07 Fevral 2023 01:34
1454
SİYASƏT
A- A+

Heydər Əliyev irsinə sədaqət, İlham Əliyev fəaliyyətinə dəstək

 

Azərbaycanın ən böyük ictimai təşkilatı olan Həmkarlar İttifaqları Konfederasiyası 30 illik yubileyini mühüm uğurlar və cəmiyyətin güclü etimadı ilə qarşılayır

 

2023-cü ilə sürətli iqtisadi inkişaf və yüksək sosial rifahın nəticələri, ən əsası isə böyük zəfərin qüruru ilə qədəm qoyan Azərbaycan xalqı bu il çox əlamətdar yubileyləri də qeyd edəcək. Dünyanın ən böyük azərbaycanlısı kimi qəbul olunan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi, tarixdə ən qüdrətli olan Azərbaycanın yaradıcısı cənab İlham Əliyevin prezidentliyinin 20-ci ildönümü, həmçinin bütün nailiyyətlərimizin təməl daşı olan quruluş missiyasının 30 illiyi qədirbilən xalqımızın böyük sevinc və minnətdarlıq hissi ilə qarşılayacağı şanlı tarixi məqamlardır.

 

"Mazut konstitusiyası"ndan ölkəmiqyaslı təşkilata doğru

 

Bu yubileylər ilində digər mühüm günlər də var ki, onları da cəmiyyətin müxtəlif təbəqələri qeyd edirlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illik yubileyi də hesab edirik ki, xalqımızın böyük hissəsinin xüsusi gün kimi qarşılayacağı şərəfli tarixdir. Sıralarında 1,5 milyonadək üzvü birləşdirən AHİK bu gün ölkə həyatında aparıcı mövqe tutan, fəallığı ilə fərqlənən ən böyük ictimai təsisatdır.
Əslində, Azərbaycanda həmkarlar ittifaqları XX əsrin əvvələrində yaranmağa başlayıb. Dünyada isə bu tarixin başlanğıcı XVIII əsrə aiddir. Həmkarlar ittifaqlarını ilk dəfə Böyük Britaniyada fəhlələr öz peşə mənafelərini qorumaq və sosial statusunu müdafiə etmək üçün birlik formatında yaradıblar. Daha sonra XIX əsrdə istehsalat sahələri üzrə həmkarlar ittifaqları, milli həmkarlar ittifaqları mərkəzləri meydana gəlməyə başlayıb. Azərbaycanda həmkarlar ittifaqları isə bir-birinə zidd və əks-qütblərdə dayanan müxtəlif ictimai formasiyalarda mövcud olsa da, fəaliyyəti dövründə əsas ideyasına sadiq qalaraq böyük tarixi inkişaf yolu keçib.
Tarixə nəzər salaraq vurğulayım ki, XX əsrin əvvəlində baş verən ümumi böhran nəticəsində tətillər dalğası sənaye potensialı gündən-günə çiçəklənən Azərbaycanı da bürüdü. 1903-cü ildə Bakıda başlayan ümumi tətil əməkhaqqının artırılmasını, iş gününün 8 saatadək qısaldılmasını, həbs olunmuş fəhlələrin azadlığa buraxılmasını, tətil, mətbuat və yığıncaq azadlığı verilməsini tələb edirdi. 1904-cü il dekabrın 30-da "Elektrosila" zavodunda neft sənayeçiləri ilə fəhlələr arasında ilk kollektiv müqavilə - "Mazut konstitusiyası" imzalandı. Ardınca bütün mədənlərdə fəhlələrdən ibarət mədən komissiyaları yaradıldı. 
