07 Mart 2023 01:20
3528
CƏMİYYƏT
A- A+
Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf, böyük zəfər

Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf, böyük zəfər

 

Bakı Şəhər İcra Hakimiyyətinin və "Azərbaycan" qəzetinin birgə konfransı

 

"Heydər Əliyev İli" çərçivəsində Azərbaycanda Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir, tariximizin son yarıməsrdən artıq dövrünün şərəf və qürur salnaməsi, inkişaf və quruculuq mərhələləri bir daha müzakirə və təhlil olunur.

Bu silsilədə Bakı Şəhər İcra Hakimiyyəti ilə "Azərbaycan" qəzetinin birgə təşkil etdikləri "Heydər Əliyev və Azərbaycan" mövzusunda konfransda da Ulu Öndərin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə rəylər söylənildi, mövcud nailiyyətlərin əsaslarının yaradıcısı olan Ümummilli Liderin fəaliyyətinin müxtəlif spektrləri mövzularında çıxışlar dinlənildi.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular. Tədbir Ulu Öndərin və şəhidlərimizin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başladı.

 

Konfransda giriş nitqi ilə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar ƏZİZOV Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini Azərbaycan tarixinin əlamətdar hadisəsi kimi qiymətləndirdi. Bu yubileyin mühüm cəhəti olaraq vurğuladı ki,  Ulu Öndərimizin şəxsində həm də Azərbaycanın dünənini, bu gününü, ən əsası isə sabahını bir daha təhlil edirik:

- Heydər Əliyevin yaratdıqları barədə minnətdarlıqla danışırıq, onun yolu əsasında bu gün əldə edilən nailiyyətlərdən fəxrlə söhbət açırıq və yenə də məhz onun sayəsində gələcəkdə qazanacağımız qələbələrin real hədəflərini inamla müəyyənləşdiririk.

Bu kontekstdə tam əminliklə deyə bilərəm ki, Heydər Əliyev tariximizin qürurlu dünəni, öyrənilən bu günü və daim istinad olunacaq sabahıdır. Heydər Əliyevin unikallığının, bənzərsizliyinin elə ən vacib simvolu da budur: o, hər üç dövrün əbədi lideridir.

Bu baxımdan konfransın "Heydər Əliyev və Azərbaycan" adlandırılması da tarixi qanunauyğunluqdur. Həqiqətən də, Ulu Öndər Heydər Əliyevin bioqrafiyası bütünlüklə Azərbaycanın tərcümeyi-halı, şərəf salnaməsidir. Ölkəmizdə hansı uğura, zəfərə, tərəqqiyə nəzər salınsa, orada hökmən Heydər Əliyev imzası, müəllifliyi görünəcək.

Konfrans iştirakçıları mənim bu fikrimlə razı olarlar ki, Azərbaycan və Heydər Əliyev - bütövdür, ayrılmaz vəhdətdir. Yaddaşlara xilaskar lider, qurucu rəhbər, böyük ideoloq, tarix yaradan şəxsiyyət kimi həkk olunan Ulu Öndərin ömür yolu şanlı irsimizdir və daim öyrənəcəyimiz məktəbdir.

Həm sovetlər, həm də müstəqillik dövründə milli inkişafın və mədəni intibahın birmənalı müəllifi olan bu böyük şəxsiyyətin bütün fəaliyyəti yalnız doğma vətəninin və əziz xalqının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə həsr olunmuşdur. O, hər zaman bu müqəddəs amalla yaşadı, həmişə bu amalı reallaşdırdı, bu gün də bu amal onun siyasi kursunun sədaqətli ardıcılları tərəfindən layiqincə gerçəkləşdirilir.

Tam əminik və çox sevinirik ki, dövlətimizə və xalqımıza yüksəliş bəxş edən, mövcud inkişafın yaradıcısı olan Ulu Öndərin böyük əzmlə davam etdirilən dövlətçilik xətti respublikamızın bundan sonrakı əbədi yüksəlişinin də möhkəm bünövrəsi olacaq.

Heydər Əliyev qüdrətli şəxsiyyət kimi yalnız Azərbaycanın və regionun tarixində iz qoymayıb. O, dünya miqyaslı tarixi şəxsiyyətdir. Heydər Əliyev kiçik Azərbaycanda həyata keçirdiyi böyük işlərlə, əslində, qlobal dünyada mükəmməl bir nümunə yaratdı, liderlik məktəbi formalaşdırdı.

Heydər Əliyev xaosdan qurtuluşa, böhrandan yüksəlişə təhlükəsiz keçidin əsasını qoyaraq, milli dövlətçiliyi yaratmaq və onu qorumaq örnəyini dünya ölkələri üçün uğurlu nümunə kimi təqdim etdi.

Heydər Əliyevin dövlət və ordu quruculuğu ənənələri, iqtisadi islahatları, sabitlik yaratma üsulları yeni müstəqillik qazanmış ölkələr üçün sınaqdan uğurla çıxmış ən dəyərli "yol xəritəsi" idi.

Heydər Əliyevin ölkədə yaşayan bütün xalqların və fərqli dinlərin təmsilçilərini vahid məqsəd - Azərbaycançılıq ideologiyası ətrafında birləşdirərək, yaratdığı tolerantlıq və multikulturalizm modeli dünyanın bu sahədəki ən yaxşı nümunələrindəndir.

Heydər Əliyevin müəllifi olduğu enerji siyasəti bu gün möhtərəm Prezident İlham Əliyevin qüdrətli liderlik bacarığı ilə Avrasiyanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır.

Bu misalları istənilən qədər artırmaq olar. Vaxtınızı çox almadan yalnız bir tarixi hadisəyə toxunmaq istərdim.

Vətən müharibəsində əldə olunan böyük zəfər də məhz Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi idi. Onun müəyyənləşdirdiyi modern ordu quruculuğu konsepsiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi intellekti, yüksək hərbi strateqliyi ilə zəfəri reallaşdırdı. İkiəsrlik münaqişəyə, 30 illik savaşa, 1 milyon məcburi köçkünün yurd həsrətinə son qoyuldu.

Cənab İlham Əliyevin böyük zəfərlə yekunlaşdırdığı Heydər Əliyev hərbi strategiyası bu gün dünyanın "beyin mərkəzləri", hərbi tədris ocaqları tərəfindən ciddi araşdırılır, dərindən öyrənilir. Dünyada bitməyən, süni yolla uzanan müharibələr çoxdur, təəssüf ki, onların sayı hələ də artır. Heydər Əliyevin hərbi strategiyası həm də bu ölkələrə bir nümunədir ki, heç bir xarici yardım olmadan, yalnız öz ordunun və xalqının gücü hesabına müharibəyə son qoya bilərsən.

