Azərbaycan elminə böyük töhfələr vermiş, onun inkişafında layiqli xidmətlər göstərmiş, dəyərli kəşflər etmiş alimlərimizdən biri də Toğrul Nemət oğlu Şahtaxtinskidir.
Akademikin əsas elmi fəaliyyəti kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, üzvi və neft-kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, həmçinin kimya proseslərinin modelləşdirilməsi, optimallaşdırılması və kimya texnologiyasının nəzəri əsaslarının işlənilməsi ilə əlaqəli geniş problemləri əhatə etmişdir. Görkəmli alim Toğrul Şahtaxtinskinin rəhbərliyi ilə oksidləşmə və oksidləşdirici ammonolizin mühüm təcrübi prosesləri hazırlanmış, mürəkkəb kimyəvi-texnoloji sistemlərin modelləşdirilməsi və optimal idarə olunmasının nəzəri əsasları, ayrıca proseslər üçün katalizatorun "qocalmasının" dinamikasının ümumi prinsipləri yaradılmış, suspenziya polimerizatoru, yanmanın elektrokimyəvi kamerası, qeyri-stasionar qarışdırıcı reaktorlar hazırlanmışdır.
Anadan olmasının 100 illiyi tamam olan tanınmış alim, kimya elmləri doktoru, akademik Toğrul Nemət oğlu Şahtaxtinski gənc nəsillərə nümunə olan şərəfli bir ömür yaşayıb. O, 1925-ci il oktyabrın 22-də Bakı şəhərində dünyaya göz açıb. Orta məktəbi yüksək göstəricilərlə başa vurduqdan sonra 1943-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsinə qəbul olub. Təhsilini həvəslə davam etdirərək elmi biliklərə də dərindən yiyələnib. Ali məktəbdə oxuduğu illərdə görkəmli alim, akademik M.F.Nağıyevin rəhbərliyi altında elmi-tədqiqat işləri aparmağa başlayıb. Yorulmaq bilmədən tədqiqat işləri aparan Toğrul Şahtaxtinski 1949-cu ildə institutu yüksək göstəricilərlə başa vuraraq kimyaçı-mühəndis diplomu alıb. Gələcəkdə böyük elm adamı olacaq T.Şahtaxtinskinin təcrübə və peşəkarlığını nəzərə alaraq onu Azərbaycan Elmlər Akademiyasına işə dəvət ediblər. Elə buradan da onun elmin zirvəsinə gedən yolları başlayıb.
Elm aləmində uğurlu addımlarını atan Toğrul Şahtaxtınski 1959-cu ildə texnika elmi üzrə namizədlik dissertasiyası müdafiə edib. 1960-cı ildən Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışıb. 1961-1962-ci illərdə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. 1968-ci ildə kimya professoru elmi adını alıb. Onun doktorluq dissertasiya işi "Katalizatorun qaynayan təbəqəsində alifatik karbohidrogenlər və onların texniki qarışıqlarının oksidləşməsi və oksidləşmə ammonolizi" kimi mühüm bir problemə həsr olunmuşdur.
1971-1973-cü illərdə Naxçıvan Elmi Mərkəzinin rəhbəri olan Toğrul Şahtaxtinski 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir. 1975-2002-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun, 2002-2010-cu illərdə isə Kimya Problemləri İnstitutunun (indiki Kataliz və Qeyri-Üzvi Kimya) direktoru, 1973-1981, 1990-2001-ci illərdə Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibi və 2001-2007-ci illərdə AMEA-nın akademik-katibi olmuşdur.
Görkəmli alim Toğrul Şahtaxtinski bütün mənalı ömrünü elmə, onun inkişafına həsr edib. Yaşadığı və fəaliyyət göstərdiyi illər ərzində bir-birindən dəyərli və gərəkli 500-dən çox elmi əsər yazıb. Akademik həm də 130-dan çox ixtira və patentin, 12 monoqrafiyanın müəllifidir. Akademikin zaman-zaman böyük zəhmət və əziyyətlər bahasına yazdığı əsərlər, etdiyi ixtiralar bu gün də elmin inkişafına xidmət göstərir.
