29 Noyabr 2022 01:38
402
CƏMİYYƏT
A- A+
İlham Əliyevin zəfər təntənəsi

İlham Əliyevin zəfər təntənəsi

 

ZƏKİYEV RÖYAL ZƏKİ OĞLU
kapitan

1990-cı il avqustun 8-də Quba rayonunun Alpan kəndində anadan olub. Bakı şəhərindəki Tahir Firuzoğlu adına 252 nömrəli orta məktəbi bitirib. 
2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2011-2019-cu illərdə Tərtər, Daşkəsən, Ağdam rayonları istiqamətlərində döyüş tapşırığını yerinə yetirən hərbi hissələrdə taqım komandiri, bölük komandiri, tabor komandirinin birinci müavini, qərargah rəisi vəzifələrində çalışıb. 
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dinləyicisi kimi dissertasiya işi üzərində çalışır.
Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır. 
"İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.

...Yavaş-yavaş özümə gəlirdim, amma sanki hələ də yuxuda idim. Ətrafımda bərk səs-küy vardı. Amma dərhal anladım ki, bu, döyüş sədaları deyil. Gülüş, sevinc qışqırıqlarını aydın eşidirdim.
Gözümü açanda hospitalda olduğumu bildim. Həkimlər, tibb bacıları mənə Qələbə müjdəsi, gözaydınlığı verirdilər, hamısı sevinc göz yaşları içərisində idi.
Televizorun yüksək səsi diqqətimi çəkdi: Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edirdi. Müharibə Azərbaycanın Qələbəsi ilə başa çatmışdı.
Təsirləndim, kövrəldim, qürur hissi keçirdim, şəhid döyüş yoldaşlarımı xatırladım, onlarla birlikdə döyüş yolumuz kino lenti kimi gözümün önündən keçdi.

 

Şəhid dayımın qisasını almalı idim

 

Bəli, Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz dövlətçiliyimizin müasir tarixinin ən şərəfli səhifəsini yazdı. Xalqımız bu qalibiyyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işğal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi.
Vətən müharibəsinin iştirakçısı olduğuma görə özümü xoşbəxt insan sayıram. Həm də ən böyük arzum olan hərbçi peşəsinə yiyələndikdən sonra öz missiyamızı Qələbə ilə yerinə yetirdiyimə görə müzəffər Ordunun qalib zabiti kimi ömrüm boyu qürur hissi keçirəcəyəm.
Hərbçi olmaq isə lap uşaqlıq illərimdən arzum olub. Çünki uşaq yaşlarımdan və orta məktəbdə oxuduğum illərdən ermənilərin xalqımıza qarşı törətdikləri cinayətləri gördükcə, bütün həmyaşıdlarım kimi, məndə də düşmənə qarşı dərin nifrət hissi baş qaldırmışdı. Ona görə tez böyüyüb düşmənlə döyüşmək ən böyük arzularımdan biri idi. Həm də dayım Eldar Əmisultan oğlu Novruzov Birinci Qarabağ müharibəsində Ağdərə döyüşlərində şəhid olmuşdu və onun qisasını almaq kimi bir hiss də həmişə mənə hakim kəsilmişdi.
Elə bu məqsədlə də yola çıxdım və 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. 2011-ci ildə məktəbi motoatıcı ixtisası üzrə bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 1 il motoatıcı taqım komandiri kimi kurs keçdim. Müxtəlif illərdə ayrı-ayrı hərbi hissələrdə taqım komandiri, bölük komandiri, tabor komandirinin birinci müavini, qərargah rəisi vəzifələrində çalışmışam. 

 

Həyata keçən arzularım - ilk qələbəm

 