Heydər Əliyev barədə danışarkən onun bir xüsusiyyətinə də hökmən toxunmalıyıq. Ulu Öndər böyük intellektual idi, hər sahənin bilicisi idi. O, heykəltaraşla təcrübəli memar kimi danışırdı. Bəstəkarla mahir musiqi bilicisi kimi, alimlə erudisiyalı elm xadimi kimi söhbət edirdi.

Tarixdən danışanda tarixçilər, siyasətdən bəhs edərkən nəzəriyyəçi politoloqlar, beynəlxalq münasibətlər barədə fikirlər söyləyərkən təcrübəli diplomatlar ona heyrət edərdilər. Hansı peşə sahibi ilə danışırsa-danışsın, həmsöhbəti onu özünə bacarıqlı həmkar bilərdi.

Ulu Öndərin sadə insanlarla, zəhmətkeşlərlə xüsusilə səmimi, doğma ünsiyyəti vardı. Bu münasibət Heydər Əliyevə xalqın sonsuz sevgisini, ehtiramını, inamını formalaşdırırdı. Elə bu inamın nəticəsi idi ki, 1993-cü ildə xalqımız yeganə ümid, nicat ünvanı kimi məhz Ümummilli Liderimizi gördü, onu təkidlə hakimiyyətə dəvət etdi.

Heydər Əliyev bütün varlığı, ruhu ilə xalqına, dövlətinə, Azərbaycana bağlı idi. O, repressiya ocağı sayılan Dövlət Təhlükəsizliyi Xidmətində çalışarkən də, Sovet Azərbaycanına başçılıq edərkən də, SSRİ-nin ali rəhbərliyində təmsil olunarkən də, öncə məhz azərbaycanlı idi, Azərbaycan vətənpərvəri idi və Azərbaycana xidmət edirdi. Onun üçün əsas məqsəd Azərbaycanı və azərbaycanlıları qorumaq, inkişaf etdirmək, milli ruhu və tarixi keçmişi unutdurmamaq, Azərbaycanın gələcək müstəqilliyinin hərtərəfli təməllərini yaratmaq idi.

Ulu Öndərin 1969-cu ildən etibarən yaratdığı güclü, abad, rifahlı Azərbaycan onun hakimiyyətdə olmadığı illərdə dağıdıldı, dövlət məhvolma həddinə çatdı, xalqımız isə səfalətə sürükləndi.

Lakin o, yenidən qayıtdı və daha güclü, daha qüdrətli, daha nüfuzlu Azərbaycan yaratdı. Bu dəfə həm də onun şanlı irsini, şərəfli dövlətçilik xəttini sarsıtmayacaq, dağıtmayacaq, əksinə, daha böyük hədəflərə çatdıracaq layiqli varislik ənənəsi formalaşdırdı. Onun özü qədər etibar etdiyi cənab İlham Əliyevə Azərbaycan xalqı inandı, idarəçilik sükanını bu şəxsə etibar etdi.

Artıq 1987-ci ildə dövlətçilikdə olan qırılma nöqtəsi kimi bir təhlükə yoxdur, heç vaxt da olmayacaq. Bu dövləti, bu xalqı Heydər Əliyev ideyaları ilə möhtərəm Prezidentimiz İlham Əliyev daha böyük quruculuğa, inkişafa aparacaq.

Heydər Əliyevin həm şəxsiyyət kimi unikallığı, həm də fəaliyyətinin böyük miqyası onun barəsində saatlarla danışmağı zəruri edir. Bu qədər faktlar, arqumentlər, duyğular əsasında Heydər Əliyev barədə qısa danışmaq çox çətindir. Ona görə də fikirlərimi ümumiləşdirdim.

Haqlı olaraq, dünyanın ən böyük azərbaycanlısı sayılan və dünya tarixində silinməz iz qoyan bir şəxsiyyətin müasiri olmaq, onun komandasında fəaliyyət göstərmək, onun quruculuq və inkişaf proseslərinin iştirakçısı, icraçısı kim çalışmaq böyük xoşbəxtlikdir. "Azərbaycan" qəzeti ilə birgə təşkil etdiyimiz bu konfransın iştirakçıları da məhz bu xoşbəxt insanlardır.

Tədbirimizdə Ulu Öndərin əbədiyaşar xatirəsini yad edənlər sırasında öz sahəsinin peşəkarları, ölkənin nüfuzlu ziyalıları, alimləri, ictimai-siyasi, mədəniyyət xadimləri, dini icmaların nümayəndələri ilə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin cəsur, qəhrəman əsgərləri, gənclər də var. Yəni cəmiyyətin bütün təbəqələrinin təmsilçiləri buradadır və onlar çıxış edəcəklər.

 

"Hər bir azərbaycanlı Prezident İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı sərəncamını böyük razılıqla qarşılayıb. Əslində isə, Azərbaycanda hər il "Heydər Əliyev İli" sayıla bilər" - deyən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOVun sözlərinə görə, Heydər Əliyev hər gün xatırlanır, hər gün anılır. Çünki daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik. Ulu Öndər Heydər Əliyev hansı ictimai-iqtisadi formasiyada yaşamasından, hansı vəzifə tutmasından asılı olmayaraq daim ölkəsi, xalqı üçün, Azərbaycanın indisi və gələcəyi üçün nəyi bacarıbsa, onu da edib:

- Heydər Əliyev Azərbaycana rəhbərliyə başladığı ilk gündən hər bir vətəndaş, bütövlükdə xalq ona arxa duran, mənafeyini qoruyub müdafiə edən, haqsızlıq və qanunsuzluqla barışmayan insanın hakimiyyətə gəldiyini düşünürdü və tezliklə xalqın düşüncəsi reallıqda öz təsdiqini tapdı. Ümummilli Lider birinci dəfə Azərbaycana rəhbər seçiləndə ölkə geridə qalmış, yoxsul vəziyyətdə idi. Sənaye demək olar ki, yox idi, neft sahəsində geriləmə başlamışdı, kənd təsərrüfatı isə uğursuzluğa düçar olmuşdu. Bütün sahələri yüksəltmək üçün ilk növbədə insanlarla işləməyi bacarmaq, adamlarda inam və ruh yüksəkliyi yaratmaq zəruri idi. Böyük istedad və tükənməz enerji sahibi olan Heydər Əliyev üzünü xalqa tutdu, mütəxəssislərlə məsləhətləşdi, hamını yaranacaq dönüşə inandırdı və səfərbər etdi. Məqsədyönlü və gərgin əmək sayəsində qısa zaman kəsiyində Azərbaycanı ətalət burulğanından çıxarmaq, irəliyə aparmaq mümkün oldu.

