12 Dekabr 2024 08:30
114
SİYASƏT
A- A+
Heydər Əliyev ideyaları

Heydər Əliyev ideyaları


Hər zaman Azərbaycanın davamlı tərəqqisinin əsası olacaq


Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Vətənini, torpağını, xalqını  canından artıq sevən, Azərbaycanı daim zirvələrdə görmək istəyən və buna nail olan Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və  bu ərazilərdə yeni həyatın başlanması idi. Artıq bu arzular reallığa çevrilib. Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanı zirvələrə ucaldaraq zəfərdən-zəfərə aparır. Özünün də qeyd etdiyi kimi: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam". Təbii ki, bu əbədiliyi şərtləndirən dahi şəxsiyyətin  hakimiyyətinin hər iki dövründə Azərbaycanın bu günü, gələcəyi naminə gördüyü işlər, eyni zamanda bu siyasətin davamını təmin edən 1 oktyabr 2003-cü ildə xalqa müraciəti və bu çağırışın yüksək səviyyədə dəyərləndirilərək uğurların davamlılığının təmin edilməsidir.


Siyasi liderlik


Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərdi ki, güclü lider  və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.

Siyasi liderliyin mahiyyəti dövlətinin milli maraqlarına cavab verən yeganə və bənzərsiz inkişaf yolunu müəyyən etmək, xalqını yeni zəfərlərlə dolu qalibiyyətli gələcəyə aparan siyasəti təmin etməkdir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü bu reallıqların təqdimatıdır. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, dövlətinə, xalqına bağlılığı Onun atdığı addımlarda, irəli sürdüyü təşəbbüslərdə və qəbul etdiyi qərarlarda özünün aydın ifadəsini tapdı. Ümummilli Lider Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini öncədən müəyyən edir, qərarların qəbulu zamanı əsl  vətənpərvərlik mövqeyi nümayiş etdirirdi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada  xüsusi yerini müəyyən etdi. Azərbaycan tarixinin 1969-cu ildən  başlanan yeni dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən öncə Onun xilaskarlıq missiyası göz önünə gəlir. Çünki hakimiyyətinin hər iki dövrü dahi rəhbərin bu missiyasının təqdimatında əhəmiyyətli rol oynayır. Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda respublikamız  keçmiş sovet respublikaları arasında ən geridə qalmış bir diyar idi. Bütün sosial-iqtisadi göstəricilər keçmiş SSRİ miqyasında ən  aşağı səviyyədə idi. Məhz Ulu Öndər Heydər Əliyevin  fəaliyyəti nəticəsində Azərbaycan ötən əsrin 70-ci illərinin ortalarında   sovet respublikaları arasında ən qabaqcıl mövqelərə sahib oldu.  Bu gün müstəqil  Azərbaycan Respublikasının inkişafına xidmət edən  güclü  infrastruktur,  yeni sənaye sahələri məhz o illərdə yaradıldı.  Azərbaycan vətəndaşları yaxşı yaşamağa başladılar.  Respublikamızda yeni müəssisələr, fabriklər, zavodlar yaradıldı, yeni yollar çəkildi.

Bu ilin aprelində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşündə Ümummilli Lider Heydər Əliyevin xidmətləri ilə bağlı səsləndirilən fikirlər titanik qabiliyyətə malik olan bu dahi şəxsiyyətin necə geniş erudisiyaya sahib olduğunu bir daha göz önünə gətirdi. Bildirildi ki,  BAM-ın tarixində Ulu Öndər Heydər Əliyev  müstəsna, böyük rol oynayıb. O,  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur magistralının tikintisinə rəhbərlik etdi və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmədi. Rusiya Prezidenti Vladimir Putin bu reallığı bir daha diqqətə çatdırdı ki, bu işdə Heydər Əliyevə  böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi. O, bu nəhəng problemləri həll edə bildi. 

Bu kimi faktlar bir daha  təsdiqləyir ki, nəinki Azərbaycanda, bütün keçmiş postsovet məkanında, eləcə də dünya miqyasında gedən  prosesləri Heydər Əliyev şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, həmin illərdə yaradılan kadr potensialı hazırda da müasir müstəqil Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində öz sözünü deyir. Həmin illərdə Ümummilli Liderin Azərbaycanın  müstəqil gələcəyini düşünərək atdığı addımlardan biri  gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi idi.  Bu mühüm addım, eyni zamanda ideoloji və təbliğat xarakteri daşıyırdı. Bu yolla Azərbaycanın elmi və kadr potensialı  yüksəldiyi kimi, xalqımızın  milli-mənəvi dəyərlərinin təbliği də həyata keçirilirdi, Məhz milli hərbi kadrların hazırlanması  xalqın müstəqil gələcəyini hələ o illərdə dahiyanə uzaqgörənliklə duyub hiss edən, görən Ulu Öndər Heydər Əliyev üçün  böyük əhəmiyyətli məsələ idi. Onun gərgin səyləri nəticəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması bunun bariz nümunəsi idi. 


