07 Fevral 2026 08:50
195
SİYASƏT
A- A+
İlham Əliyevə ümumxalq dəstəyi

İlham Əliyevə ümumxalq dəstəyi


2024-cü ilin prezident seçkiləri xalqımızın xilaskar liderinə yüksək etimadının növbəti ifadəsi oldu


2024-cü il fevralın 7-də keçirilən prezident seçkiləri müasir Azərbaycan tarixində mühüm siyasi hadisə kimi yadda qaldı. Bütöv Azərbaycanın ərazisində təşkil olunan bu seçkilər xalqın yüksək fəallığı, birlik və həmrəylik ruhu ilə müşayiət olunaraq dövlətçilik tariximizin yeni mərhələsinin təməlini qoydu. Son otuz il ərzində böyük çətinliklər və ciddi sınaqlardan keçərək milli maraqlar uğrunda aparılan ardıcıl mübarizənin məntiqi nəticəsi, Zəfərlə yekunlaşan tarixi yolun siyasi zirvəsi kimi bu tarix salnamələrimizə həkk olundu. 

Azərbaycan xalqı Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri zamanı nümayiş etdirdiyi birliyi 2024-cü il fevralın 7-də də açıq şəkildə nümayiş etdirdi. Seçkilər zamanı göstərilən yüksək həmrəylik Vətənimizin ərazi bütövlüyünə, suverenliyinə və davamlı inkişaf perspektivlərinə verilən qətiyyətli dəstəyin ifadəsi oldu. Vətəndaşların mütləq əksəriyyəti ötən müddətdə ölkəni sürətli inkişaf mərhələsinə çıxaran, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirən və gələcək uğurlara aparan siyasi kursa inam nümayiş etdirərək növbəti dəfə Prezident İlham Əliyevə etimad göstərdi.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurdan gələn yüksək dəstək azad edilmiş torpaqlara qayıdan vətəndaşların xilaskar liderlərinə olan minnətdarlığının təcəssümü oldu.


Andına sadiq lider


Azərbaycan xalqı və dövləti adına qazanılan tarixi qələbələr müdrik xalqımızın lider seçimində yanılmadığını, lazımi anda doğru qərar verdiyini bir daha təsdiq etdi. Bu gün əldə olunan nailiyyətlər ötən illərdə atılmış uzaqgörən addımların, xalqın iradəsinə əsaslanan düzgün siyasi kursun məntiqi nəticəsidir.

Hər kəsin xatirindədir ki, Azərbaycanı ən ağır sınaqlardan, dövlətçiliyini itirmək təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində tarixi bir müraciətlə çıxış edərək siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırmışdı. Ulu Öndər bu müraciətində əminliklə bildirirdi ki, İlham Əliyev xalqın dəstəyi ilə Azərbaycanın taleyüklü məsələlərini uğurla başa çatdıracaq və ölkəni daha böyük inkişaf mərhələsinə aparacaq: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ümummilli Liderin bu çağırışına səs verən Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də böyük inam və etimadla İlham Əliyevi Prezident seçdi. Həmin tarixin üzərindən ötən müddətdə Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycanın necə şərəfli və qürurverici inkişaf yolu keçdiyinin aydın şahidi olduq. Prezident İlham Əliyev dövlət başçısı kimi ilk andiçmə mərasimində Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq verdiyi vədə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. 

"Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi", - deyə 2023-cü il 15 oktyabr tarixində Xankəndidə Azərbaycan Dövlət Bayrağını dalğalandıran zaman Prezident İlham Əliyev qürurla söyləmişdi.


Qalibiyyət, quruculuq, qayıdış... 

 

2003-cü ildə Prezidentlik səlahiyyətinə başladığı gündən etibarən İlham Əliyevin gündəliyindəki başlıca prioritet ölkəmizin ərazi bütövlüyünün bərpası, suveren hüquqlarının tam təmin olunması və uzun illər didərgin həyatı yaşayan soydaşlarımızın doğma yurdlarına qayıdışı təşkil edib. Qarşısına qoyduğu bu strateji xətt çərçivəsində həm ölkəmizin diplomatik müstəvidə beynəlxalq mövqelərini möhkəmləndirməsi, həm də iqtisadi potensialının gücləndirilməsi, müasir və güclü ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atmağa başladı. Düşünülmüş siyasət və həyata keçirilən kompleks islahatlar nəticə etibarilə Azərbaycanın tarixi zəfərlərə imza atmasını təmin etdi. Bu sayədə Azərbaycan xalqı qalib xalq oldu.

İkinci Qarabağ müharibəsində əldə olunan Şuşa Zəfəri xalqımızın onilliklər boyu həsrətində olduğu tarixi qələbənin simvoluna çevrildi. Ardınca həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam bərpa olundu, üçrəngli bayrağımız bütün ərazilərimizdə dalğalandırıldı. Regionda separatizmə son qoyuldu, xalqımıza qarşı törədilmiş ağır cinayətlərin və faciələrin qisası döyüş meydanında alındı. 