Deyilənləri saysız-hesabsız rəqəmlərlə də göstərə bilərik. Əslində, bütün dönüş və yüksəlişi quru rəqəmlərdə əks etdirmək mümkün deyil. Hər il ittifaq birincilərindən biri kimi mərkəz tərəfindən mükafatlandırılan Azərbaycan bütün parametrlər üzrə önə çıxmışdı. Keçmiş SSRİ-dəki nüfuzundan istifadə edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda ağır sənayenin yaranmasına, xüsusən neft maşınqayırma və neft-kimya sənayesinin inkişafına, neft hasilatının artırılmasına, elektrotexnika sənayesinin yaranmasına nail oldu. Bakı məişət kondisionerləri zavodu, dərin dəniz qazma qurğuları kimi böyük vəsaitə başa gələn ittifaq əhəmiyyətli zavodların Bakıda inşasını təmin etdi. Üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı qəbul etdiyi qərar Azərbaycan kəndinin, emal sənayesinin yüksəlişinə, xalqın güzəranının yaxşılaşmasına şərait yaratdı. Kəndlərimizin siması tanınmaz dərəcədə dəyişdi. Yeni qəsəbələr, yaşayış məntəqələri salındı, kəndlərdəki palçıq komaları ikimərtəbəli daş evlər əvəz etdi. Kəndlinin isə həyat şəraiti əhəmiyyətli surətdə dəyişdi. Evində mebel, elektrik məişət cihazları, həyətində minik avtomobili göründü. Hər il kənd əməkçisi istehsal etdiyi məhsula görə yüksək əməkhaqqından başqa, böyük məbləğdə mükafat da alırdı. Respublikanın bütün təsərrüfatlarını qarış-qarış gəzən Ulu Öndər Heydər Əliyev insanlarla müntəzəm şəkildə təmasda olur, problemlərini həll edir, onları mükafatlandırırdı. Tarla düşərgələrində, iş başında keçirilən görüşlər ənənə halını almışdı, daim səmimi söhbətlər, dialoqlarla müşahidə olunurdu. İşi və zəhməti ilə fərqlənən insanlar istirahət evlərinə, turist səfərlərinə göndərilir, vəzifə pillələri ilə irəli çəkilirdi. Hər kəs yaxşı bilirdi ki, əməyi dövlət başçısı tərəfindən layiqincə qiymətləndiriləcək, gördüyü iş əvəzsiz qalmayacaqdı. Odur ki, ürəklə, həvəslə çalışırdı. Rəhbərə sonsuz inam və məhəbbət aparıcı qüvvəyə çevrilmişdi.

Ulu Öndər bütün bu vəzifələrin öhdəsindən daim ləyaqətlə gəldi, qeyri-adi zəka və istedad sahibi olduğunu xalqına, keçmiş SSRİ məkanına, bütün dünyaya sübut etdi. Amma Ümummilli Liderimizin Azərbaycanın əsl dövlət müstəqilliyi qazandığı dövrdə siyasət meydanında olması, buna qədər isə təkcə xalqın məhəbbətini deyil, həm də etimad və etibarını qazanması taleyin qisməti idi.  Həmin günlərdə ordusuz, silahsız geriyə qayıdan Ulu Öndər xalqı fəlakətdən qurtarmaq, kövrək müstəqilliyi məhv olmaqdan xilas etmək üçün gecə-gündüz çalışdı, uzaqgörən siyasəti, müdrik addımları və yorulmaz fəaliyyəti ilə ölkəni inkişaf yoluna çıxartdı. Ulu Öndər Azərbaycanı özbaşınalıqdan, xaos və anarxiyadan, xəyanətkarlardan qorudu, möhkəm və dönməz sahiblik yaratdı.  Xalqın etimad və dəstəyinə arxalanaraq iki dövlət çevrilişinə cəhdin qarşısını qətiyyətlə aldı. Milli maraqların təminini əsas tutmaqla "Əsrin müqaviləsi" neft kontraktının imzalanmasına, Azərbaycanla dünyanın aparıcı dövlətlərinin maraqlarının uzlaşdırılmasına nail oldu. Heydər Əliyev ordu quruculuğu prosesinin əsasını qoydu, Horadiz əməliyyatı keçirərək, 20-dən çox yaşayış məntəqəsini geri qaytarmaqla, erməniləri atəşkəs barədə sazişi imzalamağa vadar etdi.

"Mən həyatımın yerdə qalan hissəsini də doğma xalqıma bağışlayıram" - deyən Ulu Öndər faktiki surətdə bütün ömrünü xalqının xoşbəxtlik və səadətinə həsr etdi.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə  gördüyü nəhəng işlər arasında iki mühüm  məqamı xüsusi  qeyd etmək istərdim. Bunlardan biri Azərbaycanın  sürətli, davamlı və sabit inkişafını təmin  edən doğru  istiqamətin  - Heydər Əliyev siyasi kursunun müəyyən  edilməsi, digəri layiqli siyasi varisinin yetişdirilərək xalqın və dövlətin gələcək taleyinin etibarlı əllərə tapşırılmasıdır. Bəli, Ulu Öndər müstəqil Azərbaycanın gələcək inkişaf konturlarını cızmaqla uğur və qələbələrə çatdıran yeni, müasir inkişaf istiqamətlərini müəyyənləşdirdi və layiqli siyasi varis yetişdirdi. Geridə qoyduğumuz 20 ilə yaxın bir dövrdə Azərbaycanda tariximiz boyu görünməmiş inkişaf yaşanıb. Möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycan hər il daha da inkişaf edərək yüksəlişə nail olub.

