Azərbaycanın Qarabağda yeni antiterror tədbirinə başlamasına həm Ermənistan, həm də Rusiya sülhməramlılarının məsuliyyətsiz hərəkətləri səbəb olub.
Bu sözləri gürcü politoloq Tengiz Txilava Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlərlə bağlı AZƏRTAC-a müsahibəsində söyləyib.
Politoloq deyib ki, Azərbaycanın Qarabağda yeni antiterror tədbirlərinə başlaması tam qanunauyğundur və başadüşüləndir. İlk növbədə ona görə ki, 2020-ci ilin noyabrında Qarabağda gedən 44 günlük müharibənin sonunda sülhün imzalanması zamanı Ermənistan “Artsax ordusu” adlandırılan qüvvələrinin tərk-silahı və ya Ermənistana çıxarılmasına dair öhdəlik götürdü. Lakin Ermənistan bu öhdəliyi yerinə yetirmədi. Heç kimə sirr deyil ki, çox vaxt bu “ordu”nun rolunu, sadəcə olaraq, Ermənistan silahlı qüvvələri yerinə yetirirdi. Regionda sülhməramlılıq payını üzərinə götürən Rusiya bu funksiyanı yerinə yetirmədi, erməni tərəfinə hər cür kömək etdi. Bu da regionda sabitliyin yenidən pozulmasına səbəb oldu. Ona görə də deyə bilərik ki, Azərbaycanın Qarabağda antiterror tədbirlər keçirməsi onun suveren hüququdur.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin hərəkətləri ona görə daha məsuliyyətsizdir ki, ölkənin baş naziri N.Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və deməli, Qarabağı da onun bir hissəsi kimi tanımağa hazırdır.
Fransa da burada öz məsuliyyətini daşımalıdır, onun rəsmiləri, o cümlədən prezident də dəfələrlə məsuliyyətsiz bəyanatlar verib.
“Azərbaycan çoxdandır ki, güc tətbiq etməkdən çəkinir, lakin səbri sonsuz deyil. Ermənistanda insanlar Qarabağdan yapışmağın heç bir nəticə verməyəcəyini nə qədər tez başa düşsələr və xalqın diqqətini xarici amillərə yönəltmədən öz problemlərini həll etməyə başlasalar, hamı, o cümlədən Ermənistan üçün bir o qədər yaxşıdır”, – deyə T.Txilava vurğulayıb.