02 Mart 2023 01:42
2223
SİYASƏT
A- A+
Heydər Əliyevin aqrar siyasət xətti davamlı inkişafdadır

Heydər Əliyevin aqrar siyasət xətti davamlı inkişafdadır

 

2023-cü ilin "Heydər Əliyev İli" elan olunması və bununla əlaqədar  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi hər bir azərbaycanlıda qürur doğurur. Müstəqillik tariximizin yaradıcısı və dövlətimizin qurucusu, bütün mənalı həyatını xalqının və vətəninin gələcəyinə, xoşbəxtliyinə, inkişafına sərf edən görkəmli dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin adı və xidmətləri unudulmazdır, əbədidir. 
Ümummilli Liderin fəaliyyəti illərə sığan deyil və sözsüz ki, bu ömrün bəşəri dəyərlərindən xalqımız, insanlar əsrlərlə bəhrələnəcəklər. Çünki Heydər Əliyevin mənalı ömrünün hər bir anı insanlığa hörmət, məhəbbət, qayğı, xalqlara və millətlərə azadlıq, bərabərlik, əmin-amanlıq, sülh, səadət, vətənə sədaqət nümunəsidir. Qətiyyətlə demək olar ki, Azərbaycanın son yarım əsrdən artıq dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı, fəaliyyəti və ölməz ideyalarının həyata keçirilməsi ilə bağlıdır. Bu dövrdə ölkənin ictimai-siyasi və mədəni həyatında baş verən yeniliklər, uğurlar, dəyişikliklər bu dahi insanın canlı fəaliyyətinin və ölməz ideyalarının bəhrəsidir.
Heydər Əliyev parlaq siyasi zəkası, bəşəri düşüncəsi, uzaqgörən fikirləri ilə canlı əfsanəyə, fenomenə çevrilmiş, dünya siyasətçiləri, dövlət rəhbərləri arasında seçilmiş, özünün əvəzolunmaz təşkilatçılığı, bacarığı və cəsarəti ilə dünya xalqlarının hörmətini qazanmışdır.
Müasirləri, onun fəaliyyəti və siyasi kursu ilə yaxından tanış olanlar Heydər Əliyevi tək Azərbaycan xalqının deyil, bütün xalqların və millətlərin dostu, cəfakeşi, əzizi kimi qiymətləndirmişlər.
Heydər Əliyev ən böyük azərbaycanlı idi və azərbaycanlı olması ilə daim fəxr edirdi. Millilik, tariximizə, dinimizə, mənəvi dəyərlərimizə, adət-ənənələrimizə  sadiqlik, hörmət və ehtiram  bu müdrik insanı səciyyələndirən, ona məhəbbət qazandıran başlıca amillərdəndir. Dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi vətən ətrafında birliyi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyin inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin iqtisadi-siyasi və mədəni inkişafı Ümummilli Liderin həyat amalı idi. O, Azərbaycanı bütöv və dünya azərbaycanlılarını həmişə həmrəy görmək istəyirdi. Ulu Öndər bildirirdi ki, "Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir və bütün dünyada soydaşlarımızın bir olması vacibdir".
Heydər Əliyev Azərbaycanın inkişafını, xalqın tərəqqisini hər zaman insanların birliyində, həmrəyliyində görür və bunun uğrunda yorulmadan mübarizə aparırdı. Çünki hakimiyyətə gəldiyi, respublikaya rəhbərlik etdiyi 1969-cu ilin ilk günlərindən o, bu birliyin əzəmətini, uğurlara yol açdığını görmüş və məhz bu birlik, səfərbərlik nəticəsində respublikanın ucalacağına, xalqın inkişaf edəcəyinə əmin olmuşdu.
O çətin, uğursuz illərdə respublikanı düşdüyü ağır vəziyyətdən çıxararkən Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanmış və ən geridə qalan Azərbaycanı qısa bir müddətdə ittifaqın ən qabaqcıl regionu kimi yüksəltmiş, tanıtdırmış və şöhrətləndirmişdir.
Azərbaycan aqrar bir respublika idi. Odur ki, Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi ilk gündən bu sahənin inkişafına göstərdiyi qayğı və diqqət, kadrların seçilib yerləşdirilməsində, yeni texnologiyaların təsərrüfatlara tətbiq edilməsində, kənd təsərrüfatının sənaye təməli üzərinə keçirilməsində həyata keçirdiyi köklü dəyişiklikər, əsaslı tədbirlər təsadüfi deyildi. Respublikada pambıqçılığın, üzümçülüyün, heyvandarlığın inkişafı sözsüz ki, yeni emal müəssisələrinin - zavodların, fabriklərin, sexlərin, dəmir yollarının yaradılmasını zərurətə çevirirdi. Heydər Əliyev respublikada həyata keçirilən bütün tədbirləri, layihələri ittifaqın qərarları, sənədləri ilə əsaslandırırdı. Diqqət yetirək: 1970-ci il iyulun 23 və 25-də Sov.İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-in kənd təsərrüfatının inkişaf tədbirləri haqqında" və "Azərbaycan SSR-in xalq təsərrüfatının inkişafı haqqında", 1975-ci il iyulun 9-da "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək  tədbirləri haqqında" və 1979-cu il fevralın 22-də "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü, şərabçılğı inkişaf etdirmək tədbirləri haqqında" dörd mühüm qərar qəbul etmişdir. Bu qərarların qəbulu və onun müddəalarının yerinə yetirilməsi respublikada kənd təsərrüfatının inkişaf etdirilməsində əsaslı rol oynamış və Azərbaycan aqrar sahədə əldə olunan nəticələrə görə bir neçə ildə ittifaqın ən qabaqcıl respublikalarından biri kimi tanınmışdır. 
Əgər 1969-cu ildə respublikada 299,4 min ton, hər hektardan 15,1 sentner pambıq istehsal edilmişdirsə, 1981-ci ildə 1.015,3 min ton, hər hektara 35,9 sentner məhsul götürülmüşdür.
Bu dövrdə üzüm istehsalı 272,0 min tondan 1.815,6 min tona çatdırılmışdır. Məhsuldarlıq iki dəfədən çox yüksəlmişdir. Taxıl istehsalı 573,9 min tondan 1.211,3 min tona çatdırılmışdır. Həmin dövrdə heyvandarlıq məhsulları istehsalı da bir neçə dəfə artmışdır. Kənd təsərrüfatının bütün sahələrində uğurlu nəticələr əldə edilmişdir.
1969-1982-ci illərdə kənd təsərrüfatının ümumi məhsulu 2,7 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. Həmin illərdə meliorasiya və su təsərrüfatı kompleksinə qoyulan vəsait əvvəlki 50 il ərzində qoyulan vəsaitdən 2,5 dəfə artıq olmuşdur ki, bu da kənd təsərrüfatının sürətli inkişafına imkan yaratmışdır. 1970- 1982-ci illərdə xalq istehlakı mallarının artırılmasına 1 milyard 200 milyon manat sərf edilmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 3,6 dəfə çoxdur.
Həmin illərdə kənd təsərrüfatı ilə paralel olaraq sənaye də özünün yüksəliş dövrünü yaşamışdır. O dövrdə sənaye istehsalının həcmi 2,7 dəfə artmışdır. 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə isə bu obyektlərin sayı 1048-ə çatdırılmışdır. Ölkədə 581 adda yeni tipli maşın avadanlıqları, aparat və cihaz nümunələri yaradılmışdır ki, bu nümunələr də sənayedə elmi-texniki nailiyyətlərin geniş tətbiq olunmasına kömək etmişdir.   
1969-1982-ci illərdə respublikada 18,5 milyon kvadratmetr mənzil sahəsi istifadəyə verilmişdir ki, nəticədə də 2 milyon 2 yüz mindən çox insan yeni mənzillərlə təmin edilmişdir. Həmin illərdə 633 min yeni iş yeri yaradılmışdır.
Əzəmətli tikinti-quruculuq işləri, yüksək sosial-iqtisadi göstəricilər, sağlam mənəvi mühit, gələcəyə inam o dövrü səciyyələndirən cəhətlərdir.         
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə - 13 il ərzində respublikamız çiçəklənən bir diyara çevrilmişdir. Bir faktı qeyd etməklə inkişafın miqyasını qiymətləndirmək olar. Belə ki, həmin illərdə ozamankı qiymətlərlə 101,5 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki 50 ildə istehsal olunan məhsula bərabərdir. Azərbaycan rəhbərinin böyük təşkilatçılıq qabiliyyəti zamanı on illərlə qabaqlamış, respublikanın həyatını sürətlə irəliyə, inkişafa aparmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin illərin inkişafını belə dəyərləndirmişdir. "Təkcə onu demək kifayətdir ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci ilin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox mühüm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir".
Ölkə rəhbərinin qeyd etdikləri unudulmaz həqiqətdir və biz bunu bugünkü həyatımızda daimi hiss edirik. O dövrdə respublikanın kənd təsərrüfatı inkişaf etdirildi, eləcə də paralel olaraq yüzlərlə zavod, fabrik, sənaye müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib istifadəyə verildi. Naxçıvanski hərbi liseyinin, Dərin Özüllər Zavodunun timsalında biz bunu aydın görürük.
Nümunə gətirdiyimiz rəqəmlər inkişafımızın göstəricisi olmaqla, ilk növbədə, Heydər Əliyev təşkilatçılığının bəhrəsi kimi qiymətləndirilməlidir. Ulu Öndər kadrlara qarşı tələbkar olduğu qədər də mehriban, qayğıkeş idi. İnsanları bacarığına, ağlına, sədaqətinə, mövqeyinə görə qiymətləndirir, onlara etimad göstərir və səmərəli fəaliyyətə istiqamətləndirirdi.
