Bu, gec-tez açılıb özünü göstərir
Rusiya dövləti ilə ermənilərin dostluq tarixi, qarşılıqlı münasibətlərinin davamlılığı iki yüz ildən çoxdur. Onların dostluğu bu gün də davam edir.
Tarixi vərəqlədikcə öyrənirik ki, elə erməniləri Qafqaza ruslar gətiriblər. Qayğılarına qalıblar, burada yaşamaları üçün əlverişli şərait yaradıblar. Məqamı gələndə isə ermənilərdən öz məqsədləri üçün istifadə ediblər. Keçmiş ittifaq dağılandan sonra da Rusiya Ermənistanın əlini buraxmadı. Çünki bölgəni nəzarətdə saxlamaq üçün Ermənistan bu ölkəyə çox vacib idi. Buna görə də müxtəlif yollarla münasibətləri mülayimləşdirir, şirnikləşdirici addımlar atır, vədlər verirdi.
Ermənistanı həm siyasi, həm də iqtisadi cəhətdən idarə edən Rusiya onu ucuz qazla, pulsuz silahla təmin edir, bölgədə təsir imkanlarını artırmaq üçün ondan özünün forpostu kimi yararlanır. Rusiyanın zaman-zaman atdığı bu addımlar Ermənistan üçün də çox sərfəli idi. Ona görə də bu dövlətin bütün şərtlərini səssiz-səmirsiz qəbul edirdi. Çünki hər addımda Rusiyanı yanında görürdü. İşğalçı ölkə olan Ermənistan Birinci Qarabağ müharibəsində Moskvanın hərtərəfli kömək və yardımlarından yararlanmışdı. Amma İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyib məğlub olan Ermənistan ona kömək etmədiyinə görə Rusiyadan "inciyib" özünə daha yaxşı arxa tapmaq ümidi ilə üzünü Avropaya çevirdi. Əvvəlcə illərdən bəri üzv olduğu KTMT-dən çıxacağını bəyan etdi. Bu addımlarına görə də Rusiya ilə Ermənistanın münasibətləri soyudu. Rəsmi İrəvan başda Fransa olmaqla Qərb ölkələri ilə hərtərəfli əməkdaşlıq edəcəyini bildirdi. Özünü Rusiyaya arxa çevirən kimi göstərdi.
Son günlər yayılan məlumatlar isə bütün bu "küsmələrin", "incimələrin" gözdən pərdə asmaqdan başqa bir şey olmadığını göstərdi. Ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfəri zamanı həmkarı ilə görüşüb. Görüş zamanı iki ölkə arasında maraq doğuran bir çox məsələlər ətrafında müzakirələr aparılıb. Rusiyanın XİN başçısı görüşlə bağlı jurnalistlərə açıqlamasında bildirib: "Münasibətlərimizə dair, demək olar ki, bütün məsələləri, regional və beynəlxalq müstəvidəki hadisələri açıq şəkildə müzakirə etdik". Sergey Lavrovun sözlərinə görə, Moskva İrəvanla bütün kompleks müqavilələrə, o cümlədən hərbi-siyasi sahədə razılaşmalara sadiqdir.
Rusiya XİN-in başçısının sözlərindən Ermənistanın bu ölkədən "incik" düşdüyü zərrə qədər də olsun duyulmur. Əksinə, verilən məlumatlar iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini açıq şəkildə göstərir. Əgər belə səmimi münasibət, qarşılıqlı iqtisadi və siyasi əməkdaşlıq varsa, bunun harası gərginlik, inciklik oldu. Təbiidir ki, nəsə danışmaq, müəyyən siyasi bəyanatlar vermək, sonra da onu dəyişmək olar. Bu, başa düşüləndir, çünki siyasətdə belə hadisələr tez-tez baş verir. İqtisadi əlaqələr isə sözlərlə deyil, faktlarla ifadə olunur, necə deyərlər, rəqəmlər danışır. "Danışan" rəqəmlər isə Rusiya ilə Ermənistan arasında iqtisadi münasibətlərin getdikcə dərinləşdiyini, geninə-boluna şaxələndiyini göstərir. İki ölkə arasında iqtisadi münasibətlərin necə inkişaf etdiyini göstərən rəqəmlər Rusiya-Ermənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədrləri - Rusiya baş nazirinin müavini Aleksey Overçukla Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında bir neçə gün əvvəl İrəvanda keçirilən görüşdə səsləndirilib. Məlum olub ki, 2024-cü ildə Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi 12 milyard dollar olub.
