28 May 2023 09:05
1336
SİYASƏT
A- A+

İllərlə dağıdılıb, günlərlə tikilib-qurulan AĞDAM

 

Düşmənə çevrilən alçaq erməni ilk gülləsini 1988-ci ilin əvvəllərindən başlayaraq Ağdama atdı.
Çünki Ağdamı yaxşı tanıyırdı, bilirdi ki, ona qalib gəlməsə, Qarabağa yiyələnə bilməyəcəkdir.
Lakin ağdamlılar nə hədədən qorxdular, nə güllədən, nə də erməniyə arxa durub onu müdafiə edənlərdən!
O zaman torpağı müdafiə edənlərin silahı çomaq, dəhrə, balta, tək-tük də ov tüfəngi idi.

Tez-tələsik ermənilərin sözünü deyənlərin tapşırığı ilə ov tüfənglərini də yığdılar.
Ağdamlılar düşmən qarşısında əliyalın qaldılar.
Yenə geri çəkilmədilər, əksinə, arxalı düşmənin üstünə getdilər!
Elə vətənin ilk şəhid övladlarını da Əlinin və Bəxtiyarın simasında Ağdam verdi.

Şəhid qanı yerdə qalmasın, torpaq düşmən əlinə keçməsin deyə uzun və qanlı savaş başladı.
Nə yaxşı vətənin qeyrətli oğulları Ağdamı tək qoymadılar!
Azərbaycanın hər yerindən ürəklərinin hökmü ilə millətin qeyrətçəkəni kimi ona arxa durmağa gəldilər!
Bu yolda bir qismi şəhid də oldu!
Amma heç kim vətəni darda, arxasız, köməksiz, müdafiəsiz qoymadı!
Ağdamlılar o qəhrəmanları sevərək bağırlarına basdılar, igidlikləri ilə qürur duydular, şəhid gedənlərə gözyaşı axıtdılar.

Ov tüfənginin yığılmasından sonra Ağdama ikinci xəyanət AXC-Müsavat cütlüyündən gəldi.
Şuşada "armud ağacının qırılması" ilə Bakıdakı meydana çıxan cəbhəçilər az sonra "imperiya siyasətinin tənqidi"ni unudaraq hakimiyyət uğrunda mübarizəyə girişdilər.
Torpaqların müdafiəsi yaddan çıxdı.

Düşmən hücumlarının qarşısını kəsməli olan zirehli texnika, əliavtomatlı döyüşçülər Bakının küçələrində göründülər, Milli Məclisə hücumun önündə getdilər.
Boş qalan səngərlər, döyüşçüsüz qalan müdafiə mövqeləri düşmən əlinə keçdi.

AXC-Müsavatın iqtidara zorakılıqla gəlişi, şəxsi maraqlarının təmini yolunda törətdikləri əməllər, ölkədə yaratdıqları xaos, anarxiya və qanunsuzluq mühiti düşmənin əlinə işləyirdi...
Onların səriştəsizliyi və naşılığı ucbatından alovlanan vətəndaş müharibəsi isə diqqəti və ordunun imkanlarını daxili vəziyyətə yönəltdiyindən düşmən az vaxtda xeyli uğur qazanaraq ölkənin içərilərinə doğru irəlilədi.
Bu xəyanətin ağır nəticələri yalnız 44 günlük Vətən müharibəsində aradan qaldırıldı!
Həm də böyük igidlik və qəhrəmanlıqlarla! 
Bu gün bütün Azərbaycan Qarabağdır!

Müzəffər Ali Baş Komandanımız "Qarabağ Azərbaycandır və nida işarəsi" deyərək bütün Azərbaycanı Qarabağa çevirdi, həm torpaqlarımızı qaytardı, həm də hər bir şəhidimizin qisasını artıqlaması ilə aldı!
***
Ağdam uzun illər boyu, dayanmadan, mərhələlərlə dağıdıldı, talan edildi, ələ keçənlər Hayastana, İrana daşındı.
Əvvəlcə əhalinin aparmağa vaxt və imkan tapmadığı ev əmlakı yağmalandı:
* Xalça-palaz, qab-qaşıq;
* Bütün mebel - şifonerlər, servantlar, paltar şkafları, stol-stul, mətbəx mebelləri və s.;
* Yorğan-döşək, tül-pərdə, çarpayı örtükləri;
* Elektrik məişət cihazları, çil-çıraqlar;
* Sahibsiz evlərdə gözə dəyən, ələ keçən nə vardısa, hamısı.
Sonra keçdilər evlərə, binalara, digər tikililərə:
* Muzey eksponatları daşınıb aparıldı;
* Bina və evlərin damlarının dəmirləri söküldü;
* Döşəmələr, tavanlar, qapı və pəncərələr çıxarılaraq "taxta materialı"na çevrildi;
* Sonra keçdilər evlərin divarlarına, həyətlərin hasarlarına: ağ mişar daşından olanlar İrana daşındı, qopara bilmədiklərini isə partladaraq dağıtdılar;
* Şəhərin bütün küçələri başdan-başa qazıldı, dəmir borularla yerin altı ilə çəkilmiş su və kanalizasiya xətləri çıxarılıb aparıldı, sonra heç xəndəklər də doldurulmadı və beləliklə, küçələr "yoxa çıxdı";
* Meyvə ağacları, meşələr qırıldı, mebel düzəldilməsində istifadə olundu.
Haylar fars qardaşları ilə əlbir işlədilər, molla rejimi üzdə halal söyləsə də, Ağdamda hər şeyin haramına getdi.
Gəlib müqəddəs torpaqlarımızda narkotik plantasiyaları saldılar.
Məscidləri donuz tövləsinə çevirdilər.

