Koronavirus pandemiyası nəticəsində dünyada təchizat zəncirinin qırılmasının hansı fəsadlar doğurduğu məlumdur. Təkcə bunu qeyd edək ki, pandemiya qadağaları üzündən bir çox ölkələr vaxtında buğda ilə təmin olunmadığı üçün ciddi problemlə qarşılaşmışlar. Hətta o dərəcədə ki, indi də bu problemi aradan qaldırmaq üçün yollar axtarırlar.
Bir tərəfdən də pandemiyadan az gərginlik yaratmayan Rusiya-Ukrayna savaşı. Buna görə hazırda iri istehsalçı dövlətlər, ilk növbədə Çin yeni və etibarlı marşrutların yaradılmasına təşəbbüs göstərir. Bu ölkə yüklərin önəmli hissəsini Rusiya və Ukrayna üzərindən Avropaya ixrac edirdi. İki ölkə arasında baş verən münaqişə nəticəsində indi bu nəqliyyat marşrutundan istifadə dayandırılıb. Münaqişənin nə vaxt bitəcəyini və iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin nə vaxt bərpa olunacağını bilən yoxdur.
Yaranmış çətin vəziyyətdən çıxış yolu kimi yenidən trans-Xəzər marşrutuna üstünlük verilməyə başlanıb. Bu dəhliz yüklərin tez və təhlükəsiz daşınması üçün ən etibarlı vasitədir, həmçinin bu marşrutun texniki imkanları yüksəkdir. Xüsusilə Azərbaycan dövlətinin vaxtında gördüyü işlər sayəsində marşrut üzrə ildə milyonlarla ton yük daşımaq mümkündür. Belə ki, ölkəmiz dəniz üzərindən istənilən yüklərin daşınması üçün güclü bərə yük gəmiləri donanmasına malikdir. Digər tərəfdən, bizdə yükləri qəbul edib tez yola salmaq imkanı olan dəniz limanları var. Belə imkanlar Asiya və Sakit okean regionu ölkələrinin də trans-Xəzər marşrutuna olan marağını artırıb. Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması layihəsinin iştirakçı ölkələri bu dəhlizlə yük daşımaları üçün güzəştlərin tətbiqi barədə razılığa gəliblər.
Bu barədə məlumat verən "Kyrğyz Temir Zholu" şirkətinin direktor müavini Dastan Usubakunov bildirib ki, layihə Çindən Avropaya qarışıq yük daşımalarının həyata keçirilməsini nəzərdə tutur. Layihəyə uyğun yüklərin böyük hissəsinin konteyner qatarlarla daşınması planlaşdırılır. Qeyd edək ki, bu ilin mart ayında layihə iştirakçısı olan ölkələr Daşkənddə yüklərin fasiləsiz daşınmasının təşkili, həmçinin iritonnajlı konteynerlərin daşınması üçün nəzərdə tutulmuş fitinq platformalarının vaxtında göndərilməsi və sözügedən beynəlxalq multimodal nəqliyyat dəhlizi üzrə tarif dəhlizi ilə bağlı razılıq əldə ediblər. Bu il iyunun 29-da digər məsələlər Bişkeş şəhərində keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə ediləcək. Onu da vurğulayaq ki, Azərbaycan trans-Xəzər nəqliyyat dəhlizində qovşaq ölkə olduğu üçün Çin ilə Avropanı birləşdirəcək multimodal nəqliyyat dəhlizində açar ölkə kimi önəmli rol oynayacaq.
Bəs trans-Xəzər marşrutuna bu qədər maraq göstərilməsinin səbəbi nədir? Birincisi, "Şərq-qərb" nəqliyyat dəhlizi bütün ölkələrin maraqlarına cavab verir. Belə ki, bu marşrut texniki, tarif, təhlükəsizlik baxımından yükgöndərən və yükqəbuledən tərəflər üçün sərfəlidir. Ən əsası isə bu dəhlizin çoxşaxəli olmasıdır. Yəni Azərbaycan üzərindən Gürcüstana, İrana, Zəngəzur dəhlizi ilə yüklərin Avropaya rahat daşınması mümkündür. Məsələn, Gürcüstan üzərindən Şərqi Avropa ölkələrinə, Türkiyə üzərindən Qərbi Avropa, Yaxın Şərqə və Şimali Afrikaya yükləri daşımaq sərfəlidir. Deməli, tərəflər istəklərinə uyğun marşrut seçmək imkanına malik olacaq,
Bu yerdə qeyd edək ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını yubatmasına cavab olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə İranla Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizinin açılması ilə bağlı imzalanan Anlaşma Memorandumu xüsusi əhəmiyyətə malikdir. Bu, həm Naxçıvana, həm də Türkiyəyə yüklərin daşınması üçün böyük imkanlar açır. Eyni zamanda trans-Xəzər marşrutunun şaxələnməsinə və ona olan marağın artmasına səbəb olur. Asiya və Sakit okean ölkələri - Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması layihəsinin icrası barədə təşəbbüs də bununla bağlıdır.
Prezident İlham Əliyevin istəyi ilə İran İslam Respublikası ilə Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizinin açılması barədə imzalanan Anlaşma Memorandumu trans-Xəzər marşrutunun beynəlxalq əhəmiyyətini daha da artırıb. Belə ki, yeni dəhlizlə gün ərzində 500 giriş və 500 çıxış olmaqla, gündə 1000 nəqliyyat vasitəsinin keçidi təmin olunacaq. Bu isə yükdaşımada böyük rəqəmdir və Çin başda olmaqla, bütün dövlətlər bundan məmnundur. Bir sözlə, yeni təşəbbüslərin və maraqların artması Azərbaycanın beynəlxalq tranzit ölkə kimi əhəmiyyətini artırır.
Azərbaycan beynəlxalq tranzit ölkə kimi statusunu artırmaq üçün lazım olan bütün tədbirləri görür. Bununla bağlı iyunun 9-da Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində Azərbaycanın tranzit imkanlarının genişləndirilməsinə dair məsələlər müzakirə olunub. İclasda beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxıcılıq imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə yükdaşımalar sahəsində iqtisadi səmərəliliyin artırılmasına dair müzakirə aparılıb.
Rüstəm KAMAL,
"Azərbaycan"