Mənim hərbçi kimi fəaliyyətə başladığım dövr ordumuzda sürətli dəyişikliklərin baş verdiyi illər idi. Hələ hərbi məktəbin kursantı olduğum dövrdə - 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90-cı ildönümünə həsr olunmuş paradda yeni hərbi texnikaları görəndə hərbçi peşəsini seçdiyim üçün qürur hissi keçirmişdim.
Zabit kimi fəaliyyətə başladığım illərdə isə ordumuz gözümün önündə sürətlə döyüş qabiliyyətini artırırdı. Ali Baş Komandan İlham Əliyevin həm ordumuzun döyüş imkanlarının artırılmasına, həm də şəxsi heyətin rifahının yüksəldilməsinə göstərdiyi böyük diqqəti sevinc və rəğbətlə qarşılayırdıq.
Silahlanmaya qəbul edilən hərbi texnikalardan istifadə qaydalarının mənimsənilməsi üçün hərbi təlimlərin sayı artırıldı ki, bu da ümumilikdə döyüş vərdişlərimizin yüksəldilməsinə təsir etdi. Ümumiyyətlə, dəyişikliklər, döyüş qabiliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər hər birimizdə artıq belə bir təəssürat formalaşdırdı ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Artıq bilirdik ki, hər an müharibəyə və Qələbəyə hazır olmalıyıq. 
2016-cı ilin Aprel döyüşləri xalqımızı tarixi zəfərə aparan yolun başlanğıcı oldu…
Həmin vaxt mən Tərtər rayonunun Seysulan kəndi istiqamətində "N" saylı hərbi hissənin bölük komandiri idim. Artıq neçə gün idi ki, aparılan müşahidələrə və kəşfiyyat məlumatlarına əsasən, düşmən tərəfdə hərəkətlilik, əraziyə hərbi texnikaların cəlb olunması qeydə alınırdı. Ona görə biz müdafiəni təmin etməli və tapşırıq olduğu təqdirdə, əks-hücum əməliyyatı həyata keçirməli idik. Həmin vaxt sonradan Azərbaycanın Milli Qəhrəmanı olacaq general Polad Həşimov ön xətt mövqelərini yoxlamağa gəlmişdi. 
Ön mövqeləri korpus komandirinin müavini - qərargah rəisi kimi nəzərdən keçirən, bütün postları yoxlayan Polad Həşimov əlini çiynimə qoyaraq dedi: "Zəkiyev, bu istiqamətdən düşmən hücuma keçəcəyi təqdirdə, onların qarşısını alıb, əks-hücum tapşırıqlarını icra edə bilərsən?" Dedim, bəli, cənab polkovnik. Mən komandir kimi ərazini yaxşı tanıyırdım, hansı istiqamətlərdə düşmənin mövqelərində boşluqların olduğunu bilirdim və düşmən hücuma keçəcəyi təqdirdə, hansı istiqamətlərdən əks-hücum əməliyyatlarına başlayacağımızı polkovnik Polad Həşimova bildirdim.
Artıq biz əmin idik ki, Ermənistan ordusu hücuma hazırlaşır. Yuxarı komandanlıq tərəfindən əmr gəldi ki, düşmən hücum edərsə, qarşısı alınmalı və əks-həmlə ilə geri oturdulmalıdır. Aprelin 2-də səhərə yaxın düşmən mövqelərimizi artilleriya atəşinə tutaraq hücuma keçməyə başladı. Lakin elə ilk həmləsində güclü müqavimətə rast gələrək geri oturduldu. Həmin vaxt bizim hərbi hissənin döyüşdüyü ərazidə uğurlu əks-hücum planı həyata keçirildi. 
Tapşırığa əsasən, mənim bölüyüm hücuma keçməməli, müdafiəni təmin etməli idi. Bölmələrimiz sağ və sol cinahlardan sürətli hücuma keçib düşmən qüvvələrini tələyə salmalı idilər. Əməliyyat uğurlu alındı və ermənilər arxaya qaçmağa başladılar. Dördgünlük döyüşlərin nəticəsində düşmənin müdafiəsini yardıq və əks-hücumla məlum əraziləri işğaldan azad etdik.
Aprel döyüşləri mühüm sınaq idi. Bu döyüşlər göstərdi ki, cənab
İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz düşmənə qalib gəlməyə qadirdir. Bu Qələbə bizim döyüş ruhumuzu artırdı, mənəvi-psixoloji vəziyyətimizi daha da yüksəltdi və öz gücümüzə əmin olduq.
2019-cu ildə "N" saylı hərbi hissəyə tabor komandirinin birinci müavini - qərargah rəisi vəzifəsinə təyin olundum. Hərbi təlimlərin birində Polad Həşimovla qarşılaşdım. Mənə təlim və qərargah işləriylə bağlı suallar verdi. Cavablarım onu qane etdiyi üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilimi davam etdirməyi məqsədəuyğun saydı. Korpus komandanlığı təşəbbüsə müsbət yanaşdı və 2019-cu ilin payızında imtahan verərək Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil almağa başladım. 
Artıq xidmət keçdiyim hərbi hissələrdə motoatıcı komandir kimi praktiki hərbi biliklərim formalaşmışdı, həm də döyüşlərdə iştirak etmişdim. Hərbi Akademiyadakı təhsil isə nəzəri biliklərimin daha da təkmilləşməsinə böyük töhfə verdi.

