Dövlətimizə və xalqımıza qarşı cinayətlər törətmiş canilərin hər biri Azərbaycan qanunları ilə layiq olduqları cəzalarını alacaqlar
Ötən ay həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağdakı qondarma respublikanın mövcudluğuna birdəfəlik son qoyuldu. Artıq Azərbaycan torpaqlarında separatçı rejim və "boz zona" yoxdur. Ermənistanın və dünya erməniliyinin torpaqlarımızda ikinci erməni dövləti yaratmaq xülyası tarixin zibilliyinə atılıb.
Qətiyyətin və siyasi iradənin təcəssümü
Bütün uğurlar Prezident İlham Əliyevin qətiyyətinin, güclü siyasi iradəsinin sayəsində əldə olunub. Qarabağ üzərində suverenliyimizin təmin olunması, dövlətimizin qüdrətinin, nüfuzunun təcəssümüdür. Təsadüfi deyil ki, başda Fransa olmaqla erməni təəssübkeşləri nə qədər hay-həşir salsalar da, Azərbaycan dövlətinin yaratdığı yeni reallıqlara təsir etmək gücündə deyillər. Təsadüfi deyil ki, Azərbaycana qarşı sanksiyaların mənasız olacağını birmənalı şəkildə ermənilərin yanında yer alan Fransanın prezidenti E.Makron da etiraf etdi. Avropa Parlamentinin oktyabrın 5-də qəbul etdiyi qətnamə isə əvvəlkilər kimi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil.
Azərbaycan dövləti yalnız torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası ilə kifayətlənmədi. Belə ki, dövlətimiz həm də onilliklər boyu torpaqlarımızda separatçılıqla məşğul olanları, müharibə cinayətləri törədənləri, hərbi caniləri də tapıb həbs edərək, ədalət mühakiməsinə çıxarır.
Hələ bir neçə ay əvvəl Vaqif Xaçatryan adlı müharibə canisinin həbs olunması, əslində, ondan xəbər verirdi ki, əli xalqımızın qanına bulaşan, Xocalıda cəlladlıq edən, separatizmə dəstək verən, Azərbaycanı təhdid edən qondarma rejimin bütün ünsürləri gec-tez Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar. Bu ilin mayında Prezident İlham Əliyev Laçından separatçılara xəbərdarlıq edərək demişdi: "Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər".
Onları qandallayan güclü Azərbaycan dövlətidir
Prezident İlham Əliyev dedi və etdi. Xəbərdarlıqlardan nəticə çıxarmayan, dövlətimizi təhdid edən, müharibə cinayətləri törədən, separatçılığı maliyyələşdirən Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan kimi ünsürlər indi Azərbaycan qanunları qarşısında cavab verirlər. Bu həmin Ruben Vardanyandır ki, Xankəndidə oturub terrorçuluğu maliyyələşdirir, Azərbaycana qarşı hədyanlar söyləyirdi.
Arayik Harutyunyan isə 2000-ci ildə qondarma respublikanın "prezidenti" kimi "andiçməsini" Şuşada keçirmiş, "vəzifəsinə" başladığı ilk gündən bizi əsassız iddialarla hədələmək yolu tutmuşdu. Vətən müharibəsində isə bu cani Gəncənin raket atəşinə tutulması üçün əmr verdiyi ilə qürurlanmışdı.
Ayrı-ayrı vaxtlarda separatçı rejimə rəhbərlik etmiş Arkadi Qukasyan və Bako Sahakyan da əlləri xalqımızın qanına bulaşmış canilərdir. Bu ünsürlər yəqin ki, nə vaxtsa həbs olunacaqlarına inanmaq istəməzdilər. Lakin bu baş verdi və bir vaxtlar torpaqlarımızı işğal etmələri ilə qürurlanan, Azərbaycanı yeni ərazilərin işğalı ilə təhdid edən, Şuşada yallı gedən bu ünsürlərin artıq əlləri qandallanıb. Onları qandallayan isə güclü Azərbaycan dövlətidir.
Bəli, haqq-hesabın vaxtı çatdı. Vaxtilə Qarabağda mülki azərbaycanlı əhaliyə qarşı cinayətlər həyata keçirmiş, Xocalı soyqırımını törətmiş, dövlətimizə və xalqımıza qarşı terrorçuluqla məşğul olmuş canilərin hər biri Azərbaycan qanunları ilə layiqli cəzalarını alacaqlar.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"