İlham Əliyevin şərtləri qəbul edilməyənə qədər Ermənistanla sülh sazişi imzalanmayacaq
"İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk".
İkinci Qarabağ müharibəsindən sonra regionda davamlı təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh müqaviləsi təklif edən İlham Əliyev bütün müsahibələrində, çıxışlarında bir daha göstərir ki, mövqeyində heç bir dəyişiklik yoxdur. Bu, hər zaman olduğu kimi Azərbaycan Prezidentinin sözünün imzası qədər keçərli olduğunun, dilə gətirdiyi istənilən fikrə sadiqliyinin əyani təzahürüdür.
Son aylarda məğlub Hayastanın siyasi şantajlarına, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün həyata keçirdiyi manipulyasiyalara, hərbi təxribata baxmayaraq, Azərbaycanın qətiyyətli lideri həm bu ölkənin rəhbərliyinə doğru istiqaməti, həm də Qarabağ ermənilərinə xilas yolunu göstərir. Amma Nikol Paşinyanın son sərsəmləmələri göstərir ki, bu şəxs Ermənistanın əvvəlki rəhbərləri kimi ikiüzlü siyasət həyata keçirir. Həm Rusiya, həm də Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması istiqamətində keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən erməni baş nazirin ölkəsinə qayıdarkən tamam fərqli iddialar səsləndirməsi deyilən fikri bir daha təsdiqləyir.
Həftəsonu Paşinyanın İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində bir daha sülh danışıqlarına xələl gətirəcək iddialar səsləndirməsi bu ölkənin barış üçün irəli addım atmaq fikrində olmadığını nümayiş etdirib. Baş nazirin sərsəm fikrinə diqqət edək: "Söhbət tamamilə fərqli bir şeydən gedir. Əgər Ermənistan və Azərbaycan Almatı Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımazsa, bu, heç vaxt sülhün olmayacağı anlamına gəlir". Bu, açıq-aşkar onun 2020-ci ildə "Qarabağ Ermənistandır və nöqtə" sərsəmlənməsinin davamına bənzəyir. Paşinyanın bu cəfəng fikrindən sonra İlham Əliyev ona həm siyasi, həm də hərbi yolla başa saldı ki, "Qarabağ Azərbaycandır!" Brüssel danışıqları zamanı tərəflərin Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləmələri ilə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etdi.
İlham Əliyev də bəyan etdi ki, əgər Azərbaycan Ermənistan tərəfindən konstruktiv yanaşma görsə, yəni məğlub ölkə ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysa, onda sülh variantını tapmaq asan olacaq.
Amma Hayastan yenə də iddialarından ək çəkmədi. Təxribatlarından əl çəkmədi, Azərbaycanı "humanitar fəlakət" yaratmaqda ittiham etdi və separatçılara daim dəstək oldu. Paşinyanın son fikirləri isə onun Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dediklərinin cəfəngiyyat olduğunu və nəticə etibarilə onun ikiüzlülüyünü aydın göstərdi.
Ümumiyyətlə, Ermənistanda və Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə gedən proseslər və son dəyişikliklər Koçaryan-Sarkisyan hərbi xuntasının gücləndiyini və onlara bağlı qruplaşmaların aktivləşərək mövqelər əldə etdiyini göstərir.
Araik Arutunyan Koçaryan-Sarkisyan qruplaşması ilə bağlı olsa da, zəif şəxs idi. Hazırda qondarma qurumun "rəhbərliyinə" gətirilənlər radikal mövqeləri ilə seçilirlər. Proseslər göstərir ki, haylar Arkadi Qukasyan və Bako Saakyan xəttini davam etdirməyə çalışırlar. Bu, həmin qrupdur ki, Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin inkişafına mane olur. Qarabağdakı hazırkı gərginliyin səbəbkarı məhz onlardır. Həmin qrup yolların açılmasını da sabotaj edir.
Proseslər göstərir ki, Ermənistanda hakimiyyət çevrilişinə hazırlıq gedir. Müharibə istəməyən xalq Nikol Paşinyanın ikiüzlülük siyasətinə şahidlik edir. Ermənistanda hesab edirlər ki, baş nazir atdığı son addımlarla bir daha göstərir ki, o da Köçəryan-Sarkisyan hərbi xuntasının yolunu gedir. Bu yol isə Hayastanı daha acınacaqlı vəziyyətə doğru aparır. Bu "siyasət" ermənilərə heç nə vəd etmir. Bu gün sadə ermənilər dərk edirlər ki, təxribat və ya yenidən baş verə biləcək hərbi toqquşma, müharibə onları xilas edə bilməyəcək. Sülh müqaviləsi yeganə çıxış yoludur.
Müharibənin qalib tərəfi olmasına rəğmən, Azərbaycan məğlub ölkəyə qurtuluş yolu, hər iki tərəfi qane edəcək sülh modeli təklif edir. Hayastana bəlli olmalıdır ki, boş yerə Qarabağın erməni əhalisi üçün ayrıca "status" iddiasını irəli sürməyin heç bir mənası yoxdur.
Elə İlham Əliyev də bunu dəfələrlə onlara xatırladıb. Qalib komandan qəti şəkildə bəyan edib ki, "miatsum"un, separatizmin kitabı bağlanıb, müstəqillik xülyası da statusun dalınca cəhənnəmə göndərilib. Bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi Azərbaycanın tarixi, hüquqi torpağıdır. Yaxşı olar ki, bu reallığı orada yaşayan erməniəsilli vətəndaşlar tezliklə başa düşsünlər və xam xəyallardan ayılaraq özləri gəlib Azərbaycan bayrağı altında yaşamaq üçün addım atsınlar. Ermənistan əhalisi də, Qarabağın erməniəsilli sakinləri də yaxşı bilirlər ki, İlham Əliyev nə deyirsə, onu mütləq gerçəkləşdirir. Qalib Ali Baş Komandan bunu müharibədən öncə də, sonra da nümayiş etdirdiyi siyasətlə sübuta yetirib. Əgər indi Azərbaycan Prezidenti ermənilərə hansısa şans, imkan verirsə, haylar mütləq bundan yararlanmalıdırlar. Çünki bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə, bu mövqe erməni xalqını məhvə sürükləyir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"