O, Laçın haqqında o qədər həvəslə, maraqla danışır ki, adam sözünü kəsmədən sakitcə qulaq asmaq istəyir. Hərdən yumruğunu düyünləyib, dişlərini bir-birinə qıcayır, hərdən də gözlərinin dolduğu anlar olur. Sanki ürəyi ilə danışırmış kimi, astadan pıçıltı ilə "Bu vətəni sevməmək olmaz", "Bu vətən o qədər gözəldir ki, onu sevməmək günahdır" kəlmələrini təkrarlayır:
- Laçın bir təbiət gözəlidir. Sanki Tanrı əvvəlcədən bu gözələ düşmənlərimizin "göz qoyacaqlarını" bilib buranı hündür dağlarla, keçilməz qayalıqlarla əhatə edib. Laçını bütövlükdə təbii istehkam da adlandırmaq olar. Yeri gəlmişkən, peşəkar bir hərbçi kimi söhbətə buradan başlamaq istəyirəm. Nə yaxşı ki, Müzəffər Ali Baş Komandan Laçını müharibəsiz, diplomatik yolla geri aldı. İnanın itkimiz çox olacaqdı. Bu dağların hər qarışı təbii istehkamlar, mağaralardır. 30 il bu yerlərdə möhkəmlənmiş düşməni buradan çıxarmaq üçün nələrdən keçməli olduğumuzu təsəvvür etmək çətindir. Bu uğura, bu qələbəyə görə Laçının ən yüksək zirvəsində dövlətimizin başçısının Laçın dağları kimi əzəmətli abidəsi ucaldılsa, yenə az olar.
Həmsöhbətimiz 1975-ci ildə Laçın rayonunun Hacılar kəndində anadan olmuş, 2018-ci ildən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən motoatıcı briqadasının komandiri, polkovnik İbrahimov Şəhadət Əlövsət oğludur.
- Orta təhsilimi doğulduğum Hacılar kəndində almışam. Atam həmişə bizə Laçının qəhrəman oğulları Sultan və Xosrov bəy Sultanov qardaşlarından söhbət açardı. Onların ermənilərə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs edərdi. Həmişə də deyərdi ki, "bu söhbət hələ bitməyib. Ermənilər fürsət gözləyirlər". 1990-cı illərdə ermənilərin gözlədiyi fürsət əllərinə düşdü. 1992-ci ilin 18 iyununda təpədən-dırnağa kimi silahlanmış düşmən Laçına hücuma keçmişdi. İnsanlarda xof yaratmaq üçün evləri yandırır, qadın, uşaq bilmədən qarşılarına çıxanı məhv edirdilər. Çoxuşaqlı ailə idik. Atam nə edəcəyini bilmirdi. Bizim, bacılarımın düşmən əlinə düşəcəyindən ehtiyat etsə də, son anacan döyüşdü. Onda 17 yaşım vardı. Laçından çıxmamaq, Laçının işğal olunmaması üçün canımızdan keçməyə hazırdıq. Ailəmizlə birlikdə hər şeyi etsək də, Laçını qoruya bilmədik. Atam kənddən çıxanda dediyi sözlər ömürlük yaddaşıma həkk olundu: "Biz mütləq bu torpaqlara bir də qayıdacağıq". Elə həmin gün son və qəti qərarımı verdim ki, mən hərbçi olacağam.
1993-cü ildə Lacın Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Şəhadət İbrahimov 859 və 703 saylı hərbi hissələrin tərkibində Ağdam, Ağdərə, Tərtər, Goranboy rayonlarının müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib. İçindəki peşəkar hərbçi olmaq arzusu onu 1994-cü ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə gətirib. 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirdikdən sonra gənc leytenant xidmətə başlayıb. Verilən hərbi tapşırıqları qüsursuz yerinə yetirən gənc zabit bu illərdə taqım komandirliyindən briqada komandiri vəzifəsinədək yüksəlib. Polkovnik Şəhadət İbrahimov deyir ki, hərbçinin bir vəzifəsi var - vətəni şərəflə qorumaq. Lazım gələrsə, Vətən üçün canından keçməyi bacarmaq. Qalanları əmrdir. Sözsüz ki, yüksək komandanlığın əmrləri sözsüz icra olunmalıdır. Şükür Allaha ki, hələlik qüsursuz olaraq vətənə xidmət edirik.
Şəhadət daha çox hərbi biliklərə yiyələnmək məqsədilə 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub. 2016-cı ildə akademiyanı müvəffəqiyyətlə bitirərək magistr dərəcəsi ilə məzun olub.
Xidmət müddətində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı, "Qüsursuz xidmətə görə" 3-cü, 2-ci və 1-ci dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü və 2-ci dərəcəli medalları, Azərbaycan Ordusunun yaranmasının 10, 90, 95, 100 illik medalları, 2003-cü ildə yubiley döş nişanı, 2019-cu ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı" medalı ilə təltif olunub. Şəhadət İbrahimov hərbi sənətin sirlərinə daha yaxşı bələd olmaq məqsədilə 1998-ci, 2014-cü, 2016-cı illərdə Azərbaycan-Türkiyə, 2018-ci ildə Türkiyə-Azərbaycan təlimlərində iştirak edib, Türkiyə Silahlı Qüvvələrində ixtisasartırma kurslarında olub.
Şəhadət İbrahimov deyir ki, bütün peşələr maraqlıdır. Amma hərbi sənətin özünəməxsusluğu var. Başqa peşə sahibləri ali təhsil alan kimi öyrəndiklərini praktikada tətbiq etməyə çalışırlar. Amma hərbçilər bunun üçün bəzən illərlə gözləməli olurlar: "1992-ci il Laçının işğalının bir səbəbi hakimiyyət uğrunda siyasi savaşın olması idisə, digər tərəfdən peşəkar ordunun, vahid mərkəzdən idarə olunan komandanlığın olmaması idi. Biz düşməni məğlub etmək üçün illərlə gözlədik. Hərbdə tələsik qərar verən uduzur. O adamlar qalib olur ki, ən çətin anda ən doğru qərarı verə bilirlər. Cənab Ali Baş Komandan da orduya lazım olduğu zamanda əmr verdi. Həmin gün yadıma atamın bir zamanlar Laçını tərk edərkən dediyi "biz mütləq bu torpaqlara bir də qayıdacağıq" sözləri düşdü. Vətən müharibəsi zamanı təcrübəli bir hərbçi, Laçına yaxşı bələd olan, onun hər daşına, hər cığırına bələd olan bir adam kimi üzərimə düşən işi gördüm".
Bu gün Böyük qayıdışa start verilib. Laçınlılar doğma yurdlarına qayıdırlar. Laçına qayıtmaq həsrəti ilə yaşayanlar sırasında polkovnik Şəhadət İbrahimovun atası, Laçını son anda tərk edənlərdən olan Əlövsət kişi, anası Siyatel xanım, oğlanları İbrahim, İsmayıl, Əlövsət də var...
Şəhadət deyir ki, 26 avqust laçınlıların milli bayramıdır. Bizə bu günü yaşadan, bu xoşbəxtliyi bəxş edən Ali Baş Komandanımıza "Yaşa, var ol!" deyirəm.
Elşən QƏNİYEV,
"Azərbaycan"