28 Yanvar 2025 08:15
234
SİYASƏT
A- A+
İkinci Ukrayna ssenarisini hədəfləyən Aİ missiyası...

İkinci Ukrayna ssenarisini hədəfləyən Aİ missiyası...


"Avropa İttifaqının "mülki" missiyasının səlahiyyət müddətinin uzadılması və bu fonda "müşahidəçi"lərin Azərbaycan-Ermənistan sərhədlərində yenidən aktiv formada "müşahidələrə başlaması" regiona yaxşı heç nə vəd etmir. Bu, Cənubi Qafqazda yeni təxribatlara hazırlığın göstəricisidir. Təbii ki, nə missiyanın səlahiyyət müddətinin uzadılması, nə də missiyanın yenidən qəfil fəallaşması təsadüf hesab edilməməlidir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, bu proses avrostrukturlarda Azərbaycan əleyhinə qəbul edilən qərəzli davranışların məntiqi davamıdır. Yanvarın əvvəllərindəki insidenti çıxmaqla, son bir neçə ayda Azərbaycan-Ermənistan şərti sərhədlərində faktiki sülh hökm sürməkdədir və bu, iki ölkə arasında vasitəçisiz danışıqlarda əldə edilən müəyyən uğurların daha da möhkəmlənməsi və regionda dayanıqlı sülhə nail olunması üçün ciddi zəminin formalaşması deməkdir. Regionda münaqişəyə öz imperialist maraqlarının təmini üsulu kimi baxan Qərb, ələlxüsus Fransa üçün isə bu, qəbuledilməz vəziyyətdir. Cənubi Qafqazda beynəlxalq hüququn aliliyinin təmin edilməsində ehtiva olunan status-kvo bəlli qüvvələri qane etmir və onlar regionda yeni münaqişəli vəziyyətin formalaşmasında maraqlıdırlar. Xüsusən Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair ötən il paktın imzalanmasından sonra həmin dairələr Bakı və İrəvan arasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlamaqdadır.  

Deputat qeyd edib ki,  Qarabağ və Şərqi Zəngəzurun işğala məruz qaldığı 30 il ərzində Qərb Azərbaycanı ərazi itkiləri ilə barışdırmaq üçün davamlı şəkildə sülh və xalqlar arasında etimad quruculuğuna təşviq edib: "Lakin Vətən müharibəsi və antiterror tədbirlərində zəfərimizdən sonra avrostrukturların açıq formada sülh qarşısında maneəyə çevrildiyini görməkdəyik. Bunun isə çox sadə səbəbi var, Qərb imperializmi Cənubi Qafqazda maraqlarını "parçala və hökm sür" siyasəti üzərində quraraq Azərbaycan və Ermənistan arasında münaqişənin davamlılığına özlərinin regiondakı maraqlarının təmini üsulu kimi baxıb. Lakin Azərbaycanın 3 il ərzində Ermənistan və havadarlarını iki dəfə kapitulyasiyaya məcbur etməsi, ötən il isə Qazaxın 4 kəndini möhtərəm Prezidentin təbirincə desək, monoloq yolu ilə, diktə edərək işğaldan qurtarması ilə planları pozulan Qərb Bakıya qarşı müxtəlif platformalarda, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi təsisatlarda uğursuz qarayaxma kampaniyalarına başladı. Məsələn, son bir ayda "siyasi məhbus" uydurma kontenti ilə Azərbaycana qarşı miqyaslı təzyiq kampaniyası buna bir misaldır". 

B.Məhərrəmov bildirib ki, Avropa İttifaqı rəsmilərinin Qarabağ ermənilərinin geri qayıtması məsələsini gündəmə gətirməsi, hətta bunun Azərbaycanın öhdəliyi olduğunu və bu məsələnin xüsusi hal olmasını şişirtməsi proseslərin üzvi tərkibidir. İlk növbədə bu bəyanat Azərbaycana qarşı başlanmış genişmiqyaslı, lakin bu günə qədər heç bir səmərəli effektə malik olmayan informasiya hücumunun bir hissəsidir. Lakin çoxsaylı hücumların fiaskoya uğraması və regionda məhz Bakının direktivlərinin reallaşması fonunda Qərb yaxşı başa düşür ki, Azərbaycan asan rəqib deyil. Təsadüfi deyil ki, istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində heç bir Qərb subyekti açıq formada Azərbaycanın qarşısında mövqe tuta bilmədi və onlar siyasi bəyanatlar və İrəvana vədlərlə kifayətlənməli oldular. Əlbəttə, Qərb bu reallığın fərqindədir və ötən il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki tarixi çıxışında cənab Prezidentin də dediyi kimi, "Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir". 