1905-ci il oktyabrın 17-də konka (at dəmir yolu) işçiləri həmkarlar ittifaqı təşkilatını təsis etdilər. Noyabr ayında mətbəə işçiləri ikinci həmkarlar ittifaqında birləşdilər. İlin sonuna qədər artıq mühəndis və texniklərin, həkimlərin, müəllimlərin, vəkillərin və sair peşə adamlarının həmkarlar ittifaqı təşkilatları fəaliyyət göstərirdi. 1906-cı ilin sonuna olan hesabata görə, Bakıda 120 həmkarlar ittifaqı təşkilatı mövcud idi. Bu təşkilatların üzvlərinin sayı 12 min 200 nəfəri ötmüşdü. Qafqazdakı həmkarlar ittifaqının 75 faizi Azərbaycanın paytaxtında cəmlənmişdi.
1906-cı il martın 4-də həmkarlar ittifaqı haqqında xüsusi qanun - "Ticarət və sənaye müəssisələrində şəxslər və ya bu müəssisələrin sahibləri üçün təsis edilmiş həmkarlar cəmiyyətləri haqqında müvəqqəti qayda" qəbul edilməsilə, həmkarlar ittifaqlarına leqal fəaliyyət göstərmək imkanı verildi. 1917-ci ildə oxşar istehsal sahələri fəhlələrinin həmkarlar ittifaqı təşkilatları birləşməyə başladı. Bakıda artıq 40 həmkarlar ittifaqının sıralarında 80 min üzv var idi.
Xalq Cümhuriyyəti dövründə də zəhmətkeşlərin həyat və güzəranlarının yaxşılaşdırılması ilə bağlı məsələlər uğurla həll olunurdu. Azərbaycan Milli Şurasının üzvü olan Cavad bəy Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçısı olmuş, Mərkəzi həmkarlar ittifaqının sədri vəzifəsində çalışmışdı. 
Həmkarlar ittifaqlarının mövqeyi və fəaliyyəti sovet hakimiyyəti illərində də mühüm əhəmiyyət kəsb edirdi. Düzdür, inzibati-amirlik sistemi bu təşkilatın fəaliyyətini məhdudlaşdırdı, üzvlərinin mənafeyini müdafiə etmək üçün vəzifələrini müstəqil yerinə yetirmək imkanını itirdi, partiyanın tapşırıqlarının icraçısına çevrildi. Buna baxmayaraq, zəhmətkeşlərin əmək, məişət və istirahət şəraitinin yaxşılaşdırılmasında, hüquq və mənafelərinin müdafiə olunmasında, onların istehsalat və ictimai işlərinin idarə edilməsində mühüm işlər gördü. 1946-cı ildən başlayaraq həmkarlar ittifaqı sistemində təşkilatlanma böyük vüsət aldı, respublika komitələri sahələr üzrə formalaşdı. 1948-ci il noyabrın 27-29-da Bakıda I respublika ittifaqlararası konfrans keçirildi. 