 

O gün yetişdi

 

2020-ci ilin Tovuz döyüşləri zamanı mən Hərbi Akademiyada təhsil alırdım. Şəxsən tanıdığım general Polad Həşimovun şəhid olması mənə çox pis təsir etdi. Dərhal yuxarı komandanlığa müraciət edərək döyüşlərdə iştirak etmək istədiyimi bildirdim, amma buna hələlik ehtiyac olmadığını dedilər.
2020-ci il sentyabrın 27-də hamı kimi mən də mətbuatdan Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladığını öyrəndim. Artıq o gün yetişmişdi və mütləq döyüşlərin önündə olmalı idim. Bazar günü olduğundan Hərbi Akademiyanın rəhbərliyinə müraciət edə bilmədim. Sentyabrın 27-də Hərbi Akademiyada təhsil alan zabit dostlarımla birlikdə könüllü şəkildə müraciət edərək döyüşlərdə iştirak etmək istədiyimizi bildirdik. Oktyabrın 2-də əmrimiz verildi və mən Kəlbəcər rayonu istiqamətində döyüşən "N" saylı Əlahiddə Əməliyyat Taborunun ("Həmlə" taboru) komandirinin birinci müavini - qərargah rəisi vəzifəsində döyüşlərə atıldım.
Mən komandirin birinci müavini - qərargah rəisi təyin olunmazdan əvvəl bu hərbi hissə döyüşlərdə iştirak etmiş, Kəlbəcər istiqamətində strateji yüksəklikləri düşməndən azad etmişdi. Mən təyin olunduqdan sonra hərbi hissənin Cəbrayıl istiqamətinə göndərilməsi barədə əmr verildi. Həmin vaxt bizə tapşırıq gəldi ki, hərbi hissəyə 73 əsgər cəlb edilməlidir. Bu məqsədlə Gəncə şəhərindəki toplanış məntəqəsinə gedəndə gördük ki, yüzlərlə gənc döyüşə getmək üçün hazırdır. Biz çətin vəziyyətə düşmüşdük, çünki toplanış məntəqəsindəki gənclərin hamısı döyüşə getməyə can atırdılar və tələblərini israrla bildirirdilər. Bu mənada gənclərin say çoxluğuna baxmayaraq, məhdud sayda yeni əsgərlərin hərbi hissəyə cəlb olunması şərti böyük problem yaratsa da, bu, çox qürurdoğuran mənzərə idi. Əmin oldum ki, xalqımız bu müharibədən hökmən qələbə ilə çıxacaq.
Bir neçə gün hazırlıqdan sonra hərbi hissə oktyabr ayının 10-dan Cəbrayıl rayonundan döyüşlərə qatıldı. Buna qədər rayonun xeyli hissəsi ordumuz tərəfindən işğaldan azad edilmişdi. İlk olaraq, 3 qrupla döyüşə girdik, tapşırığımız düşmənin qarşımızda olan motoatıcı, artilleriya və minaatan bölmələrinin məhv edilməsi idi. Bu döyüşdə ermənilərin iki pilotsuz uçuş aparatı bizim hücuma mane olurdu. Həmin pilotsuz uçuş aparatlarından biri bizi daim izləyir və koordinatlarımızı düşmənə ötürürdü, digəri isə gedib-gəlirdi. Bu yolla düşmən bizim yerimizi müəyyən etdiyi üçün hücumumuz ləngiyirdi, çünki tez-tez atəş altına düşürdük. Həmin vaxt məhz hərbçilərimizin peşəkarlığı sayəsində uçuş aparatları məhv edildi və bundan sonra erməni silahlı birləşmələrinin döyüş planları pozuldu. Hiss etdik ki, aralarına çaxnaşma düşüb. Dərhal hücum edərək ermənilərin motoatıcı bölməsini məhv etdik, ardınca düşmənin 3 minaatandan ibarət taqımını da sıradan çıxardıq. Erməni zabitlər və əsgərlər silahlarını da atıb qaçırdılar. Onların xeyli qismini məhv etdik. 
