14 Avqust 2022 01:21
1023
SİYASƏT

KİFAYƏTDİR!

 

İlham Əliyev xəbərdarlıq etdi ki, bir daha təxribat olarsa, hansısa bəyanat, kiminsə açıqlaması və ya telefon zəngi "dəmir yumruğ"u durdura bilməyəcək

 

"Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. 
Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir".
Müzəffər Sərkərdə kimi məğlub Ermənistana dəfələrlə xəbərdarlıq edən, onlara düşdükləri acınacaqlı durumdan çıxış yolu göstərən və sülh müqaviləsinin imzalanması ilə bölgədə təhlükəsizliyin təminatını istəyən İlham Əliyev bu kəskin bəyanatı ilə bir daha düşmənin, revanşist qüvvələrin canına vəlvələ saldı. Çünki Ermənistanda yaxşı bilirlər ki, İlham Əliyev bütün vədlərinə sadiq lider kimi səsləndirdiyi bütün bəyanatları, verdiyi sözü qısa zamanda reallığa çevirən qətiyyətli komandandır. 
Avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində Prezident bir daha Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi, Qarabağda yaşayan ermənilərə isə çıxış yolu göstərdi. 
İndi seçim Qarabağda yaşayan ermənilərdədir. Ya, getdikcə uçuruma yuvarlanan məğlub Ermənistanın vətəndaşlığında qalıb Azərbaycan torpaqlarından getməli, ya da qalib dövlətin vətəndaşlığını qəbul edib ölkəmizin ərazisində yaşamalıdırlar... 

 

"Qisas" əməliyyatı Ermənistan üçün cəza tədbiri idi

 

Bu bir həqiqətdir ki, İlham Əliyev müharibədən sonra bütün çıxışlarında Ermənistanı sülh müqaviləsini imzalamağa çağıraraq məğlub ölkənin xeyrinə olan təkliflər səsləndirir, düşdüyü bataqlıqdan çıxış yolu da göstərir. Bununla yanaşı, qalib ölkənin qətiyyətli lideri kimi 10 noyabr üçtərəfli Bəyanatın müddəalarında nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirərək doğru-düzgün əməlini ortaya qoyur. 
Lakin müharibədə cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb yalvaran Ermənistan nə öhdəliyini yerinə yetirir, nə də sülh müqaviləsi imzalamağa can atır. Hələ bu azmış kimi təxribatlara da əl ataraq sabitliyi pozub ara qarışdırmağa çalışır. Bu da haqlı olaraq Azərbaycanın ciddi etirazına səbəb olur. Qalib dövlət kimi Azərbaycan baş verən istənilən təxribata adekvat cavab verir. Necə ki, sonuncu "Qisas" əməliyyatı kimi.
Prezident İlham Əliyev müsahibəsində bu məsələyə aydınlıq gətirərək dedi ki, ermənilərin sonuncu təxribatı zamanı Azərbaycan Ordusunun bir şəhid verməsi bu əməliyyatın keçirilməsinə rəvac verib. Hər zaman olduğu kimi şəhidimizin qanı yerdə qalmadı. Yəni, "Qisas" əməliyyatı Ermənistan üçün cəza tədbiri oldu. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab eyni olacaq və heç kim Azərbaycana mane ola bilməz, heç kim "dəmir yumruğ"u durdura bilməz: "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq". 
"Qisas" əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi İlham Əliyev tərəfindən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi. Ona görə də prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Əgər məğlub ölkə bir daha çirkin əməllərindən əl çəkməsə, bu, onlara çox ağır başa gələcək. Əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, ermənilər peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər.
Azərbaycan sülhün tərəfdarıdır. Artıq Qarabağ münaqişəsi bitib və gələcəyə, regionun təhlükəsizliyinə, inkişafına diqqət yetirməyin vaxtıdır: "Yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir! Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq".

 

"Səbrimizi sınağa çəkməsinlər!"