Azad edilmiş ərazilərdə quruculuq və dirçəliş dövrünün başlanması isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin növbəti mühüm istiqaməti oldu. Uzun illər işğal altında qalmış, tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma layihələrinə start verildi, müasir infrastrukturun yaradılması üçün meqalayihələr icra olunmağa başlandı. 

Böyük qayıdış proqramının uğurla həyata keçirilməsi nəticəsində artıq bu yerlərdə 30 minə yaxın vətəndaş yeni həyatına qovuşub. Bu proses mərhələli şəkildə davam etdirilir və yaxın gələcəkdə bütün keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin ediləcək. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşanan dirçəliş Azərbaycanın qələbələr silsiləsinin davam etdiyinin göstəricisidir. 

Bütün bu proseslərin məntiqi davamı olaraq 2024-cü il 7 fevral tarixində keçirilən prezident seçkilərində işğaldan azad edilmiş ərazilərdə yerləşən seçki məntəqələrində müşahidə olunan yüksək fəallıq və mütəşəkkillik tamamilə təbii idi. Azad edilmiş torpaqlarda yaşayan və artıq doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin səsvermədə xüsusi həvəslə və fəal iştirak etməsi bu seçkilərə fərqli məna verdi. 

Zəfər seçkisi kimi tarixə düşən bu siyasi prosesdə soydaşlarımızın yurdlarının azadlığı fonunda yaşadıqları sevinc və qürur hissi, duyğularını gizlədə bilməmələri hər bir azərbaycanlı üçün unudulmaz və kövrək anlarla yadda qaldı. 


Dünyanın ehtiramla qarşıladığı lider


Zəfər seçkisindən sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xeyli milli nailiyyətlər qazandı. Bunlardan biri də Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizi zamanından əvvəl tərk etməsi idi. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir tələbi ilə 2024-cü ilin may ayında Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı. 

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət sayəsində bu gün Azərbaycan dünyanın nüfuzlu ölkəsinə, etibarlı əməkdaşlıq ünvanına çevrilib. 

Ənənəvi və qeyri-ənənəvi resurslarla zəngin geostrateji coğrafiyada yerləşən Azərbaycanın təhlükəsizlik və inkişaf vəd edən mühiti, eyni zamanda etibarlı və güvənli tərəfdaş olması böyük diqqət cəlb edir. Buna görə dünyanın əksər ölkələri respublikamızla siyasi-iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir ki, bunların arasında ABŞ və Çin kimi dünya nəhəngləri də var. Şərqlə Qərbin, Şimalla Cənubun ortaq maraqlardan çıxış etdiyi mərkəz rolunu oynayan ölkəmiz nəqliyyat, enerji qovşağı kimi təkcə yerləşdiyi region deyil, daha geniş coğrafiya üçün strateji məkandır. Bir sözlə, Azərbaycanın səyləri ilə bölgədə yaranan reallıqlar və regional sabitlik mühiti Cənubi Qafqazı rifah və tərəqqi ünvanına çevirib. 

Ötən il dünyanın supergüc ölkəsinin rəhbəri Donald Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi mətninin paraflanması de-fakto bölgədə sülhü təmin edib. 

Prezident İlham Əliyevin sülh istiqamətində göstərdiyi səylər qlobal səviyyədə etimad görür. Qarabağ Zəfəri sayəsində Cənubi Qafqazda formalaşdırılan sülh modeli bu gün dünyada nümunə götürülür. 

BMT Təhlükəsizlik Şurasının onilliklər boyu kağız üzərində qalan qətnamələrini yerinə yetirən lider kimi beynəlxalq nüfuza sahib olan Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də elə həyata keçirilən sülh missiyasının beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.

Azərbaycan adına qazanılan bütün bu qələbələrin təməlində dövlətlə xalq arasında formalaşmış sarsılmaz birlik dayanır. 

Məhz bu birlik sayəsində ölkəmiz qarşısına çıxan ən çətin maneələri aşdı, mürəkkəb problemlərin həllinə nail oldu və işıqlı gələcəyə doğru inamla yol aldı. 

Buna görədir ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində həm xaricdə, həm də ölkə ərazisində vətəndaşlarımız yekdilliklə Qarabağın xilaskarı İlham Əliyevi bir daha dəstəklədilər. Bütöv Azərbaycanda baş tutan ilk seçki kimi tariximizə yazılan 7 fevral prezident seçkiləri ölkəmizi ən yüksək inkişaf mərhələsinə ucaldan, beynəlxalq aləmdə söz sahibi edən, zəfərlər ölkəsinə çevirən müzəffər lider İlham Əliyevə ümumxalq dəstəyinin təzahürü oldu. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!