09 Yanvar 2022 00:54
2427
SİYASƏT
A- A+

Hərbi zəfərin diplomatik təntənəsi

 

Prezident İlham Əliyev ötən il Moskva, Soçi və Brüsseldə keçirilən üçtərəfli görüşlərdə Azərbaycanın maraqlarını layiqincə təmin etdi

 

Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Ən böyük reallıq, əlbəttə ki, torpaqlarımızın azad edilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır. Yeni reallıqlar zəminində qarşıda duran digər məsələlər bölgədə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyasıdır. Ermənistanın dirənişlərinə baxmayaraq, Azərbaycan bu istiqamətlərdə öz hədəflərinə çatmaq, milli maraq və mənafelərini təmin etmək üçün 2021-ci il ərzində ardıcıl şəkildə mühüm diplomatik uğurlar əldə etdi. Ötən ilin yanvarında Moskvada, noyabrında Soçidə və dekabrda Brüsseldə keçirilən üçtərəfli görüşlər bunu təsdiqləyir. Bu görüşlər göstərdi ki, Prezident İlham Əliyev Vətən müharibəsindəki hərbi zəfəri diplomatik müstəvidə də davam etdirir.

 

İlham Əliyev məğrur, N.Paşinyan isə gərgin və çaşqın idi

 

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın parlaq hərbi qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin hüquqi-siyasi təsdiqi oldu. Ermənistanın müxalifəti hələ də bununla razılaşmaq istəməsə də, bu ölkənin vəziyyətdən çıxmaq üçün başqa yolu yoxdur. İqtidarda Nikol Paşinyanın və ya qeyrisinin olmasından asılı olmayaraq, hakimiyyət üçtərəfli razılaşmaya əməl etməyə məcburdur. Rusiya Prezidenti Vladimir Putin də 2020-ci ilin noyabrında müsahibəsində bildirdi ki, Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar. Ona görə də Ermənistanın reallıqlarla barışmaqdan, region dövlətləri ilə sivil əməkdaşlıq etməkdən başqa yolu yoxdur. 10 noyabr Bəyanatı da Ermənistana bu deyilənlərdən savayı başqa bir imkan vermir.

Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə ötən il yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşün də məqsədi noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması idi. Bütün bunlar isə regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edəcək tədbirlərin həyata keçirilməsini özündə ehtiva etdi ki, bu da Azərbaycanın maraqlarına, Dağlıq Qarabağ və regional əməkdaşlığa dair siyasətinin məzmununa uyğundur.

Moskvada aparılan üçtərəfli danışıqlardan sonra Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli Bəyanat imzaladılar. İqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan bu bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Eyni zamanda bu sənəd bir daha ona dəlalət etdi ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Çünki bu bəyanat 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması ilə bağlı idi. Həmin bənd bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması məqsədilə yeni kommunikasiyaların inşasını nəzərdə tutur.

Bu bəyanat Ermənistanı reallıqlarla barışmağa məcbur edən mühüm siyasi-hüquqi öhdəlik oldu. Ermənistanda müxalifət bu bəyanata qarşı çıxış etsə də, baş nazir Nikol Paşinyanın başqa yolu yox idi. Çünki Ermənistan müxalifətinin variantı, əvvəldə qeyd edildiyi kimi, intihardan başqa bir şey deyil.

Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin məğrur duruşu, alicənablığı, yüksəksəviyyəli çıxışları diqqəti cəlb etdi. Prezident İlham Əliyev qalib dövlət rəhbəri satusundan, şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İlham Əliyevin nitqləri, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və fəaliyyətini məhz bu istiqamətdə qurur.

Ermənistanın baş naziri N.Paşinyan isə Moskvada həddən artıq gərgin idi. Bu baxımdan görüş onun çaşqın, məyus durumu ilə yadda qaldı. Təsadüfi deyil ki, Rusiya mediası Ermənistanın baş nazirinin durumunu, jestlərini, qeyri-adekvat davranışını geniş müzakirə etdi. Paşinyanın dövlət başçılarının mətbuat üçün bəyanatları zamanı çıxışında qaldırdığı məsələlər də müzakirə mövzusu olmadı. Rusiya Prezidenti Vladimir Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətlə toxunmadı. Həmin məsələlər birgə bəyanatda da əksini tapmadı. Çünki Qarabağ Azərbaycandır və Ermənistanın status xülyasına birdəfəlik son qoyulub.

Paşinyanın toxunduğu hərbi əsirlər məsələsinə gəldikdə isə Vladimir Putin üçtərəfli görüşdə “Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib” deməklə bu mövzunun qapandığını bildirdi. 2020-ci il noyabrın 10-dan sonra işğal olunmuş Azərbaycan ərazilərində ələ keçirilən erməni silahlıları hərbi əsir sayıla bilməz, onlar terrorçu və diversantdır.

Ötən ilin yanvarında Moskvada imzalanan üçtərəfli bəyanat, ilk növbədə, Ermənistanın işğal siyasətinə qarşı hüquqi sədd çəkdi. Eyni zamanda sənədə əsasən regionda yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində prioritetlər də dəqiqləşdirildi. Moskvada imzalanan bəyanat Prezident İlham Əliyevin siyasi-diplomatik uğurudur.