 

Həmkarlar ittifaqları tarixində Heydər Əliyevin şanlı izi

 

Azərbaycanda həmkarlar ittifaqlarının məramına uyğun əsl fəaliyyətinin başlanması isə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz həmkarlar ittifaqlarını daim dəstəkləmiş, onlara dayaq olmuş, müdrik məsləhətlərini vermişdir. Onun rəhbərliyi dövründə həmkarlar ittifaqları uzaqlaşdığı təməl prinsiplərinə yenidən dönməyə başlamışdı. Mühüm cəhətlərdən biri də o idi ki, sıralar genişlənirdi. Əgər 1970-ci ildə həmkarlar ittifaqlarında 871 min nəfər üzv vardısa, 1980-ci ildə bu rəqəm 2 milyon 270 min nəfərə çatmışdı. 
Ulu Öndərin tövsiyələri ilə əməkçilərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının artırılmasına və müdafiəsinə, istirahətlərinin təşkilinə və sağlamlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirildi. Yeni istirahət mərkəzi və sanatoriyalar, uşaq düşərgələri yaradıldı. Heydər Əliyev həmin illərdə həmkarlar ittifaqının bütün qurultaylarında iştirak edib geniş nitq söyləmiş, fəaliyyətini yüksək qiymətləndirmişdir. 
Həmkarlar ittifaqları artıq təyinatından asılı olmayaraq bütün müəssisələrdə fəaliyyət göstərirdi. Bu da insanların əmək hüquqlarını etibarlı qoruyur, onların birləşməsini və sosiallaşmasını təmin edir, birgə mübarizə üçün şərait yaradırdı.
Azərbaycanın müstəqilliyinin əldə edilməsindən sonra həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də dəyişiklik baş verdi, demokratik prinsiplər tətbiq olunmağa başladı. 1992-ci ildə o vaxt mənim rəhbərlik etdiyim Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı, həmçinin digər 5 qurum - Elektrik Stansiyaları və Elektrotexnika, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları bu qurumun fəaliyyəti ilə razı olmadığımızı bəyan etdik və növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdıq. Altı ittifaqın fəaliyyəti uğurlu bəhrəsini verdi və biz növbədənkənar qurultayın keçirilməsinə nail olduq. 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verdi.
Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. Məqsədimiz həmkarlar ittifaqı birliyinin dağılmaması və zəruri islahatların aparılması idi. İşsizlik, yoxsulluq və əhalinin həyat səviyyəsinin aşağı düşməsinin qarşısının alınması, əmək hüquqlarının qorunması uğrunda mübarizə, insanlarda islahatlara inam oyatmaq üçün milli səviyyədə danışıqların aparılması zərurətə çevrilmişdi. Öz sıralarında çoxsaylı üzvlərini birləşdirən həmkarlar ittifaqları sosial tərəfdaş seçildi. Konfederasiya mərkəzi aparat kimi səlahiyyətlərinin təxminən 70 faizini sahə həmkarlar ittifaqlarına verdi. Bütün bunlar cəmiyyətdə sosial dialoqun inkişafına təkan oldu.
Müstəqilliyin ilk vaxtlarında bütün sahələri bürüyən böhran ictimai təşkilatların fəaliyyətinə də mənfi təsir etmişdi. İstehsal müəssisələrinin, zavodların, fabriklərin fəaliyyətini dayandırması, işsizliyin artması, o cümlədən ölkənin ictimai-siyasi həyatında hökm sürən gərginlik ən böyük və kütləvi təşkilat olan həmkarlar ittifaqlarının fəaliyyətinin miqyasını və keyfiyyətini aşağı salmış, sosial bazasını zəiflətmişdi. Ölkə rəhbərliyi tərəfindən də bu təsisata laqeyd münasibət vəziyyəti daha da ağırlaşdırırdı. Hətta həmkarlar ittifaqlarının mülkiyyəti hesab olunan inzibati binasını belə əlindən almağa çalışırdılar. Həmkarlar ittifaqlarının qətiyyəti və atdığı qabaqlayıcı addımlar onların bu istəklərini həyata keçirməyə imkan vermədi.
