COP29-da dünya bunun şahidi olacaq
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinin qərara alınması Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakından və dünyada artan nüfuzundan xəbər verir. Bu qərar həm də beynəlxalq ictimaiyyətin ölkəmizin ekoloji sahədə həyata keçirdiyi tədbirlərə verdiyi ən böyük dəstək və qiymətdir.
Prezident İlham Əliyev COP29-la bağlı keçirdiyi ilk müşavirədə demişdir: "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".
Azərbaycanın indiyə kimi beynəlxalq tədbirlərə evsahibliyi etməkdə böyük təcrübəsi var. Daha əvvəl evsahibliyi etdiyimiz Beynəlxalq Astronavtika Konqresi, Qoşulmama Hərəkatının iclası, humanitar forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər tədbirlərdə ölkəmiz yüksək standartlar tətbiq edib. Başqa sözlə desək, öz modelini yaradıb. Heç şübhəsiz ki, COP29-da da belə olacaq - dünya iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modelinə şahidlik edəcək. Təxminən 8 ay sonra işə başlayacaq sessiya iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və tərəflər arasında əməkdaşlığa imkan verəcək. Əksər dünya ölkələrinin dövlət və hökumət başçılarının, rəsmilərinin, tanınmış şəxslərinin iştirakı gözlənilən COP-un Bakı sessiyasında ekoloji çağırışların həll yolları, inkişaf tendensiyaları əsas müzakirə mövzularından olacaq.
Bu gün temperaturun qlobal səviyyədə artması səbəbindən hava şəraiti dəyişib, tez-tez təbii fəlakətlər baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri də yaradıb. O səbəbdən dünyanın başı üzərini alan iqlim dəyişikliyi adlı bir kabusun fəsadlarını aradan qaldırmağın yolları hər gün axtarılır. COP-a bənzər beynəlxalq tədbirlərin keçirilməsi üzərində də iş gedir.
BMT-nin dəstəyi ilə qarşıdakı yaxın illər Qazaxıstanda bu məqsədlə iki böyük iqlim sammiti keçirilməsi qərara alınıb. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bu barədə ölkəmizə səfər ərəfəsi "Azərbaycan" qəzetinə və APA-ya verdiyi müsahibəsində deyib: "Hazırda üzləşdiyimiz bütün çətinliklərdən bəlkə də ən əhəmiyyətlisi iqlim dəyişikliyidir. Mərkəzi Asiya bu problemlə mübarizədə ön sıralarda yer alır. Hətta 2050-ci ilə qədər qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfinə çatsaq belə, hansı ki, getdikcə daha çətin görünür, biz Mərkəzi Asiyada 2-2,5 dərəcə temperatur artımı ilə üzləşəcəyik. Biz su ehtiyatlarının tükənməsi prosesindən narahatıq. Mərkəzi Asiyada quraqlıq və daşqınlar geniş miqyasda ziyan vuracaq və kənd təsərrüfatı sahəsinin məhsuldarlığı 30 faiz azalacaq. İqlim dəyişikliyinin yaratdığı risklərin nəticəsində 2050-ci ilə qədər təxminən 5 milyon daxili miqrant olacaq. Bu amillər birbaşa və ya dolayısı yolla dövlətlərimizin davamlı inkişafına ciddi təhlükə yaradır". Qazaxıstan 2026-cı ildə BMT çərçivəsində Mərkəzi Asiya Regional İqlim Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Kasım-Jomart Tokayev müsahibəsində Azərbaycanı bu tədbirdə əsas qonaq qismində görməkdən şad olacağını bildirmişdir: "İnanıram ki, bu təşəbbüs səmərəli iqlim siyasətinin irəliləməsinə kömək edəcək və Mərkəzi Asiya ölkələrində davamlı enerjiyə keçidi sürətləndirən investisiyaların cəlb edilməsini asanlaşdıracaq. Sammit regionda karbon tullantılarının azaldılması üçün birgə strategiyaların qəbuluna imkan verəcək. Ölkəmiz MDB məkanında ilk ölkələrdən biri kimi iri enerji, neft-qaz, sənaye, kimya və dağ-mədən sənayesi müəssisələrini özündə birləşdirən istixana qazı emissiyaları üçün limit və ticarət sistemini işə salıb. Biz Azərbaycanın MDB məkanındakı türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə evsahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq. Bu baxımdan bizim qlobal miqyasda iri ekoloji tədbirlərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənmək üçün gözəl imkanımız var və lazımi yardımı göstərməyə hazırıq".
Dost ölkə Prezidentinin fikirlərini belə inamla söyləməsinin kökündə Azərbaycanın üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə və COP29-u ən yüksək səviyyədə keçirəcəyinə şübhə etməməsi dayanır. Cənab Tokayev haqlıdır. Çünki hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub.
Təəssüf hissi ilə qeyd etməliyik ki, hər il COP kimi konfrans keçirilsə də, dünyanın hegemon dövlətləri bəşəriyyəti təhdid edən ekoloji problemlərin aradan qaldırılmasına bir çox halda biganə yanaşırlar. Belələri qlobal problemdən ağızdolusu danışsalar da, hətta götürdükləri öhdəliklərə əməl etmirlər. Ölkəmiz isə hər zaman olduğu kimi, bu işdə də öz missiyasını ləyaqətlə yerinə yetirir, COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsinin də əsas səbəbi budur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"