 

İlham Əliyevin qətiyyətli mövqeyi Soçi Bəyanatında da əksini tapdı

 

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən növbəti üçtərəfli görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Bizim üçün mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraqlarını qətiyyətlə təmin etdi.

Ermənistan hakimiyyəti Moskva görüşündən sonra ara-sıra pozitiv fikirlər səsləndirsə də, konkret fəaliyyətdən uzaq olub. 2021-ci il ərzində sərhəddə baş verən insidentlər də məhz Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən meydana çıxıb. Düzdür, insidentlər sistemli xarakter daşımayıb. Bununla belə, Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edirdi. Soçi görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı.

Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il noyabr bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu. Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdıraraq dedi: “Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”.

Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı. Rusiya Prezidenti də iki dövlət arasında sərhədin demarkasiya və delimitasiya işlərinin başlanılmasını vacib hesab etdi. Eyni zamanda Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından bəhs etdi və bunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı. Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Moskva görüşündə olduğu kimi, Soçidə də gündəlikdə olmayan məsələyə toxunmaqla Azərbaycanı ittiham etməyə cəhdlər göstərdi. Girovlar və hərbi əsirlər probleminin hələ olduğunu iddia edən N.Paşinyan Vladimir Putinlə bu məsələni dəfələrlə həm əyani şəkildə, həm də telefonla müzakirə etdiyini bildirdi. Lakin Rusiya Prezidenti Ermənistanın baş nazirinin bu sözlərinə mətbuata bəyanatında fikir bildirmədi, “girov”, “hərbi əsir” kimi ifadələr işlətmədi. Yekun bəyanatda da erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə, ümumiyyətlə, toxunulmadı.

Bütövlükdə, Soçidki üçtərəfli görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətli oldu. Yeni bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Məsələn, bəyanata əsasən tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq və dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə şərtləşdilər. Eyni zamanda tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdilər və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladılar.

Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan ötən ilin noyabrında və bu ilin yanvar ayında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında sərhədlərin delimitasiya prosesinin başlanması mövqeyindən çıxış edib. Bununla respublikamız həm də regionda sülhün yaranması ilə bağlı təşəbbüslərini ortaya qoyub. Soçidə imzalanan bəyanatda yer alan məsələlər də Azərbaycanın mövqeyinin tam şəkildə ifadə olunmasıdır. Rusiya dövləti də respublikamızın mövqeyini tam şəkildə bölüşür.

Prezident İlham Əliyevin regiondakı reallıqlara dair mövqeyi bəyanatda tam şəkildə öz əksini tapdı. Bəyanatda Qarabağ ifadəsinin olmaması da, erməni tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması da Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin təntənəsidir. Bütün bunlar göstərdi ki, rəsmi Bakı Soçi görüşündə də qarşısına qoyduğu bütün məqsədlərə tam nail olub.

 

Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür

 

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 14-də Brüsseldə keçirilən birgə görüşü bir daha respublikamızın milli maraq və mənafelərinin qətiyyətlə təmin edildiyini göstərdi. Bu görüşün gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyəti oldu.

Konstruktiv şəkildə keçən Brüssel görüşündə münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılmasına dair önəmli məsələlər müzakirə olundu. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirildi, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirildi.

Dövlət sərhədinin delimitasiyasına gəldikdə, bununla bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəldilər. Eyni zamanda kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu və Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Bildirildi ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Eyni zamanda gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlindi.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticəsinə dair bəyanatı da Azərbaycanın maraqlarını ehtiva etdi. Bəyanatda Aİ Şurasının prezidenti tərəfindən Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr görüşləri və görüşlərin nəticəsi olan bəyanatlardan irəli gələn öhdəliklər yerinə yetirilməlidir.

Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.

Şarl Mişelin bəyanatında həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.

Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb.

Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.

Bəyanatda səslənən bütün fikirlər Aİ-nın təşəbbüsü ilə keçirilmiş Brüssel görüşündə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir. Bu bəyanat Ermənistan tərəfini bir daha kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edir və bu ölkədə revanşist meyillərin baş qaldırma ehtimalının heç bir perspektivi olmadığını təsdiqləyir.

Aİ Şurasının prezidenti bəyanatda “Dağlıq Qarabağ münaqişəsi”, “status” kimi ifadədələrdən istifadə etməyib. O cümlədən Minsk qrupunun da adı çəkilməyib. Bu da bir daha təsdiq etdi ki, status məsələsi tarixin arxivinə gömülüb və Avropa İttifaqı da Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür.

Beləliklə, Soçidəki qələbə Brüsseldə də təmin olundu. Bir daha təsdiq edildi ki, Prezident İlham Əliyevin bütün danışıqlarda diplomatik küncə sıxışdırdığı Ermənistanın öhdəlklərini yerinə yetirməkdən başqa yolu qalmayıb.

İlham Əliyevin həyata keçirdiyi siyasət Vətən müharibəsində əldə edilmiş qələbəni qlobal diplomatik müstəvidə uğurla tanıdıb. Bunun nəticəsidir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın zəfərinə, ərazi bütövlüyünü təmin etməsinə ehtiramla yanaşır. Moskva, Soçi və Brüssel görüşləri bunu təsdiq etdi. Eyni zamanda bu görüşlər onu göstərdi ki, Vətən müharibəsinin yaratdığı reallıqlar fonunda bütün proseslər Azərbaycanın milli maraqları və siyasi iradəsi çərçivəsində cərəyan edir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video