Deputat vurğulayıb ki, bu mənada, Avropa İttifaqının faktiki hərbiləşmiş missiyasının heç bir hüquqi zəmin olmadan səlahiyyət müddətinin uzadılması mahiyyətcə Ermənistanın təhlükəsizliyinin təmin edilməsi yox, Ermənistanın revanşa hazırlaşdırılması ilə Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir: "Üstəlik, bu dəfə təcavüzkar blok daha əhatəli plan üzrə hərəkət etməyə çalışır. Məsələn, Qərb Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdığı informasiya resurslarını daha da gücləndirərək hazır vəziyyətə gətirməyə çalışırdı. Lakin xüsusən son bir neçə ayda Bakının qabaqlayıcı tədbirləri faktiki olaraq Qərbi bu alətindən də müəyyən mənada məhrum etdi. Nəticədə, daha da azğınlaşan Qərb artıq gizlin yox, açıq fəaliyyətə keçməklə güc nümayiş etdirmək niyyətindədir. Prezident İlham Əliyevin də dediyi kimi, "Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı". Yəni ötən dövr ərzində Avropa İttifaqının Ermənistandakı missiyasının pensiyaçı hərbçilərdən ibarət "mülki" xarakteri ilə pərdələnən Qərb artıq regionda özlərinin hərbi mövcudiyyətlərini legitimləşdirmək niyyətini gizlətmir".

Siyasətçi qeyd edib ki, faktiki olaraq Avropa İttifaqı və "sərhəd təhlükəsizliyinin təmini üçün" hərbçilərini Ermənistana yerləşdirməkdə olan ABŞ məqsədli formada Ermənistandakı revanşist dairələrdə yeni münaqişə başlayarsa, İrəvana hərbi dəstək verəcəyinə dair illüziya formalaşdırır. Bu isə Ermənistanı yeni münaqişəyə təşviq etməkdir. Belə olan halda, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda da ifadə olunduğu kimi, Aİ və ABŞ bölgədə sabitliyi pozan hər hansı mümkün ssenariyə görə Ermənistanla birgə məsuliyyəti bölüşəcəklər. Üstəlik, Azərbaycan da proseslərə sükutla qəbullanmaq niyyətində deyil. Rəsmi Bakı hələlik bütün tərəfləri sülh səylərinə əks-təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır. Lakin qarşı tərəf daha da irəli getməyə çalışarsa, cənab İlham Əliyevin Prezident kimi səlahiyyətlərinin icrasına başlayan zaman elə ilk bəyanatındaca ifadə etdiyi kimi, "bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək".

