27 Fevral 2026 08:15
215
SİYASƏT
A- A+
İzləri silinsə də, acıları silinməyəcək

İzləri silinsə də, acıları silinməyəcək


Müharibələr, soyqırımları qan tökülməsi deməkdir. Tökülən bu qanlar hər kəsi sarsıdır. Onun ağrı-acıları heç vaxt unudulmur, əbədi olaraq tarixin səhifələrinə hopub qalır, sağalmayan yaralara çevrilir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı da belə faciələrdəndir.   

Erməni silahlı dəstələri keçmiş ittifaqın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikasının və şəxsi heyətinin yaxından köməyi ilə həmin müdhiş gecə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə güclü artilleriya atəşlərindən sonra bir neçə istiqamətdən Azərbaycanın qədim şəhəri olan Xocalı üzərinə hücuma keçdilər. Bir an içində işğalçıların güllələri, mərmiləri Xocalının, onun sakinlərinin üzərinə dolu kimi yağdı. Atılan mərmilər evləri yandırdı, heç bir günahı olmayan dinc sakinlərin ömrünə son qoydu. Xocalı yerlə-yeksan edildi və insanların gülləbaran olunduğu həmin gecə dünya tarixinə Xocalı faciəsi kimi yazıldı. Beynəlxalq aləm bir daha erməni vəhşiliyinə, erməni barbarlığına şahidlik etdi. 

1988-ci ildən Qarabağda kök salmış erməni separatçıları Xocalı  soyqırımından əvvəl Xocavəndin Qaradağlı, Xocalının Meşəli, Kəlbəcərin Ağdaban kəndlərində və başqa bölgələrdəki yaşayış məntəqələrində onlarca dinc sakini qətlə yetirmişlər. Ürək dağlayan odur ki, qəsbkarlar törətdikləri bu soyqırımlarına, faciələrə görə heç bir cəza almamışlar. Buna görə də erməni separatçıları daha da quduzlaşmış, ayaqları yer almışdır, Qarabağın digər şəhər və kəndlərinə hücum etməyə başlamışdılar. 

Tarixə diqqət yetirəndə məlum olur ki, bu, erməni separatçılarının Xocalıda azərbaycanlılara qarşı törətdikləri ilk qətliam deyil. Ötən əsrdə onlar Azərbaycanın bu gözəl diyarında 3 dəfə etnik təmizləmə aparmış, günahsız insanların qanlarını tökmüş, kəndləri və şəhərləri dağıtmışlar. Birinci soyqırımı dalğası 1905-1906-cı illər erməni-müsəlman qarşıdırması dövründə baş verib. İkinci soyqırımı 1918-1920-ci illərdə  ermənilərin yenidən Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər zamanı törədilib. Amma həmin illər ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları xalqdan gizlədilib, tarix kitablarına salınmayıb. Buna görə də böyüməkdə olan nəsillər bu qanlı hadisələrdən xəbərsiz olublar. Bununla bərabər, daşnaklar cəzasız qalıblar. Üçüncü isə 1992-ci ilin Xocalı soyqırımıdır. 

Xocalı soyqırımı ilə bağlı kifayət qədər şahid ifadələri, danılması mümkün olmayan sənədlər, şəkillər var. Təkcə Azərbaycan jurnalistlərinin deyil, eləcə də həmin günlərdə bir çox xarici ölkədən gəlmiş mətbuat nümayəndələrinin çəkdikləri fotoşəkillər, videogörüntülər, qələmə aldıqları yazılar da erməni işğalçılarının Xocalı torpağında azərbaycanlılara qarşı soyqırımı törətdiyini təsdiq edir. 

Soyqırımı baş verən gecə şəhəri tərk etməyə məcbur qalmış əhali dağlara, meşələrə qaçmaq istəmişdi. Amma dağlarda, meşələrdə gizlənmiş silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşlar. Soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşmüş, girov götürülmüşdür. Erməni silahlılarından yayınıb meşələrə, dağlara qaçanların bir çoxu da soyuqdan, şaxtadan donmuşdur.

Xocalı faciəsinə hüquqi-siyasi qiymət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Ümummilli Lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda fərman imzaladı. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. Yalnız bundan sonra Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərdilər.

2003-cü ildə xalqın böyük dəstəyi ilə Prezident seçilən İlham Əliyev Xocalı faciəsinin tanıdılması üçün daha geniş miqyasda addımlar atdı. Dövlətimizin başçısı iştirak etdiyi bütün beynəlxalq səviyyəli tədbir və görüşlərdə Xocalı faciəsi ilə bağlı təkzibolunmaz faktları iştirakçıların diqqətinə çatdırdı. Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü münasibətilə xalqımıza müraciətlərinin birində demişdir: "Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur".

Üstündən illər ötüb keçsə də, Xocalı faciəsi onun ağrı-acılarını yaşamış sakinlərin, o qanlı hadisələrin şahidi olmuş insanların yaddaşından heç vaxt silinməyəcək. Əbədi olaraq yaddaşda yaşayacaq, gələcək nəsillərə çatdırılacaq. 

