01 Sentyabr 2024 08:05
97
SİYASƏT
A- A+

Bakı sülh şərtlərini bir daha bəyan etdi

 

Ermənistan konstitusiyası dəyişilməli, Minsk qrupu ləğv edilməlidir

 

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bununla bağlı rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda iki ölkə arasında sülh sazişinin bağlanması mümkün deyil.  
Lakin İrəvan absurd bəhanələr edərək konstitusiyasında dəyişiklik etməkdən yayınır. Bununla da sülh bağlansa belə, Azərbaycana qarşı  ərazi iddiasından əl götürmək istəmir. Dayanıqlı sülhdə maraqlı olmayan İrəvan çalışır ki, gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variantı olsun. 
Ötən cümə Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən zaman Prezident İlham Əliyev regional vəziyyətə toxunaraq dedi ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Dövlət başçısı vurğuladı ki, bunun üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və konstitusiya dəyişdirilməlidir. 

 

"Keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!"

 

Ermənistanın digər bir təcavüzkar planı ATƏT-in keçmiş Minsk qrupunun ləğvinə qol qoymamasıdır. Faktdır ki, Minsk qrupunun 28 illik fəaliyyətinin nəticəsi danışıqlar prosesinin dalana dirənməsi olub. İşlərini yalnız bölgəyə turist səfərləri etməklə bitmiş hesab edən həmsədrlər bu müddətdə münaqişənin Ermənistanın xeyrinə sonsuzadək dondurulmasına çalışıblar. İkilistandartlı səbəblər ucbatından Qarabağ münaqişəsinin həlli yalnız müharibə yolu ilə mümkün oldu. Buna görə Minsk qrupunun ləğvinə hüquqi cəhətdən də son qoyulmasının vaxtı, əslində, çoxdan çatmışdı. Bu qrupun ləğvi üçün Azərbaycanla Ermənistan birgə ATƏT-ə müraciət etməlidirlər. Lakin Ermənistan birgə müraciətdən yayınır, bununla da ölkəmizə qarşı gələcəkdə də ərazi iddiası irəli sürmək niyyətində olduğunu açıq şəkildə ortaya qoyur. 
Sözügedən görüşdə Prezident İlham Əliyev vurğuladı ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Dövlətimizin başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını dedi: "Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!" 

 

Bununla bağlı əsasnamə imzalanıb

 

Azərbaycan hər zaman regionda normallaşmaya nail olunması, davamlı sülhün əldə edilməsi üçün təşəbbüslərlə çıxış edir, bu istiqamətdə əməli işlər gerçəkləşdirir. Bu ilin əvvəlindən Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanılması, ikitərəfli danışıqlara start verilməsi kimi müsbət addımlar da Bakının səylərinin mühüm nəticəsidir. 
Avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə imzalanıb. Məlumata görə, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, komissiyaların birgə fəaliyyəti haqqında əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Vurğulanıb ki, hazırda Azərbaycan və Ermənistan dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar. 
Göründüyü kimi, Azərbaycanın münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri müsbət nəticə verir. Lakin Ermənistan Qərb himayədarlarının qızışdırması ilə müharibə eyforiyasına qapılaraq sülhdən yayınır. Bu məqamla bağlı dövlətimizin  başçısı da söylədi ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil: "Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir".
Amma revanşa qapılması, Azərbaycana qarşı ərazi iddiasından əl çəkməməsi Ermənistanı bir dövlət olaraq uçuruma aparır. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video