Beləliklə, erməni-fars qardaşlığı və işbirliyi ilə illərlə davam edən talan və dağıntılar nəticəsində Ağdam "ruhlar şəhəri"nə, "Qafqazın Xirosiması"na çevrildi.
Başdan-başa xarabazara çevirdikləri ərazidə barbarlıqlarının, vəhşiliklərinin, orta əsr qəbiləsi tayfalarının təfəkkürünün daşıyıcılarının simvolu olaraq əməllərinin və özlərinin "abidəsi"ni yaratdılar.
***
Düşmənin Ağdama atdığı güllə və mərmilərin sayı-hesabı bilinmir.
Amma Ağdam Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən işğaldan azad edilərkən oradan ordumuza tərəf bir güllə belə atılmadı!
Ağdamda şəhid olmuş qəhrəman əsgər və zabitlərimizin ruhları buna imkan vermədi!
Halbuki düşmən orada təbii relyefdən də istifadə etməklə on qat müdafiə xətti qurmuşdu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev düşmənin məhv edilmiş zirehli texnikasını, müxtəlif silahlarını və avtomobillərini Bakıya gətirərək Hərbi Qənimətlər Parkında nümayiş etdirir!
Arzu edən hər kəs istədiyi vaxt baxa bilər:
* Zirehli texnikanın keçə bilməməsi üçün dərin xəndəklər;
* Hayların "keçilməz" hesab etdikləri "Ohanyan xətti";
* Tank əleyhinə minalar zolağı;
* Piyadalar əleyhinə minalar sahəsi;
* Kameralarla təchiz edilmiş müdafiə səngərləri;
* Xüsusi hazırlanmış və möhkəmləndirilmiş atəş nöqtələri;
* Dağlarda yaradılmış, dəmir qapılarının qalınlığı 70 santimetr olan beton bunkerlər və s.
Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatlar dövründə elə bir taktika və strategiya tətbiq etdi ki, yuxarıda sadaladığımızın hamısı gərəksiz müdafiə mövqelərinə çevrildi!
Haylar ötən əsrin doxsanıncı illərinin "yerüstü" müharibəsinə hazırlaşmışdılar.
Müzəffər Ali Baş Komandan İlham Əliyev isə onların başlarına göydən od yağdırdı!
XXI əsrin ən yeni müharibəsini apardı!
Ermənistan ordusu silah-sursatını, zirehli texnikasını ataraq vahimə içərisində qaçdı.
On bir min fərarisi, yeddi-səkkiz min canlı qüvvə itkisi oldu!
"Məğlubedilməz ordu" fərarilər və qorxaqlar yığnağına çevrildi!
Ağdam, Laçın, Kəlbəcər azadlığına qovuşdu!

***
Azərbaycan xalqı, xüsusən keçmiş məcburi köçkünlər Böyük qayıdışı böyük səbirsizliklə, intizarla gözləyir.
Qarabağın, Şərqi Zəngəzurun bərpası və quruculuğu ilə bağlı hər xəbəri maraq və diqqətlə izləyirlər.
Quruculuğun isə miqyası böyük, həcmi geniş, görüləsi işlər saysız-hesabsızdır.
Böyük qayığışı əngəlləyən, ləngidən yeganə maneə işğal illərində əraziyə həddindən çox tank və piyada əleyhinə minaların basdırılmasıdır.
Hazırda Azərbaycan dünya üzrə minalarla ən çox "çirkləndirilmiş" ölkələrdən biri sayılır.
Hər yerdən əli üzülən düşmən yenə də pisliyindən əl çəkmir, həqiqi mina xəritələrini təqdim etmir, beynəlxalq qurumlar isə bu məsələdə ona təzyiq göstərmirlər.
Odur ki, xeyli vaxt almasına baxmayaraq, işğaldan azad edilmiş əraziləri qarış-qarış yoxlayıb təmizləmək lazım gəlir.
Tikinti və quruculuq işləri isə görünməmiş sürətlə gedir!

