Azərbaycanda akkreditə olunmuş diplomatik
korpus nümayəndələrinin sentyabrın 11-12-də işğaldan azad olunmuş ərazilərə
sayca 22-ci səfəri Azərbaycanın bölgədəki reallıqlarını beynəlxalq ictimaiyyətə
birbaşa göstərmək baxımından mühüm hadisədir.
Lakin Ermənistan mediasının səfərə reaksiyası
bir daha göstərdi ki, İrəvanın müəyyən dairələri hələ də yeni reallığı qəbul
etmək istəmir. Konstruktiv məqsədə xidmət edən səfərin ətrafında siyasi
ittihamlar, tarixi manipulyasiyalar və Qərb diplomatlarına qarşı hücumlar təşkil
edilib.
Əgər Ermənistan həqiqətən Azərbaycanla sülhə
hazırdırsa, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə diplomatik səfər
niyə belə aqressiv reaksiya doğurur?
Erməni mediasının bir hissəsinin Fransa, ABŞ və
Avropa İttifaqının nümayəndələrini daha çox hədəfə alması xüsusilə diqqət çəkir.
Diplomatların Şuşada keçirilən tədbirdə iştirakı, yerli mədəni proqramlara
qoşulmasını siyasi qalmaqala çevrirmək heç bir məntiqə sığmır. Çünki burada
söhbət Azərbaycanın suveren ərazilərindən gedir. Ermənistan isə rəsmi səviyyədə
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Görünən
budur ki, Ermənistanın sülh sənədlərində və siyasi bəyanatlarda yeni reallıqla
bağlı mövqeyi səmimi deyil.
Ermənistan mediasının “işğal olunmuş Artsax”
kimi cəfəng ifadələrdən istifadə etməsi onların əsl simasını göstərir.
Azərbaycanın tarixi torpaqlarını qondarma
terminlərlə adlandırmaq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan
2023-cü ilin sentyabrından sonra ərazi üzərində tam suverenliyini bərpa edib və
beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyüdür.
Ermənistan hakimiyyəti son dövrlərdə Qarabağ məsələsinin
Ermənistanın xarici siyasət gündəliyində yer almadığını bildirir. Lakin Ermənistanın
media və ekspert məkanında “Artsax” sayıqlamasının yenidən gündəmə gəlməsi müəyyən
suallar yaradır.
Diplomatların Gəncəsər və Xudavəng
monastırlarına səfərindən sonra Ermənistan mediasında “tarixin
saxtalaşdırılması”, “albanlaşdırma”, “mədəni soyqırım” kimi ifadələrin önə
çıxarılması isə absurddur.
Bütün dünya Azərbaycanı multikural ölkə, bütün
dinlərin və xalqların nümayəndələrinin dinc şəraitdə yaşadığı məkan kimi
tanıyır və qəbul edir.
Azərbaycan bölgədəki dini və tarixi abidələri
onların mənşəyindən asılı olmayaraq qorumağa davam edir.
Ermənistan isə bu reallığı həzm edə bilmir. Elə
bu ölkənin sülh prosesinə münasibəti də məhz bu qərəz kontekstində qiymətləndirilməlidir.
Sülh həm də ictimai və siyasi şüurda müharibənin
yaratdığı qarşıdurmadan imtina etməkdir. Əgər bir tərəfdən Azərbaycanla sülh
sazişi haqqında danışır, digər tərəfdən isə ərazi bütövlüyünü şübhə altına alan
mövqe sərgilənirsə, burada real sülhpərvər mövqedən söhbət gedə bilməz.
Ermənistan revanşist ritorikadan əl çəkməlidir.
Ermənistan diplomatik korpus nümayəndələrinin
Qarabağa səfərinə etiraz etmək əvəzinə, Azərbaycanla sülh prosesinin praktiki nəticələrini
müzakirə edə, humanitar məsələlər, mədəni irsin qorunması və regional əməkdaşlıq
haqqında konstruktiv mövqe ortaya qoya bilərdi. Amma bunun əvəzinə diplomatlar
hədəfə alınır, dini abidələr üzərindən yeni qarşıdurma yaradılır.
Sülh istəyən tərəf gələcəyə baxmalıdır. Bunun
üçün isə ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ətrafında
yaradılan siyasi manipulyasiyalara son qoyulmalı, Qarabağ mövzusu revanşizm
üçün alətə çevrilməməlidir.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı