31 Iyul 2024 09:10
118
İQTİSADİYYAT
A- A+

"Kiber Diaspor" uğurla fəaliyyət göstərir

 

Azərbaycan "Milli Kibertəhlükəsizlik İndeksi"nin reytinq cədvəlində 17-ci pillədə qərarlaşıb

 

İnformasiya texnologiyaları və onlardan təhlükəsiz istifadənin tənzimlənməsi dövlətimizin bu sahədə yürütdüyü üstün siyasətin prioritet istiqamətlərindən biridir. Əgər əvvəllər informasiya texnologiyalarına nəzarət və baxış fərqli, bir qədər yayğın idisə, üzləşəcəyimiz kiberfəlakətlərin miqyası indiki qədər düşünülmürdüsə, müəyyən qurumlar vəzifələri bölüşüb iş aparırdılarsa, 2023-cü ilin sentyabrından məsələlər daha dəqiq, günün tələbləri səviyyəsində, mərkəzləşmiş, yeni normativ-hüquqi aktlarla tənzimlənərək inkişaf edir.

Məlum olduğu kimi, ötən il avqustun 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası"nı təsdiq etmişdir. 8 bölmədən ibarət bu vacib sənəd ciddi məqamları vurğulayır, qlobal trendləri, mövcud vəziyyətin təhlilini, hədəf göstəricilərini, məqsədləri, prioritet istiqamətləri, təhdidlərin müəyyənləşdirilməsini və risklərin idarə edilməsini, maliyyələşdirmə mexanizmlərini göstərir. Strategiyada açıq formada yazılır ki, o, dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir.

Strategiyanın üçüncü bölməsində Azərbaycanın informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində keçdiyi yola nəzər salınır, görülmüş bir çox hüquqi və təşkilati tədbirlər göstərilir, üzv olduğumuz aidiyyəti beynəlxalq konvensiya və proqramlar sadalanır. Ölkəmizin 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış "Kibercinayətkarlıq haqqında" konvensiyaya qoşulmasından tutmuş, "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli fərmanı, informasiya təhlükəsizliyi məsələlərinə məsul qurumlar - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi, "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli fərmanı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin bazasında müstəqil olaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılması və sair məsələlər xatırlanır. 19 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınmış Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) da kibertəhlükəsizlik və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ekspert, şirkət və təşkilatların vahid platformasıdır. Assosiasiyanın əsas məqsədlərini ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, kibertəhlükəsizliyin təmini sahəsində həyata keçirilən tədbirlərin əlaqələndirilməsinə və müvafiq sahənin inkişafına təkan verilməsi təşkil edir. Kibertəhlükəsizliyin təmini ilə əlaqədar layihə və proqramların hazırlanması, müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin işlənməsi və tədbirlərin həyata keçirilməsinə töhfələr, milli, elmi-texniki və kadr potensialının gücləndirilməsinə dəstək, sözügedən yöndə ölkədaxili, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə ixtisaslaşmış yerli və xarici fiziki və hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək, eləcə də İKT üzrə maarifləndirmə və məlumatlandırmanı həyata keçirmək, ölkədə kibertəhlükəsizlik mədəniyyətinin inkişafına çalışmaq qurumun əsas fəaliyyət istiqamətləridir.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının cari ilin 6 ayı üzrə açıqladığı hesabatda da bu qəbildən məsələlər öz əksini tapır. Sənədə əsasən, həmin dövr ərzində AKTA-nın sıralarına qoşulmaq üçün ümumilikdə 62 müraciət ünvanlanıb və 20 subyekt üzvlüyə qəbul edilib. Hazırda 55-i hüquqi şəxs olmaqla assosasiya üzvlərinin sayı 128-ə çatıb. Habelə AKTA-nın veb-saytında üzvlər üçün şəxsi elektron kabinet, o cümlədən elektron məhsul və xidmətlər kataloqu yaradılıb, kibertəhlükəsizlik məhsul növü üzrə alt-kateqoriyalar, zəruri sorğu bölmələri əlavə edilib və hazıradək kataloqda 30 məhsul və xidmətə dair məlumatlar yerləşdirilib. Həmin müddətdə ölkə xaricində İT və kibertəhlükəsizlik sahəsində çalışan peşəkar həmyerlilərimizin qlobalmiqyaslı virtual icması və şəbəkələşmə platforması olan "Kiber Diaspor" yaradılıb. Əlavə olaraq, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahələri üzrə mövcud məsələ və problemlərin müzakirə edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, həmçinin təklif, tövsiyə və sənədlərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə AKTA üzvü olan hüquqi şəxsləri təmsil edən ekspertlər və müstəqil AKTA ekspertlərindən ibarət 4 komitə fəaliyyətə başlayıb.

Maarifləndirmə və kadr potensialının gücləndirilməsinə dəstək məqsədilə AKTA tərəfindən bir sıra müxtəlif tədbirlər (forum, konfrans, seminar, vebinar, yarış, təlim və s.) keçirilib və bu tədbirlərə 2 min nəfərdən artıq iştirakçı qatılıb. O cümlədən 15 ölkədən 400 nəfərdən artıq iştirakçının cəlb edildiyi, 30-dan artıq çıxışçıdan ibarət 5 panel müzakirəsinin, habelə texnoloji sərginin baş tutduğu III Milli Kibertəhlükəsizlik Forumu təşkil olunub.

Bununla yanaşı, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 40-dan çox müxtəlif yerli və beynəlxalq şirkət və təşkilatla görüş və müzakirələr baş tutub, AKTA nümayəndələrinin xarici ölkələrə dörd işgüzar səfəri reallaşıb. Ali təhsil müəssisələri və ölkənin 15 ali təhsil ocağında yaradılmış kiberklublarla əlaqələr davam etdirilib, həmçinin üç ali təhsil müəssisəsi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

AKTA tərəfindən həmçinin tədqiqat və inkişaf istiqaməti üzrə də bir sıra layihə və tədbirlər icra olunub. Ölkənin qlobal kibertəhlükəsizlik reytinqlərində mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş müvafiq fəaliyyət nəticəsində, indiyədək 53 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi "Milli Kibertəhlükəsizlik İndeksi"nin ("National Cybersecurity Index") reytinq cədvəlində Azərbaycan 70,83 balla 17-ci pillədə qərarlaşıb. Vurğulayaq ki, bu, indiyədək qazanılmış ən yüksək göstəricidir.

Eyni zamanda ölkədə kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi məqsədilə "Milli Kibertəhlükəsizlik İndeksinin" yaradılması üzrə layihə çərçivəsində işlər davam etdirilir. Əlavə olaraq, "İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması" adlı qrant layihəsi çərçivəsində İnformasiya təhlükəsizliyi ixtisası üzrə fənn sillabusları, üç çap və üç elektron tədris metodiki vəsait (3 fənn üzrə) hazırlanaraq müvafiq təhsil müəssisələrinə təqdim edilib və 10 ali təhsil ocağında təlimlər həyata keçirilib.

 

Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video