"2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu".
Prezident İlham Əliyev Vətən müharibəsindən cəmi iki ay əvvəl şanlı Azərbaycan Ordusunun Günnüt qələbəsindən qürurla bəhs edərək, işğalçıları bu tarixi ərazilərimizdən qovaraq, o torpaqlarda Azərbaycan bayrağını ucaltdığımızı bəyan etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla həm də Azərbaycan xalqına böyük zəfərin çox yaxında olduğunun müjdəsini verdi, işğalçı düşmənə başlarının tezliklə əziləcəyinin xəbərdarlıq mesajını yolladı.
Qələbəyə doğru
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı sürətli inkişaf mərhələsinə yüksəldən Prezident İlham Əliyevin ötən illər ərzində prioriteti işğal altında qalan torpaqlarımızın düşmən tapdağından azad edilməsi idi. Buna görə də ölkədə digər sahələrlə yanaşı, müasir ordu quruculuğuna böyük əhəmiyyət verilir, Azərbaycan Ordusunun arsenalı ən modern silah və digər hərbi texnika ilə daha da zənginləşdirilirdi.
Məkrli xarici qüvvələrin səyləri nəticəsində Qarabağ münaqişəsinin sülh vasitəsilə çözülməsi müşkülə çevrilmişdi və süni yollarla uzadılırdı. Eyni zamanda Hayastanın ölkəmizə qarşı təxribatları münaqişənin güc yolu ilə həllindən başqa çıxış yolunun olmaması reallığını ortaya qoyurdu.
Arxalandıqları xarici qüvvələrin köməyinə güvənərək daha da azğınlaşan və Azərbaycana qarşı növbəti təxribata əl atan haylar 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını alaraq yerlərində otuzduruldular.
2016-cı il aprelin 2-də düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Tərtər-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Həmçinin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Ordumuzun güclü zərbələri nəticəsində düşmənin
30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı.
Dördgünlük Aprel döyüşləri zamanı işğalçı Hayastan Azərbaycan Ordusunun gücünü döyüş meydanında əyani şəkildə daddı.
Günnüt əməliyyatı Azərbaycan Ordusunun gücünü bir daha göstərdi
2016-cı il Aprel döyüşlərindən sonra böyük zəfərə aparan qələbə yolunun ən mühüm addımlarından biri 2018-ci ildə Naxçıvanda atıldı.
2018-ci il may ayının 20-dən 27-nə qədər həyata keçirilən əməliyyatda Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi.
Uğurlu Naxçıvan əməliyyatı sayəsində ümumilikdə 11 min hektardan çox ərazi və Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad edildi. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Əməliyyat ordumuza İrəvan-Yeğeqnadzor-Gorus avtomobil yoluna nəzarət etməyə imkan verdi.
"Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik", - deyə 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi.
Hayastanın "məğlubedilməz ordu" mifi darmadağın edildi
O zaman Ermənistan hakimiyyətinin bu əməliyyatı ictimaiyyətdən gizlətməyə çalışması Günnütdəki məğlubiyyətlərini qarşılaşacaqları daha ağır və acı reallıqların başlanğıcı saydıqlarının faktiki göstəricisi oldu.
2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində törətdikləri növbəti təxribatları zamanı isə Azərbaycan Ordusu tərəfindən ağır məğlubiyyətə uğradılması təcavüzkar düşmənin artıq sonunun çatdığını göstərdi.
Ümumiyyətlə, Aprel döyüşləri, Günnüt əməliyyatı, eləcə də Tovuz döyüşləri zamanı düşmən Azərbaycan Ordusunun qarşısında tab gətirməyəcəyini qəti dərk etdi. Hayastan illərdir öz ordusu haqqında uydurduğu "məğlubedilməz"lik mifinin tar-mar edildiyini anladı.
Böyük zəfərə aparan bu üç yolun hər birində xalqımız milli həmrəylik nümayiş etdirdi. Azərbaycanın mərd oğul və qızları Ali Baş Komandanın Vətən uğrunda "İrəli" əmrinə hazır olduqlarını bildirdilər.
Qəhrəman Azərbaycan Ordusunun ard-arda düşmən üzərində qazandığı bu parlaq qələbələr bizi böyük zəfərə yetirdi.
Rəşadətli ordumuzun düşmənə keçdiyi unudulmaz tarixi dərslər
Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprelində, 2018-ci ilin mayında və 2020-ci ilin iyulunda döyüş meydanında düşmənə keçdiyi unudulmaz dərslərin ardından 44 günlük müharibədə Hayastanın ordusunu qarşısında diz çökdürərək birdəfəlik məhvə məhkum etdi.
Vətən uğrunda çıxdıqları haqq yürüşündə qəhrəman döyüşçülərimiz daim irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid oğullarımız düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin gücləndirdiyi ordumuz yüksək peşəkarlıq göstərərək çox qısa zamanda, cəmi 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsini və Qarabağın ürəyi Şuşanı azad etdi. "Dəmir yumruq" düşməni kapitulyasiyaya, Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz tərk etməyə məcbur etdi.
Bu zəfər 30 illik torpaq həsrətimizə son qoydu, yüzminlərlə vətəndaşımızı məcburi köçkünlükdən qurtardı, bizi qalib xalqa çevirdi.
Bəli, Azərbaycan xalqını şanlı zəfərə aparan qələbə yollarından birinin təməli düz 5 il əvvəl, 2018-ci ildə Günnüt əməliyyatı ilə qoyuldu və igid oğullarımızın həmin vaxt göstərdikləri qəhrəmanlıq hərb salnaməmizə qızıl hərflərlə yazıldı.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"