 

Hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda öz gücünə yenidənqurma işlərini reallaşdırır. Zəngəzur dəhlizinin açılması istiqamətində çox mühüm layihələr həyata keçirilir. Amma Ermənistan yenə də bu prosesdə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Müxtəlif bəhanələr gətirərək Azərbaycanı yenə qıcıqlandırır. 
İlham Əliyev bildirdi ki, Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər həmin ərazilərdən çıxmaq üçün Azərbaycandan avqustun sonuna qədər vaxt istəyiblər: "Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir". 
Orada yaşayanların müxtəlif fikirlər səsləndirməsi vəziyyəti yenə də gərginləşdirir. Azərbaycan Prezidenti həmin şəxslərə səslənərək "Yenə də bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır", - deyə bəyan edib. 
Azərbaycan üzərinə götürdüyü öhdəliklərinə sadiqdir. Azərbaycan Laçın yolunu da açıb, digər addımları da öhdəliklər əsasında atıb. Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. İlham Əliyev də qəti şəkildə bəyan etdi ki, Ermənistanın başqa yolu yoxdur, vaxt uzatmaq bu ölkəyə heç nə verməyəcək. Çünki bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Azərbaycanın həm hərbi, həm iqtisadi, həm də siyasi gücü, çəkisi gündən-günə artmaqdadır. Ermənistan isə faktiki olaraq təklənibdir. Ona görə ki, dünya bu ölkənin haqsız olduğuna şahidlik edir. 
Hətta bu vəziyyətdə ola-ola yenə də işğalçı ölkənin Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi gülüş doğurur. İlham Əliyev bütün çıxışlarında bu məsələyə də toxunaraq vurğulayıb ki, Ermənistan ərazi iddialarından əl çəkməlidir. Əgər bu, baş verməsə, Azərbaycan da ərazi iddiası qaldıra bilər. Ona görə vaxt uzatmaq onlara bir şey verməyəcək.

 

Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də ki, hansısa xüsusi imtiyazı olacaq

 

Prezident müsahibəsində qeyd etdi ki, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Müzakirə mövzusu yalnız Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsidir. 
İlham Əliyevin bu məsələdə mövqeyi ortadadır. Prezident bəyan edib ki, Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ermənilər də yaxşı bilirlər ki, İlham Əliyev verdiyi vədin, sözün hər zaman arxasında duraraq onu reallığa çevirən liderdir. 
Azərbaycan Prezidenti bir daha Qarabağda yaşayan ermənilərə səslənərək bildirdi ki, bu məsələdə düzgün addım atsınlar. Çünki onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil: "Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə". 
Azərbaycan Prezidenti bir daha Ermənistan rəhbərliyinə mesaj göndərərək dedi ki, müharibə artıq bitib və Qarabağ münaqişəsinə son qoyulub. İndi sülh danışıqlarına başlamağın vaxtıdı. Hələ ki qarşı tərəfdən müsbət cavab alınmasa da, Azərbaycan ümid edir ki, tezliklə bu, baş verəcək. Çünki indi diktəni qalib dövlət edir. Azərbaycanın gördüyü işlər isə Ermənistanın da xeyrinə işləyir. Əgər Zəngəzur dəhlizi açılarsa, sülh sazişi bağlanarsa, Ermənistan düşdüyü acınacaqlı vəziyyətdən qurtula, ölkə iqtisadiyyatındakı sürətli tənəzzül müsbətə doğru dəyişə bilər.
Bir sözlə, İlham Əliyevin qətiyyətli fikirlərindən Ermənistan rəhbərliyi və revanşist qüvvələr dərs çıxarmalıdırlar. İstənilən təxribat bu ölkə üçün ağır fəlakət olacaq. Bir də ki, qalib sərkərdənin söylədiyi kimi, Ermənistan tarixi yenidən yazmaq cəhdlərindən də çəkinməlidir, çünki tarix Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusu tərəfindən artıq yazılıb. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video