Geriyə boylananda görülmüş işlərin həcmi və möhtəşəmliyi qürur və iftixar hissi doğurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu dövrdə Azərbaycan başdan-başa dəyişdi, yeniləndi, müasirləşdi, iqtisadiyyatımız iki dəfədən çox artdı.  Tarixinin ən qüdrətli, müstəqil daxili və xarici siyasətini yürüdən yeni Azərbaycan yarandı. Bu illərdə  regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı təsdiq edilərək uğurla həyata keçirildi, Azərbaycanın ən ucqar yaşayış məntəqələri belə fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olundu.  Nəqliyyat təhlükəsizliyi təmin edildi, yol infrastrukturu tam yeniləndi, kəndarası yollar belə asfaltlandı.

Sosial sahədə də böyük uğurlar əldə olundu. Qaçqın və məcburi köçkünlər müasir tipli evlərə və çoxmərtəbəli binalardan ibarət şəhərciklərə köçürülərək yaşayış şəraitlərini əsaslı şəkildə yaxşılaşdırdılar, yoxsulluq və işsizlik minimum səviyyəyə endirildi. Bütövlükdə Prezident İlham Əliyevin müəllifi olduğu inkişafın Azərbaycan modeli yaradılaraq müstəqil dövlətimizin sürətli, ardıcıl və davamlı inkişafı təmin edildi. Beləliklə, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə, söz sahibinə, dövlət başçısı  İlham Əliyev isə dünyanın sayılıb-sevilən liderlərindən birinə, ən nüfuzlu beynəlxalq tədbirlərin arzuolunan dəvətlisinə, sayılıb-sevilən iştirakçısına çevrildi.

Prezident İlham Əliyevi dünyada məşhurlaşdıran və türk dövlətlərinin sevimlisinə çevirən başlıca amillərdən biri onun Azərbaycan torpaqlarını döyüşərək geri qaytarması, ikiəsrlik "Qarabağ problemi"ni çözməsi oldu. Möhtərəm İlham Əliyev Vətən müharibəsinə mükəmməl hazırlıq gördü, Azərbaycan Ordusunu ən müasir silahlarla, ən yeni strategiya və taktika ilə təmin etdi. XXI əsrin ən yeni müharibəsini apardı, dünyaya yeni müharibə modeli təqdim etdi və bu gün də ən güclü dövlətlər belə onun tətbiq etdiyi strategiya və taktikanı öyrənərək öz ordularında tətbiqi üçün islahat və dəyişikliklər aparırlar.  Bundan başqa, dövlətimizin başçısı özü bu müharibədə üç cəbhədə çalışdı: həm hərb meydanında, həm diplomatiya sahəsində, həm də informasiya savaşında. Beləliklə, 44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan

İlham Əliyev Ermənistan ordusunu məhv etdi, düşməni qarşısında diz çökdürdü, "dəmir yumruğ"u ilə başını əzərək kapitulyasiya aktını imzalatdırdı.

Bəli, müdrik siyasətin, Ulu Öndərin siyasi yolunun layiqli davamının nəticəsidir ki, bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib, milli birlik bərqərar olunub, ən ağrılı problem olan işğaldakı torpaqlarımız azad olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və dirçəldilməsi prosesi bir daha dövlətimizin qüdrətini təcəssüm etdirir. Bütün bunları təmin edən Heydər Əliyevin layiqli siyasi varisi İlham Əliyevdir.

Ulu Öndər Heydər Əliyev dünyada görkəmli şəxsiyyət və siyasi xadim kimi qəbul olunub, ölkəmizdə isə qurucu rəhbər, mərd və xeyirxah insan, müasir Azərbaycan dövlətinin banisi və yaradıcısı kimi ürəklərdə yaşayır və daim yaşayacaq. Heydər Əliyev siyasəti hər zaman xalqımıza qələbələr, uğurlar bəxş edəcək və cənab İlham Əliyev qüdrətli Azərbaycanı bundan sonra da zirvələrə yüksəldəcək. "Heydər Əliyev İli" olan 2023-cü il də bu baxımdan əlamətdar dövr kimi tariximizə həkk olunacaq.

 

"Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni" mövzusunda çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, respublikanın Əməkdar memarı, professor Elbay QASIMZADƏ qeyd etdi ki, Ulu Öndər milli memarlığın böyük himayədarı olmaqla yanaşı, həm də yeni Azərbaycanın qurucu memarı olduğundan tariximizin ən böyük memarı sayılmalıdır:

- Memarlıq Azərbaycan xalqının ən qədim, ən möhtəşəm sənət növlərindən biridir. Bunun sübutu min illərlə tarixi olan, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş qədim şəhərlərimizin qalıqlarıdır. Şəmkirdə, Qəbələdə, Ağsuda, Salyanda, Şamaxıda və ölkənin başqa bölgələrində qədim şəhərlərimizin qalıqları qorunub saxlanılır və xalqımızın qədim şəhərsalma mədəniyyətinə malik olduğunun əyani sübutudur.

Türkdilli xalqlar içərisində Azərbaycan xalqı minilliklərlə tarixi olan şəhərsalma mədəniyyətinə malikdir. Xalqımız dünyaya bir neçə möhtəşəm memarlıq məktəbini bəxş etmişdir. Bunlardan Təbriz məktəbi, Naxçıvan məktəbi, Qarabağ məktəbi, Şirvan məktəbinin ustadları uzaq Şərqdən yaxın Qərbə, Kordovaya qədər, Şimaldan Cənuba qədər, Hindistan yarımadasına qədər möhtəşəm memarlıq əsərləri yaratmışdılar ki, hazırda bu ərazilərdə yaşayan insanlar həmin abidələri dünyaya öz tarixi irsi kimi fəxrlə təqdim edirlər.

Artıq sirr deyil ki, Böyük Moğol, Hindistanın şahı Şah Cahan Humayun sevimli həyat yoldaşı üçün inşa etdiyi Tac Mahal türbəsi məhz Təbriz məktəbini təmsil edən memar Ağa Mirək Mirzə Qiyas Təbrizinin möhtəşəm əsərləridir. Bunlarla bərabər, dahi memarlarımız Əcəmi ibn Əbubəkr, Ustad Mahmud ibn Saad, Kərbəlayi Səfiyar Qarabaği, Zivər bəy Əhmədbəyov, Qasım bəy Hacıbababəyov, Sadıq Dadaşov, Mikayıl Useynov və bir çox başqaları ölkəmizin müxtəlif bölgələrində möhtəşəm memarlıq əsərləri yaradıblar və bununla da xalqımızın bu qədim sənət növünün tarixi mədəniyyətimizin ayrılmaz hissəsi olduğunu təsdiqləyiblər.