Birinci Qarabağ müharibəsi dönəmində AHİK ön cəbhədə döyüşən əsgərlərimizə ərzaq, isti paltarlar göndərirdi. Həmçinin məcburi köçkünlərin qarşılanmasında, yerləşdirilməsində əlindən gələn hər cür köməyi edirdi. Həmin çətin vaxtlarda AHİK balansında olan sanatoriyalarda, istirahət mərkəzlərində məcburi köçkünlərin yerləşdirilməsini təşkil etmişdi, tərəfimizdən onlara hər cür maddi-mənəvi dəstək göstərilirdi.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi. Əvvəlki hökumətin qeyri-qanuni sərəncam və göstərişləri, o cümlədən sağlamlıq və müalicə ocaqlarının Səhiyyə Nazirliyinin balansına verilməsi ilə bağlı qərarları ləğv edildi və həmkarlar ittifaqlarının mülkiyyəti olan kurort-turizm obyektlərinin genişləndirilməsinə, idman obyektlərinin, inzibati binalarının yenidən qurulmasına başlanıldı. Bu qurumun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı.
Ölkənin ağır, çətin vəziyyətində - 1993-cü il iyulun 17-də AHİK-in İcraiyyə Komitəsi həmkarlar ittifaqı üzvlərinə, zəhmətkeşlərə müraciət etdi. Müraciətdə işsizlik, inflyasiya, qıtlıq, minimum əməkhaqqının minimum istehlak büdcəsindən dəfələrlə aşağı olması kimi problemlərdən narahatlıq ifadə olundu. Bildirilirdi ki, sosial cəhətdən aztəminatlı adamların - qaçqınların, çoxuşaqlı ailələrin, şəhid ailələrinin bütün problemlərinin tədricən həll olunması üçün həmkarlar ittifaqları var qüvvəsi ilə çalışır. Həmçinin təəssüf hissi ilə ifadə edilirdi ki, cəmiyyətdə olan qarşıdurma, parçalanma həmkarlar ittifaqlarının da işinə mane olur.
Beləliklə, həmkarlar ittifaqları ictimai təşkilat olaraq Ulu Öndərin xilaskarlıq missiyasını dəstəkləyərək əmək adamlarının sosial, iqtisadi və mədəni həyatının, rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması, həmçinin ölkənin bütövlüyü, ictimai-siyasi, sosial-iqtisadi böhranın aradan qaldırılması üçün öz funksiyaları və səlahiyyətləri çərçivəsində aktiv mübarizəyə qoşuldu. Üzvlərinin rəyini nəzərə alaraq və maraqlarından çıxış edərək AHİK 1993-cü ilin oktyabrında Heydər Əliyevin ölkə Prezidentliyinə namizədliyini birmənalı şəkildə dəstəklədi. 
Ulu Öndərin bütün siyasi fəaliyyətinin mərkəzində Azərbaycan dövlətinin maraqları, xalqın sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi, ölkədə demokratik prinsiplərin bərqərar olması, vətəndaş cəmiyyətinin inkişafı dururdu. Həmkarlar ittifaqlarına hər zaman dövlət qayğısı göstərir, zəhmətkeşlərin hüquqlarının qorunması, maraqlarının təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini dəstəkləyirdi. Prezident seçilməsindən cəmi bir il sonra - 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü ilə keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edildi. 
Qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yarandı. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu yüksəldi, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı. Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı, Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi.
Yeni qanunla işçilərə, pensiyaçılara, təhsil alan şəxslərə öz istəkləri ilə, könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verildi. Qanun qurumun tam müstəqil fəaliyyət göstərməsini təmin edirdi, dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan, qanuni fəaliyyətlərinə maneə törədən hər cür müdaxiləsi qadağan olundu və bütün həmkarlar ittifaqlarına bərabər hüquqlar verildi.