Akademik Toğrul Şahtaxtinski elmimizi xarici ölkələrdə də layiqincə təmsil etmişdir. 1963-cü ildə Almaniya Demokratik Respublikasında, Üzvi Kimya İnstitutunda, Berlin və Rostov universitetlərində məruzələrlə çıxış etmişdir. 1966-cı ildə Buxarest, Yacc, Qluj Universitetlərində, iri kimya kombinatında etdiyi məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilmişdir. Görkəmli kimyaçı 1969-cu ildə Hamburq Universitetində, Münhen Ali Texniki Məktəbində, 1971-ci ildə "Basf" firmasının dəvəti ilə yenidən Almaniya Federativ Respublikasında, 1974-cü ildə Yaponiyada Tokio və Osaka universitetlərində, 1975-ci ildə Tokio şəhərində keçirilən beynəlxalq neft konqresində, 1977-ci və 1979-cu illərdə IV və VI Amerika-Sovet simpoziumlarında, 1980-ci ildə Fransada keçirilən katalizə dair Fransa-Sovet simpoziumunda, 1983-cü, 1986-cı və 1989-cu illərdə Macarıstan Elmər Akademiyasının Texniki Kimya İnstitutunda keçirilən konfransda etdiyi məruzələr yüksək dəyərləndirilib.
Görkəmli elm xadimi Toğrul Şahtaxtinski 1992-ci ildə Türkiyə-Azərbaycan simpoziumunda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qardaş ölkəyə getmiş və tanışlıq üçün Egey Universitetinə dəvət olunmuşdur. O, 1993-cü ildə "İşıqdan kimya" firmasının dəvəti ilə yenidən Türkiyənin İzmir şəhərinə getmiş və burada söylədiyi məruzələrlə böyük elm adamı olduğunu bir daha sübut etmişdir. O, keçmiş SSRİ məkanında, Leninqrad şəhərində (indiki Sankt-Peterburuq) 1965-1971-ci illərdə "Alifatik karbohidrogenlərin oksidləşməsi və oksidləşdirici ammonolizi" mövzusunda mühazirələr oxumuş, 1969-cu ildə Moskvada kataliz üzrə beynəlxalq konqresdə, 1994-cü ildə Alma-Atada (Qazaxıstan), 1977-ci ildə Riqada (Latviya), 1994-cü ildə Yaroslavl şəhərində elmi konfranslarda çıxış etmişdir.
Bütün bunlarla yanaşı, akademik Toğrul Şahtaxtinski elmimizin gələcəyi üçün bilikli, savadlı kadrların hazırlanmasına da böyük diqqət ayırmışdır. Akademikin başqa sahələrdə olduğu kimi, bu istiqamətdəki fəaliyyəti də müsbət nəticələr vermişdir. Müxtəlif illərdə onun rəhbərliyi altında 12 nəfər elmlər doktoru, 50 nəfərdən çox isə fəlsəfə doktoru müdafiə etmişdir. Akademik Toğrul Şahtaxtinski bu sahənin təbliğatı istiqamətində də çox mühüm işlər görmüşdür. Görkəmli elm xadimi 1975-2010-cu illərdə "Azərbaycan kimya jurnalı"nın baş redaktoru olmuşdur. Həmin jurnalda onlarca, yüzlərlə gənc kimyaçının əsərlərinin dərcinə yaşıl işıq yandırmışdır. 1976-2010-cu illərdə elmi dərəcələrin verilməsi üzrə dörd ixtisasın "Kimya texnologiyasının proses və aparatları", "Kimyəvi kinetika və kataliz", "Yüksək molekullu birləşmələrin kimyası" və "Qeyri-üzvi kimya" ixtisasları üzrə alimlik dərəcəsi verən Dissertasiya Şurasının sədri olmuşdur.
Xalq, dövlət və elm üçün görülən işlər heç vaxt diqqətdən kənarda qalmır, zaman-zaman layiqli qiymətini alır. Akademik Toğrul Şahtaxtınskinin də elmin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Elmdə qazandığı nailiyyətlərinə görə "Fədakar əməyə görə" medalı (1970), "Xalqlar dostluğu" (1976) və "Şərəf nişanı" (1980) ordenləri ilə təltif edilmişdir. Görkəmli elm xadimi həmçinin Azərbaycan Ali Sovetinin "Fəxri fərmanı" (1985), "Azərbaycanın Əməkdar elm xadimi" (1991) fəxri adı, "Şöhrət" (1999) və "İstiqlal" (2005) ordenləri ilə təltif edilmişdir.
Əməkdar elm xadimi Toğrul Nemət oğlu Şahtaxtinski 2010-cu il oktyabrın 8-də ömrünün 85-ci ilində dünyasını dəyişmişdir. Onun adı və xeyirxah əməlləri xatirələrdə daim yaşayacaqdır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"