Heydər Əliyevin Moskvada keçən ömrü, həyat yolu da mənalı və unudulmazdır. Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini kimi o, ittifaqda öz sözünü deyən, təşkilatçılığı ilə digər rəhbər işçilərdən fərqlənən, insanlar tərəfindən sevilən və hörmətlə qarşılanan bir rəhbər idi. Sovet İttifaqının sosial-iqtisadi inkişafı sahəsində onun xidmətləri əvəzsizdir. Digər tərəfdən, 1982-1987-ci illərdə Azərbaycana göstərilən qayğı və diqqət, respublikanın inkişafı üçün həyata keçirilən mühüm tədbirlər bilavasitə Ulu Öndərimizin adı ilə bağlıdır. Keçmiş Sovet İttifaqının bütün xalqları Heydər Əliyevi prinsipial bir rəhbər, müdrik siyasətçi, həssas və mehriban insan kimi tanıyır, ona böyük hörmət bəsləyirdilər.
Bu müdrikliyin, hörmət və etimadın nəticəsi idi ki, xalqımız ən çətin günlərdə, Azərbaycanın parçalanmaq, məhv olmaq ərəfəsində olduğu 1993-cü ildə yenidən Heydər Əliyevə müraciət etdi, onu ikinci dəfə hakimiyyətə gətirdi. Ümummilli Liderimiz həmin illərdə Azərbaycanı yalnız parçalanmadan, dövlət çevrilişindən, aclıqdan, qarşıdurmadan xilas etmədi, həm də öz xilaskarlıq missiyasını yerinə yetirərək xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən həyatı, dövləti - müstəqil Azərbaycanı bəxş etdi.
"Əsrin müqaviləsi"nin imzalanması, əhəmiyyətli layihələrin həyata keçirilməsi, dünya birliyi ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, atəşkəsə əməl olunması, iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə, mənəviyyatda əsaslı dəyişikliklərin baş verməsi Heydər Əliyevin böyük xidmətlərinin nəticəsi idi.
Heydər Əliyev bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının idarə edilməsində də zəngin biliyə və təşkilatçılığa malik idi. O, yaxşı bilirdi ki, torpağı əsl sahibinə - kəndliyə qaytarmadan böyük nailiyyətlər əldə etmək mümkün deyildir. Məhz dahi rəhbərin uzaqgörənliyi sayəsində Azərbaycanda torpaq islahatı şəffaf, ədalətli şəkildə həyata keçirildi.
Ölkədə aqrar islahatların aparılması üçün normativ hüquqi sənədlər və qanunlar hazırlanıb qəbul edildi. 1995-ci ilin əvvəllərindən aqrar islahatlara başlanıldı. 1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparılması üçün əsaslı imkanlar yaratdı.     
Aqrar bölmədəki islahatlar qətiyyətliliyi və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində, hətta postsovet respublikalarında aparılan islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynadı. 1999-2000-ci illərdə ölkə Prezidenti islahatların daha da  dərinləşdirilməsi məqsədilə 8 fərman imzaladı və bunun sayəsində bir çox tədbirlər görüldü. İslahatlar nəticəsində 1970 kolxoz və sovxozun hamısında torpaq və əmlak 3 milyon 500 minə yaxın vətəndaş arasında bölündü.    
Heydər Əliyevin 22 mart 1999-cu il tarixli "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı xüsusilə mühüm əhəmiyyətə malikdir. Fərmana əsasən, Nazirlər Kabineti kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etdi. Milli Məclis isə həmin fərmana uyğun təqdim edilmiş layihəni müzakirəyə çıxararaq kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi. Bu güzəştlər digər MDB ölkələrində bu gün də tətbiq edilmir.
Müdrik rəhbərin ötən əsrin sonlarında həyata keçirdiyi aqrar islahatı kolxoz və sovxozların ləğv edilərkən torpaqların əsl sahiblərinə qaytarılması inqilabi gediş idi və Ulu Öndər bununla ölkədə sahibkarlığın inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalının artımına imkan yaratdı. Torpağın kəndliyə - sahibinə verilməsi bu günlərimizin uğurları üçün hesablanmışdı və hazırda kənd təsərrüfatı sahələrində əldə olunan nəticələr islahatın əhəmiyyətini bir daha sübut edir.         