 

Prezident İlham Əliyevin dəstəyi fəaliyyətimizdə yeni inkişaf mərhələsi yaratdı 

 

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olaraq, həm də xalqın sosial-iqtisadi rifahının yüksəlməsini təmin etdi, bütün sahələrdə mühüm uğurlar qazandı. Cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və qəbul etdiyi bütün qərarlarda dövlətimizin, xalqımızın mənafeyi əks olunur. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq, böyük qürur və iftixar duyuruq ki, 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürmüş və onu birmənalı dəstəkləmişik. 
Cənab İlham Əliyev fəaliyyətinin ilk günlərindən həmkarlar ittifaqlarının fəaliyyətini dəstəkləyib, yüksək dövlət qayğısı göstərib və bu himayədarlıq həmkarlar ittifaqlarının fəaliyyətində yeni mərhələnin yaranmasına təkan verib. Möhtərəm Prezident daim AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır. Həmçinin insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. 
Cənab İlham Əliyev AHİK-in yubiley və qurultaylarına təbriklərində, beynəlxalq həmkarlar ittifaqları birliklərinin rəhbərləri ilə görüşlərində dəfələrlə həmkarlar ittifaqlarının güclü qüvvə olduğunu və Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması, sosial problemlərin həlli, sosial ədalət prinsiplərinə riayət edilməsi, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində mühüm rolunu qeyd edib, xüsusilə ölkəmizdə əhalinin rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi, iş yerlərinin yaradılması ilə bağlı həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. 
Bu gün AHİK öz sıralarında 1,5 milyonadək üzvü birləşdirir. Quruma 27 Həmkarlar İttifaqı mərkəzi, o cümlədən 501 şəhər, rayon həmkarlar ittifaqı təşkilatı, 60 birləşmiş həmkarlar ittifaqı komitəsi, 14202 ilk həmkarlar ittifaqı təşkilatı daxildir. Konfederasiyanın tərkibində 3 Federasiya və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, "Kurort" Qapalı Səhmdar Cəmiyyəti, Respublika Turizm və Ekskursiyalar Şurası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi, Kolxozlararası Sağlamlıq Respublika Birliyi fəaliyyət göstərir. Mətbu orqanımız olan "Ülfət" qəzeti 1991-ci ildən nəşr edilir. AHİK-in saytı 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərir və vaxtaşırı olaraq yenilənir.
AHİK-in beynəlxalq qurumlara, o cümlədən Beynəlxalq Əmək Təşkilatına, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, həmkarlar ittifaqlararası qurumlara üzv olması, sahə həmkarlar ittifaqlarının qlobal həmkarlar ittifaqlarına üzvlüyü xarici əməkdaşlıq imkanlarını əsaslı şəkildə genişləndirib. 70-dən artıq həmkarlar ittifaqları mərkəzləri ilə əməkdaşlıq edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Gürcüstan Həmkarlar İttifaqları Birliyi, Qazaxıstan, Türkmənistan, Albaniya, Sverdlovsk, Həştərxan vilayəti, Tatarıstan Respublikası və digər Həmkarlar İttifaqları Federasiyaları ilə əməkdaşlıq haqqında müqavilələr bağlamışdır. 
Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq həmkarlar ittifaqı hərəkatında oynadığı rol nəzərə alınaraq AHİK-in rəhbəri kimi mən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilmişəm. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və sahə həmkarlar ittifaqının nümayəndələri Beynəlxalq Əmək Təşkilatının hər il keçirilən sessiyalarında Azərbaycan hökumət nümayəndələri ilə birlikdə iştirak edir, müzakirə olunan məsələlərlə bağlı öz prinsipial mövqeyimizi ortaya qoyuruq. 
AHİK-ə daxil olan şikayət məktubları vaxtaşırı təhlil olunur, ortaya çıxan problemlərin tezliklə aradan qaldırılması üçün konkret tədbirlər görülür. Fəaliyyətimizin ilk illərindən bu günə kimi 3 milyona yaxın ərizə və şikayətə baxılıb, 100 minə yaxın işçinin pozulmuş hüquqları bərpa olunub. Həmkarlar ittifaqının tələbi ilə son 10 ildə 19824 iş yerində həyata keçirilmiş attestasiya nəticəsində 708 texnoloji avadanlıq, maşın və mexanizmlərin standartlara uyğunlaşdırılması, 12022 işçinin əlverişsiz iş şəraitindən uzaqlaşdırılması və yoxlama aparılan müəssisələrdə hər on ikinci işçi üçün risk faktorunun aradan qaldırılması təmin edilmişdir.
2009-cu ildən başlayaraq hər il "Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)" adı uğrunda müsabiqələr keçirik. İndiyədək bu tədbirə 20500 müəssisə və təşkilat qatılıb, onlardan 530-u bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
AHİK qadınların həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirib. AHİK-in "Gender siyasəti Konsepsiyası"na əsasən, "Kollektiv müqavilələrdə gender yanaşmasını tətbiq etmək" və "Həmkarlar ittifaqı təşkilatlarının rəhbərliyində kişi və qadınların təmsil edilməsinin tarazlaşdırılması" üzrə tövsiyələr hazırlanmış, AHİK-in nəzdində "Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz" yaradılmışdır. Həmkarlar ittifaqı üzvlərinin 52 faizini qadınlar təşkil edir. 
Ölkəmizin ən böyük ictimai təşkilatı olan Azərbaycan həmkarlar ittifaqları gənclər siyasətinə fəal dəstək verir. Qeyd edim ki, həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini (29 yaşadək) gənclər təşkil edir. Hazırda sahə həmkarlar ittifaqlarının böyük əksəriyyətində Gənclər Şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır. Əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 434 gənc "İlin peşəkar gənci" fəxri adına layiq görülüb. AHİK Beynəlxalq Əmək Təşkilatı, BHİK, ÜHİK və digər təşkilatlar tərəfindən gənclərlə bağlı təşkil edilən tədris proqramlarında onların iştirakını təmin edir. Həmçinin ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə təhsildə uğur qazanmış, ictimai işlərdə fərqlənmiş tələbələrə də "Adlı təqaüd" verilir. İndiyədək 3000 nəfərə yaxın gənc bu təqaüdə layiq görülüb. Bəzi ali məktəblərdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, hər il onlarla imkansız tələbənin təhsil haqlarının 30 faizi, bəzilərinin isə 100 faizi həmkarlar ittifaqı tərəfindən ödənilir. 