Dövlət başçısı İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Ağdamda "ağıllı yaşayış məntəqələri" yaratmaq, dünyanın hər yerində şəhərsalmada mövcud olan nümunələrin ən yaxşılarını buraya gətirmək barədə ciddi göstəriş verib!
Şəhərlər sırasında ilk olaraq iki il əvvəl yeni Ağdamın Baş planı hazırlanaraq təsdiq olundu!
Bərpa və quruculuq işləri görünməmiş sürətlə gedir!
Xarabalıqlar içindən yeni Ağdam zühur edir:
* Bir-birindən yaraşıqlı çoxmərtəbəli binaları;
* Müasir tələblərə cavab verən məktəbləri və uşaq bağçaları;
* Dağüstü parkı, çürbəcür karuselləri olan xiyaban və istirahət guşələri;
* Şəhərin daxilində 79 kilometr uzunluğunda xüsusi velosiped yolu;
* Motorlu qayıqlar üzəcək iki kilometrlik su kanalları;
* Süni yaradılmış şəlalə və gölləri;
* Ən müasir, təkərsiz tramvayları olan Ağdam!
Bərdədən Ağdama uzanan 45 kilometrlik birinci dərəcəli yol gecələr işıqlandırılacaqdır.
Yeni salınan dəmir yolu xətti və stansiyalar da sürətlə inşa edilir.
Sənaye məhəlləsinin, 1 nömrəli tam orta məktəbin, neçə-neçə binaların tikintisi başa çatdırılmış, yeni-yeni obyektlərin təməli qoyulmuşdur.
Ağdam Qarabağın ən böyük və ən gözəl guşəsi, respublikamızın dördüncü şəhəri olacaqdır!
***
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qüdrətli Azərbaycan Ordusu hayları əbədi məğlubiyyətə uğratdı, darmadağın etdi!
Lakin bu qorxaq və fərari, terrorçu millət kimlərəsə, yaxud nəyəsə ümid bağlayaraq sülh müqaviləsini imzalamaq istəmir.
"Böyük Ermənistan" xülyasının puça çıxarılmasını qəbul edə bilmirlər!
Paşinyan sülh müqaviləsini imzalayacağı halda özününkülər tərəfindən sui-qəsdlə öldürüləcəyindən qorxur.
Odur ki, nala-mıxa vurur, dediyinin dalından qaçır, danışıqları uzadır.

Əslində, vaxtı itirən, dalanda qalan dilənçi Hayastandır.
Azərbaycan öz işindədir:
* Ordunu gücləndirməkdə davam edir, fasiləsiz hərbi təlimlər keçirir;
* Həlledici yüksəklikləri götürərək strateji mövqelərdə möhkəmlənir;
* Böyük qayıdışı hissə-hissə, mərhələlərlə həyata keçirir;
* Sərhədlərinə sahib çıxaraq öz imkanları ilə etibarlı şəkildə qoruyur;
* Sülh danışıqlarında qətiyyətli mövqe nümayiş etdirərək irəli sürdüyü şərtlərin üzərində möhkəm dayanır;
* Beynəlxalq qurum və təşkilatlarda aktiv fəaliyyət göstərərək nüfuzunu durmadan artırır;
* Avropa İttifaqı və dövlətləri ilə əməkdaşlığı artırır və möhkəmləndirir.
Bir sözlə, Azərbaycan zaman itkisinə yol vermir!
Nəzərdə tutduğu bütün işləri dəqiqliklə və ardıcıllıqla icra edir!

Zamanı itirən, işğal etdiyi ərazilərdən qovulan, bu günü və gələcəyi olmayan Hayastandır!
Nəyəsə ümid bağlayan, nəyinsə dəyişəcəyini, Azərbaycanın zəifləyəcəyini axmaqcasına gözləyən Hayastan.
Görünür, belə ağır bir günündə "Nemezis" abidəsi qoyan bu milləti "dəmir yumruq"dan başqa heç nə ağıllandıra bilmir.
***
Torbanın ağzı bağlandı!
Daha Azərbaycanın icazəsi və razılığı olmadan kimsə nə "torbaya" daxil ola, nə də ordan çıxa bilər!
Azərbaycan 105 ildə ilk dəfədir ki, sərhədlərinə tam şəkildə özü nəzarət edir!
Heç kim də onun bu istiqamətdəki müstəqil fəaliyyətinə qarışa və ya burun soxa bilmir!

Artıq torbanın içindəkilərin bircə yolu qalır: 
Azərbaycan qanunlarını tanımaq, ona hörmət və əməl etmək, Azərbaycan vətəndaşlığını qəbul etmək!

Ya da ki, Azərbaycanın ərazilərini tərk edərək Hayastana, yaxud dünyanın istənilən ölkəsinə cəhənnəm olub getmək!
Seçim özlərinindir:
Varlı Azərbaycan, yaxud dilənçi Hayastan!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video