Heydər Əliyev kənd təsərrüfatı əməkçilərinin ən yaxın məsləhətçisi və dostu idi. Bu sahədə çalışanlara qayğı və diqqətini əsirgəmirdi. Hakimiyyətdə olduğu illərdə minlərlə kənd təsərrüfatı işçisi yüksək təltiflərlə mükafatlandırılmış, fəxri adlara layiq görülmüşdür. Həmin illərdə Azərbaycan kəndinin mədəni siması tamamilə dəyişmiş, insanların rifah halı yüksəlmişdir.    Ulu Öndər pambıq sahələrini, taxıl zəmilərini, üzüm plantasiyalarını, heyvandarlıq komplekslərini gəzməkdən, işlərin gedişi ilə tanış olmaqdan, insanlarla görüşlərdən, onları dinləməkdən xüsusi zövq alırdı. O, zəhmət adamlarının əməyini yüksək qiymətləndirirdi, onları sevirdi, problemləri ilə tanış olurdu və həlli üçün tapşırıqlar verirdi.
Heydər Əliyev Ağcabədiyə altı dəfə səfər etmişdi və həmin səfərlərin hər biri əsl bayrama çevrilirdi. Rəhbərin gəlişi təsərrüfatların inkişafına, problemlərin aradan qaldırılmasına, yeni sahələrin yaradılmasına, nəzarətin gücləndirilməsinə imkan yaradır, inşaları əməyə ruhlandırırdı. Ağcabədiyə dəmir yolunun çəkilməsi, pambıq və çörək zavodlarının, məktəb, mədəniyyət, tibb müəssisələrinin tikilməsi, yolların çəkilməsi, su təminatının yaxşılaşdırılması bu səfərlərin nəticəsi kimi dəyərləndirilirdi. Bu səfərlər, göstərilən qayğı və diqqət insanlara ruh yüksəkliyi, daha yaxşı işləmək üçün bir stimul verirdi.
Ulu Öndər bəzən saatlarla insanlar arasında olur, kənd əməkçilərini dinləyir, onların həyatı, yaşayışı ilə maraqlanırdı. Əlbəttə, bu görüşlərin hər biri insanlar üçün unudulmaz bir hadisəyə, əziz xatirəyə çevrilirdi. Bu xatirələr Heydər Əliyevin böyüklüyünü, vətənpərvərliyini, insani keyfiyyətlərini göstərir və xatırlandıqca bu böyük insana olan məhəbbəti əbədiləşdirir.
Mən bu xatirələri toplamaq, kitab halında çap etdirmək qərarına gəldim. Kitab yüksək maraqla qarşılandı. Heydər Əliyevlə bağlı əmək adamlarının, təsərrüfat rəhbərlərinin söylədiyi hər bir xatirə canlı tabloya bənzəyir və oradan Ulu Öndərin müdrik siması boylanırdı.
Heydər Əliyevin kənd əməkçisinə qayğısını və fenomen yaddaşa malik olmasını xarakterizə edən bir görüşün epizodunu nümunə üçün diqqətə çəkirəm. 1982-ci ildə kolxoz sədri işləmiş Aqil Muradov Heydər Əliyevlə görüşlərindən birini belə xatırlayır: "1982-ci ilin iyul ayının 12-də Heydər Əliyev rayona gələndə mən Lenin adına kolxozda sədr işləyirdim. Həmin gün görüş yerinə Çkalov adına və "Tacikistan" kolxozundan da adamlar gəlmişdi. Görüşdə 5 mindən çox adam iştirak edirdi. Səhər saat 11-də Heydər Əliyev görüşə gəldi. Onu birinci mən qarşıladım və 10 dəqiqə kolxozun fəaliyyəti haqqında məlumat verdim. Sonra o biri kolxoz sədrləri məlumat verdilər. Bizim kolxozun pambıq sahəsində görüş keçirib razı qaldı. Mənə dedi ki, gəl bu işgüzar qadınlarla şəkil çəkdirək. Şəkil çəkdirdik. Həmin anda bir nəfər qadın şəxsi həyatı ilə əlaqədar ərizə təqdim etdi.
Heydər Əliyev məndən həmin qadının nə problemi olduğunu soruşdu. Mən cavab verdim ki, onun həyat yoldaşı Rusiyada yaşayır və bir neçə ildir ki, qayıdıb gəlmir.
O gülümsəyərək dedi:    
- Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. 
1999-cu ilin iyun ayının 14-də Bakıda Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 30-cu ildönümü ilə əlaqədar tədbirə dəvət olunmuşdum. Fasilə zamanı hörmətli prezidentimiz  foyedə bir qrup tədbir iştirakçısı ilə görüşüb söhbət etdi. Mən də iştirakçılar arasında idim. Heydər Əliyev məni dərhal tanıdı:
- Siz Ağcabədidənsiniz?
Cavab verdim ki, bəli.
- O vaxt mənə müraciət edən qadının məsələsi həll olundumu?    
Mən cavab verdim ki, bəli, cənab Prezident, həll olundu.    
Onun möcüzanə yaddaşına heyran qaldım. 17 il əvvəl olmuş bir hadisə yaddaşında necə də dəqiq qalmışdı". Mən özüm də hər dəfə "Heydər Əliyev və Ağcabədi" kitabındakı xatirələri oxuyarkən dönə-dönə bu böyük insanın müdrikliyinə, insanpərvərliyinə, zəkasına, vətən, xalq sevgisinə heyran qalır, Ulu Öndərin ruhu qarşısında bir daha baş əyirəm.
Sevinirik ki, Heydər Əliyevin arzuları, əməlləri çiçəklənir, onun ideyaları hörmətli Prezident İlham Əliyev tərəfindən sədaqətlə, cəsarətlə, qətiyyətlə həyata keçirilir. Ulu Öndərin canı qədər sevdiyi, qiymətləndirdiyi, ağrı-acısını yaşadığı Qarabağ torpaqları azaddır, düşməndən təmizlənmiş, qatillər, cəlladlar öz cəzalarına çatdırılmışlar.