Deputat deyib ki, Avropa İttifaqının "mülki" missiyasının səlahiyyət müddətinin uzadılması ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılmasını hədəfləyir və bu baxımdan proses yalnız Azərbaycana deyil, ümumilikdə region ölkələrinə, ələlxüsus da Rusiya və İranın maraqlarına qarşı yönəlib. Lakin, təəssüf ki, nə daim qırmızı cizgiləri barədə bəyanatlar verməyi sevən cənub qonşumuz İran, nə də Qərbə münasibətdə barışmaz mövqe sərgiləyən Rusiya hələlik Qərbin açıq hərbi həmləsinə reaksiya verir. Baxmayaraq ki, Qərbin Ermənistanda hərbi mövcudiyyəti ilk növbədə elə Moskva və Tehranın maraqlarına sarsıdıcı zərbə olacaq. Aydındır ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Bakı və İrəvan arasında "dialoq platforması" təklif edən beynəlxalq subyektlərdən biri bu gün regiona təxribatçı missiya göndərən Avropa İttifaqı olub. Deputat vurğulayıb ki, Azərbaycan sülh prosesinə xidmət edən heç bir platformadan geri çəkilməyib: "O cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə başlanmış, Avropa İttifaqı çərçivəsində həyata keçirilən danışıqlara da böyük ümid və gözləntilərlə yanaşırdıq. Danışıqların ilk dövrlər ardıcıllığının təmin olunması bizdə bu prosesin effektiv nəticə verəcəyinə dair təsəvvür formalaşdırmışdı. Lakin sonrakı dövrlər, xüsusən 2022-ci ilin Praqa prosesindən sonra Fransa prezidenti Emmanuel Makronun bu prosesə qeyri-adekvat müdaxiləsi, o cümlədən Fransanın Avropa İttifaqındakı nisbi hakim mövqeyi Avropa İttifaqı platformasını real sülh üçün effektsiz və qərəzli mühitə çevirdi. Sonrakı dövrdə Avropa İttifaqının "sülhə xidmət edən" monitorinq missiyası adı altında regiona hərbi və təhlükəsizlik əməkdaşlarını yollaması, daha sonra bu missiyanın Avropa İttifaqına üzv olmayan digər dövlətlərin də nümayəndələri ilə "zənginləşdirilməsi" proseslərdə Avropa İttifaqının bitərəf rolunu tamamilə kölgələdi. Sonrakı dövrlərdə  Qranada prosesində Avropa İttifaqının Fransanın dirijor çubuğuna tabe edilməsi, ardınca Avropanın digər strukturları, həmçinin Avropa Parlamentində, Avropa Şurasında, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səslənən ədalətsiz, qərəzli və məqsədli hücumlar, əslində, Avropa İttifaqının çoxdan ayırıcı xətlərin qurbanına çevrildiyini göstərdi. Digər tərəfdən, Avropa İttifaqının ayrı-ayrı strukturlarının, o cümlədən "Sülh" Fondunun Ermənistan silahlı qüvvələrinə açıq yardım paketini təsdiqləməsi sülh prosesində Avropa İttifaqının dayandığı nöqtə ilə bağlı təsəvvürlərimizi tamamilə aydınlaşdırdı".

Deputat bildirib ki, Azərbaycan sülh prosesinin beynəlxalq gündəliyin məsələsi olmadığını, ayrı-ayrı dövlətlərin regiona münasibətlərinin Azərbaycan-Ermənistan münasibətlərindən asılı olmadığını dəfələrlə bəyan edib. Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında danışıqların vasitəçisiz formada daha effektiv olacağına dair qəti qənaəti sonrakı dövrlərdə 2023-cü ilin 7 dekabr bəyanatı, habelə ötən il 19 aprel razılaşmaları fonunda özünü bir neçə dəfə köklü surətdə doğruldub. Belə olan tədqirdə, əlavə platformaların axtarışı, o cümlədən digər subyektlərin prosesə müdaxiləsi imkanlarının formalaşdırılması bölgədə sülh və sabitlik üçün yaxşı heç nə vəd etmir. Eyni zamanda Ermənistanın özünün fərqli platformalar axtarmaq cəhdi də səmimi deyil, çünki ötən il Londonda Böyük Britaniyanın "Avropa Siyasi Birliyi"nin Zirvəsi çərçivəsində Azərbaycan və Ermənistan liderləri üçün təşkil etdiyi platforma məhz İrəvanın gözlənilməz və qeyri-praqmatik davranışları ilə uğursuz oldu. Belə bir situasiyada Avropa İttifaqının yenidən fəallaşması ağlabatan görünmür. Biz təbii ki, sülhə xidmət edən bütün platformalara öz milli maraq və mənafelərimizi, o cümlədən beynəlxalq hüququn aliliyini qorumaqla etiraz etmirik. Lakin bu platformaları təşkil edəcək tərəflər qərəzsiz və vicdanlı davrandıqlarını sübut etməlidirlər. Hələ də revanşist əhvalda olan Ermənistan silahlı qüvvələrinə milyonlarla yardım ayıran bir təsisat Azərbaycan və Ermənistan arasında real sülhdə maraqlı ola bilməz. Cənubi Qafqazda son situasiya göstərməkdədir ki, əslində, aralarında ziddiyyətlər getdikcə dərinləşməkdə olan qütbün əsas subyektlərini bu bölgədə dayanıqlı sülh və sabitlik yox, ilk növbədə özlərinin mənafeləri maraqlandırır. Eyni zamanda çox təəssüflə onu da qeyd etməliyik ki, həmin maraqlar daha çox təcavüzkar mahiyyətdə ifadə olunur və bölgənin yerli xalqları və dövlətləri üçün köklü formada yaxşı heç nə vəd etmir. Sirr deyil ki, Cənubi Qafqaz yerləşdiyi təbii-coğrafi şəraitlə əlaqədar hər zaman irəli güclərin diqqət mərkəzində olmuş və buna görə də regionda dayanıqlı münaqişələrə, demək olar ki, ara verilməmişdir. Lakin Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında ölkəmizin Vətən müharibəsi və antiterror tədbirlərində qazandığı qələbə ilə Cənubi Qafqaz, nəhayət ki, dayanıqlı sülh və sabitlik üçün unikal imkana qovuşub. Xüsusən marionet kimi istifadə olunan Ermənistanın və havadarlarının Azərbaycana münasibətdə işğal və separatizmdə ehtiva olunan təsir rıçaqlarından məhrum olması, o cümlədən Bakı və İrəvan arasında birbaşa təmasların başlaması, sülh prosesinin iki ölkə arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiya prosesindən ayrılaraq fərqli istiqamətlərdə, lakin əlaqəli formada davam etdirilməsi, həqiqətən, Cənubi Qafqaz üçün gözlənilməz, lakin unikal formuldur. Ermənistanın baş naziri Nikol Paşinyanın özünün də etiraf etdiyi kimi, Azərbaycan və Ermənistan arasında mümkün sülh yalnız iki dövlət yox, bütövlükdə regionun, o cümlədən regiona qonşu olan iri güclərin özlərinin də bölgə üzrə maraq və mənafelərinə xidmət edir, beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə müvafiq olaraq dövlətlər arasında əməkdaşlıq mühitinin dərinləşməsinə geniş imkanlar yaradır. 