Azərbaycançılıq məfkurəsinin banisi


Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında tarixi  xidmətlərindən bəhs edərkən Onun azərbaycançılığın əsas tərkib hissələrindən biri kimi Azərbaycan dilinin inkişafı, totalitar sovet rejimi şəraitində Azərbaycan SSR  Konstitusiyasında dövlət dili kimi təsbit olunması istiqamətində göstərdiyi səyləri və əldə etdiyi uğurlu nəticələri  xüsusi qeyd etməliyik. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu qazanması  gələcəyin müstəqil Azərbaycanı naminə atılmış mühüm addım kimi tarixə düşdü. Həmin dövrdə Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, böyük klassiklərin  yubileylərinin keçmiş ittifaq miqyasında  keçirilməsi, Azərbaycan mədəniyyətinin Ümumittifaq miqyasında təbliği və sair kimi addımlar Ümummilli Liderin  azərbaycançılıq ideologiyasının inkişafına yönələn xidmətləri sırasında yer alır. Keçmiş ittifaq respublikalarında və digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin keçirilməsi orada yaşayan azərbaycanlılarla əlaqələrin  qurulmasına geniş imkanlar yaratdı. Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi, onların Azərbaycanın bu günü və gələcəyi naminə  çalışmaları daim Ulu Öndəri düşündürən əsas məsələlər sırasında olub və bu gün həmin xətt  dövlət başçısı İlham Əliyevin  müasir dövrün çağırışlarını özündə ehtiva edən yeni, təkmil siyasətində  özünün aydın ifadəsini tapır. 

Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi də  Azərbaycanın bu gününə və gələcəyinə xidmət edən addımları ilə zəngindir. Dahi rəhbər Naxçıvanda yalnız muxtar respublika  deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən  sessiyasında "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul edildi. Ulu Öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu.

Onu da qeyd edək ki, dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə xidmət edən addımlar da  Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində xüsusi yer tutub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. 

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bütün dünyaya səs salan, nəinki regionda, hətta dünyada  yeni reallıqlar yaradan tarixi Zəfərimiz məhz Ümummilli Liderin uğurlu və düşünülmüş siyasəti nəticəsində yaradılan  birliyimizin, həmrəyliyimizin  təqdimatı oldu. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən "dəmir yumruq" gücümüzü, həmçinin birliyimizi nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının  uğurla inkişaf etdirilməsi  dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza belə bir çağırışı ünvanladı ki, Vətən birdir və hər birimiz bu Vətən üçün çalışmalıyıq. 

Şübhəsiz, Ulu Öndər Heydər Əliyevin zamana və məkana sığmayan misilsiz xidmətlərini bir yazı çərçivəsində  əhatə etmək qeyri-mümkündür. Bu fikir daim xüsusi qeyd edilir ki, Ümummilli Lider  Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran  qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin zəkasının işığında qədəm qoydu. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövründən bəhs etməmişdən öncə  ölkəmizin həyatında mühüm  dönüş nöqtələrindən biri kimi Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını xüsusi qeyd etməliyik. YAP-ın yaradılması çağdaş tariximizdə Ümummilli Liderin Naxçıvan fəaliyyətinin əsas tərkib hissələrindən biri kimi yer alıb. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ölkədə gedən ictimai-siyasi proseslərdə formalaşdı, vətənpərvər, xalqına, ölkəsinə, millətinə xidmət etmək istəyən insanların  təşəbbüsü ilə həyata vəsiqə aldı. 


Yeni eranın başlanğıcı


1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Yeni Azərbaycan Partiyasının yaradılmasından   təqribən 6 ay sonra Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. 1993-cü ilin oktyabr ayında isə Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident  seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. 

Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni eranın başlanğıcı oldu. Hər zaman qeyd edildiyi kimi, bu günümüzü düzgün dəyərləndirmək üçün keçilən yola nəzər salmağa, haradan-haraya gəlib çıxdığımıza diqqət yetirməyə böyük zərurət duyulur. Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdi. Lakın müstəqilliyimizin bərpasının ilk illəri xalqımız üçün böyük faciələrlə, təhlükələrlə yadda qaldı, tariximizə qaranlıq səhifə kimi yazıldı. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti, hakimiyyət uğrunda gedən mübarizə, şəxsi ambisiyaların dövlət maraqlarını üstələməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Hakimiyyəti zor gücünə ələ keçirən  AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə yaşananlar xalqımızın yaddaşında tariximizin qaranlıq səhifəsi kimi yer alıb.