 

Daim vətəndaşların yanında

 

Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə sağlamlıq məkanlarına yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Hazırda AHİK-in 8 sanatoriyası və bir müalicə pansionatı fəaliyyət göstərir. Bu sağlamlıq müəssisələri AHİK-in maliyyə imkanları ilə təmir edilməklə müasir tələblər səviyyəsinə gətirilmişdir. Sanatoriyalardan 6-sı il boyu, 2-si isə mövsümi işləyir.
Eyni zamanda həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. AHİK-in İcraiyyə Komitəsinin qərarları ilə tarixi və bayram günlərində respublikamızın paytaxtı və 76 rayonunda yaşayan aztəminatlı ailələrə, o cümlədən şəhid və qazi ailələrinə bayram sovqatları göndərilir. 2020-ci ilin aprel ayından 2022-ci ilin sonunadək bu qəbildən olan 27000-ə yaxın ailəyə maşın karvanları ilə bayram sovqatları göndərilib. 
Həmçinin AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 10 milyon manatdan artıq vəsait xərclənib, 202 şəhidin 347 övladı himayəyə götürülüb. Sahə həmkarlar ittifaqları tərəfindən 2022-ci ildə şəhid və qazi ailələrinə 1790 yollayış verilib. 
Koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaqla bağlı Prezident İlham Əliyevin çağırışına dərhal qoşulan AHİK bu istiqamətdə bütün imkanlarını səfərbər etdi. Dünyanı bürüyən COVID-19 infeksiyasının aradan qaldırılması məqsədilə ölkədə həyata keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etdik. Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinə, Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə, qoruyucu vasitələrin alınmasına və eyni zamanda aztəminatlı ailələrə ərzaq və maddi yardımlar göstərilməsinə, ümumilikdə, 20 milyon manatdan çox vəsait xərclənib. 
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi himayəsi ilə icra olunan sosial dəstək proqramları cəmiyyətdə böyük razılıqla qarşılanmaqla yanaşı, insanların qayğılarını azaldır, onların rifahını yüksəldir. Azərbaycanın Həmkarlar İttifaqları Konfederasiyası olaraq, hörmətli Mehriban xanım Əliyevanın bu fədakar fəaliyyətini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ən böyük töhfə kimi dəyərləndiririk. 
Təsadüfi deyildir ki, Heydər Əliyev Fondunun yüz minlərlə vətəndaşımızın sosial problemlərinin həllində yardımçı olması hörmətli Mehriban xanıma olan ümummilli inam və məhəbbəti daha da gücləndirib. Qarabağın və Şərqi Zəngəzurun quruculuğunda əlahiddə fəaliyyət yürüdən Mehriban xanım Əliyevanın bu şərəfli missiyası da hesab edirik ki, uğurla gerçəkləşir.
Azərbaycanın ən böyük ictimai təşkilatı olan Həmkarlar İttifaqları Konfederasiyasının öz yubileyini mühüm uğurlar və cəmiyyətin güclü etimadı ilə qarşılaması ən böyük mükafatımızdır. 1,5 milyon üzvümüz cəmiyyətin müxtəlif sahələrində dövlətə və xalqa sədaqətlə xidmət göstərir, layiqli nümunələr yaradırlar. Dəyərli üzvlərimizi yubileyimiz münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq. 

Azərbaycanın Həmkarlar İttifaqları Konfederasiyası yenidən təşkilatlanaraq, fəaliyyətə başlamasının 30 illiyini böyük qürur, sevinc hissi ilə qeyd edir. Bu dövr ərzində daim Ulu Öndər Heydər Əliyev irsinə sarsılmaz sədaqət, Prezident İlham Əliyev fəaliyyətinə birmənalı dəstək nümayiş etdirdik. Bu əqidəmizdən, mövqeyimizdən əsla dönmədik, ona qətiyyətlə əbədi sadiq qalacağıq. 

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video