Bu döyüşdə mən ilk dəfə düşmənin zabit və əsgərlərinin həm də öz həyatlarını şərəfsizcəsinə xilas etmək istədiklərini gördüm. Yəni müharibədə döyüşçü şərəfi olmalıdır, amma biz gördük ki, erməni əsgər yaralı yoldaşını döyüş meydanında qoyub qaçır ki, bu da onların döyüş və mənəvi ruhlarının aşağı olduğunun göstəricisidir. Bununla həm də sübut edirdilər ki, Qarabağ torpaqları onların deyil. Ona görə, adətən, döyüşlər 20-30 dəqiqə çəkirdi, elə ilk həmlədə düşmən qaçmağa üz tuturdu. Yalnız Füzulinin Yuxarı Veysəlli kəndini alıb Xocavəndə daxil olduqdan sonra yüksəkliklərin biri uğrunda döyüş zamanı müqavimətə rast gəldik. Burada baş verən döyüşdə Azərbaycan Ordusunun gücü, hərbçilərimizin peşəkarlığı sayəsində onların müqavimətini qırdıq. 
Ümumiyyətlə, elə bir gün olmadı ki, biz irəli getməyək. Hər gün əldə etdiyimiz qələbə bizə yeni güc verirdi. Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri bizi yeni qələbələrə sövq edirdi. Bu müraciətlərdə azad etdiyimiz kəndlərin adını eşitmək olduqca xoş idi və torpaqlarımızın işğaldan qurtulması ilə qürur duyurduq. 
Cənab İlham Əliyevin hər bir müraciəti, hər bir qələbə xəbəri bizdə ruh yüksəkliyi yaradırdı. Həm də bilirdik ki, hər kəs, bütün xalqımız bizdən yalnız və yalnız qələbə gözləyir. Bilirdik ki, Ali Baş Komandanın "İrəli!" əmrini layiqincə icra etməliyik və azad etdiyimiz ərazilərimiz barədə yuxarı komandanlıq tərəfindən Ali Baş Komandana məruzə olunur. Ona görə üzərimizdə qat-qat şərəfli məsuliyyət vardı. Hər gün hansı döyüş əməliyyatlarının yerinə yetirilməsi barədə qərar qəbul ediləndə çalışırdıq ki, bütün tapşırıqları maksimum dərəcədə və nəzərdə tutulan vaxtdan da tez icra edək. Bütün istiqamətlərdə dəmir yumruq olub düşmənin başını əzirdik.
Noyabrın 8-də cəbhənin digər istiqamətindən xoş xəbər aldıq: Azərbaycan Ordusu Qarabağın mirvarisi Şuşanı azad etmişdi. Bu qələbə bizim gücümüzə güc qatdı. Artıq əmin idik ki, tam qələbəyə lap az qalıb. Həmin gün bizim növbəti tapşırığımız böyük strateji əhəmiyyətə malik yüksəkliyin azad olunması idi. Qərara gəldik ki, axşam saatlarında hücum edək. Noyabrın 8-də axşam bu əməliyyatı da uğurla başa çatdıraraq yüksəkliyi azad etdik. Düşmən həmin yüksək ilə yanaşı, digər yüksəkliklərdə də güclü müdafiə mövqeləri yaratmışdı. Çünki bilirdilər ki, bu yüksəkliklərin Azərbaycan Ordusu tərəfindən azad olunması həm də Xocavənd rayon mərkəzinin təmizlənməsi deməkdir. 
Ermənilər bizim döyüş xəttinin sağ cinahından hücum edəcəyimizi gözləyirdilər. Bu döyüşdə Xüsusi Təyinatlı Qüvvələrin polkovniki Etibar Məhərrəmov, polkovnik-leytenant Namiq Babayev və mən qərara gəldik ki, düşmənin gözləmədiyi yerdən hücum edərək yüksəklikləri azad edək. Xəritə üzərində planlaşdırmadan sonra biz düşmənin təxmin belə edə bilməyəcəyi hücum əməliyyatı qurduq və döyüş tapşırığını ən yüksək səviyyədə icra etdik. Səhərə qədər ermənilər həmlə edərək yüksəklikləri geri qaytarmaq istəsələr də, hər dəfə onları itkiyə məruz qoyaraq geri otuzdurduq. 