B.Məhərrəmov vurğulayıb ki, lakin bölgədə marağı olan iri güclərin heç biri bu regionda dayanıqlı sülhü arzulamır: "Ötən 30 il ərzində vasitəçilik missiyası ilə pərdələnərək Azərbaycan və Ermənistan arasında münaqişənin davamlılığı üçün "qətiyyətlə" səy göstərən beynəlxalq subyektlər, təbii ki, indiki məqamda Cənubi Qafqazda bərabərhüquqlu əməkdaşlıq konfiqurasiyasında maraqlı ola bilməz. Aydındır ki, ABŞ, Fransa və yaxud Qərb qütbünün hər hansı bir subyekti üçün Ermənistan ayrıca anlamda maraqlı deyil. Maraqlı olan həmin dövlətlərin özlərinin iradələrini diktə edə biləcəyi marionet subyektlərin mövcudluğudur və Ermənistan bu tələblərə birmənalı şəkildə cavab verir. Azərbaycanın isə mövqeyi kifayət qədər aydındır, ölkəmiz bölgədə yeni münaqişə ocağının yaranmasını, yaxud bu bölgənin qütblərarası ziddiyyətin məkanına çevrilməsini arzulamır. Maraqlısı burasındadır ki, Rusiyaya münasibətdə kifayət qədər sərt davranan Qərb qütbü, hətta Macarıstanın timsalında ayrı-ayrı dövlətlərə münasibətdə məhz Rusiya ilə əlaqələrə görə sanksiya potensialını dilə gətirdiyi halda, Ermənistanın Rusiya ilə artan iqtisadi dövriyyəsini görməzdən gəlir, əksinə, Ermənistana Qərbdən gələn yardımların artırılması müşahidə edilməyə başlanır. Təbii ki, bu, ikili standartdır və Qərbin özünün Rusiyaya münasibətdə davranışlarının sadəcə dövri oyun olması barədə ciddi şübhələr yaradır. Maraqlıdır ki, eyni ikili standartı Rusiya tərəfdən də müşahidə edirik və Ermənistanın təşviqi ilə regiona ayaq açan Qərbin tədricən hərbi-siyasi mövcudiyyətini möhkəmləndirməsi fonunda Kreml Ermənistana münasibətdə radikal addımlar atmaqdan çəkinir. Baxmayaraq ki, ABŞ-nin, yaxud Avropa İttifaqının Ermənistanda möhkəmlənməsi hələ də bu ölkənin İran və Türkiyə ilə sərhədlərini qoruyan Rusiya üçün təhdiddir və ilk növbədə rəsmi Moskvanın regiondakı mövqelərinin zəifləməsi deməkdir. Lakin qəribədir ki, Rusiya bu reallığı görməzdən gəlir və bölgədə özünün maraqları üçün təhdidə çevrilən qüvvələrin cəmləşməsinə qucaq açan Ermənistanı hərbi, siyasi və iqtisadi cəhətdən gücləndirməyə davam edir. Bu onu bir daha göstərir ki, əslində, Moskva da ikili standartlarla hərəkət edən Qərbdən mahiyyətcə fərqlənmir". 