Tariximizin bu səhifələrini vərəqlədikcə əvvəldə də qeyd etdiyimiz kimi, lider amilinin hər bir ölkənin inkişafında, gələcəyində əsas amil olduğunu daha aydın şəkildə görürük. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Bu qayıdış Azərbaycanı böyük bəlalardan xilas etdi. Dahi şəxsiyyət Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın öz dahi rəhbərinə  inamı sayəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu, torpaqlarımızın işğalının qarşısı alındı.  

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Həmin illərin, eyni zamanda 2003-cü ildən başlanan Böyük Yolun əsasında Ümummilli Liderin  yenə də xilaskarlıq missiyası dayanır. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna çıxdı. Hər bir inkişafın əsasında sabitliyin dayandığını önə çəkən Ümummilli Liderin əsas diqqət göstərdiyi məsələ ölkədə sabitliyin yaradılması oldu. Bu çağırışı etdi ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihənin həyata keçirilməsi mümkün deyil. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Bu mühüm amil hər bir sahədə, xüsusilə  ölkəmizin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə edərək iqtisadi əlaqələrin qurulmasında əhəmiyyətli rol oynadı. 1994-cü il mayın 12-də Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizin bütün sahələrdə uğurlu inkişafına yol açdı. Həmin ilin 20 sentyabrında "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycanın iqtisadi imkanları genişləndi, siyasi mövqeyi möhkəmləndi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan sonrakı illərdə əməkdaşlığın coğrafiyasını genişləndirməklə dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verən ölkə kimi nüfuz qazandı. Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi.

Uğurlarımızda Ümummilli Liderin səyləri, düşünülmüş siyasəti nəticəsində iqtisadi və siyasi islahatların vəhdətinin yaradılması əhəmiyyətli rol oynayır. Demokratik islahatlar iqtisadi tərəqqiyə geniş yol açdı. Ümummilli Liderin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. İlk növbədə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Dahi şəxsiyyət Heydər Əliyev, eyni zamanda belə bir çağırışı da səsləndirdi ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər ölkəmizdə bərqərar olmalıdır. Təbii ki, burada söhbət insan hüquqlarının qorunmasından, azad mətbuatın inkişafından, çoxpartiyalı sistemin yaradılmasından, ölkənin inkişafında əsas faktor olan seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsindən söhbət gedir. Azərbaycan demokratik islahatları və onların uğurlu nəticələri ilə də diqqətdədir.  Bu mühüm məqam da xüsusi vurğulandı ki, demokratiya strateji kursumuzun əsasını təşkil edir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu Azərbaycanın ilk gündən qarşıya qoyduğu əsas prioritetlərdən oldu. Hazırda demokratik inkişafı ilə dünyaya nümunə olan Azərbaycan atdığı addımları ilə təsdiqlədi ki, demokratik dəyərlərə sadiqliyi sözdə deyil, əməldədir.  

Ulu Öndər Heydər Əliyevin ölçüyəgəlməz xidmətlərindən bəhs edərkən bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması əsas hədəflər sırasında oldu. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri olmadı ki, keçmiş Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, həqiqətlərimiz dünya ictimaiyyətinə çatdırılmasın. Diaspor quruculuğu ilə yanaşı, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yüksək səviyyədə qurulması Azərbaycan reallıqlarının, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynadı.

Müdriklərimiz çox gözəl deyiblər: "Ordun varsa, yurdun var". Müstəqilliyimizin qarantı kimi dəyərləndirilən ordu quruculuğu sahəsində  yaradılan möhkəm təməl uğurlarımıza yol açdı.  Ümummilli Lider Heydər Əliyev bu çağırışı etdi ki,  sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Nizami ordu yaradıldı. Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirildi, beynəlxalq standartlara cavab verdi. Məhz yaradılan möhkəm təməlin uğuru 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə və birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsində özünü təsdiqlədi. Azərbaycan Ordusu dünya hərb tarixinə yeni səhifə yazdı. Bir daha sübut olundu ki, dünyanın ən güclü ordularından biri Azərbaycan Ordusudur. Düşmən Azərbaycan Ordusunun qarşısında diz çökdü. Azərbaycan tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Məhz bu səbəbdən  bu gün sonsuz qürur hissi və fəxrlə deyirik ki, ordumuz da var, yurdumuz da…

 

Böyük yol davam edir


2003-cü ildə xalqa tarixi müraciəti Heydər Əliyev siyasətinin davamının, bugünkü və gələcək uğurların əsası oldu. Son 21 ildə  Ulu Öndər  Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni inkişaf strategiyası həyata keçirilir. Dövlət başçısı bu illər ərzində ölkəmizdə bütün sahələrin müasir tələblərə uyğun inkişafını təmin etdi. Özünün də vurğuladığı kimi, 2003-2020-ci illər, əgər indi tarixə bu prizmadan yanaşsaq, bir hazırlıq dövrü idi. 