Soyuq bir gecədə o dəhşətli hadisələri görənlərin, qorxu və ağrı-acılarla dolu anlar yaşayanların danışdıqlarına ürək ağrısı ilə qulaq asırıq. Xocalı sakini Lamiyə Qarayeva deyir ki, soyqırımı baş verən günədək Xocalı ermənilərin mühasirəsində idi: "Gediş-gəliş tam məhdudlaşdırılmışdı. Biz həmin vaxtlar ancaq zirzəmilərdə qalırdıq. Silahlar susmurdu, hər gün atışma səsləri eşidirdik. Hər gün işğal təhlükəsi ilə yaşayırdıq. Xocalının qeyrətli oğulları könüllü olaraq şəhərin müdafiəsinə qalxmışdılar. Atam və dayım da onların arasındaydı. Həmin gecə onlar evə gəlib bildirdilər ki, artıq düşmən Xocalıya girib. Şəhəri tərk etmək lazımdır. Biz həmin gecə doğma ocaqlarımızdan çıxdıq. Təsadüf nəticəsində sağ qaldıq". 

Xocalı sakini Cəmil Məmmədovun isə başına gələnləri yazmaq çox dəhşətlidir. Həmin gecə Cəmil Məmmədov nəvəsi ilə bir yerdə düşmən əlinə keçib. Cəlladlar onları tutandan sonra ciblərini gəzərək 14 min pulunu götürüblər, Naxçivanik kəndində tövləyə salaraq 4 gün ac-susuz saxlayıblar. Sonra Əsgərana gətirib onu nəvəsindən ayırıblar. Ermənilər ailəsindən nigaran qalan Cəmil Məmmədovun başına olmazın müsibət açıblar. Əsirlikdə olduğu müddətdə onun ayaq dırnaqlarını çıxarıblar. Çox zülm verəndən sonra bir erməni ilə dəyişiblər.

Ermənilərin Xocalı soyqırımı zamanı şəhər sakinlərinə göstərdikləri qəddarlıq, amansızlıq sərhəd tanımır. Həmin müdhiş gecədə insan qanına susamış erməni işğalçıları əsirlərə olmazın işgəncə veriblər. Şəhər sakinlərini həyatda ən şirin nemət olan işıqdan məhrum etdikdən sonra amansızcasına qətlə yetiriblər. Belə vəhşilik, belə amansızlıq dünyanın heç bir yerində, heç bir zaman görünməmişdir. 

Şəhər sakini Fitat Həsənova deyir ki, onu döyəndən sonra əl-qolunu bağlayıb gözlərini çıxarıblar. Xocalı sakini Məhruzə Məmmədovaya da ağır işgəncə verəndən sonra onu gözlərindən məhrum ediblər. Bundan sonra kor və köməksiz qalan qadının burnunu və döşlərini kəsiblər. 

Atalar yaxşı deyib ki, qisas qiyamətə qalmaz. Xocalı soyqırımında şəhid olan insanların da qisası yerdə qalmadı. Daim gücünü, qüdrətini artıran rəşadətli Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri 2023-cü il sentyabrın 19-20-də Qarabağda uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri erməni separatçılardan təmizləndi. Erməni vandalizminə, erməni işğalına son qoyuldu. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Qarabağa səfəri zamanı erməni işğalından azad olunmuş başqa şəhərlərimiz kimi, Xocalıda da Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün Azərbaycan bayrağının Xocalıda dalğalanması faciə qurbanlarının qanının yerdə qalmadığını dünyaya nümayiş etdirir. 

Hazırda Xocalıda böyük quruculuq və abadlıq işləri aparılır. Erməni soyqırımı nəticəsində doğma ocaqlarından didərgin düşmüş sakinlər sevinc içində ata-baba yurdlarına qayıdırlar. İnsanlarla bərabər, torpağın da üzü gülür. Xocalıya həyat yenidən qayıdır, işğalın ağrıları, acıları silinir, amma unudulmur və unudulmayacaq da.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İraqlı tədqiqatçı: Xocalı qətliamı beynəlxalq humanitar hüququn prinsiplərinə qarşı yönəlmiş ağır cinayətdir  

10:06
27 Fevral

Türkiyənin Rusiyadakı səfiri: Biz hər zaman Can Azərbaycanın yanındayıq

09:57
27 Fevral

Oman süni yağış stansiyaları şəbəkəsini genişləndirir

09:56
27 Fevral

Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayılın Horovlu kəndinə köç karvanları yola düşüb  

09:35
27 Fevral

Unutqanlığı gecikdirmək mümkündür

09:35
27 Fevral

Ötən il ölkə əhalisinin sayı 37,4 min nəfərdən çox artıb

09:30
27 Fevral

Memarlıq abidələrimizin yorulmaz tədqiqatçısı

09:25
27 Fevral

Qılınc kəsməyəni hiylə kəsdi

09:20
27 Fevral

Yardımlıda sahibkarlar və KOBİA bir araya gəldilər

09:15
27 Fevral

Çobanların halal yurdu

09:10
27 Fevral

Xocalı soyqrımının qurbanları anılıb

09:05
27 Fevral

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişin ünvanı

09:00
27 Fevral

Dayanıqlı və davamlı su strategiyası

08:55
27 Fevral

I Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ idi

08:50
27 Fevral

İrəvan seçki prosesini hibrid müdaxilədən qorumaq istəyir

08:45
27 Fevral

Antimilli ünsürlərin xisləti 

08:40
27 Fevral

Milli maraqları uğurla təmin edən enerji siyasəti 

08:35
27 Fevral

Sülhün iqtisadi formulu 

08:30
27 Fevral

Azərbaycan-ABŞ münasibətləri: 34 illik tarixin yüksəliş dövrü

08:25
27 Fevral

"Xocalı: Zamanın dayandığı an!"

08:20
27 Fevral

İzləri silinsə də, acıları silinməyəcək

08:15
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!