07 May 2024 09:40
208
SİYASƏT
A- A+

Hayastanda kilsə də sülhə qarşı çıxır

 

Revanşistlərin çevriliş etmək cəhdi erməni xalqını növbəti dəfə fəlakətə sürükləyir

 

Hayastanda Nikol Paşinyan hakimiyyətinin siyasətinə qarşı çıxan sabiq iqtidar təmsilçiləri yeni qarşıdurma yaratmaqla ölkəni növbəti xaosa sürükləmək istəyirlər. 
Son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı gedən müzakirələr fonunda sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının revanş istəyi vəziyyətin daha da qarışacağını göstərir. 
Hadisələrin inkişafı göstərir ki, keçmiş hərbi xunta yaranmış vəziyyətdən istifadə edərək, kilsəni də siyasi proseslərə cəlb edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Bütün bunların fonunda Hayastanda kilsə və hakimiyyətin qarşıdurması açıq müstəviyə keçir. Bu qarşıdurmada əsas motiv Azərbaycanla Hayastan arasında başladılan delimitasiya və demarkasiya prosesinə qarşı çıxmaqdır. Belə ki, katolikos II Qaregin Hayastanın daxili parçalanma təhlükəsi ilə üzləşdiyini bildirib.
Göründüyü kimi, revanşistlər kilsənin imkanlarından istifadə etməyə çalışırlar. Nəzərə alınmalıdır ki, Ermənistan kilsəsi ölkədə kifayət qədər nüfuza və gücə sahibdir. Bu həm də o anlama gəlir ki, keçmiş hərbi xunta və onların xarici havadarları sonuncu kartdan - kilsə faktorundan yararlanmaq istəyirlər.
Etirazların cərəyan etdiyi əsas mərkəz isə Kirants kəndidir. Kirantsda ermənilərin din xadimlərindən olan Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyanın fəallıq göstərməsi diqqət çəkir. Mayın 4-də "Vətən üçün Tavuş" hərəkatının nümayəndələri erməni apostol kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərliyi ilə Kirants kəndindən İrəvana yürüşə başlayıblar. Mayın 9-da onlar Hayastan paytaxtına gəlməyi planlaşdırırlar.
Yerli mediada yepiskopun Paşinyana müxalif dairələrlə, xüsusən də keçmiş hərbi xuntanın əsas fiquru sayılan hərbi cani Robert Koçaryanla gizli görüş keçirməsi barədə məlumatlar yayılıb. Bəzi saytlar bunu hətta "kulisdə çevrilişə hazırlığın aparılması" kimi də qiymətləndirirlər. Maraqlıdır ki, Hayastanın ikinci prezidenti Robert Koçaryanın ofisi məsələyə dərhal reaksiya verib. Hərbi cani erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri ilə görüş keçirməsi barədə yayılan məlumatı təkzib edib.
Hayastan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş polkovnik Mikael Ambartsumyan isə erməni apostol kilsəsinin Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyanı dəstəklədiyini bəyan edib. O, kilsənin mövqeyini açıq-aşkar müdafiə edərək, kobud güclə hakimiyyəti uzun müddət saxlamağın mümkünsüz olduğunu bildirib.
Mikael Ambartsumyan 2020-ci il avqustun 11-də Ermənistan Prezidentinin fərmanı ilə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, 8 oktyabr 2020-ci ildə isə Milli Təhlükəsizlik Xidmətinin direktor əvəzi təyin edilib. 2 noyabr 2020-ci il tarixində tutduğu vəzifədən uzaqlaşdırlıb və onun işdən çıxarılması baş nazir Nikol Paşinyanın təklifi ilə reallaşıb.
Hayastan parlamentinin sədri Alen Simonyan isə erməni apostol kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın İrəvana doğru təşkil etdiyi yürüşə münasibət bildirərkən deyib ki, ölkədə hakimiyyət ancaq 2026-cı ildə və yalnız seçki yolu ilə dəyişə bilər. O, əlavə edib ki, Hayastan xalqı 2018-ci ildə seçdiyi hakimiyyətə olan münasibətini 2021-ci ildə yenidən onu dəstəkləməklə ifadə edib.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının aktual olduğu bir dönəmdə hərbi xuntanın və ona bənzər digər ara qızışdıranların çevriliş etmək cəhdləri erməni xalqını növbəti dəfə fəlakətə sürükləyir. Qeyd edək ki, Azərbaycanla müharibədəki məğlubiyyət Hayastanı elə bir uçuruma yuvarladıb ki, onun xilası mümkün deyil.  Bütün bunlar, o cümlədən Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış ağır problemlər hazırkı hakimiyyəti  çətin vəziyyətdə qoyub.  Əslində, revanşist qüvvələr çox  yaxşı başa düşürlər ki,  böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video