Bütün sahələrdə olduğu kimi, ölkənin aqrar sektoru da sürətli inkişaf yolundadır. Prezident seçildiyi ilk gündən cənab İlham Əliyev ölkədə kənd təsərrüfatının yenidən qurulması, müasirləşdirilməsi, sahibkarlığın inkişafı və kənd adamlarına qayğının artırılması barədə öz mövqeyini aydın şərh etmiş, Ulu Öndər tərəfindən aparılan islahatların əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Kənd təsərrüfatında aparılan islahatların nəticəsində böyük uğurlar qazanılmışdır. Torpaq özəl mülkiyyətə verilibdir. Bu ənənə davam etməlidir və kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlanmalıdır". 
Prezidentimizin aqrar sektorda islahatların aparılmasına önəm verməsi, bu sahədə mühüm fərmanların, sərəncamların, əsasnamələrin qəbul edilməsi, əməli tədbirlərin görülməsi sahənin inkişafında mühüm əhəmiyyətə malikdir. Xüsusilə son illərdə "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" (19 dekabr 2018-ci il), "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" (14 yanvar 2019-cu il), "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" (27 iyul 2019-cu il), "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" (15 iyul 2021-ci il), "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" (7 oktyabr 2021-ci il) və digər imzalanmış fərmanlar, eyni zamanda "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi", "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyalarının inkişafına dair Dövlət Proqramı", aqrar sahədə elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqi bilavasitə aqrar sektorun inkişafına hesablanmış və öz töhfələrini verməkdədir.    
Ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının artırılması, aqrar sektorda istehsal vasitələri bazarının inkişafı, maliyyəyə çıxışın asanlaşdırılması, yeni texnologiyaların tətbiqi və istifadə mexanizmlərinin formalaşdırılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığa qayğının artırılması, kənd yerlərində əhalinin rifahının yüksəldilməsi, qarşıya qoyulan mühüm hədəflərə çatmaq qəbul olunmuş sənədlərin ana xəttini təşkil etmişdir. Son 15 il ərzində ölkə üzrə üzüm və meyvə istehsalı 2 dəfə, pambıq istehsalı dəfələrlə artmışdır. Əhali mal əti ilə 90 faiz, toyuq əti ilə 80 faiz, qoyun əti ilə 100 faiz təmin edilir, kənd təsərrüfatı istehsalı son illər 3,4 faiz artmışdır. Aqrar sektor 2 dəfədən çox inkişaf etmişdir. Son beş ildə kənd təsərrüfatına xərclər 1,8 dəfə artırılmışdır. Bu il dövlət büdcəsində aqrar sektora xərclərin 20,5 faiz artırılması nəzərdə tutulmuşdur. Xarici ölkələrə ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə artır.
Bu gün ölkədə kənd təsərrüfatının əkin suyuna olan tələbatının ödənilməsi, toxumçuluq təsərrüfatlarının inkişaf etdirilməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi üçün müasir texnologiyaların tətbiq olunması, kadrların hazırlanması, ərzaqlıq buğda istehsalının artırılması, güzəştli kreditlərin verilməsi, işğaldan azad olunmuş ərazilərin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində mühüm işlər görülür.
Azərbaycan iqtisadiyyatının inkişafında aqrar sektorun mühüm rol oynadığını nəzərə alaraq bu sahəyə qayğı və diqqət ildən-ilə artırılır, yeni layihələr, proqramlar, yol xəritələri hazırlanır. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən aqrar sektorun hüquqi bazasını möhkəmləndirmək məqsədilə 1995-ci ildən bu günə kimi mühüm qanunlar qəbul etmiş, sazişləri təsdiqləmiş, qanunlara əlavə və dəyişikliklər edilmişdir. Bu qanunvericilik aktlarının sayı 300-dən çoxdur və onlar kənd təsərrüfatının hüquqi əsaslarla idarə edilməsində başlıca əhəmiyyətə malikdirlər. 
Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən imzalanan yeni fərmanlar, sərəncamlar bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin aqrar siyasət xətti uğurla davam etdirilir, inkişafdadır və gələcək nailiyyətlərimizə öz töhfələrini daimi olaraq verəcəkdir.

Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında

02:10
22 Noyabr

“Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:08
22 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

02:07
22 Noyabr

“Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1177-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:06
22 Noyabr

“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında

02:04
22 Noyabr

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması QAYDASI

02:03
22 Noyabr

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:02
22 Noyabr

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib  

23:07
21 Noyabr

 Yeni “Wrangler” nümayiş olunub   

23:03
21 Noyabr

“Jaguar”ın yeni loqotipi təqdim edilib

23:00
21 Noyabr

“Messenger”də yeni funksiyalar təqdim edilib

22:48
21 Noyabr

Braziliya rəsmisi: Meşələrin qorunması yalnız milli maraq deyil, qlobal məsuliyyətdir  

22:45
21 Noyabr

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib  

22:39
21 Noyabr

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə edilib  

22:38
21 Noyabr

COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filminin təqdimatı olub  

22:36
21 Noyabr

COP29-un hindistanlı iştirakçısı: Dünya səkkiz milyard insan üçün ədalətli şəkildə yaşanacaq bir yer olmalıdır  

22:34
21 Noyabr

Nazir Rəşad Nəbiyev çilili həmkarı ilə görüşüb  

22:33
21 Noyabr

Dayanıqlı İnkişaf Məqsədləri və universitetlərin beynəlxalq əməkdaşlıq təcrübəsi müzakirə edilib  

22:31
21 Noyabr

Cin Baderşnayder: Təzyiqlərə baxmayaraq, Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu VİDEO  

22:25
21 Noyabr

COP29 çərçivəsində Dəyirmi Masada SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb  

22:22
21 Noyabr

Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirib

22:03
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!