Məsələlərin pərdəarxasını əhatələyən çox böyük və gizli məqamlar olduğunu deyən deputat bildirib ki,  Ermənistan da növbəti qurbandır və erməni xalqı bu reallığı nə qədər tez görə bilsə, bu bir o qədər onlar üçün faydalı olar. Azərbaycana gəlincə, prosesləri diqqətlə izləyir və bölgədə əməliyyat şəraitinə tam şəkildə nəzarəti ehtiva edən status-kvonun hökm sürməsi,  ölkənin siyasi və iqtisadi cəhətdən tam müstəqilliyi proseslərin gedişinə uyğun olaraq adekvat qərar qəbul etmək suverenliyini tanıyır. Bu isə o deməkdir ki, regionda maraqlarını qanuni, hüquqi əsaslarla təmin etmək istəyən istənilən beynəlxalq subyektin regionda hesablaşacağı yeganə söz sahibi Azərbaycan Respublikasıdır. Azərbaycan regionda əməliyyat şəraitinə tam şəkildə nəzarət etdiyi üçün digər uğursuz cəhdlər kimi Avropa İttifaqının faktiki hərbiləşdirilmiş missiyasının yeni təxribat cəhdləri də bölgədə dayanıqlı status-kvoya heç cür təsir edə, Azərbaycanın yaratdığı reallığı dəyişə bilməz.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bütün dairələrdə seçkilər normal keçib

02:19
30 Yanvar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
30 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib

02:05
30 Yanvar

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib  

23:45
29 Yanvar

Lüksemburqun Baş naziri: Azərbaycanın hakimiyyət orqanları ilə dialoqun tərəfdarıyıq  

23:44
29 Yanvar

Ombudsman seçki günü aparılmış müşahidələrə dair açıqlama yayıb

22:21
29 Yanvar

Rusiya hava yollarına məxsus təyyarə Xəzər dənizi üzərində həyəcan siqnalı verib

22:20
29 Yanvar

Prezident Ərdoğan Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli görüşünün iştirakçılarını qəbul edib  

22:18
29 Yanvar

Bələdiyyə seçkilərində ən yüksək seçici fəallığı qeydə alınan seçki dairəsi məlum olub

22:17
29 Yanvar

Moldova mediası: Zəngəzur dəhlizi dünyada qəbul edilmiş termindir  

22:16
29 Yanvar

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının prioritet istiqamətləri müzakirə edilib

22:14
29 Yanvar

Bələdiyyə seçkilərində seçici fəallığı açıqlanıb 

22:12
29 Yanvar

Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılmış “qaynar xətt” fəaliyyətini yekunlaşdırıb

20:13
29 Yanvar

Türkiyə XİN rəhbəri: Azərbaycan və Özbəkistan ilə münasibətimiz ən yüksək səviyyədədir

20:10
29 Yanvar

Emmanuel Makron sosial şəbəkələrdə tənqid atəşinə tutulub

19:23
29 Yanvar

Bələdiyyə seçkilərində səsvermə başa çatıb

19:10
29 Yanvar

Türkiyə-Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib

18:30
29 Yanvar

Qurban Qurbanov: Pley-off şansımız qalmasa da, “Olimpiakos”la oyuna ciddi yanaşırıq

18:01
29 Yanvar

Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli nazirlər görüşündə Bəyannamə imzalanıb

17:51
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!