20 Iyul 2022 01:25
1898
SİYASƏT
A- A+

İlham Əliyevin qlobal təşəbbüsləri Avropa İttifaqının təhlükəsizliyinə etibarlı təminatdır

 

Azərbaycanla Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması əlaqələrə yeni impuls verəcək

 

Hər bir mötəbər beynəlxalq təşkilatla əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunda əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki, rəsmi Bakının bu məsələdə ortaya qoyduğu mövqe həm də respublikamızın yürütdüyü xarici siyasətin məzmununu nümayiş etdirir.

Bu məzmun isə Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir. Bu xətt Avropa İttifaqı ilə əməkdaşlıqda da özünü aydın şəkildə göstərir. Bu əməkdaşlıq son illərdə daha da genişlənməyə başlayıb. Xüsusən də İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra əlaqələrdə yeni impuls yaranıb.

İyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirilən görüşü, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatında ölkəmizin mövqeyi ilə bağlı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqlədi.

 

Xarici siyasətin uğuru

 

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, təbii ki, Avropa İttifaqı ilə tərəfdaşlıqdır. Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Amma bu o demək deyil ki, Azərbaycan-Aİ münasibətləri 1999-cu ildən başlayır. Buna qədər Aİ ilə münasibətlər  TACIS, "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA), "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram" (INOGATE), "Humanitar yardım" (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.

Azərbaycan Aİ-nin təşəbbüskarı olduğu beynəlxalq layihələrdə fəal iştirak edib.  Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə etməklə münasibətlərə yeni çalarlar gətirməkdədir və əlaqələrdə son illərdə çox ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Bu, ölkəmizin xarici siyasətinin uğurunun təzahürü kimi təqdirəlayiqdir. 

Son 19 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, milli maraqlara əsaslanan uğurlu diplomatiya sayəsində Azərbaycan qlobal məkanda strateji əhəmiyyətli dövlətə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda böyük təcrübəyə malikdir. Ölkəmiz demək olar ki, qurumun üzvü olan dövlətlərin üçdəbiri ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bununla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Son illərdə Azərbaycanla Aİ arasında əməkdaşlığın yeni səhifəsi açılıb, münasibətlər yeni mərhələyə qədəm qoyub. Azərbaycanla Avropa İttifaqı arasında paraflanan "Tərəfdaşlıq prioritetləri" sənədi isə rəsmi Bakının xarici siyasətinin növbəti uğuru sayılır. Əməkdaşlığın davamı olaraq münasibətlərdə yeni səhifə açan sənəddə qeyd edildiyi kimi, əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Bir sıra mühüm məsələlərin yer aldığı sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb. Bütövlükdə bu sənəd ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni zəmin yaradıb.

Azərbaycan tək Aİ ilə deyil, həm də bu quruma üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir.

Prezident İlham Əliyevin Aİ Şurasının prezidenti Şarl Mişellə keçirdiyi görüşlər və bu görüşdə Aİ rəsmisinin səsləndirdiyi fikirlər bir daha Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini təsdiqləyir.

Bütün bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin inkişafına, transmilli layihələrin reallaşdırılmasına və qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.

 

Avropa İttifaqı Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

 

İyulun 18-də keçirilən görüşdə İlham Əliyev bir daha ikitərəfli əməkdaşlığı dəyərləndirərək dedi ki, bu gün mövcud əlaqələr Şərq Tərəfdaşlığı çərçivəsində də çox uğurla inkişaf edir. Bu istiqamətdə çox yaxşı nailiyyətlər, fəal siyasi təmaslar mövcuddur.

 Avropa İttifaqının Azərbaycanın əsas ticari tərəfdaşı olduğunu da xatırladan Prezident əmin olduğunu vurğuladı ki, gələn illərdə icrası planlaşdırılan layihələr ticari əməkdaşlığı daha da genişləndirəcək. Gündəlikdə üstün yer tutan ən mühüm məsələ isə enerji sahəsində əməkdaşlıqdır. Xanım komissarın səfəri zamanı isə başlanan enerji dialoqu qarşılıqlı marağın çox yaxşı əlamətidir.

İlham Əliyev tərəflər arasında imzalanacaq yeni sazişlə bağlı da məlumat verdi və bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə aid hazırda müzakirə edilən məsələlər potensial əməkdaşlığın bütün sahələrini əhatə edir.

Azərbaycanla Aİ arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu isə bu münasibətlərin inkişafında mühüm rol oynayacaq. Elə xanım Ursula Fon der Lyayen da  Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istədiyini deyərək vurğuladı ki,  bu sənəd ilk növbədə hər iki tərəfin nümayəndələrinin  apardığı əla işin nəticələrinə əsaslanır. Orada enerji sektorunda etibarlı tərəfdaşlıq, eləcə də orta və uzun perspektivdə bərpaolunan enerji məsələləri xüsusi qeyd edilir.

Prezident İlham Əliyev yeni sənədi dəyərləndirərkən dedi ki, enerji sahəsində aparılan fəal əməkdaşlığın 15 ildən artıq tarixi var. Yeni memorandum da tərəflər arasında imzalanmış birinci sənəd deyil. Azərbaycan və Aİ arasında 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə "Cənub qaz dəhlizi" ilə bağlı Birgə Bəyannamə imzalanıb: "Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan "Cənub qaz dəhlizi" boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır". İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.

İlham Əliyev yeni imzalanan Anlaşma Memorandumunu gələcək üçün bir növ yol xəritəsi adlandırdı və bir daha bəyan etdi ki, tərəflərin potensialı nəzərə alınaraq şəbəkənin qurulması üzərində daha fəal iş aparılmalıdır.

 

Aİ Azərbaycandan aldığı qazın həcmini artırır

 

Azərbaycanla Aİ arasında imzalanan yeni Anlaşma Memorandumunun ölkəmizə gətirəcəyi dividendi isə Ursula Fon der Lyayen dəyərləndirdi.

Onun firkincə, Aİ Azərbaycandan aldığı qazın həcmini ikiqat artırır, həmçini "Cənub qaz dəhlizi"nin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik götürür. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Aİ bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracaq.

Göründüyü kimi, demokratiya və tərəqqi yolunda inamla irəliləyən Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində inkişaf etməkdədir.

Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını artırır. Aİ rəhbərliyi Azərbaycan Prezidentinin irəli sürdüyü qlobal miqyaslı təşəbbüsləri təqdir edir və ölkəmizlə münasibətlərin davamlı yüksəlişi üçün əlaqələri daha da şaxələndirir.

Bütün bunlar isə İlham Əliyevin xarici siyasət strategiyasının uğurlu davamının və Azərbaycanın dünya birliyindəki mövqeyinin getdikcə daha möhkəmləndiyinin bariz təcəssümüdür.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video