Cənab İlham Əliyevin 21 illik Prezidentlik dövrünün  17 ili qələbəyə hazırlıq dövrü kimi xarakterizə edilir. 2020-ci il sentyabrın 27-də erməni işğalçılarının təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Haqqın, ədalətin bərpa olunduğu 44 gündə Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın gücünü, qüdrətini gördü. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev  ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi istiqamətində səylərini davam etdirdi, məsələnin sülh yolu ilə həllinə çalışdı. Tarixi Zəfərimizdən ötən dövrdə Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmək barədə düşünməməsi, hərbi təxribatları davam etdirməsi ötən ilin sentyabr ayında birgünlük antiterror tədbirlərinin həyata keçirilməsinə səbəb oldu. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi.

Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdışın sevincini yaşayırlar. Xalqımız daim bu əminliyi də ifadə edir ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağda və Şərqi Zəngəzurda bütün quruculuq işləri uğurla başa çatacaq, Böyük qayıdış proqramı yüksək səviyyədə icra ediləcək, sahibinə qovuşmuş torpaqlarımız Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verəcəklər. 

Bugünkü uğurlarımızda Ümummilli Liderin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun xidmətləri ölçüyəgəlməzdir. Fondun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gördüyü işlərin miqyası olduqca böyükdür. Hazırda fondun əsas səyləri işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilib. Bu baxımdan fondun erməni vəhşiliklərinə şahidlik edən tarixi və dini abidələrimizin bərpası istiqamətində fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Bununla bərabər, dövlət başçısının tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı əsasında "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri ənənələrinin bərpasını da xüsusi qeyd etməliyik. Bir sözlə, fondun hər bir layihəsi, atdığı hər bir addım qalib Azərbaycanın təqdimatına xidmət edir.

Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ölkədə və beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Fondun  hər bir layihəsi Azərbaycanın inkişafına, beynəlxalq aləmdə təqdimatına yönəlib. Bu addımların əsasında Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin təbliği dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycana, Azərbaycanın inkişafına yönəlib. Ümummilli Liderin fəaliyyəti nəticəsində bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan Azərbaycanda yaşayırıq. Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaq.  Hər bir xalq hər bir tarixi dövrdə öz qəhrəmanlarının sarsılmaz ruhunu, dəmir iradəsini, cəsarət və qətiyyətini yüksək qiymətləndirmişdir. Biz - azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi qəhrəmanı vardır və onun unudulmaz xatirəsi önündə bu gün bir daha baş əyirik.

Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycanın bütün sahələrdə inkişafını, tərəqqisini qaçılmaz edir. Son 21 ilin  uğurları, zəfərləri bunun təsdiqidir. Yeni dövrə qədəm qoyan Azərbaycan seçki ili kimi xarakterizə edilən  2024-cü ildə müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri ilə dünyanın diqqətində olmaqla yanaşı,  COP29-a evsahibliyi ilə dünyanı Azərbaycana topladı. Bu tədbir Azərbaycanın keçdiyi yolun təqdimatında, xarici siyasətdə qazandığı uğurların fonunda müəyyənləşdirilən hədəflərin açıqlanmasında, birlik, həmrəylik, əməkdaşlıq çağırışlarının daha da möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycan qəbul edilən qərarlarla söz sahibliyini nümayiş etdirdi. İnkişafın Azərbaycan modeli qlobal problemlərin həllində ortaq fikrə gəlməyə dəstək oldu. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Liderin  ideyaları hələ bundan sonra da Azərbaycanın davamlı tərəqqisinin  əsası olacaq. Nə qədər ki Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!


Vüqar RƏHİMZADƏ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

12:01
12 Dekabr

Prezidentin köməkçisi: Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır  

11:56
12 Dekabr

Hikmət Hacıyev: Ermənistanın silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır  

11:51
12 Dekabr

Azərbaycan səhnəsinin ilk Hamleti  

11:46
12 Dekabr

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər  

11:41
12 Dekabr

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məzarını ziyarət edib  

11:36
12 Dekabr

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibinin və digər rəsmilərinin Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyir  

11:31
12 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

11:26
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

11:21
12 Dekabr

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib  

11:16
12 Dekabr

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda iştirak edib  

11:11
12 Dekabr

Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq  

11:06
12 Dekabr

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru  

11:01
12 Dekabr

Aleksandar Vuçiç: Serbiya hibrid müharibə cəhdi ilə üzləşib  

10:56
12 Dekabr

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib  

10:51
12 Dekabr

Blinken Türkiyəyə gedir  

10:46
12 Dekabr

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub  

10:41
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

10:36
12 Dekabr

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb  

10:31
12 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

10:26
12 Dekabr

Paşinyan həbslərlə vaxt "öldürür"

10:20
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!