Fransada etiraz aksiyaları və iğtişaşlar səngimir
Fransanın Korsika adasında bir həftədən artıqdır ki, etiraz aksiyaları və iğtişaşlar davam edir. Korsikanın müstəqillik tərəfdarları Kortda, Ajaççoda və Bastiyada zorakılığın baş verməsinə səbəb olan çoxsaylı nümayişlər təşkil ediblər. Səbəb adanın müstəqillik tələb etməsidir. Adaya yollanan Fransanın daxili işlər naziri Jerald Darmanen məsələni müzakirə etməyə hazır olduqlarını deyib. Fransa Prezidenti Emmanuel Makron isə seçkiqabağı proqramını təqdim edərkən bildirib ki, Korsikanın statusu Konstitusiyada əks olunacaq.
Millətçilərin mübarizəsi nəticə verəcəkmi?
Korsikada iğtişaşlar Arl şəhərinin həbsxanasında 61 yaşlı millətçi İvan Kolonna vəhşicəsinə döyüldükdən sonra başlayıb. O, Fransanın adadakı nümayəndəsi, prefekt Klod Erinyakın qətlinə görə ömürlük həbs cəzası alıb. 1998-ci il fevralın 6-da o, Korsika milli azadlıq cəbhəsinin (FLNC) digər üzvlərinin köməyi ilə Ajaççodakı Kolonna-d'Ornano küçəsində dövlət məmurunu güllələyib. Terrorçu hadisə yerindən qaçaraq bir neçə il gizlənib, lakin 2003-cü ildə tutulub və ömürlük həbsxanaya göndərilib.
Həbsxanada olarkən İvan Kolonna evlənib və uşağı dünyaya gəlib. Millətçi dəfələrlə azadlığa buraxılmaq və ya Korsikaya köçürülmək barədə ərizə verib. Lakin martın 2-də terrorçu başqa bir məhbus - 36 yaşlı Fransa vətəndaşı və Kamerun əsilli Frank Elonq Abenin hücumuna məruz qalıb. Qəribədir ki, Məhəmməd peyğəmbəri təhqir edən millətçi-terrorçu İvan Kolonnanın müsəlman məhbus tərəfindən döyülməsi faktı da sonradan terror aktı kimi tanınıb.
Ağır vəziyyətdə olan İvan Kolonna Arldakı hospitala gətirilib, sonra Marseldəki xəstəxanaya aparılıb və o zamandan bəri həyatla ölüm arasındadır.
Fransa həbsxanasında baş vermiş hadisə barədə xəbər korsikalıların hiddətinə səbəb olub. Kortda, Ajaççoda, Bastiyada və Kalvidə iğtişaşlar başlanıb və bir çox hallarda polislə sərt toqquşmalara çevrilib. Etirazçılar Bastiyada prefekturanı ələ keçirməyə cəhd göstəriblər, nəticədə 44 polis və 23 nümayişçi yaralanıb.
2017-ci ildən etibarən Fransa təsirinin maksimum məhdudlaşdırılmasının tərəfdarı olan millətçilərin nəzarətinə keçən adanın sakinlərini fransız həbsxanalarında saxlanılan İvan Kolonna və onun iki silahdaşı- Pyer Alessandri və Alen Ferrandinin taleyi ciddi narahat edir. Milli Assambleyada bir qrup korsikalı deputat dəfələrlə bu üç məhkumun vətənə köçürülməsini xahiş edib, lakin onlara Borqoda yerli həbsxananın belə təhlükəli cinayətkarların saxlanması üçün uyğunlaşdırılmaması bəhanəsi ilə imtina olunub.
Hücumdan və baş verən etirazlardan sonra Fransanın Baş naziri Jan Kasteks terrorçuların üzərindən Korsikaya köçürülmələrinə mane olan “xüsusi mühafizə” statusunu ləğv etməyə məcbur olub.
İvan Kolonna sağlamlıq vəziyyətinə görə şərti azadetmə hüququnu alıb. Ancaq bu barədə hələ yalnız millətçinin yaxınları bilir, özü isə koma vəziyyətindədir.
Daxili işlər naziri Jerald Darmanen etiraf edib ki, dövlət onun müdafiəsi altında olan insanlara, o cümlədən həbs yerlərində cəza çəkənlərə görə məsuliyyət daşıyır. Adanın gənclərinin iştirak etdiyi şiddətli etirazlarla qarşılaşan nazir təcili olaraq bütün seçilmiş vəzifəli şəxslər və fəal qüvvələrlə müzakirələr aparmaq üçün Korsikaya uçub. Bir gün əvvəl o, ciddi şəkildə Korsikanın muxtariyyət ala biləcəyini söyləyib.
Fransada bir sıra “dəniz əraziləri” bu cür hüquqlara malikdir. Məsələn, Yeni Kaledoniya 1998-ci ildən Fransa dövləti çərçivəsində xüsusi ərazi statusuna malikdir. Metropoliya isə özündə, həyati əhəmiyyətli sahələrdə olsa da, minimum səlahiyyət saxlayıb: müdafiə, daxili təhlükəsizlik, ədliyyə və pul tədavülü.
Emmanuel Makron fikrini dəyişib
Danışıqların tərəfdaşları korsikalı siyasətçilər - ada üçün tam müstəqillik istəyən Jan-Gi Talamoni və Korsikanın muxtariyyətinin tərəfdarı olan Jil Simeonidir. Onların tələbləri arasında fransız dili ilə yanaşı, adada korsikan dilini ikinci dövlət dili etmək, ev və torpaq mülkiyyətində imtiyazı olan ada sakinlərinin statusunu müəyyənləşdirmək və işə qəbul zamanı onlara üstünlük vermək məsələləri var.
2014-cü ildə korsikalı millətçilər silahlı mübarizədən imtina etdikdən sonra onlar yalnız radikalları deyil, həm də mötədilləri öz tərəfinə çəkdilər. Ancaq indi Korsika milli azadlıq cəbhəsi (FLNC) hərbi taktikaya qayıtmaq ehtimalı barədə danışır.
Hökumətin ən yaxın vəzifəsi aydındır. Onlar danışıqlara başlamalıdırlar, amma prezident seçkisinədək danışıqları bitirməməlidirlər. Beləliklə, ada sakinləri onların gələcəyinin hazırkı prezidentin əlində olduğunu hiss edəcəklər. Hazırkı dövlət başçısı Emmanuel Makron əvvəllər Korsikanın muxtariyyətinə qarşı qəti fikir bildirsə də, indi fikrini dəyişib - həm son hadisələrin təsiri altında, həm də yeni seçilmə planlarının xeyrinə...
Bu günlərdə özünün seçkiqabağı proqramını təqdim edərkən Fransa lideri deyib: “Korsikanın statusu Fransa Konstitusiyasında əks olunacaq”. Makron həm də əmin edib ki, islahatlarda adanın respublikada vəziyyətinin spesifikliyi öz əksini tapacaq.
Rizvan HİLALOĞLU,
“Azərbaycan”