01 Sentyabr 2024 08:10
87
SİYASƏT
A- A+

Ermənistan sülh sazişini imzalamaqdan yayınır

 

"Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinə də toxundu. Ölkə rəhbəri bir daha Ermənistanın vaxt udmağa çalışdığını, silahlandırıldığını diqqətə çəkdi". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Sosial Tədqiqatlar  Mərkəsinin sədr müavini politoloq Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, Ermənistanın üçüncü ölkələrlə öz ərazisində hərbi təlimlər keçirməsi itirmiş olduğu mövqelərini hər hansı səviyyədə geri qaytarmağa çalışdığının göstəricisidir. Bu vəziyyəti 2020-ci ildən sonra ötən 4 ildə davamlı olaraq müşahidə edirik. "Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün iki əsas şərti hər zaman səsləndirir. Birincisi, Ermənistan konstitusiyasında dəyişiklik edilməlidir. Çünki bu ölkənin Konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinad edilir və orada da Azərbaycanın əzəli, tarixi ərazisi olan Qarabağın Ermənistana birləşdirilməsi öz ifadəsini tapıb. Deməli, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları yer alıb. Dövlətimizin başçısı bunların aradan qaldırılmasını haqlı olaraq tələb edir. Çünki  bu, gələcəkdə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin hüquqi qüvvəsini sıfra bərabər edə bilər. Ermənistan Konstitusiyasının 116-cı maddəsinin  3-cü bəndində aydın mətnlə ifadə olunub ki, Ermənistanın imzaladığı beynəlxalq sənədlər ölkə Konstitusiyası ilə ziddiyyət təşkil edirsə, o, ratifikasiya oluna bilməz. Beləliklə, Paşinyan Konstitusiyaya dəyişiklik etmədən sülh müqaviləsi imzalasa belə, bu, zaman udulmasına hesablanmış addım olacaq. Bunu da Prezident İlham Əliyev yaxşı bilir, ona görə də Ermənistanın vaxt udmağa çalışdığını diqqətə çəkir. Bunu sübut edən digər amil isə Ermənistanın davamlı olaraq silahlandırılmasıdır", - deyə E.Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə,  Ermənistan gələcəkdə Qərb ölkələrinin hərbçilərinin birbaşa iştirakı ilə də Azərbaycana qarşı revanş edə bilər. Bunu başqa coğrafiyalarda görmüşük. Ermənistan da analoji addım ata bilər. Bunun sübutu da artıq var. Ermənistan bir müddət əvvəl Kəlbəcər istiqamətində Azərbaycan mövqelərini atəşə tutanda Amerika hərbi təlimatçılarının da prosesdə iştirakı ilə bağlı məlumatlar yayıldı. Bu, artıq ilkin əlamətlərdir, gələcəkdə genişmiqyaslı və açıq hal ala bilər. 
E.Mirbəşiroğlu vurğulayıb ki, Cənubi Qafqazda təhlükəsizlik olduqca kövrəkdir, regionda vəziyyət gərginləşə bilər. ABŞ geosiyasi rəqibi olan Rusiyaya qarşı regionda ikinci cəbhə açmaq istəyir. Belə vəziyyətdə regionda hərbi-siyasi xarakterli gərginlik və xaos arta bilər ki, bu  zaman ABŞ-nin alət kimi istifadə etdiyi Ermənistanın maraqlarına uyğun olaraq onun tərəfindən qarşıdurmalarda birbaşa iştirakı gözləniləndir.  
Politoloqun fikrincə, Ermənistan ərazisinə ABŞ-nin iki hərbi təyyarəsinin və hərbi heyətinin gətirilməsi, onların erməni hərbi geyimləri ilə təminatı da ciddi narahatlıq yaradacaq məsələdir: "Prezident İlham Əliyev Ermənistanın olduqca təhlükəli oyun oynadığını diqqətə çatdırdı. Ermənistan Azərbaycana revanş etmək imkanlarını saxlamaq üçün kənardan da dəstək almaqla əlindən gələni edir. O, Konstitusiyaya dəyişiklik etmək fikrində deyil, sadəcə olaraq 2027-ci ildə belə bir addım atıla biləcəyi səsləndirilir. Konstitusiyaya dəyişiklik isə Paşinyan hakimiyyətinin daha da möhkəmləndirilməsinə xidmət etməklə ərazi iddialarını aradan qaldırmaya da bilər". 
Azərbaycanın digər şərtinin ATƏT-in Minsk qrupunun ləğvi istiqamətində birgə müraciətlə bağlı olduğunu xatırladan ekspert deyib ki, Ermənistan buna da getmək istəmir. Ermənistan parlamentinin sədri Alen Simonyan Minsk qrupunun bundan sonra da fəaliyyətinin mümkünlüyünü söyləyib. Bu isə Ermənistana münaqişə vəziyyətinin sanki davam etdiyi təəssüratını saxlamaq imkanı verir. Ermənistan yekun sülh sazişini imzalayacağı təqdirdə Azərbaycanın şərtlərini qəbul etməli olacaq. Paşinyan da buna getmək istəmir. Ermənistan ATƏT-in Minsk qrupunun platformasından hər zaman dəstək alıb və ümid edir ki, bundan sonra da bu çərçivədə dəstək ala biləcək. "Ümumilikdə göz önündə olan mənzərə dövlətimizin başçısının da qeyd etdiyi kimi, Ermənistanın sülh sazişini imzalamaqdan hər vasitə ilə yayındığını və havadarlarının da canfəşanlığı ilə zaman qazanmağa çalışdığını aydın göstərir", - deyə politoloq vurğulayıb.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video