Bu irs, ənənə Ulu Öndər Heydər Əliyevin həyatının ən böyük məhəbbətlərindən olan memarlığa münasibətini formalaşdırmışdır. Heydər Əliyev gənc yaşlarından memar olmaq arzusu ilə yaşamış, Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsində təhsilə başlamışdır. Üçüncü kurs tələbəsi olduqda hərbi qulluğa çağırışla bağlı təhsilini dayandırmışdır. Böyük Vətən müharibəsi sovet xalqının qələbəsi ilə tamamlanandan sonra artıq xüsusi xidmət orqanlarında çalışan Heydər Əliyev təhsil istiqamətini dəyişmiş, lakin qəlbində yaradıcılığa, quruculuğa olan məhəbbətinə xilaf çıxmamışdır. İllər boyu xalqına, dövlətinə xidmət edərək, dünyaşöhrətli siyasətçi rütbəsinə malik olmuşdur, lakin memarlığa məhəbbətini itirməmiş və həyatının son mərhələsində xalq tərəfindən verilən Müasir Azərbaycanın Memarı kimi yüksək ada layiq görülmüşdür. Bəli, Müasir Azərbaycanın Memarı məhz Heydər Əliyevdir!

Bir çoxlarımız ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərini yaxşı xatırlayırıq. Ölkədə arxayınçılıq, durğunluq əhvali-ruhiyyəsi hökm sürürdü. 1969-cu ildən başlayaraq, o vaxtlar Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev ölkədə baş verənlərə düzgün qiymət verərək, respublikanın sovetlər məkanında özünə layiq yüksəkliklərə qaldırılması istiqamətində böyük işlərə başladı. İqtisadiyyatda, kənd təsərrüfatında, istehsalatda, inşaatda və təbii ki, memarlıqda yeni təfəkkürə malik yanaşmaların təşəbbüskarı oldu.

O dövr memarlıq sənətinin də ən çətin vaxtlarından idi. Bəllidir ki, İkinci Dünya müharibəsindən sonra sovet memarlığı böyük intibah dövrünü yaşamış, memarlıqda möhtəşəmlik, milli irs elementlərinin tətbiqi kimi amillər o dövrün memarlığına müsbət təsir göstərmişdir.

1950-60-cı illərdə Azərbaycan memarlığı milli romantizm adlandırıla bilən dövrünü yaşayırdı. Bu illərdə inşa olunmuş milli memarlığımızı təmsil edən onlarca binalar görkəmli memarlar Sadıq Dadaşov, Mikayıl Useynov, Həsənağa Məcidov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Ənvər İsmayılov və başqa ustadlar tərəfindən layihələndirilmişdir. Lakin sovet ideologiyasının yanlış siyasətinin tələblərindən biri olan milli xüsusiyyətlərin aradan qaldırılması tələbi memarlıq yaradıcılığına böyük zərbə vurdu. Memarlıq eynitipləşməyə, unifikasiyaya istiqamətləndirildi.

Azərbaycana rəhbərlik edən andan Heydər Əliyev memarlar qarşısında yaradıcılıqlarında milli memarlıq irsi elementlərini tətbiq etmək tələbini qoydu. Milli memarlığımızı dərindən bilən, ona böyük hörmətlə yanaşan Heydər Əliyev, partiya iyerarxiyasının ən yüksək rütbəsində olmasına baxmayaraq, sovet ideologiyasına zidd addım atır və memarlığımızın milli xüsusiyyətli olmasının tapşırığını verirdi.

Ötən əsrin 70-ci illərində bir sıra əhəmiyyətli ictimai binalar inşa olundu, mənzil tikintisi sahəsində inqilabi dəyişikliklər baş verdi. Misal üçün, 70-ci illərə qədər "Bakıbaştikinti" 270-320 min kvadratmetr yaşayış sahəsi istifadəyə verirdisə, bu göstərici qısa müddətdə 630 minə qədər artırıldı. Bir neçə evtikmə kombinatı istifadəyə verildi. Nəhayət, 4 nömrəli evtikmə kombinatının inşa olunması ilə hədəf 1 milyon kvadratmetrə qədər artırıldı. Bütün inşa olunan ictimai, sənaye və yaşayış binalarının simasında milli memarlığımızın xüsusiyyətləri öz yerini tapırdı.

1990-cı illərin başlanğıcının nə dərəcədə faciəvi olduğu hər birimizin yadındadır. 1993-cü ildə xalq tərəfindən yenidən hakimiyyətə dəvət olunmuş Ulu Öndər Azərbaycanı vətəndaş müharibəsindən, ölkənin bölünməsi təhlükəsindən, siyasi və iqtisadi böhrandan qurtardı. Onun şəxsi nüfuzuna və mətinliyinə, uzaqgörənliyinə, cəsarətinə görə xaricdən olan təzyiqlər zərərsizləşdirildi, Azərbaycanda quruculuq işləri başlandı. Memarlığımızda da yeni intibah dövrü başladı.

Həllini axtaran geniş spektr məsələlər içində Ulu Öndər, hər zaman olduğu kimi, Azərbaycan memarlığının həm müasirliyi, həm də milliliyi tələblərini qarşıya qoyurdu. O zamanlar ölkəmizin investorlara böyük ehtiyacı var idi. İqtisadi durumumuz bugünkü kimi yaxşı deyildi. İnvestorlar, təbii ki, özləri ilə həyata keçirəcəkləri tikililərin əcnəbi memarlar tərəfindən hazırlanmış layihələrini də gətirirdilər. Lakin o zamanın iqtisadi çətinliklərinə baxmayaraq, Ulu Öndər onların qarşısına yerli memarlarla əməkdaşlıq tələbini irəli sürürdü. O deyirdi: "Sizin memarlarınızın istedadına, biliyinə, bacarığına şübhə etmirəm. Lakin, təbii ki, onlar Azərbaycanı bizim memarlar qədər tanımırlar, bizim mədəni irsimizdən xəbərsizdirlər, milli memarlıq xüsusiyyətlərimizi bilmirlər. Biz isə sizin dəstəyinizlə yeni binaları tikərək, milli memarlığımızı inkişaf etdirmək məqsədindəyik". Ulu Öndərin bu münasibəti Azərbaycan Respublikasının "Memarlıq fəaliyyəti haqqında" qanununda da öz əksini tapmışdır.

