Biz hər il 400 milyon ton plastik istehsal edirik və gözlənilir ki, bu rəqəm 2060-cı ilə qədər üç dəfə artsın. Təkcə bu fakt özü kifayət qədər qorxuludur. Həmin plastik tullantıların təxminən 40 faizi birbaşa qablaşdırma ilə bağlıdır. İndiyədək plastikin cəmi 9 faizi təkrar emal olunub, yəni 90 faizdən çoxu emal edilmir. Onun təxminən 80 faizi zibilxanalara və su hövzələrinə düşür, təxminən 10 faizi isə yandırılır. Bu vəziyyət xüsusilə su və dəniz ekosistemləri üçün son dərəcə dağıdıcıdır.
AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, dünyada “Böyük Sakit okean zibil sahəsi” adlanan maraqlı bir fenomen mövcuddur: “Okean cərəyanları Amerikadan, Şərqi Asiyadan, Latın Amerikasından gələn plastik tullantıları toplayaraq, Havay və Kaliforniya arasında yerləşən mərkəzi bir əraziyə yığır. Bu nəhəng zibil sahəsində 100 min tondan çox plastik və təxminən 1,8 trilyon plastik hissəcik mövcuddur.
Onun sahəsi Fransanın ərazisindən 3 dəfə böyükdür. Həmin sahə hər il daha da böyüyür. Mikroplastiklər say baxımından ümumi kütlənin böyük hissəsini təşkil edir. Bunlar çox kiçik hissəciklərdir və onların ətrafında köhnə balıq torları kimi daha iri tullantılar da toplanır.
Nəticədə hər il təxminən 100 min dəniz məməlisi və milyonlarla dəniz quşu bu tullantıları udaraq məhv olur. Artıq bu mikroplastiklərin qida zəncirinə daxil olduğunu, balıqlar vasitəsilə insan orqanizminə keçdiyini müşahidə edirik.
Hətta bu yaxınlarda ABŞ Milli Elmlər Akademiyasında olarkən qeyd olundu ki, çoxlu balıq istehlak edən insanların beyinlərində belə, mikroplastik hissəciklər aşkar edilir. Bu isə artıq qəti və təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini göstərir. Sadəcə düşünün: bu gün eşitdiyimiz bütün problemlər 2060-cı ilə qədər üç dəfə artacaq. Əgər biz tədbir görməsək, hazırda şahidi olduğumuz dağıdıcı təsirlər daha da genişlənəcək".