31 Iyul 2024 09:15
106
CƏMİYYƏT
A- A+

İgidliyin, cəsarətin və məğrurluğun təntənəsi

 

Azərbaycan xalqının cəsur övladları zaman-zaman torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük igidlik və qəhrəmanlıqlar göstərmişlər. Tarix boyu bu qəhrəmanlar hörmətlə anılmış, ehtiramla xatırlanmışdır. Onların keçdiyi şərəfli döyüş yolu bütün gələcək nəsillər üçün bir örnək, bir qürur mənbəyi olmuşdur.

Qəhrəmanlıq bədii əsərlərdə də özünə yer tutub. Bu dəyərli əsərləri oxuduqca zənn edirsən ki, qəhrəmanlıq sanki əlçatmaz ucalıqdadır. Amma məqamı yetişəndə şahidi olduq ki, qəhrəmanlıq o qədər də uzaqda deyilmiş. Çünki bəzən tanıdığın adi bir insan yurda düşmən hücumu olanda Vətən deyib döyüşlərə atılır. O bu döyüşlərdə gözlənilmədən ağlasığmaz qəhrəmanlıq göstərərək ətrafındakıları heyrətə salır. Cəsarəti ilə, düşmənə meydan oxuya-oxuya adını qəhrəmanların sırasına yazır.

Tarix onu da dəfələrlə göstərib ki, qəhrəmanlıq insanların camalında deyil, kamalında, mənəviyyatındadır. Doğrudan da, duyğu və hisslərimizdə yaşayan məğlubedilməz ruh insan ömrünü bir an içində qəhrəmanlıqdan yoğrulmuş əbədiyyətə çevirir.

İnsanları rəşadət və hünər göstərməyə sövq edən hansı hiss və duyğulardır? İlk növbədə onun ürəyində kök salmış cəsarətdir. Böyük türk sərkərdəsi Attila demişdir: "Cəsarət əlində silah olan insan deyil. Cəsarət çatacağın yeri bilmədən yola çıxmaqdır. Başlayırsan və səbəb nə olursa-olsun, o yoldan keçirsən..." 

Zabit və əsgərlər hərb meydanlarında döyüşlərə igidliyin və şücaətin çiyinlərində gedirlər, cəsarətlə vuruşaraq bir an içində xəyallarını reallığa çevirərək ölməzlik səltənətində qəhrəmanlığın bayrağını əbədi olaraq dalğalandırırlar. 44 günlük Vətən müharibəsində biz belə qəhrəmanları çox gördük. Qəhrəmanlıq insanın ləyaqətində, vicdanında yüksək yer tutan mənəvi iftixardır. İnsana daim ruh və güc verən bu iftixar bir an içində ona böyük şöhrət qazandırır. İstər filmlərdə, istər bədii əsərlərdə, istərsə də həyatda dəfələrlə şahidi olmuşuq ki, hərb meydanında igidliklə vuruşub həlak olanlara bəzən qarşı tərəf də ehtiram göstərir. Bu, qəhrəmanlığın, igidliyin təntənəsi və zəfəri deyilmi?

Əsgərin, zabitin daxilindən onu qəhrəmanlıq göstərməyə sövq edən ən ali güc vətənpərvərlik hissi və döyüşkənlik ruhudur. Bu ruh həm döyüşdə, həm də həyatda onları igid və cəsarətli olmağa yönləndirir. Döyüş ruhu yüksək olan hərbçinin qarşısını kimsə ala bilməz. Nə qədər təhlükəli olsa da, o savaş meydanında hünər göstərərək geriyə zəfərlə dönəcək. Döyüşdə həlak olsa da, vüqarla, məğrurcasına ölərək ölümə də qalib gələcək. Deməli, cəng zamanı döyüş ruhunun yüksək olması qələbəni təmin edən vacib amillərdən biridir.

Müharibədə döyüş ruhunun həlledici rol oynadığını aydın şəkildə göstərmək üçün, belə bir məqama diqqət yetirməyimiz yerinə düşərdi. Əgər idmançı yarışa məğlub hisslərlə qatılarsa, tatami üzərinə məyuscasına çıxarsa, ondan qələbə gözləməyə dəyərmi? Təbii ki, yox! Müdrik bir kəlamda deyilir: "Ən böyük qələbənin taleyi döyüş meydanlarından əvvəl ürəklərdə həll olunur. "Doğrudan da, əgər döyüşçü savaşa qorxmadan cəsarətlə atılarsa, onun nəsibi yalnız qələbə olacaq. Amma əgər ən müasir silahlara sahib olan əsgərin döyüş ruhu zəifdirsə, qorxu hissindən canını qurtara bilmirsə, onda onun uğur qazanmaq şansı sıfıra bərabərdir.

Əsgərin silahı müasir, döyüş ruhu yüksəkdirsə, deməli o, əzəmətlidir, vüqarlıdır, onu heç bir düşmən qüvvəsi dayandıra bilməz. O, döyüşlər zamanı məğlubedilməz bir qəhrəmana, cəsur bir döyüşçüyə çevrilərək hünər göstərib tarix yazacaq. Torpağını, vətənini işğalçılardan qoruyacaq.

Yaşanmış və artıq bizim üçün keçmişin dəyərli bir parçasına çevrilmiş tariximizin səhifələrində elə qəhrəmanlarımız olub ki, onlar igidlikləri ilə daim bizi heyrətləndiriblər. Qəhrəmanlıq tariximizdə adları şərəflə çəkilən Babəkin, Koroğlunun, Qaçaq Nəbinin igidliyi zaman-zaman bizi hünər göstərməyə ruhlandırıb. Sovet İttifaqı qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, Cəmil Əhmədovun, Ziya Bünyadovun, Məlik Məhərrəmovun və onlarla başqalarının igidliyi bizim üçün tükənməyən qürur mənbəyidir.

Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində böyük igidliklər göstərmiş Azərbaycanın Milli Qəhrəmanları Murad Mirzəyevin, Mübariz İbrahimovun, Vahid Quluyevin, İqor Makayevin, Səxavət Məhərrəmovun, Mətləb Quliyevin, Rasim İbrahimovun, Şükür Həmidovun, Polad Həşimovun, İlqar Mirzəyevin, Çingiz Qurbanovun... və yüzlərlə başqa oğullarımızın döyüşlərdə göstərdiyi igidlik, cəsarət gənc nəsillər üçün həmişə nümunə olacaq. Çünki onlar Vətən uğrunda şəhid olmuşlar. Vətən uğrunda canlarından keçən qəhrəmanlar isə heç vaxt unudulmurlar.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video