Bu münasibət bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dəstəklənir. Bunun təsdiqini işğaldan azad edilmiş ərazilərimizdə - doğma Qarabağda və Şərqi Zəngəzurda, başqa bölgələrdə yüksələn onlarca yeni memarlıq əsərlərində görürük. Bu əsərləri yerli və əcnəbi memarlar birgə, bir-birinin üstünlük təşkil edən bacarıq və təcrübəsinə arxalanıb yaradırlar.

Müasir Azərbaycanın Memarı Heydər Əliyevdir - bu anlayış artıq hər birimizin şüurunda, düşüncəsində, mənəviyyatında möhkəm yer tutmuşdur. Bunun əsas səbəbi Heydər Əliyevin Azərbaycanın mənafeyini həm sovet dövründə, həm müstəqilliyimiz zamanı hər şeydən yüksək tutmasından, gördüyü əzəmətli işlərə əsl mənada yaradıcılıqla, novatorluqla yanaşmasından irəli gəlir. Etiraf edək ki, bu yanaşma həm qədim dövrlərə aid olan, həm də müasir həyat nöqteyi-nəzərindən fenomen adlandırılmalıdır. Bunu təkcə biz yox, bizdən çox-çox sonralar gələn nəsillər görüb, anlayıb, məhz fenomen adlandıracaqlar.

 

"Heydər Əliyev və Azərbaycanda Dövlət İdarəçiliyi" mövzusunda çıxış edən  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan ƏLƏKBƏROV vurğuladı ki, Vətən müharibəsi bitəndən sonra ölkə və regionun inkişafında yeni mərhələ başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyev xalqa müraciətində yeni mərhələnin azad edilmiş ərazilərin bərpası və inkişafı ilə əlaqədar olacağını qeyd edib. Azərbaycan Respublikasında dövlət idarəçiliyində tətbiq edilən innovativ texnologiyaların bu mərhələnin də uğurunu təmin edəcəyi şübhəsizdir:

- Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından tarixi baxımdan qısa müddət keçməsinə baxmayaraq, bu gün ölkə iqtisadi, sosial və humanitar inkişaf göstəricilərinə görə, ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək nəticələr qazanıb. Ölkədə qazanılmış yüksək nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyevin fenomenal liderlik istedadı ilə yanaşı, onun insan potensialının formalaşdırılması və bu əvəzsiz sərvətin səfərbər edilməsi sahəsində xüsusi bilik və bacarığı, uzaqgörənliyi durur.

Hələ sovet dövründə Ümummilli Liderin təşəbbüsü ilə ölkənin minlərlə gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müasir biliklərin alınması və bacarıqların formalaşdırılması üçün göndərilirdi. Gənclərin təhsili həm mülki, həm də hərbi ali məktəblərdə həyata keçirilirdi. Ulu Öndər Heydər Əliyev bu prosesi daim diqqət mərkəzində saxlayırdı. Müstəqil Azərbaycan Respublikasının inkişafında o zaman bu proqram çərçivəsində təhsil almış mütəxəssislərin rolu olduqca əhəmiyyətlidir. Eyni zamanda bu proses xarici ölkələrdə Azərbaycan diasporunun formalaşması və güclənməsi baxımından böyük önəm daşımışdır.

Ölkə gənclərinin hərbi məktəblərdə təhsil alması da vacib məqamlardandır. Ümummilli Lider Heydər Əliyevin hələ SSRİ dönəmində bu vacib istiqaməti diqqət mərkəzində saxlaması onun uzaqgörənliyinin təzahürüdür. Müstəqil Azərbaycanın hazırkı hərbi qüdrəti o zaman bu sahə üçün kadr hazırlığından qaynaqlanır. Bu kontekstdə ölkədə C.Naxçıvanski adına Hərbi Liseyin açılmasını və fəaliyyətini də qeyd etmək yerinə düşər. O dönəmdə Azərbaycanda bu məktəbin açılması ciddi şəkildə əsaslandırılmalı idi və Heydər Əliyev bunu böyük ustalıqla bacarmışdı. O, hərbi liseyin açılışını milli kadrların rus dili biliklərinin təkmilləşdirilməsi və onlara ilkin hərbi hazırlıq sahəsində bacarıqların aşılanması məramı ilə razılaşdıra bilmişdi.

Müstəqillik dönəmində Azərbaycan Respublikasında BMT-nin  İnkişaf Proqramı ilə birgə insan inkişafı haqqında ilk hesabatların hazırlanması da Ulu Öndərin təşəbbüsü ilə baş tutub. İlk milli hesabatın təqdimatı Ulu Öndərin şəxsi iştirakı ilə həyata keçirilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş insan potensialının formalaşdırılması siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilib. Bu zərurətləri zamanında dəyərləndirən ölkə başçısı cənab İlham Əliyev xidmət və "insan mərkəzli" dövlət idarəçiliyi modelini formalaşdırmağa müvəffəq olub.

Prezident İlham Əliyev tərəfindən 2003-cü ildə irəli sürülmüş "qara qızılın insan kapitalına çevrilməsi" konsepsiyası ölkə gəncləri üçün aparıcı xarici dövlətlərdə təhsil almaq imkanı yaratmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkənin insan potensialının formalaşdırılması və təkmilləşdirilməsi sahəsində fəaliyyəti də olduqca əhəmiyyətli və məhsuldardır. Onun təşəbbüsü ilə həyata keçirilən yeni məktəblərin inşası, tədris proqramlarının muasirləşdirilməsi, təhsilin inklüzivliyinə yönəldilmiş fəaliyyət, rəhbərlik etdiyi qurumlarda müasir kadrların hazırlanması və imkanlarının genişləndirilməsi yeni nəsil peşəkarlar ordusunun formalaşmasına xidmət edir. Müstəqil Azərbaycanda müasir tələblərə cavab verən insan potensialının formalaşması sahəsində qazanılan nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin vaxtilə bu prosesi düzgün təməllər əsasında qurmasının nəticəsidir.

Ümummilli Lider Heydər Əliyev fenomeninin bir təqdirəlayiq cəhəti də gələcək perspektivləri düzgün müəyyənləşdirməsi və hərtərəfli inkişaf, o cümlədən insan potensialının inkişafına yönəlik yeni istiqamətlərdə qabaqlayıcı tədbirlərin reallaşdırılması ilə bağlı idi.   Bu prosesin əsasını Ulu Öndər Heydər Əliyev qoymuş və hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. BMT, Dünya Bankı, Davos Beynəlxalq Iqtisadı Forumu, digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən hazırlanmış rəsmi hesabatlarda göstərilir ki, Azərbaycan Respublikasının  müxtəlif sahələrdə qazandığı nailiyyətlər ölkədə son iyirmi ildə həyata keçirilən islahatlar və səmərəli idarəetmənin nəticəsidir.