Faktlar bir daha təsdiq edir ki, Ermənistan və Rusiya arasındakı ticarət əlaqələri Ukraynada "xüsusi hərbi əməliyyatlar" başlayandan bəri nəzərəçarpacaq dərəcədə artıb. İki ölkə arasında ticarət dövriyyəsi bu günədək görünməyən həddə çatıb. Bir-biri ilə "küsülü", "incik"olan ölkələr belə yüksək səviyyədə iqtisadi, ticari əməkdaşlıq edə bilməz. Bütün bunlar oyundan və dünya ictimaiyyətinin gözündən pərdə asmaqdan başqa bir şey deyil. Bu oyunun da baş rollarını hər iki ölkənin rəhbərləri ifa edirlər.
Faktlar təsdiq edir ki, iki ölkə arasında iqtisadi münasibətlərdə yüksəliş məhz 2020-ci ildən sonra start götürüb. Arxada qalan bu illər ərzində Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 4 dəfəyədək artıb. Əgər bu ölkələrin münasibətləri soyumuşdusa, gərginləşmişdisə iqtisadi əlaqələr getdikcə zəifləməliydi. Amma göründüyü kimi, əksinə, ötən illər ərzində iqtisadi əlaqələr daha da genişlənib. Deməli, hər iki tərəf gözdən pərdə asa-asa iqtisadi və ticari əlaqələrini daha da dərinləşdiriblər.
Qeyd edək ki, indiyə qədər Rusiya və Ermənistan arasında müxtəlif sahələrə dair razılıqlar əldə olunub, müvafiq sənədlər imzalanıb. Bura Ermənistanın hava hücumundan müdafiə sisteminin Rusiyanın nəzarəti altına keçməsi, regional əməkdaşlıq və iqtisadi əlaqələrə aid başqa istiqamətlər də daxildir. 2000-ci il sentyabrın 26-da Rusiya və Ermənistan rəhbərləri Moskvada "Rusiya Federasiyası və Ermənistan Respublikası arasında 21-ci əsrə yönəlmiş qarşılıqlı müttəfiqlik haqqında bəyannamə" imzalanıb. Həmin bəyannamənin 14-cü bəndində bildirilib: "Rusiya Federasiyası və Ermənistan Respublikası iki ölkə xalqlarının mənəvi, mədəni yaxınlığının qorunub-saxlanmasına hər cür töhfə verəcək, mədəniyyət, elm, səhiyyə, təhsil, informasiya sahələrində qarşılıqlı əlaqələri dərinləşdirəcəklər".
Rusiyanın Ermənistan əleyhinə söylədiyi iradlar, sadəcə olaraq, bəhanədir. Deyilənlər, danışılanlar ikitərəfli münasibətlərə xələl gətirəcək ciddi səbəb deyil. Əslində, Moskva ilə İrəvan arasında siyasi baxımdan böhrana çevriləcək heç bir qarşıdurma müşahidə olunmur. Neçə ildən bəridir boş-boşuna hay-küy salmağına baxmayaraq, Ermənistan hələ də KTMT-nin sıralarında qalır, Rusiyanın Gümrüdəki hərbi bazası da öz yerindədir. Unutmaq lazım deyil ki, Ermənistanın iqtisadiyyatı Rusiyadan asılıdır. Buna görə də İrəvan Moskvaya qarşı bəyanatlar verə bilər, amma konkret addım atmağa iradəsi çatmaz. Baş verənlər isə yaxşı düşünülmüş ikili oyundan başqa bir şey deyil. Amma bu oyunların arxasında gizlənib dünyanı uzun müddət aldatmaq da mümkün deyil.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"