölkə və təşkilatlar öz açıqlamalarında, habelə pərdəarxası təmaslarda Ermənistanın qırmızı xətləri keçdiyini etiraf edib. 
Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Vacib məqam odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin.

 

Quruculuq və inkişaf dövrü

 

Azərbaycanın ilk addımlarını atdığı bu yeni başlanğıcın əsas tarixi vəzifələrindən biri də şanlı Qələbəmizdən sonra Qarabağın, Şərqi Zəngəzurun tam  bərpası, torpaqlarımızın minalardan təmizlənməsi, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışıdır. Bu məsələlər uğurla yerinə yetirilir. Ölkəmizin iqtisadi göstəriciləri də inkişaf tempinin bərpa olunduğunu göstərir. 
Bu il mayın 8-də həyatımızda daha bir mühüm tarixi hadisə baş verdi. Mədəniyyət paytaxtımız olan Şuşa şəhərinin ilk sakinləri 32 illik ayrılıqdan sonra doğma yurdlarına köçüb yeni mənzillərində yerləşdilər. Qısa müddətdə Şuşada sakinlər üçün tikilmiş,  şəhərin tarixi irsinə uyğun memarlıq üslubu ilə gözoxşayan yaşayış kompleksi dövlətimizin daha bir uğur rəmzinə çevrildi. Ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etmiş, Azərbaycan dövlətinin ərazi bütövlüyünə, suverenliyinə nail olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyev azad yurdlarımızın dirçəldiləcəyi ilə bağlı verdiyi sözləri də tutdu və bunun üçün böyük imkanlar da yaratdı.
Azərbaycan Prezidentinin də şəhər sakinləri ilə görüşündə qeyd etdiyi kimi, bu unikal məkanda hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. 
Azərbaycan Prezidenti bəşəriyyətin xoşbəxt gələcəyini qarşıdurmalarda, ziddiyyətlərdə deyil, məhz əməkdaşlıqda, problemlərə birgə həllər axtarmaqda görür. Vətən müharibəsi tarixi dəyişdi, həyatımızda yeni başlanğıcların əsasını qoydu, eyni zamanda düşüncələrdə də böyük dəyişikliklərə yol açdı. Bu gün tarix səhnəsində ötən əsrlərin ən böyük Zəfərini qazanmış, dövlətimizin, ordumuzun, milli vəhdətimizin verdiyi ruhla sarsılmaz gücə sahib xalqımız, qətiyyətli Liderin mətin iradəsi və tarixinin ən qüdrətli mərhələsinə yetişmiş Azərbaycan dövləti var. Prezident İlham Əliyevin yeni dövr üçün apardığı siyasətdə əsas amal, əsas niyyət Cənubi Qafqazı sülh, əməkdaşlıq, davamlı inkişaf məkanına çevirməkdir. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video