Azərbaycan Prezidentinin qlobal inkişafı qabaqlayan təşəbbüslərinə misal olaraq, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqini göstərmək olar: "Günəş, külək enerji növlərinin inkişafı ilə bağlı işlər daha da sürətlə getməlidir. Nəzərə alsaq ki, Azərbaycanda günəşli günlər kifayət qədər çoxdur, bu imkanlardan istifadə etməmək, əlbəttə ki, böyük səhv olardı". Bunun nəticəsi olaraq, hazırda Avropa İttifaqı ölkələrinin rəhbərləri Azərbaycanın potensialı, o cümlədən "yaşıl enerji" potensialının Avropa üçün yeni imkanlar açacağını etiraf etməkdən çəkinmir və ölkəmizin bərpaolunan enerji sahəsində layihələrinə böyük maraq göstərdiklərini gizlətmirlər. 

Bütövlükdə qeyd etmək lazımdır ki, əsası Ulu Öndər tərəfindən qoyulan və  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi, iqtisadi, sosial, ekoloji və hərbi təhlükəsizlik sahələrində həyata keçirdiyi strategiya unikaldır və ölkənin hərtərəfli, sürətli, innovativ inkişafını, qlobal çağırışların qarşısının alınmasını təmin edir. Strategiyanın uğurunun ən parlaq təsdiqi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin payızında keçirilmiş 44 günlük Vətən müharibəsidir.

Bu müharibə nəticəsində 30 ilə yaxın Ermənistan tərəfindən işğal edilmiş torpaqlar azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu. Bununla da BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının torpaqlarının erməni işğalından dərhal və qeyd-şərtsiz azad olunmasına dair

4 qətnaməsinin tələbləri təmin edildi. Hazırda azad edilmiş ərazilərdə bərpa işləri böyük sürətlə və ən yüksək müasir standartlar nəzərə alınmaqla həyata keçirilir. Ölkənin ərazi bütövlüyünün hərbi və hərbi-diplomatik yolla bərpası çox qısa zaman kəsiyində həyata keçirildiyi kimi, müharibə və qarətlərdən sonra azad olunmuş ərazilərin bərpası da çox yüksək templə reallaşdırılır.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə yalnız hərbi quruculuq sahəsində uğurlu fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilməz. Hərbdə uğur və müharibənin fəsadlarının sürətli və səmərəli aradan qaldırılması ilk növbədə ölkənin iqtisadi, sosial və humanitar durumundan asılıdır. Bu sahələrin yüksək inkişaf səviyyəsində olması təhlükəsizliyin vacib şərtidir. Eyni zamanda bunun nəticəsidir ki, beynəlxalq təşkilatların rəsmi hesabatlarına əsasən, Azərbaycan Respublikası inkişafın davamlılığının təmin edilməsi və inklüziv cəmiyyətin qurulması sahəsində maddi və insan resurslarını ən səmərəli istifadə edən dövlət kimi tanınır. Bu gün Azərbaycan Respublikası 83-cü iqtisadi imkanla inklüziv inkişaf göstəricilərinə görə dünyada 25-ci yerə yüksələn yeganə dövlətdir. Nisbətən az vəsaitin istifadəsi ilə daha yüksək nailiyyətlərin əldə edilməsi  intellektə əsaslanır, yalnız yüksəksəviyyəli idarəetmə texnologiyalarının tətbiqi şəraitində mümkündür.

Sözsüz, 44 günlük müharibədən sonra yaranmış reallıqlar, geri qaytarılan ərazilərdə bərpa, yenidənqurma işləri, yeni sərhədlər, qurulacaq nəqliyyat əlaqələri ölkədə ÜDM-nin böyüməsinə, sosial inkişaf trendinin təmininə və məşğulluğa töhfə verəcəkdir və verməkdədir. Bu reallıqlar nəzərə alınmaqla Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq dövlət idarəçiliyi sahəsində həyata keçirilən çoxşaxəli islahatlar, təkmilləşdirmə tədbirləri və zəruri dəyişikliklər sayəsində əldə olunan uğurlar onu deməyə əsas verir ki, bu, hələ son deyil və Azərbaycan Ulu Öndər Heydər Əliyevin hədəf və ölçülərini müəyyənləşdirdiyi inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan və SSRİ xalq artisti, professor Fərhad BƏDƏLBƏYLİ "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusundakı çıxışında söylədi ki, Ulu Öndər tarixin Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyət, fenomen insan, böyük zəka sahibi kimi əbədiyaşardır. Heydər Əliyev müasir Azərbaycanın qurucusu, parlaq ideyaları ilə xalqımızın, millətimizin yoluna nur saçan dahi siyasətçi və dövlət xadimi, vətəndaşlıq rəmzidir. Onun dühası ilə Azərbaycanda iqtisadi və mədəni yüksəliş həyata keçirilmiş, xalqımız Azərbaycançılıq ideyaları ilə sıx birləşmişdir:

- "Vətənə məhəbbət, xalqa məhəbbət mənim beynimdədir, qanımdadır, bütün varlığımdadır. Heç nə, heç kim, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz". Ulu Öndər Heydər Əliyevin bu sözləri, məncə, onun həm şəxsiyyətini, həm amalını, həm də bütün həyatını və fəaliyyətini təcəssüm etdirir.

Azərbaycan tarixinin mühüm mərhələləri Heydər Əliyevin adı ilə bağlıdır. O, iki siyasi sistemdə - sovet dövründə və müstəqillik dövründə Azərbaycana rəhbərlik etmişdi və bu dövrlər tariximizin parlaq səhifələri olmuşdur. Heydər Əliyev bütün həyatını və fəaliyyətini Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına, çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafına və möhkəmlənməsinə həsr etmişdir. O, sözün əsl mənasında, hər bir sahədə Vətənimizin tərəqqisinə, ölkəmizin yüksəlişinə, mədəniyyətimizin çiçəklənməsinə nail olmuşdur. Heydər Əliyev görkəmli və böyük nüfuza malik lider olduğunu əməli fəaliyyəti ilə göstərmiş, dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasına daxil olmuşdur.