Bu yüksəkliklərdən Xocavənd rayonunun mərkəzi ilə bizi, təxminən, 500 metrlik məsafə ayırırdı. Bayrağımızın Xocavəndə sancılması üçün cəmi bir addım qalmışdı. Səhər açılanda da düşmən artilleriya atəşindən sonra tank və BMP-lərlə hücuma keçdi. 3 erməni tankından ikisi bizim düz üstümüzə gəldi. Bu zaman biz onlardan birinə qumbaraatanla atəş açdıq. Mərmi dəyməsə də, tank istiqamətini dəyişməyə məcbur oldu. Digər tank isə üstümüzə gəlməkdə davam etdi. Həmin vaxt yaxınlıqdakı dayaz səngərdə mövqe tutdum. Tank 25 metrlik məsafədə artıq ciddi bir təhlükə yaratmırdı. Çünki bu məsafə tankın atəşi altına düşmürdü. Fikirləşdim ki, tank yaxınlaşanda onu ələ keçirə bilərik. Elə oldu ki, tank düz üstümüzə gəldi və bu zaman onun bir zənciri səngərin mən olan hissəsindən keçdi. Həmin vaxt yanımda olan xüsusi təyinatlıların giziri qəhrəmancasına şəhid oldu. Mənim isə bud, çanaq və ayaq nahiyələrim ciddi zədələndi, ağır yaralandım. 
Ani olaraq huşumu itirdim, gözümü açanda gördüm ki, erməni tankının ekipajından bir nəfər lükdən çıxmaq istəyir. Üstümdə olan tapança ilə atəş açaraq onu öldürdüm və yuvarlanaraq özümü yaxınlıqdakı dərəyə atdım. Dərədən gördüm ki, erməni tankı bölmələrimiz tərəfindən açılan atəşlə sıradan çıxarıldı. Artıq burada döyüşdə yaralanmış hərbi hissəmizin zabiti, leytenant Zamiq Məsimov, əsgər Kənan Nağıyev və Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin giziri Bəhruz Məmmədov mənim yanımda idilər. Sürünərək, bir-birimizə söykənərək bölmələrimizə tərəf hərəkət etməyə başladıq. Bu zaman ordumuzun pilotsuz uçuş aparatı hücum edərək digər erməni tankını da məhv etdi.
Bundan sonra döyüş ərazisindən təxliyə edildim. Həmin vaxt döyüşə gələn xüsusi təyinatlı bölüyün döyüşçüləri bizə ilk tibbi yardım göstərdilər. Bu zaman düşmənin artilleriya atəşinə məruz qaldıq və yenidən yaralandım. Əvvəlcə məni Ağcabədi hospitalına, sonra Füzuli Rayon Xəstəxanasına gətirdilər. Yaralarım ağır olduğuna görə daha sonra Bakıya - Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına göndərdilər.
Ağrıdan komaya düşmüşdüm, özümə gəldikdən sonra gördüm ki, reanimasiyadayam. Televizordan gələn uca səsdən bildim ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir. Artıq Qələbə qazanmışdıq.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkimlərin yüksək qayğısı ilə əhatə olunmuşdum. Bilirdik ki, bizim müalicəmiz Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarətindədir. Bu yüksək diqqət və qayğı döyüşdə aldığımız yaralarımızın ağrılarını bizə unutdurdu.
2021-ci ilin aprel ayında xəstəxanadan çıxdım. Yenidən ordumuzun sıralarında hərbi xidmətimi davam etdirirəm. Həm də qürurluyam, başım dik, alnım açıqdır. Çünki qalib Ordunun qalib zabitiyəm.
Bu şərəfi bizə yaşadan müzəffər sərkərdəmiz, qüdrətli Ali Baş Komandanımız İlham Əliyevə Silahlı Qüvvələrin bütün şəxsi heyəti borcludur, minnətdardır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!