Heydər Əliyev haqqında düşünərkən, mənə elə gəlir ki, onu bütün ömrüm boyu tanımışam və mənim sənət fəaliyyətim onun gözü qarşısında keçib. Onunla görüşlərimizi xatırlayıram. Bütün tədbirlərdə, yığıncaqlarda elm və incəsənət xadimləri ilə çox canlı, dərin söhbətləri olurdu. Onun zəngin məzmunlu məruzələri, söylədiyi fikirlər bizim üçün mükəmməl bir proqram idi, fəaliyyətimizin magistral yolu idi.

Heydər Əliyev ədəbiyyata, musiqiyə və incəsənətə yüksək qiymət verirdi. Buna görə də o, böyük məmnuniyyətlə Azərbaycan ziyalıları ilə, sənət adamları ilə davamlı görüşürdü. Həm yaşlı nəsillə ünsiyyət qururdu, həm də yeni nəsillə təmasda olurdu. Heydər Əliyev yaradıcı adamların problemləri ilə yaxından maraqlanır, onların qayğılarına qalırdı. Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, mükafatlar təqdim edir, onlara maddi və mənəvi dəstək verirdi.

Azərbaycanda musiqi mədəniyyətinin və təhsilinin inkişafında Heydər Əliyevin böyük rolu olmuşdur. Ölkədə bir çox musiqi məktəbi, konsert zallarının yaranması, respublika, ümumittifaq və beynəlxalq miqyaslı mədəniyyət və xüsusilə də musiqi tədbirlərinin keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda görkəmli mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, heykəllərinin açılması, adlarının əbədiləşdirilməsi Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi və iştirakı ilə baş tuturdu. Bütün bunlar mədəniyyət tariximizdə iz salmış hadisələrdir.

Heydər Əliyev hər bir tədbirdə iştirak edərək, mədəniyyət və incəsənət xadimləri ilə görüşür və böyük məmnuniyyətlə onlarla söhbətləşirdi. O, hər bir işi ilə insanlara örnək olur, onların dünyagörüşünü, hər sahədə savadını artırmağa çağırır, musiqi düşüncəsinin təkmilləşməsinə, mükəmməlləşməsinə çalışırdı. Bu baxımdan xüsusilə 1970-ci illərdə onun təşəbbüsü ilə cümə günü təşkil olunan konsertlər hamımızın yaxşı xatirindədir.

Heydər Əliyevin müxtəlif mədəniyyət tədbirlərində, yubiley mərasimlərində, yığıncaqlarda söylədiyi nitqləri dinləyərkən adama elə gəlir ki, o, hər bir sahədə mütəxəssis idi. Həm də onun fikirləri çox səlis və məntiqli idi. Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Tofiq Quliyev və digər musiqi xadimləri haqqında onun çıxışları çox dəyərli idi. Hər bir bəstəkar və ya musiqi ifaçısı haqqında o, elə şövqlə danışırdı, onun yaradıcılığını elə təhlil edirdi ki, bu, mütəxəssislərdə böyük təəssürat yaradırdı. Düşünürəm ki, maraqlı fikirlərlə zəngin olan bu nitqlərin bu gün də öyrənilməsinə çox ehtiyac  var.

Eyni zamanda yaddaşı çox iti idi və o, demək olar ki, hər bir musiqiçinin və ya digər sənət adamlarının uğurlarını yadında saxlayırdı, hətta bəzən illər sonra bunları öz söhbətlərində xatırladırdı. Təbii ki, Heydər Əliyev tərəfindən bu cür diqqət hər bir yaradıcı adamı qürrələndirir və sevindirirdi.

Heydər Əliyev yaradıcılıq təşəbbüslərini və musiqiçilərin qazandıqları nailiyyətləri, xüsusilə də beynəlxalq miqyasda əldə etdikləri uğurları çox yüksək qiymətləndirirdi. Mənim 1960-cı illərin sonunda beynəlxalq müsabiqədə laureat adını qazanmağımdan sonra bir sıra azərbaycanlı musiqiçilərin beynəlxalq müsabiqələrdə iştirakı çox önəmli idi və bu, məhz Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf etmişdi. 1990-cı illərdə də gənc musiqiçilərimizin beynəlxalq miqyaslı uğurları Heydər Əliyevin diqqətini cəlb etmiş və Bakı Musiqi Akademiyasında onlarla görüşüb təbrik etmişdi.

Əlbəttə ki, Heydər Əliyevin musiqi mədəniyyəti ilə bağlı hər bir sərəncamı, fərmanı, musiqimizin inkişafı naminə gördüyü işlər, musiqi xadimlərinə diqqəti və qayğısı, musiqi haqqında fikirləri olduqca diqqətəlayiqdir və dərin tədqiqat tələb edir. Bunlar bizim mədəniyyət tariximizin səhifələrini təşkil edir. Şübhəsiz ki, Heydər Əliyevlə görüşlər bizim qəlbimizdə, yaddaşımızda dərin iz salıb və daim xatırlanır. Onların qələmə alınıb gələcək nəsillərə çatdırılması da böyük önəm kəsb edir. Bütün bunlar həm də Heydər Əliyevin həyatının səhifələri, bu dahi şəxsiyyətin portret cizgiləridir.

Əlamətdardır ki, Ulu Öndər Heydər Əliyevin ənənələrinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətində digər sahələrlə yanaşı, musiqi mədəniyyətinin inkişafına da çox diqqət yetirilir. Eyni zamanda Heydər Əliyevin adını daşıyan fondun əsas prioritet istiqamətlərindən biri musiqi ilə bağlıdır ki, onun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq miqyaslı layihələr həyata keçirilir. Musiqi mədəniyyətimizi dünyada tanıdan bu layihələrin Heydər Əliyevin adı ilə bağlanması onun əməllərinin və ənənələrinin yaşarılığının bariz nümunəsidir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə və beynəlxalq miqyasda geniş qeyd olunur. Bakı Musiqi Akademiyasında da bu münasibətlə silsilə konsertlərin, konfransların keçirilməsi, bəstəkarlarımızın Heydər Əliyevə həsr olunmuş əsərlərinin səsləndirilməsi nəzərdə tutulur. Heydər Əliyevin əziz xatirəsinə ehtiramımızı musiqi dili ifadə edərək, onun ideyalarını yaşadır və gələcək nəsilləri vətənpərvərlik, Azərbaycançılıq ruhunda yetişdiririk. Bu, Ulu Öndərin ən böyük amalı idi.

(Konfrans materiallarının ardı növbəti sayda dərc olunacaq)

 

"AZƏRBAYCAN"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!